Ulu öndərin unudulmaz
xatirəsi
Biz ulu
öndər Heydər Əliyevin 90 illik yubileyini qeyd edirik. Düşünürəm
ki, Heydər Əliyevin yubileyi
bütövlükdə Azərbaycanın, eləcə də
ayrı-ayrılıqda bizim hər birimizin bayramıdır. Çünki
Heydər Əliyev xalqının hər bir
sadə nümayəndəsinə, qəhrəmanına,
ziyalısına, elm və incəsənət
xadiminə, mədəniyyət işçisinə,
yazarına qiymət verən rəhbər idi.
Müstəqil, demokratik Azərbaycanın
qurucusu ulu öndərimiz
Heydər Əliyev Azərbaycana rəhbərliyi dövründə
mətbuata da biganə qalmayıb, jurnalistlərə
daim qayğı göstərib. Təsadüfi
deyildi ki, jurnalistlər
bu böyük
insanı özlərinin dostu
adlandırmışdılar. Jurnalistlər öz hamilərini çox
sevirdilər.
Azərbaycan xalqının bu
dahi şəxsiyyəti ilə bir zamanda yaşamaq,
onun çıxışlarını
eşitmək, tövsiyələrini dinləmək, xhşbəxtlikdir.
Belə səadət nəsib olanlardan biri də mənəm. Hələ gənc
yaşlarımdan bu tarixi
şəxsiyyətin pərəstişkarı olmuşam.
Tale mənə hətta bir
neçə dəfə onu yaxından
görmək və görüşmək xoşbəxtliyini də
nəsib edib. Bu, böyük şəxsiyyətin Azərbaycana
rəhbərliyinin birinci dövründə
baş verib. O vaxt Azərbaycan
SSRİ-nin tərkibində idi. Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin
birinci katibi işləyirdi.
Onda da tez-tez
rayonlara səfərə
çıxardı.
Yadımdadır ki, orta məktəbin yuxarı siniflərində oxuyurdum. Rayonda hamı Heydər Əliyevin Tovuza
gələcəyindən danışırdı. Məndə
böyük maraq
yaranmışdı onu görməyə.
Nəhayət, Heydər Əliyev Tovuza gəldi,
bir neçə təsərrüfatda oldu. Əməkçilərlə yaxından görüşüb söhbət etdi. Biz iki məktəbli əvvəlcədən gedib üzümçülük
briqadasında çalışanların yanında
dayanmışdıq ki, rəhbəri
yaxından görək. Kimsə gəlib bizi
oradan çıxarmaq istəyəndə
yalvardıq ki, bizə dəyməyin,
sakitcə dayanıb Heydər Əliyevi bir
az yaxından görmək istəyirik. Rəhbərə
olan sevgimizi və marağımızı görüb bizə dəymədilər.
Beləcə, onda mən ilk dəfə Heydər Əliyevi Tovuzda, M.B.Qasımov adına üzümçülük
sovxozunda üzümçülərlə
sahədə görüşəndə gördüm.
Həmin gecə sevindiyimdən səhərədək yata bilmədim. Sanki
dünyanın ən qiymətli hədiyyəsini mənə
vermişdilər. Bir neçə gün sinif
yoldaşlarıma ulu öndərin lap yaxınında olduğumu,
səsini aydın eşitdiyimi fərəhlə
danışırdım, qürurlanırdım...
O vaxt
Heydər Əliyevin kənd əməkçilərinə
göstərdiyi diqqət və qayğıdan, onlarla üzüm
bağlarında, pambıq tarlalarında görüşməyindən
çox ruhlanmışdım. Mənə
elə gəlirdi ki, kənd təsərrüfatında
işləsəm Heydər Əliyevlə mən də
görüşə bilərəm. Onu da deyim ki,
hələ aşağı siniflərdən jurnalistikaya
marağım vardı. Rayon qəzetində,
elə respublikada nəşr olunan mətbu orqanlarda da yazılarım dərc olunurdu.
