“Uydurma erməni
soyqırımı: mif və reallıqlar”
Bütün Türk dünyası üçün “başağrısı”na çevrilən mənfur daşnaklar neçə onilliklərdir cəfəng “erməni soyqırımı” iddialarını bəşəriyyətə sırımağa çalışırlar. Guya, 1915-ci il oktyabr ayının 24-də Osmanlı Türkiyəsində erməni xalqına qarşı soyqırımı törədilib və nəticədə milyonlarla insan qətlə yetirilib. Həmin uydurma soyqırımının gələn il tamam olacaq 100 illiyi ilə əlaqədar bədnam qonşularımız, xaricdə fəaliyyət göstərən erməni lobbisi və onların havadarları xüsusilə fəallaşmışlar. Məsələ burasındadır ki, ermənilər tarixi hadisələri saxtalaşdıraraq, öz yalanlarına dünya ictimaiyyətini inandırmaq istəkləri ilə yanaşı, bundan Türk dünyasına qarşı bir təzyiq metodu kimi istifadə edirlər. Əsas məqsəd qonşu dövlətlərin torpaqları hesabına “Böyük Ermənistan” yaratmaq, xüsusən Türkiyədən təzminat və bir sıra imtiyazlar qoparmaqdır. Çox təəsüf ki, uydurma erməni soyqırımı indiyədək xeyli sayda dünya dövləti tərəfindən tanınmışdır və bu proses davam etməkdədir. Lakin faktlar və tarixi mənbələr göstərir ki, ermənilərin bu iddiaları yalan və cəfəngiyyatdan başqa bir şey deyil. Əslində, soyqırımına ermənilər yox, məhz onların əli ilə Güneyli-Quzeyli Azərbaycan və Anadolu türkləri məruz qalmışlar... Bu fikirlər AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunda “Uydurma erməni soyqırımı: miflər və reallıqlar” mövzusunda keçirilən elmi konfransada səsləndi.
Fəlsəfə, Hüquq və Sosiologiya İnstitutunun direktoru, professor İLHAM MƏMMƏDZADƏ konfransı açaraq dedi:
— Xalqımızın belə bir deyimi var: “Oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı”. Qətliamları törədən ermənilər, soyqırımına məruz qalan türklər, amma vay-şivən qaldırıblar ki, türklər bizi qırmışlar. Ən gülməli məqam isə odur ki, dünyaya yalanları həqiqət kimi təqdim edən bu xalq düşünmür ki, Türkiyə dövləti dəfələrlə Ermənistanı arxivləri açmağa və əsl gerçəkləri araşdırmağa dəvət etsə də, bundan imtina edib. Şübhəsiz ki, bu imtinanın bir səbəbi var: o da yalanlarının ifşa olunacağından qorxu hissi. Gəlin, ermənilərin və havadarlarının Azərbaycan türklərinin başına gətirdiyi bəlalara qısaca nəzər salaq.
Son iki əsrdə Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə məruz qalmışdır. 1813-cü və 1828-ci illərdə Çar Rusiyası və İran dövləti arasında imzalanan Gülüstan və Türkmənçay müqavilələri Azərbaycan xalqının parçalanmasının, tarixi torpaqlarımızın bölünməsinin əsasını qoydu. Xalqımızın bu milli faicəsinin davamı kimi, Şimali Azərbaycan ərazisində gəlmə erməniləri yerləşdirməklə onun torpaqlarının zorla əlindən alınması, zəbt olunması mərhələsi başlandı.
Əsasən, İrəvan, Naxçıvan və Qarabağ xanlıqlarının ərazilərində məskunlaşdırılan ermənilər orada yaşayan azərbaycanlılarla müqayisədə azlıq təşkil etməklərinə baxmayaraq, öz havadarlarının himayəsi altında “Erməni vilayəti” adlandırılan inzibati bölgünün yaradılmasına nail oldular. Bununla da, əslində, azərbaycanlıların öz tarixi torpaqlarından qovulması və məhv edilməsi siyasətinin bünövrəsi qoyuldu.
