Sabunçu rayonunda quruculuq işləri sürətlə davam edir
Bakı şəhərinin bütün
rayonlarında olduğu kimi, Sabunçuda da son illər əsaslı
yenidənqurma işləri davam etməkdədir. Bu rayonun qəsəbələrinin hər biri tanınmaz dərəcədə dəyişmiş, yollar
abadlaşdırılmış, yeni parklar və xiyabanlar
salınmış,
yüksək mərtəbəli evlər
ucaldılmış, bir sözlə, həyat tamamilə yeniləşmişdir. Bütün bunlar Prezident İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi
islahatların nəticəsində mümkün
olmuşdur. Aprelin
26-da Sabunçu Rayon İcra Hakimiyyətinin birinci rübün
yekunlarına həsr olunmuş
iclasında bu
nailiyyətlərdən və qarşıda duran
vəzifələrdən ətraflı
danışılmışdır.
İclası
Sabunçu Rayon İcra Hakimiyyətinin
başçısı Adil Vəliyev açmışdır.
Sonra “2013-cü ilin I rübündə Sabunçu rayonunun
sosial-iqtisadi inkişafının yekunları və
qarşıda duran vəzifələr haqqında” Sabunçu rayon İcra Hakimiyyəti
başçısının I müavini Qəzənfər Həsənov geniş məruzə ilə çıxış etmişdir. O,
bildirmişdir ki, 2013-cü ilin birinci rübünün sosial-iqtisadi
inkişafının yekunlarına və qarşıda duran vəzifələrə
həsr olunmuş Nazirlər Kabinetinin iclasında dövlət
başçısı ölkə həyatının
bütün sahələrində görülən işlərin
aydın mənzərəsini yaratmış, qarşıda
duran həlli vacib vəzifələri müəyyənləşdirmişdir.
Prezident İlham Əliyev öz çıxışında
2013-cü ildə keyfiyyətcə daha da böyük nəticələr
əldə ediləcəyini bildirmiş, birinci rübdə
ümumi daxili məhsulun 3,1 faiz və ya 395,2 milyon manat artaraq
12,9 milyard manat, qeyri-neft sektorunun inkişafının isə
11,4 faiz olduğunu qeyd etmişdir.
Natiq
demişdir ki, 2013-cü ilin I rübündə
Sabunçu rayonunun iqtisadiyyatında da artım davam etmiş,
dövlət proqramları çərçivəsində və
başqa mənbələr hesabına infrastruktur layihələri
həyata keçirilmiş, yeni sosial əhəmiyyətli
obyektlər tikilərək istifadəyə verilmişdir.
Cari
ilin I rübündə rayonun sənaye müəssisələri
və idarələri tərəfindən istehsal edilmiş məhsulun
ümumi həcmi 18 faiz artaraq 78,9 milyon manat, pərakəndə
əmtəə dövriyyəsi 15,2 faiz artaraq 147,97 milyon manat,
əhaliyə göstərilən pullu xidmətlər 19,4 faiz
artaraq 65,3 milyon manat, əsas kapitala yönəldilən
investisiyalar isə 22,1 faiz artaraq 15,95 milyon manat təşkil
etmişdir. Bir işçiyə hesablanmış orta
aylıq əməkhaqqı ötən ilin müvafiq
dövründəkinə nisbətən 14,6 faiz artaraq 417,2
manat, sənaye müəssisələrində isə 12,5 faiz
artaraq 605,8 manat olmuşdur. Bu
dövrdə 589 yeni
iş yeri
yaradılmışdır.
