Moskvada Azərbaycanın
görkəmli oftalmoloq alimi, akademik Zərifə xanım Əliyevanın
90 illik yubileyinə həsr edilmiş xatirə gecəsi
keçirilmişdir
İ.M.Seçenov adına Birinci Moskva Dövlət
Tibb Universitetinin (MDTU) konfrans
zalında Azərbaycanın görkəmli oftalmoloq alimi,
akademik Zərifə xanım Əliyevanın 90 illik yubileyinə
həsr edilmiş xatirə gecəsi keçirilmişdir.
Azərbaycanın Rusiyadakı Səfirliyi, Heydər
Əliyev Fondu və Rusiyanın Azərbaycanlı Gənclər
Birliyi (RAGB) tərəfindən təşkil edilmiş tədbirdə
Azərbaycanın Rusiyadakı səfiri Polad
Bülbüloğlu, universitetin beynəlxalq məsələlər
üzrə prorektoru Pyotr Litvitski, Zərifə xanımı
şəxsən tanıyan, onunla birgə işləmiş,
onun şagirdləri olmuş, İ.M.Seçenov adına
Universitetdə işləyən əməkdaşlar
iştirak etmişlər.
Foyedə görkəmli oftalmoloq alim Zərifə
xanım Əliyevanın həyat və fəaliyyətindən
bəhs edən fotosərgi təşkil edilmişdir. Sərgidə
Zərifə xanımın həyatının müxtəlif
dövrlərini əks etdirən fotoşəkillər onu
qayğıkeş ana, sədaqətli ömür-gün
yoldaşı, görkəmli ictimai xadim və oftalmoloq alim
kimi səciyyələndirir.
Zaldakı monitorda yubilyarın həyat
yoldaşı Heydər Əliyevlə, öz valideynləri,
övladları və nəvələri ilə birgə
çəkilmiş ailə fotoşəkilləri göstərilirdi.
Azərbaycanın Rusiyadakı səfiri Polad
Bülbüloğlu xatirə gecəsini açaraq qeyd
etmişdir ki, Zərifə xanım Əliyeva görkəmli
dövlət xadimi və ictimai xadim Heydər Əliyevin həyat
yoldaşı, həm də böyük alim idi. Zərifə
xanım Azərbaycanda traxoma və digər təhlükəli
göz xəstəliklərinin
kökünün kəsilməsi üçün çox iş
görmüşdür. Gənc alimləri həmişə dəstəkləyən
Zərifə Əliyeva bütöv bir elmi məktəb
yaratmışdır. P.Bülbüloğlu demişdir: “Mən
xoşbəxtəm ki, Zərifə xanımın
sağlığında dəfələrlə onunla ünsiyyətdə
olmuşam. O, ziyalı və yaradıcı insan idi. Bu keyfiyyətlər
ona irsən keçmişdir. Zərifə xanımın
atası Əziz Əliyev görkəmli partiya və təsərrüfat
xadimi olmuşdur. Böyük Vətən Müharibəsinin ən
gərgin dövründə arxa cəbhədə normal fəaliyyət
üçün şərait yaratmaq məqsədi ilə Əziz
Əliyev Dağıstana rəhbər kimi göndərilmişdir.
Bu, həm böyük məsuliyyət, həm də yüksək
etimad idi. Mahaçqalada Əziz Əliyevin
yaşadığı binada xatirə lövhəsinin
açılışında mən də iştirak etmişəm.
Dağıstanda onun xatirəsinə hələ də dərin
ehtiram bəslənilməsinin şahidi olmuşam . Onun xeyirxah
əməlləri barədə xatirə Dağıstan sakinlərinin
qəlbində yaşayır”.
Səfir vurğulamışdır ki, keçən
əsrin 60-cı illərində gənc incəsənət
xadimləri Zərifə xanımın dəstəyini daim hiss
edirdilər. O, konsertlərə, sərgilərə gedir və
gənclərin təşəbbüslərini həmişə
alqışlayırdı. Polad Bülbüloğlu
demişdir: “Zərifə xanım çox xeyirxah insan idi. Buna
görə də insanlar onunla ünsiyyətdə olmağa
can atırdı. O, öz ətrafında səmimi ab-hava
yaratmağı bacarırdı. Zərifə xanım Azərbaycanın
indiki Prezidenti İlham Əliyevin anasıdır. İlham Əliyev
Moskva Dövlət Beynəlxalq Münasibətlər
İnstitutunda mükəmməl təhsil almışdır,
onun tərbiyəsi isə, ilk növbədə, öz ailəsindən,
valideynlərinin səviyyəsindən
qaynaqlanmışdır. Mənim fikrimcə, bu gün
İlham Əliyevin suveren Azərbaycan dövlətinin
Prezidenti olmasında da Zərifə xanımın böyük
xidmətlərini qeyd etmək lazımdır”.
İ.M.Seçenov adına Birinci Moskva Dövlət
Tibb Universitetinin beynəlxalq məsələlər üzrə
prorektoru Pyotr Litvitski təntənəli xatirə gecəsinin
iştirakçılarını MDTU-nun rektoru
P.Qlıboçkonun, universitetin müəllimləri və tələbələri
adından salamlamışdır. O, öz
çıxışında qeyd etmişdir ki, akademik Zərifə
Əliyeva öz işinin əsl peşəkarı idi. Onun
elmi əsərləri traxoma, qlaukoma, görmə
orqanlarının peşə xəstəlikləri
mövzularına həsr edilmişdir. Zərifə
xanımın elmi məqalələri bu gün də
dünyanın müxtəlif ölkələrinin gənc həkimləri
tərəfindən öyrənilir. Zərifə Əliyeva
Sovet və Rusiya oftalmologiyasının görkəmli nümayəndələri
ilə sıx peşəkar və dostluq əlaqələri
saxlayırdı.
P.Litvitski qeyd etmişdir ki, Azərbaycanın
birinci xanımı Mehriban Əliyeva MDTU-nun fəxri
professorudur. Prorektor demişdir: “Keçən il Mehriban
xanıma ”İ.M.Seçenov adına Birinci Moskva Dövlət
Tibb Universitetinin xatirə nişanı və fəxri
professoru" diplomu təqdim edilmişdir. Həmin mərasimdə
Mehriban Əliyeva ona təqdim edilmiş “Birlik Ulduzu” Beynəlxalq
mükafatının pul hissəsini İ.M.Seçenov
adına Birinci Moskva Dövlət Tibb Universitetinə
köçürməyi qərara aldığını
bildirmişdir. Həmin vəsait hesabına Universitetdə
laparoskopik tədqiqatlar üçün unikal aparat
alınmışdır".
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin refraksiya və oftalmoerqonomika şöbəsinin rəhbəri, Zərifə xanımın şagirdi, professor Rasim Hacıyev unikal elmi araşdırmalar aparılan və müxtəlif göz xəstəlikləri müalicə edilən Mərkəzin işi barədə məlumat vermişdir. Professor Hacıyev demişdir: “Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi bu böyük alimin xatirəsinə ehtiram əlamətidir”.
Fəridə
ABDULLAYEVA
Xalq qəzeti.- 2013.- 27 aprel.- S. 6.