Dünya
şöhrətli alim, qayğıkeş həkim, həssas qəlbli
insan
Ömür payı
Ulu Yaradanın insana bəxş
etdiyi əvəzsiz nemətdir.
“Qonaq” olduğumuz bu dünyada
kiminin ömür yolu uzun,
kimininkisə qısa
olur. Əslində, vaxt-zaman
baxımından hesablanan az,
yaxud çox yaşamağın
elə böyük fərqi,
daha doğrusu, əhəmiyyəti yoxdur.
Təki
yaşadığın illər hədər getməsin, mənalı olsun, xeyirxah əməllərin yaddaşlara hopsun. Xoşbəxt o insandır ki, dünyasını dəyişdikdən
sonra unudulmur, yaddan
çıxmır, elədiyi yaxşılıqlara, xeyirxah
əməllərə görə, xatirəsi qəlbləri
isidir, xalqının yaddaşında əbədi yaşamaq
hüququ qazanır. Respublika ictimaiyyətinin 90 illik yubileyini böyük təntənə ilə qeyd etdiyi
dünya şöhrətli oftalmoloq-alim, vətənpərvər
ziyalı, sülhsevər ictimai
xadim, minlərlə
insanın gözlərinə nur bəxş etmiş həssas qəlbli
həkim, akademik Zərifə xanım Əliyeva kimi...
Zərifə xanım 1923-cü il aprelin
28-də Naxçıvan
Muxtar Respublikası Şərur rayonunun
Şahtaxtı kəndində,
sonralar bütün Sovetlər
Birliyində görkəmli partiya
və dövlət xadimi
kimi yaxşı tanınan,
Azərbaycan səhiyyəsinin təşkilatçılarından biri,
professor Əziz Əliyevin ailəsində dünyaya
gəlmişdir. Anası
Leyli xanım isə
əsilli-nəcabətli
bir nəsildən — İrəvan xanının qızı idi.
Zərifə xanım
körpə ikən Əziz Əliyevin
ailəsi Bakıya
köçür.
Burada orta məktəbi əla qiymətlərlə bitirdikdən sonra atasının yolunu
davam etdirərək, sənədlərini Azərbaycan Dövlət Tibb
İnstitutuna (indiki Azərbaycan Tibb Universiteti) verir və müalicə-profilaktika fakültəsinə qəbul olunur.
Fitri istedada, dərin zəkaya, geniş dünyagörüşünə malik,
son dərəcə sadə
və təvazökar qız olan
Zərifə xanım
tezliklə həm tələbə yoldaşlarının, həm də
müəllimlərinin
sevimlisinə
çevrilir. O, ixtisas fənləri ilə yanaşı, digər
fənlərə də maraq
göstərir, hərtərəfli dünyagörüşünə
malik, zəngin məlumatlı həkim kimi formalaşırdı.
Onda elmə maraq xüsusilə güclü idi. İnstitutda Tələbə Elmi Cəmiyyətinin xətti ilə keçirilən konfranslarda, seminarlarda tez-tez elmi məruzələrlə
çıxış edir, sərbəst mülahizələr yürüdür, alim və
mütəxəssislərlə
fikir mübadiləsi
apara bilirdi. Hələ o
vaxtdan müəllimləri və tələbə yoldaşları onun gələcəkdə
görkəmli alim kimi yetişəcəyini söyləyirdilər.
Zərifə
xanım 1947-ci ildə Azərbaycan Dövlət Tibb
İnstitutunu bitirdikdən sonra Moskva şəhərində Həkimləri
Təkmilləşdirmə İnstitutunda oftalmologiya üzrə
ixtisas kursu keçərək,
1949-cu ildə Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya
İnstitutunda ordinator vəzifəsində əmək fəaliyyətinə başlamışdır.
1950-1953-cü illərdə institutun aspiranturasında elmi
hazırlıq keçmiş və
burada kiçik elmi işçi vəzifəsində
elmi fəaliyyətini davam etdirmişdir.
XX əsrin
40-50-ci illərində Azərbaycanın cənub
rayonlarının əhalisi arasında traxoma xəstəliyinin
geniş yayılması olduqca ciddi bir problemə
çevrilmişdi. Oftalmologiya İnstitutu bu xəstəliyə
qarşı aparılan mübarizənin önündə
gedirdi. Burada təşkil edilmiş xüsusi səyyar həkim
briqadaları müntəzəm surətdə rayonlara gedir və
yerlərdə əhalinin kütləvi şəkildə
müayinəsini, aşkara çıxarılmış
traxomalı xəstələrin terapevtik və cərrahi
müalicəsini aparırdı. Yerli həkimlərə
konsultativ, təşkilati və metodik kömək göstərilirdi.