Havadarlarının köməyindən ruhlanan və şirnikləşən ermənilər daha bir xəbis niyyətlərini-özgə torpaqları hesabına “ Böyük Ermənistan” ideyalarını reallaşdırmaq eşqinə düşdülər. Bunun üçün 1905-1907-ci illərdə azərbaycanlılara qarşı açıq şəkildə genişmiqyaslı qanlı aksiyalar həyata keçirirdilər. 1918-ci ildə də ermənilərin Bakıdan başlanan vəhşilikləri bütün Azərbaycanı və indiki Ermənistan ərazilərindəki kəndlərimizi əhatə etdi. Təkcə Bakıda 15000 türk -müsəlman öldürülmüşdü ki, onlarında çoxunun meyitləri tapılmamışdır. Şamaxı qəzasının 53 kəndində ermənilər 8 mindən çox azərbaycanlını qətlə yetirmişlər. Quba qəzasında isə 162 kəndi dağıtmış, minlərlə dinc sakini vəhşicəsinə qətlə yetirmişlər.
1948-1953-cü
illərdə 100 mindən çox azərbaycanlının Qərbi
Azərbaycandakı dədə-baba yurdlarından qovulması,
1987-1989-cu illərdə soydaşlarımızın indiki Ermənistan
adlanan ərazidən son deportasiyası daşnakların
“Böyük Ermənistan” xülyasını gerçəkləşdirmək
niyyətindən xəbər verir.
Sovet
dönəmində xalqımıza qarşı
soyqırımı və repressiya əməlləri gizlədilmiş,
həmin cinayətlər barədə yazmaq və
danışmaq qadağan olunmuşdu. Azərbaycan
dövlət müstəqilliyi qazandıqdan sonra ulu öndər
Heydər Əliyevin mühüm tövsiyələrindən
biri də tariximizin yenidən obyektov və düzgün
yazılması barədə oldu. 1998-ci ilin 26 martında “Azərbaycanlıların
soyqırımı haqqında” möhtəşəm bir fərmana
imza atdı. Ulu öndərin siyasi xəttini uğurla davam
etdirən Prezident İlham Əliyev də bu sahədə tədqiqatların
aparılmasına ciddi diqqət yetirir, alim və mütəxəssilərə
erməni yalanlarının ifşası üçün
tapşırıqlar vermişdir. Bunu nəzərə alaraq, Fəlsəfə
Sosiologiya və Hüquq İnstitutu hüquqşünas alimlərdən
ibarət “İşçi qrupu” yaratmaq barədə təşəbbüs
qaldırmışdır. AMEA-nın Rəyasət Heyəti
25 avqust 2009-cu il tarixli sərəncamı ilə bu təşəbbüsü
bəyənmiş və “İşçi qrupu”
yaradılmışdır.
Ötən
dövr ərzində “İşçi qrupu” müəyyən
təqdirəlayiq işlər görmüşdür. Bunlardan biri də “erməni soyqırımı” ilə
əlaqədar olaraq müvafiq araşdırmaların
aparılması və bunlar barədə AMEA-nın Rəyasət
Heyətinin iclasında müzakirələrin keçirilməsi
olmuşdur. Əslində, alimlərimiz
araşdırmalarının yekunu olaraq, hüquqi baxımdan
“erməni soyqırımı”nı tam təkzib edən
müəyyən nəticələr əldə etmişlər.
Lakin
nəzərə almalıyıq ki, xaricdəki erməni
diaspor və lobbi təşkilatları son vaxtlar xüsusilə
fəallaşıblar. İnişil Fransa Senatında
keçirilən müzakirələr və qəbul
edilmiş qərar buna misal ola bilər. Belə tədbirlərin
başqa ölkələrdə də keçiriləcəyinə
dair faktlar vardır. Bütün bunlar Dağlıq Qarabağ
münaqişəsinin beynəlxalq hüququn prinsipləri və
şərtləri əsasında ədalətli həllinə
yönəlmiş xarici siyasətimizin hücum taktikasına
qarşı hesablanmışdır. Digər tərəfdən,
belə cəhdlər Türkiyənin və Azərbaycanın
dünyada sürətlə artan nüfuzuna təsir göstərmək
və beynəlxalq münasibətlərdəki aşkar
üstünlükləri öz xeyirlərinə dəyişdirməyə
xidmət edir. Nəzərə alsaq ki,
dünyanın müəyyən güclü dövlətləri
və siyasətçiləri də erməni lobbisinin təsiri altında açıq və
ya gizli formada olsa da, erməniləri dəstəkləməyə
çalışırlar, onda bu sahədə əsl vəziyyət
haqqında tam təsəvvür yaratmaq olar. Bütün
bunlara görə də mən belə konfransların
keçirilməsini olduqca vacib və aktual hesab edirəm.