İlin
əvvəlindən rayonun sosial-iqtisadi inkişaf planına
uyğun olaraq rayon ərazisində respublikanın və şəhərin
müvafiq mərkəzi dövlət orqanlarının, eləcə
də rayonun daxili imkanları hesabına xeyli sosial əhəmiyyətli
obyektlərin, qurğuların tikinti-quraşdırma və
abadlıq işlərinin aparılması təmin
edilmişdir. Belə ki, “2011-2013-cü illərdə Bakı
şəhərinin və onun qəsəbələrinin
sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində nəzərdə
tutulmuş işlər cari ilin I rünündə də davam
etdirilmişdir. Hazırda 252 və 155 saylı məktəblər
üçün yeni korpusların tikintisi, 5 təhsil və 3
səhiyyə müəssisəsində əsaslı təmir
işləri davam etdirilir. Heydər Əliyev Fondu tərəfindən
isə Pirşağı qəsəbəsindəki 112
saylı məktəb üçün yeni 650 şagird yerlik
bina mart ayının 14-də istifadəyə verilmişdir.
Qəzənfər
Həsənov bildirmişdir ki, Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə
Zabrat qəsəbəsində yetkinlik yaşına
çatmayanlar üçün 3 mərtəbəli 50 yerlik
ixtisaslaşdırılmış reabilitasiya və 50 yerlik
sosial sığınacaq, eləcə də gözdən əlillər
üçün 4 mərtəbəli tədris bərpa mərkəzlərinin
tikintisinə başlanılmışdır. Hal-hazırda həmin
obyektlərdə işlər davam edir. Qeyd etmək
lazımdır ki, hər üç binada xəstələrin
sağlamlığının bərpası üçün əlavə
idman korpuslarının tikintisi də nəzərdə
tutulmuşdur. Bundan başqa Bilgəh qəsəbəsində
müharibə və əmək əlilləri pansionatı
üçün 5 mərtəbəli 170 nəfərlik
korpusun tikintisinə başlanmışdır. Sabunçu qəsəbəsi,
Şəhər Şossesi küçəsi 5-ci döngədə
yerləşən 8 saylı qəzalı bina sökülərək
yerində 3 mərtəbəli yaşayış evi tikilir.
Hazırda binada tamamlanma işləri aparılır.
Ümumiyyətlə, rayon ərazisində belə qəzalı
vəziyyətdə olan 10-a yaxın bina qeydə
alınmışdır ki, bunlarla bağlı da müvafiq tədbirlər
görülməkdədir.
Rayon
icra hakimiyyətinin inzibati binasında yenidənqurma, əsaslı
təmir işləri ilə yanaşı, Bakıxanov qəsəbəsi
ərazisində bir sıra binalar, o cümlədən də
rayon prokurorluğu, rayon və 2 saylı Bakı inzibati iqtisad
məhkəmələri, Gənclər evi üçün
binalar inşa edilməkdədir.
Bakıxanov
qəsəbəsində Heydər Əliyev adına istirahət
parkında xüsusi layihə əsasında yenidənqurma
işləri davam etdirilməklə yanaşı, orada Heydər
Əliyev Mərkəzinin də inşasına
başlanılmışdır.
Ümumiyyətlə,
2013-cü ilin sonuna kimi Bakıxanov qəsəbəsinin
Sülh, Gənclik, R.Qənbərov və sair mərkəzi
küçələrinin yollarının genişləndirilməsi,
yeni səkilərin salınması, yaşayış binalarının
aqlayla üzlənməsi, dam örtüklərinin, qapı-pəncərələrinin
yeniləşdirilməsi, müasir küçə
işıqlarının quraşdırılması,
yaşıllıq zolaqlarının salınması və digər
abadlıq işlərinin aparılması nəzərdə
tutulmuşdur ki, nəticədə qəsəbənin həmin
mərkəzi küçələrinin görkəmi əsaslı
surətdə dəyişəcək.
Qəsəbələrdə
yolların təmiri, asfaltlaşdırılması üzrə
işlər davam etdirilir. Görülmüş tədbirlər
əsasında 280-dən çox məişət
tullantıları üçün nəzərdə
tutulmuş meydança təmir edilmiş, onların 80
faizi yeni konteynerlərlə təmin
olunmuş, çoxmərtəbəli yaşayış
binalarının həyətlərindəki və ətraflardakı
25 qeyri-qanuni tikili, 17 dəmir qaraj, 40-dan çox yöndəmsiz
çəpərlər sökülərək ərazi
abadlaşdırılmışdır.
