Heydər Əliyevə həsr edilmiş kitab sərgisi keçirilib

 

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində ümummilli lider Heydər Əliyevin 90 illiyi münasibəti ilə “Heydər Əliyev irsi və onun tədqiqi” mövzusunda kitab sərgisi keçirilib.

Bu barədə nazirliyin mətbuat  xidməti məlumat yayıb. Sərgidə Heydər Əliyevin həyatı və fəaliyyəti ilə bağlı videomateriallar nümayiş olunub, geniş çeşiddə kitablar, biblioqrafik nəşrlər təqdim edilib.

Sərginin açılışında çıxış edən rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov bildirib ki, ümummilli lider Heydər Əliyev ölkədə rabitənin inkişafına böyük əhəmiyyət verib və onun diqqət-qayğısı sayəsində Azərbaycan rabitəsi inkişaf dövrü keçib. Azərbaycan Milli Elmlər Akademiyasının kitabxanası ilə birlikdə təşkil edilmiş və ulu öndərə həsr olunmuş bu sərgi böyük əhəmiyyət kəsb edir. Eyni zamanda, bu, dahi liderin həyat və fəaliyyəti haqda elektron formatda dolğun məlumat almaq üçün bir imkandır.

Tədbir çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyasının kitabxanasının rəhbəri Aybəniz Kəngərli nazirliyin kitabxanasına “Heydər Əliyev və Azərbaycan elmi” adlı kitabını hədiyyə edib. O bildirib ki, bu kitabda Heydər Əliyevin Azərbaycan elminin istənilən sahəsinin inkişafında iştirakı haqda məlumatlar təqdim edilib. Hazırda biz ümummilli lider haqda 42 cilddən ibarət elmi-biblioqrafik nəşr üzərində işləyirik, bu kitab çap variantı ilə birgə elektron versiyada təqdim ediləcək.

 

 

M.MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2013.- 27 aprel.- S. 7.