Ölkə
Prezidenti, cənab İlham Əliyevin, Heydər Əliyev
Fondunun Prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın,
millət vəkillərinin, diplomatik korpusun, vətəndaş
cəmiyyətinin müxtəlif təsisatlarının bu
istiqamətdə apardıqları ardıcıl və səmərəli
tədbirlər hazırda nəticələr verməkdədir.
Buna baxmayaraq elm adamlarımız da bu vacib
məsələdə öz sözlərini deməli və səylərini
gücləndirməlidirlər.
“İşçi qrupu”nun uydurma erməni
soyqırımı ilə bağlı apardığı
araşdırmaların nəticəsi
olaraq irəli sürdüyü təkliflərin dairəsi on
altı əsas müddəa və təkliflərdən ibarətdir.
Mən bu müddəaları və təklifləri də dəstəkləməklə
yanaşı, eyni zamanda, filosof, hüquqşünas, sosioloq və
politoloqlarımızın aşağıdakı məqamlara
da xüsusi diqqət yetirmələrini vacib hesab edirəm:
1.Xocalı
şəhərində, ümumiyyətlə, Qarabağın
başqa bölgələrində tarixən və müasir
dövrümüzdə ermənilər tərəfindən azərbaycanlılara
qarşı törədilmiş soyqırımı, habelə
sülh və insanlıq əleyhinə olan başqa
ağır cinayət faktlarına dair rus, ingilis, fransız və
digər dillərdə məqalələr, əsərlər
yazılmalı, filmlər hazırlanmalı və
bütün bunlar haqqında beynəlxalq ictimaiyyətə
vaxtaşırı məlumat
verilməlidir.
2.Bu
məsələyə həsr olunmuş beynəlxalq elmi konfransların,
görüşlərin təşkilinə diqqət
artırılmalı və xarici ölkələrdə
keçirilən oxşar tədbirlərdə alimlərimizin
iştirakı təmin edilməlidir.
3.Müxtəlif
dillərdə “erməni soyqırımı”na dair əsl
reallıqlar haqqında türkiyəli mütəxəssislərlə
birlikdə əsərlər hazırlanmalı, filmlər
çəkilməli, müxtəlif dillərə tərcümə
edilib yayılmalıdır.
Son olaraq “erməni soyqırımı”nın yalan, uydurma və böhtan olmasını təsdiq edən məlumatların dünya ictimaiyyətinə çatdırılması sahəsində hər birinizə böyük yaradıcılıq uğurları arzu edirəm. Əminəm ki, bu konfrans son dərəcə vacib və əhəmiyyətli olan bir məsələdə öz dəyərli töhfələri ilə yadda qalacaqdır.
BƏHRAM
ZAHİDOV,
institutun elmi işlər üzrə
direktor müavini, hüquq elmləri doktoru, professor:
— Türkiyədə guya, 1915-ci
ildə ermənilərə qarşı soyqırımı
cinayətinin törədilməsi haqqında müxtəlif
ölkələrin — Hollandiyanın, İtaliyanın, Rusiyanın,
Argentinanın, Uruqvayın, Çilinin, Almaniyanın,
Yunanıstanın, Venesuelanın, Yunan Kiprinin, Litvanın,
Livanın, Polşanın, Kanadanın, Belçikanın,
Vatikanın, İsveçrənin, Slovakiyanın
parlamentləri tərəfindən, habelə ABŞ-ın 30
ştatında ermənilərin təsiri ilə onların
xeyrinə qərarlar qəbul edilmişdir. Hələ genosid əməllərinin
kriminallaşdırılması aparılmadığı bir
dövrdə — 1915-ci ildə Türkiyənin ərazisində
törədilməsi ehtimal edilən əməlin
soyqırımı kimi tanınması hüquqi baxımdan
tamamilə əsassızdır.
