Ölkəmizin regional və qlobal əhəmiyyəti
getdikcə güclənir
Azərbaycan Respublikası bu
gün birmənalı olaraq
regionda həlledici mövqeyə malik aparıcı dövlətə, vaxtilə
xarici yardımlara, investisiyalara
ehtiyacı olan ölkədən sərmayə
ixracatçısına çevrilməkdədir. Yola saldığımız 2013-cü ilin birinci rübündə Azərbaycanın
daxili və xarici siyasətində,
sosial-iqtisadi
və mədəni sahələrdə
qazanılmış nailiyyətlər baxımından xeyli uğurlu olmuşdur. Dövlətimiz
qarşıya qoyulan bir
çox vəzifələrin həllinə
nail olmuş, ölkəmizin
regional və qlobal əhəmiyyəti,
etimad səviyyəsi xeyli
artırılmış, regional və qlobal enerji təhlükəsizliyi
sahəsində mövqelərimiz, milli
iqtisadiyyatımızın rəqabətədavamlı xarakteri gücləndirilmiş, əhalinin sosial rifahı nəzərəçarpacaq
səviyyədə yüksəlmişdir.
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin
2013-cü ilin birinci rübünün sosial-iqtisadi
inkişafının yekunlarına və qarşıda duran vəzifələrə
həsr olunmuş iclasında dövlət
başçısı
bildirmişdir ki, bu ilin birinci rübündə ümumi
daxili məhsul 3,1 faiz artmışdır, qeyri-neft sektorunun
inkişafı 11,4 faiz olmuşdur. İnflyasiya cəmi 1,2 faiz
təşkil edir. Kənd təsərrüfatında 4 faizdən
çox artım qeydə alınmışdır.
Ölkə
rəhbəri regional proqramın yerinə yetirilməsindən
danışarkən demişdir ki,
regionların sosial-iqtisadi inkişafı ikinci Dövlət
Proqramı bu ilin birinci rübündə uğurla icra edilir.
Proqram 2013-cü ildə başa çatacaqdır. Proqramın
uğurla icra ediləcəyi gözlənilir. Bu proqramın
icrası nəticəsində ölkəmizdə bir milyon
yüz mindən artıq iş yeri
açılmışdır ki, onların 30 mini bu ilin birinci
rübündə yaradılmışdır. Əlbəttə,
bu göstərici də qeyri-neft sektorunda əldə edilən
uğurlarla bilavasitə bağlıdır. Çünki əsas
iş yerlərini yaradan sahələr qeyri-neft sənayesi və
kənd təsərrüfatıdır.
Bu
gün regionlarda geniş miqyaslı quruculuq işləri
aparılır, sosial infrastruktur yaradılır. Sosial
infrastrukturun modernləşdirilməsi və yenidən
yaradılması ilə bağlı müvafiq tədbirlər
həyata keçirilir. Dövlət büdcəsində bu məqsədlər
üçün kifayət qədər böyük məbləğlər
nəzərdə tutulur və vaxtaşırı Prezidentin
Ehtiyat Fondundan həmin məqsədlərə əlavə vəsait
ayrılır.
Azərbaycanda
strateji valyuta ehtiyatları 2013-cü ilin əvvəli ilə
müqayisədə 2,6 faiz artaraq 48 milyard ABŞ dollarına
çatmışdır ki, bu da 3 illik idxalın maliyyələşdirilməsi
üçün kifayət edir. Bu isə iqtisadi təhlükəsizlik
baxımından dünya miqyasında əhəmiyyətli
göstəricilərdən biridir.
2013-cü
ilin birinci rübü ərzində dövlət büdcəsinin
mədaxili 131 faiz yerinə yetirilmişdir. Büdcəyə
daxil olmuş 4 milyard 670 milyon manat vəsaitin 2 milyard 840 milyon
manatı Dövlət Neft Fondunun, 1 milyard 524 milyon manatı
Vergilər Nazirliyinin, 290 milyon manatı isə Dövlət
Gömrük Komitəsinin hesabına təmin edilmişdir.
Dövlət büdcəsinin xərcləri 4 milyard 515 milyon
manat təşkil etmişdir. İqtisadi təsnifata uyğun
olaraq cari ilin 3 ayı ərzində dövlət büdcəsi
xərclərinin 25,8 faizi və ya 1 milyard 164 milyon manatı
sosialtəyinatlı xərclərin-əməyin ödənişi
fondu, təqaüd və sosial müavinətlər, dərman
və ərzaq xərclərinin maliyyələşdirilməsinə
ayrılmışdır.