Zərifə xanım traxomaya qarşı mübarizədə fəal
iştirak edir, tez-tez bölgələrdə olurdu. Onun bu fədakar
əməyi respublikada traxomanun ləğv edilməsi işinə
qiymətli yardım olmuşdur.
Aparılan
böyük praktik iş Zərifə xanımın ilk elmi əsərlərinin
əsasını qoymuşdur. Fəal elmi axtarışlar
traxomanın və onun ağırlaşmalarının
müxtəlif müalicə üsullarının işlənilməsi
ilə nəticələnmişdir. Bu axtarışların nəticələrinə
əsaslanan Zərifə xanım Əliyeva 1959-cu ildə
“Traxomanın sintomisinlə müalicəsi” mövzusunda namizədlik
dissertasiyası müdafiə etmişdir.
Z.Ə.Əliyeva
1967-ci ilə kimi — 18 il ərzində Elmi Tədqiqat
Oftalmologiya İnstitutunda ordinatorluqdan
baş elmi işçi vəzifəsinədək
əmək yolu keçmişdir. Həmin illərdə virus və
bakterial mənşəli konyunktivitlər, keratitlər və
gözün digər kəskin və xronik xəstəliklərinə
dair aparılmış elmi tədqiqatlar əsasında bir
sıra elmi əsərlər, o cümlədən “Kəskin
virus konyunktivitləri” və “Gözün herpetik xəstəliyi”
kitabları yazılmışdır. Zərifə xanım
1960-cı illərin sonlarında əmək fəaliyyətini
Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə
İnstitutunun göz xəstəlikləri kafedrasında davam
etdirmiş və əvvəl
assistent, sonra professor, 1982-ci ildə isə kafedra müdiri vəzifələrinə
irəli çəkilmişdir. Burada o, oftalmologiyanın yeni istiqaməti
olan görmə orqanının peşə patologiyası
problemi ilə yaxından məşğul olmağa
başlamışdır.
Zərifə
xanım müxtəlif peşə zərərlərinin, o
cümlədən şin və yod istehsalının, toz, talk,
his, kanifol, yod buxarları, turşular, qələvilər,
karbohidrogenlər kimi toksik amillərin, respublikada inkişaf
etmiş kimya istehsalının digər toksik maddə və məhsullarının
görmə orqanına zədələyici təsirinin biokimyəvi
mexanizmini tədqiq edərək, bu təsirin
qanunauyğunluqlarına dair bir sıra yeni elmi faktlar aşkar
etmişdir. Dünya tibb ədəbiyyatında belə
fundamental tədqiqatların analoqu yoxdur. Bu tədqiqatlar
respublikanın iri sənaye müəssisələrində —
Bakı şin və yod, məişət kondisionerləri,
elektrotexnika avadanlığı, elektron hesablama
maşınları, məişət maşınqayırma
zavodlarında, Sumqayıt “Üzvi sintez” İstehsalat Birliyində,
Mingəçevir “İzolit”, rezin-texnika məmulatı
zavodlarında, Gəncə gil-torpaq kombinatında, Salyan rayon kənd
təsərrüfatı müəssisələrində
aparılmışdır. Zəhərli maddələrin təkcə
görmə orqanına deyil, həm də digər orqanlara, o
cümlədən, ağciyər, böyrək, qaraciyər və
ürəyə təsiri öyrənilmişdir. Şin və
yod istehsalının peşə zərərlərinin görmə
orqanına təsirinin erkən əlamətlərinə
xüsusi diqqət yetirilmişdir.
Bu
klinik-eksperimental tədqiqatlar Zərifə xanımın 1976-cı
ildə Helmholts adına Moskva Elmi Tədqiqat Göz Xəstəlikləri
İnstitutunda müvəffəqiyyətlə müdafiə
olunmuş “Kimya sənayesinin bəzi müəssisələrinin
işçilərində görmə orqanının vəziyyəti”
mövzusunda doktorluq dissertasiyasının materiallarını
təşkil etmişdir.