Hüququn
elementar tələbinə görə, əməlin cinayət
sayılması və həmin əmələ görə cəza
verilə bilməsi, bu əməlin törədildiyi zaman
qüvvədə olan cinayət qanunu ilə müəyyən
edilir. Buna görə də törədildiyi zaman cinayət
sayılmayan əmələ görə heç bir kəs,
heç bir dövlət məsuliyyət daşıya bilməz.
Beynəlxalq hüququn prinsiplərinə görə,
törədilən hər hansı bir əməlin cinayət
olub-olmamasını müəyyən etmək müstəqil
və suveren dövlət olan Türkiyənin və onun məhkəmə
orqanlarının müstəsna səlahiyyətinə aid məsələdir.
Belə olduğu halda, bəzi dövlətlərin
parlamentlərinin 1915-ci ildə Türkiyədə ermənilərə
qarşı, guya, soyqırımı törədilməsi
haqqında çıxardığı qərarlar, qəbul
etdiyi qanunlar tamamilə əsassızdır, çünki bu barədə məhkəmənin
və ya tribunalın müvafiq hökmləri yoxdur və indiyə qədər də
olmamışdır. Ümumiyyətlə, “hakimiyyət
bölgüsü” prinsipinə hörmət edən dövlətlərdə
qanunverici orqanın — parlamentin, məhkəmənin və ya
tribunalın qərarı olmadan soyqırımı
tanıması və bu barədə qanun qəbul etməsi
hüquqaziddir və hakimiyyət səlahiyyətlərinin
mənimsənilməsi deməkdir.
“Genosid
cinayətinin qarşısının alınması və onun
cəzalandırılması haqqında” Konvensiya 9 dekabr 1948-ci
il tarixdə qəbul edildiyi və
12 yanvar 1951-ci ildən qüvvəyə mindiyi halda, bu
konvensiyanın hüquqi nəticələrinin 1915-ci ildə
törədilməsi ehtimal edilən hadisələrə
şamil edilməsi hüququn adi prinsiplərinə belə
ziddir. Çünki ağırlaşdırıcı hallarda
heç bir qanunun geriyə qüvvəsi yoxdur.
I
Dünya müharibəsindən sonra müttəfiqlər tərəfindən,
xüsusilə Böyük Britaniya Krallığının
Baş Prokurorluğu tərəfindən ermənilərə
qarşı soyqırımı törətməkdə ittiham
olunan 100-dən çox türk hərbiçisinə
qarşı Qafqazda, Misirdə, İraqda və Türkiyənin
özündə aparılan geniş miqyaslı istintaq tədbirləri
nəticəsində “Osmanlı torpaqlarında ermənilərə
qarşı soyqırımı törədilməsi faktı”
təsdiq olunmamışdır. Bu işə
məhkəmədə baxılması üçün
heç bir hüquqi əsas tapılmadığını nəzərə
alan Böyük Britaniya Krallığının Baş
Prokurorluğu 21 iyun 1921-ci ildə cinayət işinin
başlanmasının rədd edilməsi haqqında qərar
çıxarmışdır. Belə bir nəticə
İngiltərə hökuməti tərəfindən də bəyan
edilmişdir. Bütün bunlara baxmayaraq “erməni
məsələsi”nin tərkib hissəsi olan “erməni
soyqırımı” xristian təmayüllü millətçiliyə
söykənən imperialist dövlətlər tərəfindən
müsəlmanlara və türklərə qarşı təzyiq
vasitəsi kimi istifadə edilməkdədir.
Azərbaycan
Respublikası 31 may 1996-cı il tarixli Qanunla BMT-nin “Genosid cinayətinin
qarşısının alınması və onun cəzalandırılması
haqqında” 9 dekabr 1948-ci il tarixli Konvensiyasına qoşuldu. Ulu
öndər Heydər Əliyevin 26 mart 1998-ci il tarixli fərmanı
ilə hər ilin 31 mart tarixi “Azərbaycanlıların
Soyqırımı Günü” kimi qeyd edilir. Yeni
Cinayət Məcəlləsinin VII bölməsinin “Sülh və
insanlıq əleyhinə olan cinayətlər” adlanan VI fəslinin
103-cü maddəsi “Soyqırımı”na, 104-cü maddəsi
“Soyqırımının törədilməsinə təhrik
etmə”yə görə cinayət məsuliyyəti nəzərdə
tutur. Beynəlxalq hüququn üstünlüyünü
qəbul edən Azərbaycanda törədildiyi zaman cinayət
sayılan əməlin milli hüquq sistemində retroaktiv tətbiq
edilməsi tamamilə qanunidir. Azərbaycanlılara
qarşı törədilən soyqırımı cinayətlərinin
tarixi yüz ildən artıqdır ki, davam edir.
