HEYDƏR ƏLİYEV
Azərbaycanın əbədi ümummilli
lideridir
Müasir Azərbaycan tarixinin bütöv bir epoxası, önəmli bir mərhələsi – taleyüklü hadisələrlə dolu otuz dörd ildən artıq bir dövrü ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. Bu dövr ərzində Heydər Əliyev Azərbaycan dövlətini və xalqımızı zamanın ən çətin sınaqlarından çıxararaq ölkənin ictimai-siyasi, iqtisadi və mədəni-mənəvi tərəqqisinə nail olmuşdur.
Ümummilli liderin respublikamıza rəhbərliyi dövrü Azərbaycan tarixinin ən yüksək inkişaf mərhələsi olmuşdur. Müstəqil ölkəmizin bugünkü uğurları ulu öndərin strategiyasının təntənəsidir. Azərbaycanın bu gün hərtərəfli və dinamik inkişaf yolunda olması artıq dünya birliyi tərəfindən də qəbul edilir. Həyatımızın bütün sahələrində yüksəliş, tərəqqi özünü büruzə verir. Bu gün ölkəmizdə davam edən geniş quruculuq, abadlıq və yenidənqurma işləri qüdrətli şəxsiyyət Heydər Əliyev zəkasının bəhrəsidir. Müstəqil dövlətimizin tarixinə qurucu və xilaskar kimi daxil olmuş ümummilli liderimizin xalqımızın taleyində, mənəvi, siyasi və ictimai həyatında misilsiz xidmətləri olmuşdur.
1969-cu ildə Heydər Əliyevin
hakimiyyətə gəlişindən sonra respublikamızın həyatında
iqtisadi islahatlar geniş vüsət aldı. Qısa müddətdə
iqtisadiyyat sahəsində nailiyyətlər
əldə olundu, mədəniyyətin
yüksəlişi və milli-mənəvi dəyərlərin
dirçəlişi istiqamətində mühüm addımlar atıldı. O illərdə
Heydər Əliyevin idarəetmə fəlsəfəsinin
başlıca ideya istiqamətini milli özünüdərkin güclənməsinə
imkan verən sürətli inkişaf strategiyası təşkil etmişdir.
Həmin illər həyatımızın bütün sahələrində baş vermiş köklü dəyişikliklər öz miqyasına görə Azərbaycanın quruculuq salnaməsində ən dolğun səhifələri təşkil edir. Respublikamızın nüfuzu sürətlə artır, milli kadrların hazırlanması, seçilib - yerləşdirilməsi insanların gələcəyə olan inamını artırırdı. Azərbaycançılıq ideologiyasının inkişafını prioritet vəzifə kimi qarşıya qoyan ulu öndər Kommunust Partiyasının sərt rejimi dövründə Azərbaycan dilinə həqiqi dövlət dili statusu qazandırmağa nail olmuş, dövr baxımından sözün əsl mənasında qəhrəmanlığa bərabər addım atılaraq 1978-ci il Konstitusiyasında Azərbaycan dilinin dövlət dili statusu təsbit edilmişdir. Ölkəmizin müstəqilliyinin və dünya iqtisadiyyatına dərin inteqrasiyası proseslərinin hazırkı möhkəm təməli məhz dahi şəxsiyyət Heydər Əliyev tərəfindən həmin illərdə yaradılmış potensiala əsaslanır.
Heydər
Əliyevin dövlət idarəçiliyindəki istedadı, siyasi uzaqgörənliyi,
tükənməz enerjisi 1982-ci
ildən SSRİ-nin dövlət başçılarından
biri kimi fəaliyyət göstərdiyi və irimiqyaslı
layihələrə rəhbərlik etdiyi vaxtlarda
özünü xüsusilə parlaq surətdə göstərmişdir.
Həmin dövrdə Heydər Əliyev fenomeni
ümumittifaq miqyasında etiraf
olunurdu. O, ölkədə baş verən ən ekstremal
vəziyyətlərin aradan
qaldırılmasına rəhbərliyi sayəsində
dövlətin ən nüfuzlu siyasi xadimlərindən birinə çevrilmişdi.