1979-cu
ildə görkəmli alimin təşkilatçılığı,
şəxsi təşəbbüsü və iştirakı
ilə Azərbaycan Elmlər Akademiyası A.İ.Qarayev
adına Fizilogiya İnstitutunda istehsalatla elmin vəhdəti
olan görmə orqanının fiziologiyası və peşə
patologiyası üzrə problem elmi-tədqiqat laboratoriyası
yaradılmışdır. Zərifə xanım Əliyeva
burada müxtəlif kimyəvi maddələrin və istehsalat
tullantılarının görmə orqanına və onun əlavə
aparatına uzunmüddətli təsir mexanizminin tədqiqi, bu
təsirə qarşı profilaktik tədbirlərin işlənilməsi
və tətbiqi sahəsində dünya miqyasında
böyük müvəffəqiyyətlər
qazanmışdır. Laboratoriya 3 şöbədən ibarət
idi: klinik şöbəsi — görmə orqanı
üzvünun vəziyyətini öyrənmək
üçün; funksional diaqnostika şöbəsi —
gözün əsas funksiyalarının müayinəsi
üçün və cərrahi şöbə — göz
qapaqlarında, əzələlərində və
gözyaşı yollarında bəzi cərrahi əməliyyatlar
aparmaq üçün. Beləliklə,
laboratoriyada elmi-tədqiqat işi ilə yanaşı,
respublikanın iri sənaye müəssisələrinin
işçilərinə lazımı müalicə
yardımı da göstərilirdi.
Zərifə
xanım Əliyevanın apardığı tədqiqatlardan
sonra istehsalatda əmələ gələn zərərli maddələrin
görmə orqanına mənfi təsirinin
qarşısını almaq üçün müxtəlif
profilaktik tədbirlər həyata keçirilmişdir. Bir
sıra kimya sənayesi müəssisələrində o,
işçilərin peşə zədələnmələri
ilə əlaqədar olan göz xəstəliklərinə
qarşı kompleks sanitar-gigiyenik, texnoloji tədbirlər
planının müəyyənləşdirilməsinə və
həyata keçirilməsinə nail olmuş, əmək
şəraitinin yaxşılaşdırılması, hava
hövzəsinin təmizlənməsi, zavod və ona bitişik
ərazilərdə çirklənmə və qazla zəhərlənmənin
aşağı salınmasında misilsiz işlər
görmüşdür.
Görmə
orqanının peşə patologiyası probleminə Zərifə
xanımın həsr etdiyi
fundamental tədqiqatların nəzəri və praktik əhəmiyyəti
çox böyükdür. Şin istehsalatının işçilərində
görmə orqanının funksional və orqanik dəyişikliklərinin
dərin təhlili, bu intoksikasiyanın erkən əlamətlərinin
ilk təsviri, onun qarşısını ola biləcək tədbirlərin
təfsilatlı təsviri Zərifə xanımın
1980-cı ildə çap olunmuş “Şin istehsalatında
görmə orqanının peşə patologiyası”, 1981-ci
ildə buraxılmış “Xronik yod intoksikasiyası nəticəsində
oftalmopatologiya” monoqrafiyalarında öz əksini
tapmışdır. O, yod buxarlarının təsiri zamanı
görmə orqanının müayinəsinin nəticələrini
yekunlaşdırmış, müvafiq müalicə və
profilaktika tədbirləri haqda tövsiyələrini təqdim
etmişdir. Hal-hazırda bu monoqrafiyalar sənaye müəssisələrində
işləyən oftalmoloqların və profpatoloqların
masaüstü dərsliyidir. Bu tədqiqatlar bir sıra ölkələrin
sənaye komplekslərində oftalmoloji peşə
patologiyası üzrə xüsusi xidmətin
yaradılması üçün əsas olmuşdur. Kimya
istehsalında görmə orqanının profilaktikasına
dair orijinal elmi əsərlər silsiləsinin çap
olunması ilə əlaqədar olaraq, 1981-ci ildə Zərifə
Əziz qızı Əliyeva keçmiş Sovet İttifaqının
Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına
Mükafatı ilə təltif edilmişdir. O, bu yüksək
mükafata layiq görülmüş ilk alim qadın
olmuşdur.