Ermənistanın və ya onun separatçı qüvvələrinin, hərbçilərinin azərbaycanlılara qarşı həyata keçirdiyi sülh və insanlıq əleyhinə olan cinayətlərə görə xüsusi səlahiyyətli Beynəlxalq Cınayət Məhkəməsinin yaradılması da tamamilə mümkündür. Bunun üçün Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurası qarşısında məsələ qaldırması zəruridir. Hesab edirəm ki, münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının dörd qətnamə qəbul etməsi və bu qətnamələrin heç birinin indiyə qədər icra edilməməsi, münaqişə zamanı törədilmiş ağır cinayətlərlə bağlı xüsusi beynəlxalq tribunalın yaradılması haqqında Azərbaycan Respublikasının qaldırdığı vəsatət BMT-nin Təhlükəsizlik Şurası tərəfindən təmin edilməlidir. Mövcud nizamnamə və prosedurlar daxılində və beynəlxalq hüququn tələbləri əsasında Xocalı soyqırımı üzrə xüsusi Beynəlxalq Cınayət Məhkəməsi yaradılarsa, həmin məhkəmədə məsələyə mahiyyəti üzrə baxılıb, təqsirli şəxslərin layiqincə cəzalandırılmaları təmin edilə bilər.
Təhlillər göstərir ki, BMT-nin qəbul etdiyi bir sıra konvensiyalar müasir dövrün tələblərinə cavab vermir, köhnəlmişdir. Ayrı-ayrı normalar mükəmməl hesab edilə bilməz, eyni məsələlər üzrə müxtəlif vaxtlarda qəbul edilən konvensiyalar işlək deyildir, dövlətdaxili qanunlarla beynəlxalq hüquq normaları arasında aşkar uyğunsuzluqlar vardır, onların icra mexanizmləri yoxdur. Elə “Genosid cinayətinin qarşısının alınması və onun cəzalandırılması haqqında” BMT Konvensiyası da müasir tələblərə cavab vermir, vurulmuş maddi və mənəvi zərərlərin kompensasiya mexanizmləri yoxdur. Azərbaycan-Ermənistan və Dağlıq Qarabağ münaqişəsi üzrə BMT Təhlükəsizlik Şurasının dörd məlum qərarı icrasız qalmışdır. BMT-nin üzvü olan və bir çox konvensiyaları ratifikasiya etmiş Ermənistan beynəlxalq hüququn və beynəlxalq birliyin əksəriyyətinin iradəsini ifadə edən qətnamələrə məhəl qoymur, onların icrasından qəsdən imtina edir.
Dünyanın
qüdrətli dövlətləri beynəlxalq təşkilatlarla
birlikdə bir araya gəlib bu məsələlərin həllini
təmin etməyə, XXI əsrin qlobal
çağırışlarına müsbət cavab verməyə
borcludur. Birləşmiş Millətlər
Təşkılatının, Avropa Birliyinin, Avropa
Şurasının, ATƏT-in və digər bu kimi beynəlxalq
və regional təşkilatların ayrı-ayrı aktual məsələlər
üzrə vahid, yekun konvensiyalarının hazırlanması
və qəbul edilməsi vaxtı çatmışdır.
