Avropa Şurasından təcavüzkar
Ermənistana qarşı qəti addımlar atmaq
tələb olunmuşdur
Son
bir neçə sessiyada Avropa Şurası Parlament
Assambleyasının (AŞPA) iclaslarında tətbiq edilən
sərbəst müzakirələr təcrübəsi müsbət
səmərə verməkdədir. Bu müzakirələrin əsas
xüsusiyyəti ondan ibarətdir ki, hər bir deputat lazım
bildiyi aktual mövzuda müəyyən edilmiş vaxt çərçivəsində
fikirlərini paylaşa bilər. Amma belə bir şərt də
vardır ki, haqqında danışılan məsələ
sessiyanın gündəliyinə daxil edilmiş hər
hansı mövzunu təkrar etməməlidir.
Aprelin
25-də baş tutan sərbəst müzakirələrdə
bir sıra avropalı deputatlarla yanaşı, Azərbaycan
nümayəndə heyətinin üzvü Rafael Hüseynov da
mühüm bir məsələ ilə bağlı
düşüncələrini
bölüşmüşdür. Məlum olduğu kimi,
rotasiya qaydasında Ermənistanın Avropa Şurası Nazirlər
Komitəsinə rəhbərlik etməsi gözlənilir.
Deputat Rafael Hüseynov Avropa Şurasının nüfuzuna
sarsıdıcı zərbə ola biləcək belə bir
addımdan çəkinməyə
çağırmış, Ermənistana ifrat yumşaq
münasibətinə görə Avropa Şurasını kəskin
tənqid etmişdir. Məsələnin mahiyyəti ilə əlaqədar
təhlillər aparan Rafael Hüseynov demişdir: “Avropa
Şurası sinizmin ən əyani nümunəsi kimi qiymətləndirilə
biləcək bir addımı atmağa
çalışır və mən özümə borc bilirəm
ki, yaxşı ənənələrinə dərin hörmət
bəslədiyim bu təşkilatı rüsvay olmaqdan xilas etməkdən
ötrü fikirlərimi bölüşüm. XX əsrin
ortalarında yaranan Avropa Şurası indiyədək ona
görə yaşayıb və ona görə bütün
dünyada belə yüksək nüfuz qazanıb ki, onu onillər
ərzində ayrı-ayrı şəxslərin, ya
qrupların iradəsi və maraqları deyil, həqiqət, ədalət,
düzlük prinsipləri idarə etmişdir. Nüfuzu və
hamının hörmətini qazanmaq yalnız uzun illər boyu
çəkilən zəhmət, görülən
yaxşı işlər sayəsində mümkün olursa,
nüfuzu və hörməti itirmək üçün bircə
an, ciddi bir səhv də kifayət edir. Avropa
Şurası indi belə bir
təhlükə qarşısındadır.
2005-ci
ildə Avropa Şurasının Parlament Assambleyası
Dağlıq Qarabağ məsələsi, Ermənistanın
Azərbaycan ərazilərini zəbt etməsi ilə
bağlı ayrıca 1416 saylı qətnamə qəbul
etmişdir. Həmin qətnamənin elə ilk bəndində
Ermənistanın işğalçı olduğu göstərilir.
Ermənistan Avropa Şurasının 47 üzvü arasında
yeganə dövlətdir ki, bu qurum öz rəsmi sənədində
onun təcavüzkar olmasını təsdiq etmişdir.
Növbəlilik prinsipi əsasında indi Avropa Şurası
Nazirlər Komitəsinə Ermənistan rəhbərlik etməyə
başlayacaqdır və hadisələrin gedişindən belə
görünür ki, Avropa Şurası buna mane olmaq fikrində
deyildir. Əksinə, bundan ötrü daha münasib situasiya
formalaşdırmağa çalışır. Görün
hansı mənzərə alınacaq - insan haqlarına
hörməti, qanunun aliliyini, demokratiyanı əsas prinsipləri
hesab edən təşkilata bütün bu dəyərlərə
həqarətlə yanaşan dövlət
başçılıq edəcəkdir.
Ərazilərinin
20 faizini işğal etdiyi Azərbaycanın 1 milyon
insanını qaçqın və məcburi
köçkünə çevirmiş Ermənistan öz
ölkəsinin daxilində də bundan 3 dəfə çox
insanı səfalət içərisində, ağır iqtisadi durumda yaşamağa məhkum
etmişdir. Ermənistan bütün milli azlıqları
sıxışdıraraq ölkədən kənarlaşdırmış,
monoetnik bir dövlətə çevirmişdir. Ermənistan
seçkilərin əsas fəlsəfəsi olan seçmək
anlayışını çoxdan ləğv edərək,
bunu irəlicədən müəyyənləşdirilən
təyinata çevirmişdir. Ölkədəki son saxta
prezident seçkiləri buna bariz nümunədir. Ən dəhşətlisi
odur ki, erməni xalqının bu anacan həmin seçkilərdəki
total saxtakarlığa etirazları səngiməsə də,
Avropa Şurası Parlament Assambleyasının rəsmi
hesabatında həmin seçkilər müsbət dəyərləndirilir,
keçən seçkilərə nisbətən irəliləyiş
adlandırılır. Həqiqətənmi Ermənistandakı
2013-cü il prezident seçkiləri keçən prezident seçkisinə
nisbətən uğurdur? Düzdür, bu dəfə keçən
seçkidəki kimi hakimiyyət tərəfindən kütləvi
qətllər həyata keçirilməmişdir. Seçkilərlə
əlaqədar etirazlarına görə döyülənlərin,
müxtəlif zorakılıqlara məruz qalanların, həbs
olunanların sayı ötən dəfəkinə nisbətən
azdır. Xeyr, ona görə ki, rejim bir az
yumşalmışdır. Ona görə ki, Ermənistan cəmiyyətində
insanlar keçən dəfəkinə nisbətən daha
ümidsizdirlər, ölkədəki qorxu, hakimiyyətin vahiməsi
atmosferi onların etiraz hisslərini də daha artıq kütləşdirmişdir.
Avropa Şurası isə on minlərlə, yüz minlərlə
insanın səsini eşitmək, dərdinə qalmaq,
onların haqlarının müdafiəsinə qalxmaq niyyətindən
uzaqdır. Yaxşı, Ermənistan rejiminin Azərbaycana
qarşı törətdiyi cinayətlərə göz yumulur
yumulsun, bəs Ermənistandakı rejimin xatirinə erməni
xalqının əzablarına niyə biganə
qalırsınız, onlara ki həmişə daha doğma
münasibətiniz olmuşdur!?
İndi
belə bir rejim, onun siyasətini həyata keçirən təmsilçilər
gəlib Avropa Şurası Nazirlər Komitəsinə rəhbərlik
etməli, Avropa Şurası adından
danışmalıdırlar.
Zənnimcə,
Avropa Şurası özü özünə zərbə
vurmaqdan çəkinməli, bu tragikomediyanın baş verməsinin
qarşısını almalıdır. İnsan haqlarına,
demokratiyaya, qanunlara hörmətsizliyin eybəcər nümunəsi
olan təcavüzkar Ermənistanın Avropa Şurası Nazirlər
Komitəsinə rəhbərlik etməsinə qətiyyən
yol verilməməli, təxirə salmadan bu siyasi və tarixi
biabırçılığın qarşısı
alınmalıdır”.
Deputat
Rafael Hüseynovun çıxışı maraqla
qarşılanmışdır.
Əsgər ƏLİYEV
Xalq qəzeti.- 2013.- 27 aprel.- S. 6.