Buna baxmayaraq orta məktəbi bitirəndən sonra romantik xəyallara
qapılaraq, əvvəlcə kənddə qalıb işləməyi
qət etdim. Ailəmiz buna
etiraz edəndə söz
verdim ki, mütləq
jurnalistika yolunun davam etdirəcəyəm. Ancaq
icazə verin 1-2 il kənd
təsərrüfatında çalışım, sonra universitetə gedərəm. Həmin il mən respublikanın nüfuzlu
mətbu orqanlarından biri olan “Azərbaycan
gəncləri” qəzetinin Bakı Dövlət Universitetinin jurnalistika
fakultəsi ilə birgə elan etdiyi “Jurnalist! Junalist! Jurnalist!!!”
müsabiqəsinin qalibi olmuşdum.
Həmin yazım da sadə əmək
adamı haqqında oçerk idi. Evdə də israr
edirdilər ki, mən jurnalistika
fakultəsinə imtahan verməliyəm. Orta məktəbi də yaxşı
qurtarmışdım. Romantik xəyallar
isə məni elə çuğlamışdı ki, özgə heç nə düşünmürdüm.
Deyirdim ki, jurnalist olmaq heç vaxt gec deyil. Əsl niyyətimin
nə olduğunu heç
kəsə bəlli etmədən düşünürdüm
ki, əgər kənd təsərrüfatında
çalışsam mütləq Heydər Əliyevlə
görüşəcəyəm. Altı aylıq sürücü-mexaniklik kursunu
bitirəndən sonra komsomol
putyovkası ilə Bərdə rayonuna
göndərildim...
...Pambıq
yığımına az qalmış məni rayon Komsomol Komitəsinə
çağırdılar. Bildirdilər ki, Azərbaycan
Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Heydər
Əliyev respublikada ilk dəfə sükan arxasına keçən
gənclərdən bir neçəsi ilə görüşəcək.
Bərdədən səni göndəririk. Bu sözləri
eşidəndə, inanın ki, ürəyimin
döyüntüsünü, az qala, bütün otaqdakılar
eşidirdi. Allahım, mən nə eşidirəm? Qulaqlarıma inanmırdım.
Sevincdən ürəyim partlamaq dərəcəsinə gəlmişdi.
İllərdən bəri ürəyimdə
saxladığım arzum çin olmuşdu. Yalnız Heydər
Əliyevlə görüşmək arzusu ilə
sürücü-müxanik peşəsini seçmişdim və
istəyimə çatırdım...
Komsomoldan
mənə bilet aldıqlarını, gedib
hazırlaşmağımı tapşırdılar. Kəndə
qayıdanda sevincimdən sanki uçurdum. Az qala, bütün
kəndə hayqırmaq istəyirdim ki, mən sabah Bakıda
Heydər Əliyevlə görüşəcəyəm...
Sabahı
gün qatardan düşən
kimi Azərbaycan Komsomolu Mərkəzi Komitəsinə gəldik.
Məndən başqa iki gənc mexanizator da vardı. Indiki
kimi yadımdadır, biri İmişlidən Qubad Vəliyev,
digəri isə Saatlıdan Sümbülə Yarıyeva idi.
Komsomolun Mərkəzi Komitəsinin birinci katibi bizi
götürüb Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinə gətirdi.
Saat 11-də Heydər Əliyev bizi qəbul edəcəkdi. Qəbul
otağında həyəcanla gözlədiyimiz anda
qapını açıb bizi içəri
çağırdılar.
Bir
neçə dəqiqədən sonra Heydər Əliyevin
kabinetinin qapısı açıldı və o, dağ
vüqarı ilə bizə tərəf gəldi.
Üçümüz də ayaq üstə
dayanmışdıq. Hər birimizlə əl verib
görüşdü. Həyəcandan əllərim əsirdi.
Əzəmətli səsi ilə mehribancasına
halımızı soruşdu, işimizlə maraqlandı. Bizə
təzə pambıqyığan maşın verilib-verilməməsi
barədə soruşdu. Hər birimiz
razılığımızı bildirdik. Sonra Heydər Əliyev
bizdən çox şey gözlədiyini, respublikamızın
adını ucaltmaq üçün var gücümüzlə
çalımağımızı tövsiyə etdi.