Eləcə də beynəlxalq və regional münaqişələrin,
mübahisələrin və problemlərin həlli istiqamətində
qəbul edilmiş qətnamələrin icrasını təmin
edən işlək mexanizmlərin də yaradılması
olduqca aktualdır. Bu zəmində Beynəlxalq
Cinayət Məhkəməsinin, Cinayət Məcəlləsinin
və Mülki Məcəllənin mükəmməl və
işlək formada, beynəlxalq standartlara cavab verən səviyyədə
hazırlanması, normativ-hüquqi bazasının təkmilləşdirilməsi
əhəmiyyətli olardı. Zənnimcə, aşağıdakı
məsələlərə diqqət yetirilməlidir:
-
Türkiyə 1915-ci ildə törədilməsi iddia edilən
“erməni soyqırımı” üzrə müxtəlif
dövlətlərin parlamentləri tərəfindən qəbul
edilmiş qanunların hüquqi qüvvəsinə dair məsələyə
BMT-nin Beynəlxalq Ədalət Məhkəməsində
baxılaraq müvafiq rəy verilməsi üçün Təhlükəsizlik
Şurası qarşısında məsələ
qaldırmalıdır;
-
törədilməsi iddia edilən “erməni
soyqırımı” üzrə Türkiyə arxivlərində,
eləcə də əlaqədar dövlətlərin arxivlərində
bitərəf alimlərdən ibarət xüsusi qrupun
araşdırmalar aparmaqla yekun rəylərini elan etmələri
üçün tədbirlər görülməlidir;
-
Türkiyədə 1915-ci ildə ermənilərə
qarşı “soyqırımı” cinayətlərinin törədilməsi
iddiası üzrə müttəfiq dövlətlər, o
cümlədən Böyük Britaniya Krallığı
Baş Prokurorluğunun himayəsi altında aparılan istintaq
materiallarının əldə edilməsi və onun hüquqi
nəticələrindən predusial qaydada istifadə
olunması məqsədi ilə Türkiyə dövləti tərəfindən
müvafiq tədbirlər görülməli, Böyük
Britaniya Krallığının bu məsələ barədə
qərarı əldə edilməlidir;
- Azərbaycan
Respublikasının ərazisində ermənilər tərəfindən
azərbaycanlilara qarşı törədilmiş
soyqırımı cinayətlərinin istintaqı
tamamlanmalı, təqsirli şəxslər barəsində
cinayət işlərinin tamamlanaraq ağır cinayətlərə
dair işlər üzrə məhkəməyə göndərilməsi
üçün tədbirlər görülməlidir;
- Azərbaycanın
səlahiyyətli orqanları ermənilər tərəfindən
azərbaycanlılara qarşı törədilmiş, sülh
və insanlıq əleyhinə olan cinayətlər üzrə
beynəlxalq hərbi tribunalın yaradılması barədə
BMT-nin Təhlükəsizlik Şurası qarşısında
məsələ qaldırmalıdır;
-
sülh və insanlıq əleyhinə olan cinayətləri
törətmiş şəxslərin məsuliyyət məsələsinin
həll edilməsi və təqsirli şəxslərin,
müstəsna hallarda həbsi barədə, qiyabi sanksiya verilməsinin
və qiyabi hökm çıxarılmasının
mümkünlüyü barədə Azərbaycan
Respublikasının Cinayət-Prosessual Məcəlləsində
müvafiq düzəlişlərin edilməsi
üçün tədbirlər görülməlidir;
-
BMT-nin 9 dekabr 1948-ci ildə qəbul etdiyi “Genosid cinayətinin
qarşısının alınması və onun cəzalandırılması
haqqında” Konvensiyasına yenidən baxılmalı və
işlək mexanizmlərinin yaradılması
üçün tədbirlər görülməlidir.
HABİL
QURBANOV,
institutun dövlət və hüquq
nəzəriyyəsi, mülki hüquq və mülki proses
şöbəsinin müdiri, hüquq elmləri doktoru,
professor:
— “Soyqırımı”, yaxud “genosid” anlayışı BMT-nin Baş Məclisinin 1946-cı il 11 dekabr tarixli qətnaməsində tətbiq olunmağa başlamış, həmin qurumun 1948-ci il 9 dekabr tarixli Konvensiyasında isə genosid siyasətinin qarşısının alınması və ona görə cəza müəyyənləşdirilmişdir. Ermənilər tərəfindən 1905-1906-cı illər qırğınları planlı şəkildə, azərbaycanlıların milli və dini mənsubiyyətlərinə görə, etnik təmizləmə məqsədilə həyata keçirildiyi üçün soyqırımı mahiyyəti daşıyır. 1918-1920-ci illərdə ermənilərin azərbaycanlılara qarşı törətdikləri və o dövrdə “milli qırğınlar” kimi tarixə düşən cinayətlər də soyqırımı kimi xarakterizə edilir. 1988-1993-cü illərdə ermənilər yenə də havadarlarının köməyi ilə Dağlıq Qarabağda və onun ətraf rayonlarındakı ərazilərdə azərbaycanlılara qarşı soyqırımı həyata keçirmişlər.