Azərbaycan
Respublikası regionlarının sosial-iqtisadi inkişafı
dövlət proqramlarının uğurlu icrası nəticəsində
ölkədə makroiqtisadi göstəricilərin səviyyəsində
yüksək artım əldə edilmiş, eyni zamanda,
bütün maliyyə mənbələri hesabına əsas
kapitala qoyulmuş investisiyalar regionlarda infrastruktur, kommunal,
sosial xidmət obyektlərinin tikintisinin bir neçə dəfə
artmasına və xidmət sektorunda keyfiyyətin yüksəlməsinə
təkan vermişdir.
Regionların inkişafı, öz
növbəsində, vergi daxilolmalarına da müsbət təsir
göstərmişdir. Əhalinin böyük əksəriyyətinin
regionlarda kənd təsərrüfatı ilə məşğul
olmasına, ailə-kəndli təsərrüfatlarının
və kəndli təsərrüfatının digər sahələrinin
uzun illər vergidən azad edilməsinə baxmayaraq, regionlar
üzrə daxilolmalar son 10 ildə 11,8 dəfə
artmışdır. Sahibkarlıq subyektlərinin qeydiyyat
prosedurlarının sadələşdirilməsi nəticəsində
2013-cü ilin birinci rübündə 20 min 885 sayda qeydiyyata
alınan vergi ödəyicisinin 65,5 faizi regionların
payına düşür.
Qeyri-neft
sektorunun ortamüddətli perspektiv hədəfinə
çatmaq istiqamətində dövlət
başçımız tərəfindən
atılan ən mühüm addımlardan biri də daxili və
xarici investisiyaların təşviqi siyasətinin davam etdirilməsi,
o cümlədən dövlət investisiyalarının
artırılmasıdır. 2013-cü ilin birinci rübü ərzində
dövlət büdcəsindən əsaslı vəsait
qoyuluşu xərclərinə 1 milyard 913 milyon manat və
yaxud 2011-2012-ci illərin birinci rübündə
üst-üstə istifadə olunmuş 1,5 milyard manat vəsaitdən
413 milyon manat və ya 27,5 faiz çox vəsait yönəldilmişdir.
Dövlət
büdcəsindən ayrılmış investisiya xərcləri
ilə yanaşı, ölkəmizdə yol, su təchizatı
və meliorasiya, kənd təsərrüfatı, sosial və
digər infrastrukturun tikintisi və yenidən qurulması
üçün Azərbaycan hökuməti tərəfindən
xaricdən cəlb olunmuş kredit hesabına 181 milyon manat məbləğində
vəsait xərclənmişdir. Özəl sektorun
inkişafının sürətləndirilməsi və həmçinin
iqtisadiyyatın qeyri-neft sektorunun prioritet sahələrinə
maliyyə dəstəyinin daha da gücləndirilməsi məqsədilə
2013-cü ilin birinci rübü ərzində
Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə 606
sahibkara 81,3 milyon manat güzəştli kredit verilmişdir ki,
bu kreditlər hesabına da 2380-dən çox yeni iş
yerinin yaradılması nəzərdə tutulur.
Ötən
ilin müvafiq dövrü ilə müqayisədə maliyyələşdirilmiş
investisiya layihələrinin sayı 26 faiz, verilmiş güzəştli
kredit vəsaitinin həcmi 65,6 faiz, yeni yaradılacaq iş yerlərinin
sayı isə 11 faiz artmışdır. Güzəştli
kreditlərin 50,2 faizi aqrar sahənin, 49,8 faizi isə müxtəlif
sənaye sahələrinin inkişafına yönəldilmişdir.
Qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi
istiqaməti Azərbaycan Prezidenti İlham Əliyevin verdiyi
tapşırıqların icrasının nəticəsi olaraq
respublika ərazisində yaradılan sənaye və texnologiya
parklarının, idarəedici təşkilatının və
operatorunun müddətsiz, bu cür parklarda fəaliyyət
göstərən rezident hüquqlu şəxslər və fərdi
sahibkarlar isə 7 il müddətinə bütün birbaşa
vergiləri ödəməkdən azad edilmişdir.