SSRİ-nin
dağılması ilə çətin, müəmmalı
iqtisadi-siyasi vəziyyət yaranmışdı. İttifaqın
süqutundan sonra
dövlət müstəqilliyi qazanmış Azərbaycanda anarxiya, xaos və özbaşınalıq baş alıb gedirdi. Bu azmış kimi,
Dağlıq Qarabağda yaradılan münaqişə Azərbaycan
xalqını növbəti bir sınaqla
üz-üzə qoymuşdu. Az keçmədi
ki, bu problemlərin
sırasına daha biri
əlavə olundu: hakimiyyət
böhranı. Müstəqillik yolunda ilk addımlarını atan
gənc respublikada hakimiyyətə yiyələnmək
üçün ayrı-ayrı şəxslər
və qruplar arasında qızğın
mübarizə gedirdi. Məntiqsiz, bir-birini təkzib edən fərmanlar,
özbaşınalıqlar hakimiyyətdə olanların
ölkəni idarə edə bilməyəcəyindən xəbər
verirdi. Vəziyyət getdikcə
daha da kəskin xarakter alırdı. Artıq hakimiyyətin ən
yüksək ranqlarında qeyri - qanuni silahlı
qruplaşmaların yarandığı açıq-aydın görünürdü və bu
qruplaşmaların mübarizəsi vətəndaş
müharibəsi həddinə
çatmışdı.
Tez-tez
baş verən hakimiyyət dəyişikliyi müstəqil Azərbaycanı
kiçik xanlıqlara parçalamaq həddinə
çatdırmışdı. 1992-ci ilin mayında silahlı münaqişə və
xarici dairələrin himayədarlığı
ilə hakimiyyətə yiyələnmiş
AXC-Müsavat cütlüyünün
səriştəsizliyi addımbaşı öz
acı nəticəsini göstərirdi. Hakimiyyətə
rəhbərlik edənlərin savadsızlığı və
səriştəsizliyi nəticəsində ölkə həyatının bütün
sahələrində xaos, hərc-mərclik
baş alıb gedirdi.
Ermənistanla sərhəd bölgələrdə vəziyyət getdikcə ağırlaşırdı. Könüllü qruplaşmalar
adlanan silahlı qüvvələr mərkəzi
hakimiyyətə tabe olmur,
özlərini sərbəst aparır, düşmənlə vuruşmaq, torpaqlarımızı qorumaq əvəzinə, şəxsi
maraqlarının girovuna çevrilirdi.
Yenicə müstəqillik
qazanmış Azərbaycan məhv olmaq həddinə
çatmışdı.
Belə
çətin bir məqamda Azərbaycan hakimiyyəti vəziyyətin
daha da gərginləşməsinə yol açan məntiqsiz
qərarlar verməkdə davam edir, ölkəni demək olar
ki, zorla vətəndaş qarşıdurmasına
sürükləyirdi. Xalqın
son ümid və
pənah yeri dövlət idarəçiliyində
böyük təcrübəsi olan Heydər Əliyev idi.
Ona görə də Vətənin bu ağır günündə xalq Böyük Azərbaycanlı
Heydər Əliyevi Naxçıvandan Bakıya dəvət etdi. Ulu öndər Heydər Əliyev xalqın və
respublikanın o zamankı hakimiyyət rəhbərliyinin təkidli xahişini
qəbul edib, iyunun
9-da Bakıya gəldi, Bu gəliş Azərbaycanda vətəndaş
müharibəsinin, müstəqil dövlətimizin
parçalanmasının
qarşısını aldı.
Məhz ümummilli lider
Heydər Əliyev müasir Azərbaycan
dövlətinin varlığını qorudu,
onu xilas etdi və yeni Azərbaycanın
əsasını qoydu. Xalqın
xilaskarına çevrilən Heydər Əliyev Azərbaycan
qarşısında tarixi bir
missiyaya imza atdı.