Görmə
orqanının peşə patologiyasına həsr olunmuş tədqiqatlarla
yanaşı, Zərifə xanımın rəhbərliyi altındakı
laboratoriyada və Həkimləri Təkmilləşdirmə
İnstitutunun göz xəstəlikləri kafedrasında
müasir oftalmologiyanın digər aktual problemlərinə aid
tədqiqatlar da aparılırdı. Məsələn,
gözün virus zədələnmələri, qlaukoma və
gözün hipertenziyası, diabetik retinopatiya, talassemiya xəstəliklərinin
görmə orqanında törətdiyi fəsadlar öyrənilirdi.
Zərifə xanımın elmi fəaliyyətinin əsas
istiqamətlərindən biri də gözyaşı
aparatının fiziologiyasının, gözyaşı
yolları xəstəliklərinin patogenezinin öyrənilməsi
və onların cərrahi müalicə üsullarının
işləməsi olmuşdur. Bu tədqiqatlar nəticəsində
gözyaşı prosesinin yeni nəzəriyyəsi işlənilmişdir.
Göstərilmişdir ki, gözyaşı yolları xəstəliklərinin
patogenezində tək peşə zərərlərinin deyil, əlverişsiz
ekoloji şəraitin də böyük rolu vardır.
Akademik
Z.Əliyevanın rəhbərliyi altında dakriosistitin yeni,
daha effektiv və fizioloji olan cərrahi müalicə
üsulları işlənilib tətbiq edilmişdir. Həmin
cərrahi əməliyyatların aparılması
üçün yeni alətlər ixtira olunmuş,
gözyaşı kisəsi fleqmonasının kompleks müalicə
üsulu işlənilib hazırlanmışdır. Bu problemə
Zərifə xanım bir sıra elmi əsərlər həsr
etmişdir: “Gözyaşı
ifrazının fiziologiyası” monoqrafiyası buna misal ola bilər.
Akademik
Zərifə xanım Əliyeva oftalmomorfoloji, histomikroskopik və
histokimyəvi tədqiqatlar da aparmış və bu sahəyə
dair elmi əsərlərin müəllifi olmuşdur.
“Gözün və görmə siniri yolunun yaşla əlaqədar
dəyişiklikləri” və “Gözün hidrodinamik sisteminin
anatomik-fizioloji xüsusiyyətləri” monoqrafiyaları belələrindəndir.
Zərifə
xanım Əliyevanın elmi fəaliyyətinin bir istiqaməti
də klinik-diaqnostik səciyyəli fundamental müayinələr
idi ki, bunların nəticəsi olaraq həkimlər
üçün hazırlanmış bir sıra kitablar
işıq üzü görmüşdür. Belə əsərlər
arasında, ilk növbədə hər bir oftalmoloqun
masaüstü kitabı olan “Terapevtik oftalmologiya” və
oftalmoloji cəmiyyətdə, praktik həkimlərdə
böyük maraq doğurmuş “Oftalmologiyanın aktual problemləri”
kimi sanballı monoqrafiyaları qeyd etmək lazımdır.
İkinci əsərdə müəllif alim və təcrübəli
pedaqoq mövqeyindən çıxış edərək, həkimin
mənəvi siması, deontologiya və həkim etikası məsələlərini
ətraflı araşdırmış və həkimlərin gənc
nəsillərinin tərbiyəsi kimi ciddi problemə geniş
yer vermişdir. Zərifə xanım deontologiya məsələlərini
“Yüksək əqidə” adlı
monoqrafiyasında geniş izah etmişdir.
Akademik
Zərifə xanım Əliyevanın elmi fəaliyyətinin ən
maraqlı və perspektivli istiqamətlərindən biri -
iridodiaqnostika və iridoterapiya problemlərinin işlənilməsi
olmuşdur. Bu tədqiqatların əhəmiyyəti oftalmologiya
çərçivəsindən kənara çıxır və
hal-hazırda bir çox dünya alimlərinin diqqətini cəlb
edir. Belə elmi axtarışların nəticəsi
“Gözün bəbək haşiyəsinin adaptasion-qoruyucu
funksiyası haqqında” elmi işinin və o zaman Sovet
İttifaqında ilk dəfə çıxan, analoqu olmayan iki
monoqrafiyanın nəşr edilməsi idi. Bu monoqrafiyaların
biri - “İridodiaqnostikanın əsasları” Bakıda “Azərnəşr”
nəşriyyatında, ikincisi - “İridodiaqnostika” isə
Moskvada “Medisina” nəşriyyatında çap edilmişdir.