Dövlət
başçısının “hər bir inkişaf, nəhayət,
ölkə vətəndaşlarının rifahını
yüksəltməlidir” tələbi
əməkhaqlarının davamlı artımı, əməkhaqlarından
tutulan vergilərin azalması istiqamətində ardıcıl
olaraq həyata keçirilməkdədir. Bu ildən gəlir
vergisinin 14 faiz dərəcə ilə tutulan hissəsi 2000
manatdan 2500 manata qədər qaldırılmış, verginin
yuxarı həddi isə 30 faizdən 25 faizə
endirilmişdir. Görülən bu tədbirlər iş yerlərinin
rəsmiləşdirilməsinə də müsbət təkan
vermiş və əmək münasibətlərinə nəzarətin
gücləndirilməsi ilə bağlı Prezident İlham Əliyevin
verdiyi tapşırıqlarla əlaqədar aidiyyəti
dövlət orqanları ilə birgə aparılan məqsədyönlü
işlərin nəticəsi olaraq, son 9 ayda 56 mindən
artıq vergi ödəyicisi üzrə 190 mindən yuxarı
rəsmiləşdirilməmiş iş yerləri rəsmiləşdirilmişdir.
Bu
gün dünyanın aparıcı iqtisadi və maliyyə
institutlarının rəyləri və proqnozları, ən əsası,
uğurlarımızın real mənzərəsi bir daha təsdiq
edir ki, hələ 2004-cü ildə Prezident İlham Əliyevin
bəyan etdiyi strateji hədəflər, qarşıya
qoyduğu vəzifələr reallığa
çevrilmişdir. Təsadüfi deyil ki, Azərbaycan
artıq 2009-cu ildə iqtisadi keçid dövrünü
başa çatdırmışdır və hazırda
dünyanın müasir və inkişaf etmiş ölkələri
ilə müqayisə olunur. Son 10 ildə iqtisadiyyatın
şaxələndirilməsinə, ümumi daxili məhsulun
300 faiz artırılmasına, ən əsası,
iqtisadiyyatın qeyri-neft sektorunun 2,4 dəfə yüksəldilməsinə
nail olunmuşdur. Ötən müddətdə ölkəmizin
strateji valyuta ehtiyatları 30 dəfəyə yaxın
çoxalaraq 46 milyard dolları ötmüşdür.
Bütün bunlarla yanaşı,
yoxsulluğun səviyyəsinin 49 faizdən 6 faizə,
işsizliyin isə 5,2 faizə endirilməsi həyata
keçirilən sosial siyasətin ən böyük uğuru
hesab olunmalıdır. Respublikamızın şəhər və
rayonları, qəsəbə və kəndləri tanınmaz
dərəcədə dəyişmiş, müasirləşmiş və əhalinin
rifahı yüksəlmişdir.
Ölkəmiz
öz tərəfdaşları ilə mühüm transmilli
enerji və kommunikasiya layihələrini uğurla
reallaşdırmaqla regionun və Avropanın iqtisadi xəritəsini
dəyişdirməkdə və onu zənginləşdirməkdə
davam edir. Bu gün Cənubi Qafqaz iqtisadiyyatının təxminən
80 faizi Azərbaycanın payına düşür. Öz
enerji təhlükəsizliyini təmin etmiş Azərbaycan
Avropanın enerji bazarında mühüm amilə
çevrilir, həm də onun təhlükəsizliyinə
öz töhfələrini verir. Hesablamalara görə,
hazırda bir sıra Avropa ölkələrinin enerji bazarında
respublikamızın payı 30-40 faiz təşkil edir.
Azərbaycanda
hökumətin fəaliyyətində önəmli məqamlardan
biri də genişmiqyaslı sənaye parklarının
yaradılmasıdır. Bu işin davamı olaraq və onu
sürətləndirmək məqsədi ilə hökumət
cari ildən əlverişli vergi güzəştlərinin tətbiqinə
başlamış, işə cəlb olunan şirkətləri
7 il müddətinə əsas vergilərdən azad
etmişdir. Başqa güzəştlər də nəzərdə
tutulmuşdur.
Bu
ilin ilk rübündə əsas fərqləndirici xüsusiyyət
iqtisadiyyatın şaxələndirilməsinin sürətləndirilməsi
olmuşdur. Əgər əvvəlki illərdə iqtisadi
yüksəliş əsasən mədənçıxarma sənayesi
hesabına əldə edilirdisə, hazırda bu, qeyri-neft
sektorunun inkişafı sayəsində baş verir. Qeyri-neft sənayesindəki
yüksək artım yeni müəssisələrin
yaradılmasına, mövcud olanların isə fəaliyyət
dairəsinin genişləndirilməsinə əsaslanan
davamlı sənayeləşmə prosesinin əyani göstəricisidir.