Heydər Əliyevin siyasi təcrübəsi,
uzaqgörənliyi və sarsılmaz iradəsi ölkəni vətəndaş
müharibəsi təhlükəsindən və ictimai-siyasi pərakəndəlikdən
qurtarmış, qanunçuluğu bərpa
etmiş və cəmiyyəti vahid məfkurə ətrafında birləşdirmişdir. Xarici ölkələrlə
pozulmuş münasibətləri qaydaya salan, Azərbaycanı
sülh, sabitlik, milli-dini tolerantlıq məkanına, fərqli
mədəniyyətlərin dialoq
meydanına çevirən ulu öndər
ölkəmizin demokratik inkişaf
yolunu müəyyənləşdirmiş, Azərbaycan dövlətinin siyasi platformasını, iqtisadi
əsaslarını, mənəvi və əxlaqi
konsepsiyalarını yaratmışdır. Ən əsası
isə Azərbaycanın dövlət müstəqilliyinin daimiliyini, əbədiliyini, dönməzliyini
təmin edən mükəmməl bir
dövlətçilik ideologiyası
formalaşdırmışdır.
1994-cü ildə Heydər Əliyevin neft strategiyasının reallaşdırılmasını təmin edən “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycan xalqının öz maddi sərvətlərinin, o cümlədən neftinin həqiqi sahibi kimi çıxış etməsinə zəmin yaratmışdı. Bu müqavilə ölkəmizin tarixində yeni dövr açmış, dinamik inkişafın təməlini təşkil edərək müstəqilliyimizin iqtisadi bünövrəsinin möhkəmlənməsi və Azərbaycanın bu gün dünyada analoqu olmayan templə davamlı inkişafını təmin etmişdir. Hazırda Heydər Əliyevin adını daşıyan Bakı-Tbilisi-Ceyhan neft kəməri xalqımızın ümummilli liderinin ideyalarının gerçəkləşməsinin parlaq təcəssümüdür. Bu boru kəməri Azərbaycanı inkişaf etmiş Qərb ölkələri ilə daha sıx birləşdirmişdir. Azərbaycanın yeni neft strategiyası ölkənin qarşısında dayanan bir sıra sosial, iqtisadi, siyasi, geostrateji məsələlərin həllində önəmli rol oynamışdır. Bu, həm də iqtisadi amildən siyasi təsir vasitəsinə çevrilərək, ölkənin geosiyasi maraqlarını təmin edən, qlobal məkana inteqrasiyanı reallaşdıran, Cənubi Qafqazda enerji təhlükəsizliyini qoruyan və sabitliyi mühafizə edən, əhalinin sosial təminatını, dövlətin iqtisadi rifah və tərəqqisini stimullaşdıran vacib faktordur. Ölkəmizin iri beynəlxalq layihələrdə iştirakı, Böyük İpək Yolunun bərpası, TRASEKA nəqliyyat dəhlizinin həyata vəsiqə alması da ümummilli liderimizin çox böyük xidmətlərindəndir.
Ulu
öndər Heydər Əliyevin
müstəqil Azərbaycanın möhkəmlənməsində
və inkişafındakı xidmətlərini saymaqla qurtaran
deyil. Müstəqil Azərbaycanın Konstitusiyasının
onun rəhbərliyi
altında hazırlanaraq 1995-ci ilin
noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul edilməsi ölkəmizin
tarixində böyük siyasi
hadisə kimi qiymətləndirilir. Müstəqil Azərbaycanın ilk
Konstitusiyası ölkənin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirməklə
bərabər, insan hüquq
və azadlıqlarının təminatını dövlətin
ali məqsədi kimi ön plana
çıxarmışdır. Ulu öndərin yorulmaz fəaliyyəti və Azərbaycanın demokratik proseslərin inkişafına xüsusi önəm verməsinin nəticəsi
olaraq müstəqil dövlətimiz insan hüquq və azadlıqlarının, demokratik təsisatların təminatı ilə
bağlı mühüm beynəlxalq konvensiyalara, sazişlərə qoşulmuşdur.