Qeyd
edilmişdir ki, son vaxtlar binalarda liftlərin tez-tez sıradan çıxması,
uzun müddət işləməməsi barədə sakinlər
tərəfindən şikayətlər daxil olmaqdadır. Belə
binalara yerində baxış keçirilərkən məlum
olmuşdur ki, MKTB-nin balansında olan 248 sərnişin liftindən
5-nin həmin gün işləməməsi, 48 liftin əsaslı
təmirə, 17-nin isə yenisi ilə əvəz
olunmasına ehtiyac vardır. Bu barədə tədbirlər
görülməkdədir.
Görülən
işlərlə yanaşı, bəzi qəsəbələrdə
nəzarətin zəifləməsi nəticəsində
küçə ticarətində hələ də müəyyən
nöqsanlar özünü göstərir. Hələ də Zabrat və
Sabunçu qəsəbələrinin mərkəzindən
keçən yolun kənarlarında heyvan satışına
rast gəlinir, Sabunçu qəsəbəsinin
Ş.Şossesi, Zabrat qəsəbəsinin Babək, M.Məmmədyarov,
Pirşağı qəsəbəsinin Ə.Məlikov və
Heydər Əliyev küçələri boyu yol kənarlarında
yerləşən obyektlərin qarşısında iribuynuzlu
heyvanlar kəsilir, Bakıxanov qəsəbəsinin Xəstəxanayanı,
Maştağa qəsəbəsinin Maştağa-Zabrat (H.Heybətov,
Nizami küçəsi) Şəhər Şossesi boyu yol kənarlarında
antisanitariya şəraitində təndir çörəkləri
bişirilərək əhaliyə satılması davam edir. Bu
məsələ hazırda diqqət mərkəzindədir.
Cari
ilin 3 ayı ərzində 1077 ərizə
və 545 məktub daxil olmuş icra hakimiyyəti
başçısı tərəfindən 60 nəfər, səyyar
görüşlərdə isə 75 nəfər vətəndaş
qəbul edilmişdir. Bütün hallarda vətəndaşların
müraciət və ərizələrinə yerində
baxılaraq müvafiq tədbirlər görülmüş,
yazılı və ya şifahi izahatlar verilmişdir. Zəruri
hallarda hər cür müxtəlif köməkliklər
göstərilmişdir.
Rayon
ərazisində 50 müxtəlif binada məskunlaşmış
2100 məcburi köçkün ailələrinin məişət-kommunal
şəraitlərinin yaxşılaşdırılması,
binalarda müəyyən təmir-bərpa işlərinin
aparılmasına köməkliklər edilmiş, onların
enerji, su təchizatı, digər kommunal xidmətlərin
göstərilməsi nəzarətdə
saxlamışdır.
Sonda məruzəsi bildirmişdir ki, gələcəkdə
də fəaliyyətimizi bu istiqaməndə davam etdirərək
ölkə rəhbərliyinin qarşıya qoyduğu vəzifə
və tapşırıqları davamlı olaraq həyata keçirməyə çalışacağıq.
Məruzə
ətrafında çıxışlarda Dövlət Sosial Müdafiə
Fondunun Sabunçu rayon şöbəsinin müdiri Məzahir Vəliyev, Qaz İstismar
İdarəsinin rəisi
İsmixan Nəsirov, Mənzil
Kommunal Təsərrüfatı birliyinin rəis müavini Bəxtiyar Qasımov,
Milli Məclisin deputatı
Eldar Quliyev 2013-cü
ilin birinci rübündə rayonda
görülən işlərdən və qarşıda duran vəzifələrdən ətraflı bəhs etmişlər.
M.MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2013.- 27 aprel.- S. 8.