“Azərbaycanlıların
soyqırımı haqqında” Azərbaycan Respublikası
Prezidentinin 26 mart 1998-ci il tarixli fərmanında qeyd edildiyi
kimi, Azərbaycanın XIX-XX əsrlərdə baş verən
bütün faciələri torpaqlarının zəbti ilə
müşayiət olunaraq, ermənilərin azərbaycanlılara
qarşı düşünülmüş, planlı surətdə
həyata keçirdiyi soyqırımı siyasətinin
ayrı-ayrı mərhələlərini təşkil
etmişdir.
“Böyük Ermənistan” yaratmaq xülyasından ruhlanan erməni qəsbkarları 1905-1907-ci illərdə azərbaycanlılara qarşı açıq şəkildə geniş miqyaslı qanlı aksiyalar həyata keçirdilər. Ermənilərin Bakıdan başlanan vəhşilikləri Azərbaycanı və indiki Ermənistan ərazisindəki Azərbaycan kəndlərini əhatə etdi. Yüzlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə-yeksan edildi, minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirildi. Bu hadisələrin təşkilatçıları məsələnin mahiyyətinin açılmasına, ona düzgün hüquqi-siyasi qiymət verilməsinə maneçilik törədərək azərbaycanlıların mənfi obrazını yaratmış, özlərinin avantürist torpaq iddialarını pərdələmişlər.
Birinci dünya müharibəsi, Rusiyada baş vermiş 1917-ci il fevral və oktyabr çevrilişlərindən məharətlə istifadə edən ermənilər öz iddialarını bolşevik bayrağı altında reallaşdırmağa nail oldular. 1918-ci ilin mart ayından etibarən əksinqilabçı ünsürlərlə mübarizə şüarı altında Bakı Kommunası tərəfindən ümumən Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur plan həyata keçirilməyə başlandı. Həmin günlərdə ermənilərin törətdikləri cinayətlər Azərbaycan xalqının yaddaşına əbədi həkk olunmuşdur. Minlərlə dinc azərbaycanlı əhali yalnız milli mənsubiyyətinə görə məhv edilmişdir. Ermənilər evlərə od vurmuş, insanları diri-diri yandırmışlar. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıtmış, Bakının böyük bir hissəsini xarabalığa çevirmişlər.
Azərbaycanlıların
soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında,
Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda
və Azərbaycanın başqa bölgələrində
xüsusi qəddarlıqla həyata keçirilmişdir. Azərbaycan
Xalq Cumhuriyyəti yarandıqdan sonra 1918-ci ilin mart hadisələrinə
xüsusi diqqət yetirmişdir. Nazirlər Şurası
1918-ci il iyulun 15-də bu faciənin tədqiqi məqsədilə
Fövqəladə İstintaq Komissiyasının
yaradılması haqqında qərar qəbul etdi. Komissiya mart soyqırımını, ilkin mərhələdə
Şamaxıdakı vəhşilikləri, İrəvan
quberniyası ərazisində ermənilərin törətdikləri
ağır cinayətləri araşdırdı. Dünya
ictimaiyyətinə bu həqiqətləri çatdırmaq
üçün Xarici İşlər Nazirliyi nəzdində
xüsusi qurum yaradıldı. 1919 və
1920-ci ilin mart ayının 31-i Azərbaycan Xalq Cumhuriyyəti
tərəfindən Ümummilli Matəm Günü kimi qeyd
edilmişdir. Əslində, bu, azərbaycanlılara
qarşı yürüdülən soyqırımı və
bir əsrdən artıq davam edən torpaqlarımızın
işğalı proseslərinə tarixdə ilk dəfə
siyasi qiymət vermək cəhdi idi. Lakin, Azərbaycan Xalq
Cümhuriyyətinin süqutu bu işin başa
çatmasına imkan vermədi.