Zərifə
xanım buynuz qişası, sklera, göz bülluru kimi
parairidal strukturların patoloji dəyişiklikləri və
qüzehli qişada olan markerlər (nişanlar) arasında olan
diaqnostik əlaqələrin mövcudluğu haqqında nəzəriyyə
irəli sürmüşdür
ki, bu da yeni maraqlı tədqiqatların
başlanğıcı üçün bir təkan
olmuşdur. O, yüzlərlə xəstələrə
baxmış və nəticədə buynuz qişasında
olan Kayzer-Fleyşer halqası ilə hepatolentikulyar distrofiya
(Vilson xəstəliyi) arasında, qüzehli qişada mədəaltı
vəzin proyeksiyası nahiyəsində halqaşəkilli
dartılma tipində əlamətin mövcudluğu ilə
diabetik katarakta arasında diaqnostik əlaqələr aşkar
etmiş və bu tədqiqatlar üzrə müəlliflik
şəhadətnamələri almışdır. Zərifə
xanımın əsasını qoyduğu iridoloji müayinə
üsulundan hal-hazırda fəal şəkildə istifadə
edilir.
Zərifə
xanım Əliyeva tibb elminə və praktikasına, tibbi
kadrların hazırlanması işinə çox
böyük və qiymətli töhfələr vermişdir.
Onun elmi irsinə 14 monoqrafiya, 170-dən çox elmi əsər,
o cümlədən ixtiralar, metodik tövsiyələr və
səmərələşdirici təkliflər daxildir.
Çoxşaxəli elmi fəaliyyəti, nəzəri və
praktik təbabətin zənginləşdirilməsinə sərf
etdiyi fədakar əməyi, elmi-tibbi kadrların
hazırlanmasında rolu nəzərə alınaraq Zərifə
xanım 1983-cu ildə Azərbaycan Respublikasının Elmlər
Akademiyasının həqiqi üzvü seçilmişdir.
Akademik
Zərifə Əliyeva gərgin elmi işlə yanaşı,
pedaqoji fəaliyyətə və tədris prosesinin təşkilinə
də böyük diqqət yetirirdi. O, istedadlı müəllim
və çox gözəl mühazirəçi olmuşdur, gənc
həkimlərə və elmi əməkdaşlarına öz
geniş biliklərini böyük məmnuniyyətlə
çatdırırdı. Zərifə xanımın
mühazirələri həmişə mütəxəssislərin
geniş dairələrini cəlb edirdi. Üslubunun sadəliyi
və gözəl, bədii ifadəsi, fikrinin dərinliyi və
aydınlığı, yüksək nəzəri səviyyəsi,
qeyri-adi erudisiyası, məharətlə hazırlanmış
əyani material, zəngin klinik təcrübəsindən
çəkilən misallar, ziyalı siması dinləyiciləri
heyran edirdi.
Kafedrada
Zərifə xanımın rəhbərliyi altında
aparılan konfranslar həmişə məzmunlu, maraqlı
keçir və əsl klinik təcrübə məktəbinə
çevrilirdi. Klinik təhlillərin, məsləhətlərin,
xəstələrə baş çəkmələrin,
konsiliumların gənc həkimlərin peşə tərbiyəsi
və ixtisaslarının yüksəldilməsi
üçün böyük əhəmiyyəti var idi.
Zərifə
xanım elmi tədqiqatların aparılması və təcrübəli
elmi mütəxəssislərin hazırlanması
üçün müasir avadanlığın əhəmiyyətini
çox gözəl başa düşürdü. O, Həkimləri
Təkmilləşdirmə İnstitutunun göz xəstəlikləri
kafedrasına rəhbərlik etdiyi illərdə klinikanı o
vaxtın ən müasir diaqnostik və cərrahi
avadanlıqlarla təmin etməyə çalışır,
oftalmologiyanın yeni sahələrinin tədqiqini təşkil
etməyi bacarırdı. O, oftalmologiya sahəsində
dünya təcrübəsini təhlil edir, kadrları diqqətlə
seçir və müasir praktik vərdişlərə yiyələnmək
məqsədilə aparıcı klinikalara göndərərək,
elmi axtarışlarında köməkliyini əsirgəmirdi.
