“Vergilər” mövzusunda tələbə
və magistrantlar arasında olimpiada
Azərbaycan
Dövlət İqtisad Universitetində Bakı və
respublikanın müxtəlif bölgələrində fəaliyyət
göstərən 16 ali məktəbin 230-dək tələbə
və magistrantının iştirak etdiyi “Vergilər”
mövzusunda 7-ci olimpiada keçirilmişdir. Olimpiada
ümummilli lider Heydər Əliyevin anadan olmasının 90
illik yubileyinə həsr olunmuşdur.
Tədbir
iştirakçıları əvvəlcə AZDİU-nun
foyesində ümummilli lider Heydər Əliyevin büstü
önünə gül dəstələri qoymuş, Azərbaycan
xalqı və dövləti qarşısında tarixi xidmətləri
olan ulu öndərin əziz xatirəsi bir dəqiqəlik
sükutla yad edilmişdir.
Tədbiri
giriş sözü ilə açan Azərbaycan Dövlət
İqtisad Universitetinin prorektoru Damət Bağırov olimpiada
iştirakçılarını salamlamış, hər il ənənəvi
olaraq Bakıdan və respublikanın müxtəlif bölgələrindən
çoxlu sayda tələbə və magistrantın bu
olimpiadaya qatıldığını bildirmişdir.
Vergilər
nazirinin müşaviri Ələkbər Məmmədov
çıxış edərək ulu öndərin əsasını
qoyduğu və Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin rəhbərliyi
altında həyata keçirilən iqtisadi islahatların
ölkəmizi regionda və dünyada aparıcı dövlətlər
səviyyəsinə çatdırdığını
demişdir. Qeyd olunmuşdur ki, bu gün vergi xidməti əməkdaşları
ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi
dövlətçilik konsepsiyasına sadiq qalaraq suverenliyimizin
möhkəmlənməsi və ölkəmizin hərtərəfli
tərəqqisi yolunda bütün zəruri tədbirləri
görürlər. Artıq 7-ci ildir ki, ali məktəb tələbələri
və magistrantları böyük həvəslə bu
olimpiadada iştirak edir. Həmin tələbələrin bir
çoxu sonradan vergi orqanlarına işə qəbul
zamanı yüksək nəticələr göstərmiş
və Vergilər Nazirliyində
müvafiq vəzifələr tutmuşlar.
Test
üsulu ilə təşkil olunmuş olimpiada zamanı
iştirakçılar 2 saat ərzində Vergilər Nazirliyinin
Tədris Mərkəzində müvafiq test bazası əsasında
hazırlanmış sualları kompyuter vasitəsilə onlayn
rejimdə cavablandırmışlar. Hər bir tələbə
üçün fərdi sual bazası tərtib olunmuşdur.
Nəticələr iştirakçı ali məktəblərin
təmsilçilərindən ibarət münsiflər heyətinin
iştirakı ilə Tədris Mərkəzinin mütəxəssislərinin
nəzarəti altında xüsusi kompyuter proqramları vasitəsilə
qiymətləndirilmişdir.
Tələbələr
arasında birinci yerə Azərbaycan
Dövlət İqtisad Universitetindən Validə Hacızadə,
ikinci yerə Azərbaycan Universitetindən Nicat Əliyev,
üçüncü yerə Azərbaycan Dövlət
İqtisad Universitetindən Ayaz Müseyibov layiq
görülmüşlər.Azərbaycan Dövlət
İqtisad Universitetinin müəllimi Yaşar Kəlbiyevə
tələbəsi I yer tutduğuna görə xüsusi
mükafat verilmişdir.
Magistrantlar
arasında isə birinci, ikinci,
üçüncü yerləri Azərbaycan Dövlət
İqtisad Universitetindən Rüfət Hüseynov, Asif Mirzəyev və Sübhan Orucov tutmuşlar. Həmin
universitetin müəllimi Ramiz Məhərrəmov
magistrantı I yer tutduğuna görə xüsusi mükafata
layiq görülmüşdür.
Vaqif BAYRAMOV
Xalq qəzeti.- 2013.- 27 aprel.- S. 3.