Bu prosesdə yaradılan biznes mühitinin və
sahibkarlığa dövlət dəstəyi tədbirlərinin
mühüm rolu olmuşdur. Keçən il təkcə
Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri
hesabına 218 milyon manat güzəştli kredit verilmişdir.
Son illər ərzində isə sahibkarlara bu mənbədən
1 milyard 200 milyon manat məbləğində kreditlər
ayrılmışdır.
Ölkənin
enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə,
neft strategiyasının davam etdirilməsinə xüsusi
önəm verilmişdir. Elektrik enerjisi mənbələrinin
genişləndirilməsi və səmərəliliyinin
artırılması, paylayıcı şəbəkələrdə
elektrik xətlərinin və yarımstansiyaların tikintisi və
yenidən qurulması ilə bağlı zəruri layihələr
icra olunur. Dövlət başçısı İlham Əliyevin
şəxsi təşəbbüsü ilə Trans-Anadolu qaz kəməri
(TANAP) layihəsi haqqında qərar qəbul edilmişdir. Bu və
həyata keçirilən digər layihələr Azərbaycanın
Avropa ölkələrinin təbii qazla təchiz edilməsindəki
rolunu artıracaqdır.
Ərzaq
təhlükəsizliyi üzrə 2008-2015-ci illəri əhatə
edən Dövlət Proqramının ardıcıl icrası
ilə bağlı məsələlər yenə də
hökumətin diqqət mərkəzində olmuşdur.
Keçən il kənd təsərrüfatında ümumi məhsul
istehsalı 6,6 faiz artmış, sahənin əsas məhsullarının
istehsalında və emalında yüksək nəticələr
əldə edilmişdir. Kənd təsərrüfatı məhsulları
istehsalçılarına güzəştli kreditlərin və
subsidiyaların verilməsi, aqrolizinq xidmətlərinin
göstərilməsi, müasir texnologiyaların tətbiqi,
damazlıq heyvanlarının baş sayının
alınması və digər dövlət dəstəyi tədbirləri
bu nailiyyətlərə öz töhfəsini vermişdir.
Ərzaq
məhsulları ilə təminatda idxaldan
asılılığın azaldılması məqsədi ilə
yeni quşçuluq, heyvandarlıq, dəyirman kompleksləri
yaradılmış, taxıl anbarları və soyuducu kameralar
tikilərək istifadəyə verilmişdir. Ölkədə
ərzaq buğdasına olan daxili tələbatın ödənilməsi
məqsədilə Ağcabədi və Beyləqan
rayonlarında iri pilot taxılçılıq təsərrüfatları
yaradılmışdır. Hazırda digər rayonlarda da belə
təsərrüfatların yaradılması istiqamətində
işlər aparılır.
Dövlət
büdcəsindən və Neft Fondundan ayrılan vəsaitlər
hesabına meliorasiya və su təsərrüfatı
kompleksində genişmiqyaslı meliorativ layihələr həyata
keçirilir. Bunların sırasında ən iri layihələrdən
olan Taxtakörpü və Şəmkirçay su
anbarlarının tikintisi və gələcək faydası
xüsusi qeyd edilməlidir. Ölkə iqtisadiyyatının
sürətlə inkişaf edən nəqliyyat və
informasiya-kommunikasiya texnologiyaları sektorlarında
mühüm infrastruktur layihələri həyata
keçirilir.
Bakı-Tbilisi-Qars
dəmir yolunun, beynəlxalq və respublika əhəmiyyətli,
ölkədaxili avtomobil yollarının, körpülərin,
yeni metro stansiyalarının, dəniz və hava
limanlarının tikintisi davam etdirilmişdir. Ölkədə
informasiya cəmiyyətinin qurulması istiqamətində
inamlı addımlar atılmış və
informasiya-kommunikasiya texnologiyaları sektoruna irihəcmli
investisiyalar qoyulmuşdur. Bu sahədə aparılan
institusional islahatlar nəticəsində “ASAN xidmət” mərkəzi
yaradılmış, əhaliyə müasir, şəffaf və
operativ elektron xidmətlərin göstərilməsinə
başlanılmışdır.
Vaqif
BAYRAMOV
Xalq qəzeti.- 2013.- 27 aprel.- S. 1;
2.