Təxminən
on-on beş dəqiqə çəkən görüş mənim
üçün ömrümün ən xoş dəqiqələri
oldu. Qulaqlarımda onun əzəmətli səsini, əllərimdə
əllərinin istisini uzun müddət hiss etdim. O
görüş mənim həyatımın ən yaddaqalan, ən
xoş, unudulmaz hadisəsidir. Həmin günün səhəri
rayona qayıdanda gördüm ki, artıq maşınla
pambıq yığımına start verilib. Tez paltarımı
dəyişib sükan arxasına keçdim. Qulaqlarımda
Heydər Əliyevin sözləri səslənirdi: “Azərbaycan
sizdən böyük uğurlar gözləyir”. Həmin il ilk
dəfə sükan arxasında əyləşərək 188
ton pambıq yığdım və respublikada gənc
sürücü-mexaniklər arasında
üçüncü yeri tutdum. Iki il dalbadal “Ən
yaxşı pambıqçı” döş nişanına
layiq görüldüm. Haqqımda çoxlu məqalələr
yazıldı. Onlardan biri belə adlanırdı:
“Jurnalistikadan sükan arxasına!”. Həmişə müxtəlif
mövzuda yazılarla çıxış etdiyim “Azərbaycan
gəncləri” qəzetində “Bu da bizim Şəmsiyyə!”
adlı oçerk də yazılmışdı.
Ünvanıma respublikanın hər yerindən çoxlu məktublar
gəlirdi. Televiziya verilişlərinə dəvət
olunurdum. Az müddətdə əmək adamı kimi məşhurlaşdım. Bu, 1977-ci
il idi...
...Artıq
arzuma çatmışdım. O böyük şəxsiyyətlə
görüşmüşdüm, romantik xəyallarım
gerçəkləşmişdi. Əmək cəbhəsində
qabaqcıllar sırasına çıxmışdım. Indi
qalırdı anama verdiyim söz: jurnalist fəaliyyətimi
davam etdirmək. Buna görə də Bakıya gəldim. Universitetin jurnalistika fakultəsinə
daxil oldum. Indi 33 ildir ki,
Azərbaycan mətbuatında
vicdanla, namusla, dövlətçilik idealını
uca tutaraq, doğma xalqımıza, bu xalqı uğurla
irəli aparan Azərbaycanın iqtidarına
sədaqətlə xidmət
edirəm.
Bu gün
ölkəmizdə mətbuata
göstərilən qayğı
və diqqət ənənəsi davam edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin milli mətbuatımızın 135 illik
yubileyi ilə əlaqədar verdiyi sərəncamla Heydər Əliyevin tövsiyələrinə
sədaqətini bir daha təsdiq etdi. Hazırda ölkədə 4200-dən artıq mətbuat orqanı var. 50-dən artıq
informasiya agentliyi,
200-dən artıq qəzet
fəaliyyət göstərir.
Prezidentin sərəncamı ilə jurnalistlərə yaşayış evi tikilir. Bu, çox
böyük diqqət
və qayğıdır.
Araşdıranda görürük ki, Avropa ölkələrinin
heç birində jurnalistlərə belə
qayğı göstərilmir. Möhtərəm Prezidentin imzaladığı
bu sərəncam milli mətbuatın inkişafına dövlət
tərəfindən davamlı
dəstəyin göstərilməsinə,
habelə mətbuat işçilərinin sosial
müdafiəsinin gücləndirilməsinə
xidmət edir.
Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü
siyasət ölkəmizdə
azad və demokratik mətbuatın inkişafına istiqamətlənib. Bir jurnalist
və qəzet redaktoru kimi Azərbaycan Prezidenti İlham Əliyevin media işçilərinə göstərdiyi
qayğıdan qürur
duyuram. Çox sevinirəm ki, ölkə Prezidenti İlham Əliyevin sərəncamı ilə
“Əməkdar jurnalist”
fəxri adına
layiq görülənlərin
arasında mən də varam. Və bunu ulu öndərin
mətbuata göstərdiyi
diqqət və qayğının məntiqi
davamı kimi qəbul edirəm.
Gənc yaşlarımda ulu öndərdən eşitdiyim
“Azərbaycan sizdən
böyük uğurlar
gözləyir” sözlərini
heç vaxt unutmamışam və jurnalistlik fəaliyyətimdə
də həmin sözləri əsas meyar tutmuşam. Bundan sonra
da cəmiyyətimizdə
baş verən ictimai proseslərin mətbuatda doğru-düzgün
işıqlandırılması üçün əlimdən
gələni edəcəyəm.
Şəmsiyyə MUSAQIZI,
“Yeni Təfəkkür” qəzetinin
baş redaktoru,
əməkdar jurnalist
Xalq qəzeti.- 2013.- 28 aprel.- S. 6.