Azərbaycanlı
deputat İnformasiya Texnologiyaları üzrə Avropa Parlamentlər
Assosiasiyasındakı ekspert qrupuna üzv seçilmişdir
Avropa Şurası Parlament Assambleyasının
(AŞPA) yaz sessiyasında əlamətdar hadisə baş
vermişdir. Azərbaycan parlamentinin AŞPA-dakı nümayəndə
heyətinin üzvü Rafael Hüseynov İnformasiya
Texnologiyaları üzrə Avropa Parlamentlər
Assosiasiyasındakı ekspert qrupuna üzv seçilmişdir.
Rafael
Hüseynovdan başqa həmin qrupa Avropanın müxtəlif
ölkələrini təmsil edən daha 24 ekspert
seçilmişdir. R.Hüseynov postsovet məkanından həmin
mötəbər quruma seçilmiş yeganə ekspertdir.
İnformasiya Texnologiyaları üzrə Avropa
Ekspert Qrupunun üzvləri haqqında məlumatları əks
etdirən ayrıca kitab nəşr edilmiş və aprelin 24-də
Avropa Parlamentlər Assosiasiyasının Strasburqdakı iqamətgahında
ekspertlərin inauqurasiya mərasimi keçirilmişdir.
Tədbirdə çıxış edən
R.Hüseynov son illər Azərbaycanda informasiya-kommunikasiya
texnologiyalarının sürətli inkişafı, ölkəmizdə
internet istifadəçilərinin durmadan artması, elektron mətbuatın
müasir vəziyyəti və perspektivləri ilə
bağlı məlumat vermişdir.
Xatırladaq ki, AŞPA-nın mədəniyyət, elm, təhsil və mətbuat komitəsinin üzvü olan Rafael Hüseynov media və informasiya cəmiyyəti alt komitəsində də fəaliyyət göstərir.
Əsgər ƏLİYEV
Xalq qəzeti.- 2013.- 27 aprel.- S. 9.