Zərifə
xanımın praktik həkimlik fəaliyyətini xüsusi qeyd
etmək lazımdır. Dərin zəka, aydın təfəkkür
sahibi olan alim-həkim çox gözəl, diqqətli, xəstəliyin
gözə çarpmayan əlamətlərinin
axtarışında yorulmaz bir diaqnost və klinisist idi. O,
müşahidələrini bir anda ümumiləşdirməyi
bacarır və yeganə düzgün qərara gələ
bilirdi. Zərifə xanımın praktik oftalmologiya üzrə
geniş bilikləri, bir sıra dərman preparatlarının
xüsusiyyətlərinə dərindən bələd
olması xəstələrin müalicəsini yüksək səviyyədə
aparmağa imkan verirdi.
Akademik
Z.Əliyevanın prinsipiallığı, vətəndaş cəsarəti
Elmi Şuranın iclaslarında, konfrans və qurultaylarda, digər
yüksək səviyyəli toplantılarda
çıxışlarında həmişə öz əksini
tapırdı. O, böyük ictimai iş də
aparırdı. SSRİ Sülhü Müdafiə Komitəsinin
üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsinin
sədr müavini, “Bilik” Ümumittifaq Cəmiyyəti İdarə
Heyətinin, Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti Rəyasət
Heyətinin üzvü, “Vestnik oftalğmoloqii”
jurnalının redaksiya heyətinin üzvü olmuşdur.
Akademik
Z.Əliyevanın xidmətləri orden və medallarla təltif
edilmişdir. Ona “Azərbaycan Respublikası Əməkdar elm
xadimi” fəxri adı verilmişdir. Azərbaycan Elmi-Tədqiqat
Göz Xəstəlikləri İnstitutu 2001-ci ildən onun adını
daşıyır.
Zərifə
xanım Əliyeva bütün şüurlu həyatını,
əməli fəaliyyətini tibb elminin inkişafına həsr
etmiş, göz xəstəliklərinin tədqiqi sahəsində
böyük elmi uğurlar qazanmışdır. Onun Vətən
oftalmologiyasının inkişafında xidmətləri
çoxdur. Onlardan biri - Bakıda yeni Oftalmoloji Mərkəzin
tikintisinə başlanılması haqqında irəli
sürdüyü təşəbbüsdür. Belə mərkəzin
yaradılması Zərifə xanımın arzularından biri
idi. Vaxtilə Zərifə xanım və ulu öndərimiz
Heydər Əliyev bu arzunun həyata keçirilməsi
üçün böyük səy göstərmişlər.
Məhz onların sayəsində mərkəzin təməli
hələ SSRİ dövründə qoyulmuşdur. Hazırda
həmin arzu həyata
keçmişdir. 2009-cu il mayın 22-də Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin
iştirakı ilə akademik Zərifə
Əliyeva adına Elmi-Tədqiqat Göz Xəstəlikləri
İnstitutunun yeni binasının təntənəli
açılışı olmuşdur. Azərbaycan
Respublikasının Nazirlər Kabinetinin 4.8.2009-cu il tarixli 115 saylı qərarı ilə
institutun adı dəyişdirilərək, akademik Zərifə
Əliyevə adına Milli Oftalmologiya Mərkəzi
adlandırılmışdır. Mərkəz yüksək
keyfiyyətli, müasir diaqnostik və cərrahi avadanlıqla
təchiz edilmişdir. Burada oftalmologiya sahəsində
bütün texniki yeniliklərin tətbiqi nəticəsində
elmi tədqiqatların və müalicə prosesinin dünya
oftalmologiyasında qəbul olunmuş səviyyəyə
yüksəldilməsi üçün hər cür şərait
yaradılmışdır.
Görkəmli
alimə və həkimə, tibb elmi və səhiyyə
xadiminə xas olan ictimai və vətənpərvər borcun,
yüksək məsuliyyətin dərindən dərk edilməsi,
hər bir işə yaradıcı münasibətlə
yanaşması, sadəlik, təvazökarlıq
akademik Zərifə Əziz qızı Əliyevaya məxsus
olan keyfiyyətlərdir. Bütün bunlar ona ölkəmizdə
və hörmət və məhəbbət
qazandırmışdır. Zərifə xanım sözün
yüksək anlamında
Böyük İnsan olmuşdur, onun həyatı gələcək
nəsillər üçün əbədi nümunə
olacaq, xatirəsi həmişə
əziz tutulacaqdır.
Elmar QASIMOV,
akademik Zərifə Əliyeva
adına
Milli Oftalmologiya Mərkəzinin
direktoru,
tibb elmləri doktoru, professor
Xalq qəzeti.- 2013.- 28 aprel.- S. 4.