Gəncədə
görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın
90 illik yubileyi qeyd edilmişdir
Gəncədə görkəmli oftalmoloq alim, əməkdar
elm xadimi, tibb elmləri doktoru, akademik Zərifə Əliyevanın
anadan olmasının 90 illiyinə həsr edilmiş elmi-nəzəri
konfrans keçirilmişdir.
AzərTAc xəbər verir ki, Gəncə
Şəhər İcra Hakimiyyətinin YAP şəhər təşkilatı
ilə birgə təşkil etdikləri konfrans görkəmli
oftalmoloq alim Zərifə Əliyevanın həyat və fəaliyyətindən
bəhs edən sənədli filmin nümayişi ilə
başlanmışdır.
Konfransda Gəncə Şəhər İcra
Hakimiyyətinin başçısı Elmar Vəliyev
çıxış edərək Azərbaycan xalqının
görkəmli simalarından olan Zərifə Əliyevanın
ölkə səhiyyəsinin inkişafı istiqamətində
gördüyü işlərdən, respublikamızda geniş
yayılmış bəzi xəstəliklərin qarşısının
alınması ilə bağlı apardığı elmi-tədqiqat
işlərinin müsbət nəticələrindən,
kliniki və nəzəri oftalmologiyanın bir sıra aktual məsələlərinə
həsr olunan yeni və uğurlu tədqiqatlarından
danışmışdır. Bildirilmişdir ki, Zərifə
xanım Əliyeva həm də ümummilli lider Heydər Əliyevə
vəfalı ömür-gün yoldaşı olmuşdur.
Sonra şəhər göz xəstəxanasının
baş həkimi Azər Məmmədov, həkimlərdən
Sevil Allahverdiyeva, Gültəkin Əsgərova, Rəbiyyə
Məmmədova, 1 nömrəli poliklinikanın baş həkimi
Xalidə Sadıqova, həkim Tələt Nəbiyev, Gəncə
Dövlət Universitetinin prorektoru Pərvin Kərimzadə və
başqaları çıxış edərək akademik Zərifə
Əliyevanın oftalmologiya elminin inkişafı
üçün apardığı tədqiqat işlərinin
verdiyi bəhrələrdən danışmış, eləcə
də bu sahədə qazandığı uğurlara görə
bir neçə fəxri ada layiq görüldüyünü
diqqətə çatdırmışlar. Bildirilmişdir ki,
görkəmli alim 1981-ci ildə keçmiş SSRİ Tibb
Elmləri Akademiyasının akademik M.İ.Averbax adına
mükafatına layiq görülmüş, 1983-cü ildə
isə SSRİ Tibb Elmləri Akademiyasının həqiqi
üzvü seçilmişdir. “Qırmızı Əmək
Bayrağı” ordeni “Əmək veteranı” medalı və Azərbaycanın
“Əməkdar elm xadimi” fəxri adları ilə təltif
olunmuşdur.
Tədbirdə Zərifə xanım Əliyevanın yalnız həkim, alim kimi deyil, digər müsbət keyfiyyətlərindən də söhbət açılmış, onun gələcək nəsillərə nümunə olacaq həyat və fəaliyyəti barədə geniş məlumat verilmişdir.
Xalq qəzeti.- 2013.- 27 aprel.- S. 6.