Heydər Əliyevin hələ 1993-cü ildən tətbiqinə
moratorium qoyulduğu ölüm hökmü
1998-ci ildən tamamilə ləğv edilmiş,
bununla da Azərbaycan
Şərqdə bu qətiyyətli və
tarixi qərarı qəbul edən ilk müsəlman ölkəsi olmuşdur.
Yüksək humanizmə söykənən bu addım Azərbaycanın beynəlxalq aləmdəki reytinqini daha da
artırmışdır. 2001-ci ilin
yanvarın 25 - də müstəqil
respublikamız Avropa Şurası kimi mötəbər beynəlxalq təşkilata
tamhüquqlu üzv qəbul
edilməklə demokratiya yolunda
inamla irəlilədiyini bir daha sübut
etdi. Onu da qeyd edək ki, bu mötəbər beynəlxalq təşkilatla səmərəli əməkdaşlıq
Azərbaycanın milli qanunvericiliyinin
Avropa standartlarına
uyğunlaşdırılmasına ciddi təkan
vermişdir.
Bütün
varlığı ilə Vətənə və xalqa qəlbən bağlı olan görkəmli
şəxsiyyət və
böyük dövlət xadimi Heydər Əliyev öz
həyatını, zəngin dövlətçilik təcrübəsini
Azərbaycanın xoşbəxt gələcəyinə, onun inkişaf
etmiş sivil dövlətlər səviyyəsinə yüksəlməsinə
həsr etmişdir. Müstəqil dövlətçiliyimizin
Heydər Əliyev tərəfindən
formalaşdırılan mənəvi-ideoloji əsası dünya azərbaycanlılarının həmrəyliyinin
möhkəmləndirilməsində həlledici rol oynamışdır.O, dünyanın
müxtəlif ölkələrində yaşayan
və fəaliyyət göstərən azərbaycanlıları
Bakıya toplayaraq onları biriliyə
çağırmış, bir - biri ilə sıx əməkdaşlıq
qurmağı tövsiyə etmişdir. Tarixin
amansız və sərt sınaqları dövründə
dünyanın ayrı-ayrı ölkələrinə səpələnərək
yaşamaq məcburiyyətində
qalmış azərbaycanlıların birlik
və həmrəyliyinin əldə edilməsi işində
müstəsna xidmətlər göstərən Heydər Əliyevin
dünya azərbaycanlılarının
təşkilatlanması və onların bir
Vətən - müstəqil Azərbaycan ətrafında
sıx birləşməsi üçün
əzmlə səy göstərərək bu istiqamətdə
son dərəcə qiymətli qərarlar
qəbul etmişdir. Dünya
azərbaycanlılarının ölkəmizin milli
mənafeləri ətrafında bir araya gətirilməsi, azərbaycançılıq
ideologiyasının milli birliyin
ən aparıcı amilinə çevrilməsi Heydər Əliyevin xalqımıza verdiyi
minlərlə töhfələrindən biridir.
Ulu öndər dünya
azərbaycanlılarına müraciət edərək demişdir ki, unutmayın ki,
hamınızın bir Vətəni var - Azərbaycan.
Məhz ulu öndərin
tövsiyəsi ilə dünya azərbaycanlıları
arasında sıx əlaqə yaranmış, milli
- mənəvi dəyərlərimizin, adət - ənənələrimizin,
mədəniyyət və incəsənətimizin dünya
miqyasında təbliğ olunmasına geniş
meydan açılmışdır. Azərbaycan ziyalısını son
əsrlərdə ciddi
düşündürən milli dirçəliş
problemləri bütöv şəkildə
Heydər Əliyevin fəaliyyəti sayəsində strateji dövlət siyasətinə, əməli
siyasi müstəviyə keçmiş
və nəticədə azərbaycançılıq məfkurəsi
şüurlara hakim kəsilmişdir.
