Sabirabadda akademik
Zərifə xanım Əliyevanın 90 illik yubileyi qeyd olundu
Aprelin 25-də Sabirabad rayonundakı Heydər Əliyev
Mərkəzində görkəmli
oftalmoloq alim, akademik Zərifə Əliyevanın anadan
olmasının 90 illik yubileyinə həsr olunmuş konfrans
keçirilmişdir. Konfrans iştirakçıları əvvəlcə
ulu öndər Heydər Əliyevin abidəsi önünə
tər güllər düzmüşlər.
Rayon ictimaiyyətinin,
ziyalıların, gənclərin iştirak etdikləri
konfransı rayon icra hakimiyyətinin başçısı
Nazim İsmayılov açaraq
bu günlər respublikanın hər yerində olduğu kimi,
Sabirabad da görkəmli ictimai xadim və oftalmoloq alim Zərifə
Əliyevanın 90 illik yubileyi ilə bağlı silsilə tədbirlərin,
konfransların keçirildiyini bildirmiş, alimin oftalmologiya
elminin inkişafına verdiyi dəyərli töhfələrdən
söz açmışdır. Qeyd olunmuşdur ki, ölkəmizdə
tibb elminin inkişafında əvəzsiz xidmətlərinə
görə Azərbaycan Prezidentinin müvafiq sərəncamı
ilə görkəmli alimin 90 illik yubileyi respublika səviyyəsində
geniş qeyd olunur.
Natiq
bildirmişdir ki, dünya təbabətində özünəməxsus
yeri olan, tibb elmində gur çıraq kimi şölələnən
Zərifə Əliyeva fitri istedada malik alim, Tanrının
xalqımıza bəxş etdiyi pak və nadir insan idi. Onun mənalı
ömrü, keçdiyi şərəfli həyat yolu bu
gün də, gələcəkdə də hər bir alim və
həkim, hər bir Azərbaycan vətəndaşı
üçün əsl həyat və mənəviyyat dərsi,
kamillik və müdriklik məktəbidir. Təbiətin bəxş
etdiyi nadir keyfiyyətlər, yorulmaq bilmədən
çalışmaq əzmi onu hərtərəfli bir şəxsiyyətə
çevirmişdir. Zərifə Əliyeva, eyni zamanda, Azərbaycan
xanımlarının bütün gözəl xüsusiyyətlərini
özündə birləşdirən insanlıq,
qadınlıq meyarı idi. İşıqlı bir həyat
yaşayan Zərifə Əliyeva görkəmli oftalmoloq alim,
qayğıkeş həkim, gözəl ana və fədakar həyat
yoldaşı kimi şərəfli bir ömür
sürmüşdür. Zərifə xanım ulu öndər
Heydər Əliyevin layiqli həyat yoldaşı, sadiq dostu və
məsləkdaşı olmuşdu. Ulu öndərin əsasını
qoyduğu geniş quruculuq işləri və Zərifə
xanımın çoxşaxəli humanitar missiyası bu
gün möhtərəm Prezidentimiz İlham Əliyev və
Azərbaycanın birinci xanımı, Heydər Əliyev
Fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən
uğurla davam etdirilir.
Mərkəzi Rayon Xəstəxanasının
baş həkimi Əziz Mikayılov, cərrah — oftalmoloq
Elmira Zeynalova, müəllim
Vüqar Fərzəliyev tədbirdə çıxış edərək
qeyd ediblər ki, ölkəmizdə ana adının
ucalığı, ömür-gün yoldaşının sədaqəti,
nurlu həkimliyin müqəddəsliyi Zərifə
xanımın taleyində əbədiləşmişdir. Zərifə
xanım Azərbaycan qadınlarının vüqar, iftixar və
fərəh səmasında, eləcə də tibb elmimizin
zirvəsində parlayan bir əbədiyyət Günəşidir.
Qeyd olunmuşdur ki, yüksək mədəniyyəti,
istiqanlılığı, qayğıkeşliyi, ehtiyacı
olanın köməyinə çatmaq bacarığı Zərifə
xanımın həyatını xarakterizə edən əsas
cəhətlərdir. Konfransda dönə-dönə
vurğulanıb ki, zəngin və mənalı ömür
yolu keçmiş Zərifə Əliyevanın əziz xatirəsi
xalqımızın qəlbində daim yaşayacaqdır.
Konfransın sonunda rejissor Vaqif Mustafayevin Heydər Əliyev haqqında çəkdiyi sənədli filmlər silsiləsindən “Əsl məhəbbət haqqında” sənədli filmi nümayiş olunmuşdur.
Səməd
HÜSEYNOĞLU
Xalq qəzeti.- 2013.- 27 aprel.- S. 3.