Zaqafqaziyanın
sovetləşməsindən öz çirkin məqsədləri
üçün istifadə edən ermənilər 1920-ci ildə
Zəngəzuru və Azərbaycanın bir sıra digər
torpaqlarını Ermənistan SSR-in ərazisi elan etdilər. Sonrakı
dövrdə bu ərazilərdəki azərbaycanlıların
deportasiya edilməsi siyasətini daha da genişləndirmək
məqsədilə yeni vasitələrə əl atdılar. Bunun üçün onlar SSRİ Nazirlər Sovetinin
23 dekabr 1947- ci il “Ermənistan SSR-dən kolxozçuların və
başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in
Kür-Araz ovalığına köçürülməsi
haqqında” xüsusi qərarına və 1948-1953-cü illərdə
azərbaycanlıların öz tarixi torpaqlarından kütləvi
surətdə deportasiyasına dövlət səviyyəsində
nail oldular.
Xalqımıza
qarşı aparılan soyqırımı siyasəti
özünün siyasi-hüquqi qiymətini
tapmadığı üçün tarixi faktlar sovet mətbuatında
ermənilər tərəfindən təhrif olunur və
ictimai fikir çaşdırıldırdı. Ermənilərin Sovet rejimindən bəhrələnərək
həyata keçirdikləri və
80-cı illərin ortalarında daha da güclənən antiazərbaycan
təbliğatına Azərbaycan Respublikasının o
vaxtkı rəhbərliyi biganə yanaşdı. 1988-ci ildən
ortaya atılan qondarma Dağlıq Qarabağ konfliktinin ilkin mərhələsində
yüz minlərlə azərbaycanlının öz tarixi
torpaqlarından qovulmasına da respublikada düzgün
siyasi qiymət verilmədi. Azərbaycanın
Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan SSR-in tərkibinə
daxil edilməsi haqqında ermənilərin qeyri-konstitusion qərarını
və Moskvanın, əslində, bu vilayəti Xüsusi
İdarəetmə Komitəsi vasitəsilə Azərbaycanın
tabeliyindən çıxarmasını xalqımız ciddi
narazılıqla qarşıladı və mühüm
siyasi aksiyalara əl atmaq məcburiyyəti
qarşısında qaldı. Respublikada keçirilən
mitinqlər zamanı torpaqlarımızın işğalı
siyasəti qətiyyətlə pislənsə də, Azərbaycan
rəhbərliyi öz passiv mövqeyindən əl çəkmədi.
Məhz elə bunun nəticəsi olaraq
1990-cı ilin yanvar ayında getdikcə güclənən xalq
hərəkatını boğmaq məqsədilə Bakıya
qoşunlar yeridildi, yüzlərlə azərbaycanlı məhv
və şikəst edildi, yaralandı, digər fiziki təzyiqlərə
məruz qoyuldu.
1992-ci
ilin fevralında ermənilər Xocalı şəhərinin əhalisinə
misli görünməyən divan tutdu. Tariximizə Xocalı
soyqırımı kimi həkk olunan bu qanlı faciə minlərlə
azərbaycanlının məhv edilməsi, əsir
alınması, şəhərin yerlə yeksan edilməsi ilə
qurtardı.
Millətçi-separatçı ermənilərin Dağlıq Qarabağda başladığı avantürist hərəkətin nəticəsi olaraq bu gün bir milyondan artıq soydaşımız erməni qəsbkarları tərəfindən öz doğma yurd-yuvalarından didərgin salınmış, çadırlarda yaşamağa məhkum edilmişdir. Ərazimizin 20 faizinin erməni silahlı qüvələri tərəfindən işğalı zamanı minlərlə vətəndaşımız şəhid olmuş, xəsarət almışdır. Azərbaycanın XIX-XX əsrlərdə baş verən bütün faciələri torpaqlarının zəbti ilə müşayiət olunaraq, ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini təşkil etmişdir.
(ardı var)
Qüdrət
PİRİYEV
Xalq qəzeti.- 2013.- 28 aprel.- S. 5.