Ulu öndər
qürur hissi ilə
deyirdi: “Mən həmişə
fəxr etmişəm, indi də fəxr
edirəm ki, mən azərbaycanlıyam...” Öz titanik fəaliyyəti ilə Azərbaycan tarixinin ən şərəfli səhifələrini
yazan, müstəqil Azərbaycanımızın
memarı və qurucusu olan
Heydər Əliyevin azərbaycanlı olmasından necə böyük qürur
duyduğu bir daha özünü təsdiqlədi.
Heydər Əliyev dövlətin xilaskarı olmaqla yanaşı, həm də millətinin taleyinin xilaskarıdır. Ulu öndərin uzaqgörən siyasəti nəticəsində Azərbaycan bu gün öz inkişafının ən sürətli dövrünü yaşayır. Qüdrətli şəxsiyyətin siyasi varisi Azərbaycan Prezidenti İlham Əliyevin apardığı məntiqli siyasət ölkəmizi bütün sahələrdə tərəqqiyə aparır. Əsası ulu öndər tərəfindən qoyulan və bu gün möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi kurs ölkədə vətəndaş cəmiyyətinin inkişafına yol açıb.Yüksək təfəkkür, zəngin dövlətçilik və idarəçilik təcrübəsi qazanmış, müasir düşüncəli, praqmatik lider İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan inamla irəliləyir. Zəngin dövlətçilik məktəbindən dərs alan, dünya miqyasında təcrübəli diplomat kimi tanınan Azərbaycan Prezidenti İlham Əliyevin düşünülmüş siyasəti nəticəsində Azərbaycan dünyanı bürüyən maliyyə böhranı zamanı da ən az zərər çəkən ölkə olmuşdur. Sevindirici haldır ki, ümummilli liderimizin siyasi xətti bu gün Prezident İlham Əliyev tərəfindən qloballaşan dünyanın tələbinə uyğun olaraq yeni məzmun və keyfiyyətdə uğurla davam etdirilir.
Möhtərəm Prezidentimiz İlham Əliyev varislik haqqını hərtərəfli qazanmışdır. Ona görə Azərbaycan cəmiyyəti sabahkı günə işıqlı bir ümidlə baxır və şübhə etmir ki, bu gün Heydər Əliyev ailəsi kimi möhtəşəm bir nəslin varisi olan, siyasi və ideoloji varislik haqqı qazanan ölkə başçısı İlham Əliyev müstəqil dövlətçiliyimizin zəminində yaranmış bugünkü ənənələrimizi uğurla davam və inkişaf etdirəcəkdir. Möhtərəm Prezidentimiz ölkədə vətəndaş həmrəyliyinin qorunub saxlanılması, davamlı siyasi sabitliyin təminatı, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması, yeni iş yerlərinin açılması uğrunda əzmlə çalışır. Bir faktı diqqətə çatdırım ki, İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə bir milyondan çox yeni iş yeri yaradılmışdır. Dövlət başçısı ölkədə vətəndaş həmrəyliyinin qorunub saxlanılması və daha da inkişaf etdirilməsi naminə fəal siyasət həyata keçirir. Təbii ki, Prezident İlham Əliyevin atdığı bu addımlar bütün mənalarda təqdirəlayiq faktdır. O, bununla öz vətəndaşlarına ehtiramını və müdafiə etdiyi prinsiplərə sədaqətini bir daha təsdiqlədi. Ölkə başçısı öz fəaliyyəti ilə sübut etdi ki, onun bütün fəaliyyəti Heydər Əliyev ənənələrinin davam etdirilməsinin məntiqi nəticəsidir. Ulu öndər Heydər Əliyevin siyasi kursu Azərbaycana təkcə sarsılmaz təməllər üzərində inkişaf edən bir dövlət yox, həm də onun problemlərini həll etməyə qadir güclü siyasi hakimiyyət komandası verib.
Mirkazım
KAZIMOV,
Milli Məclisin deputatı
Xalq qəzeti.- 2013.- 27 aprel.- S. 3.