Heydər Əliyev
və Azərbaycanda arxeologiya elminin inkişafı
Azərbaycan ərazisi ən qədim tarixə
və mədəniyyətə malik olan bir ölkədir. Respublikamızın ərazisində aparılan kompleks elmi tədqiqatlar
zamanı bəşər tarixinin müxtəlif
inkişaf mərhələlərinə aid zəngin maddi mədəniyyət
qalıqları aşkar edilmiş
və Azərbaycan ərazisinin ən qədim sivilizasiya
mərkəzlərindən biri olması elmi faktlarla sübuta yetirilmişdir.
Son 50 ildə Azərbaycan Respublikası ərazisində
aparılan arxeoloji kəşfiyyat işləri
nəticəsində qədim insanların meydana
gəlməsi və formalaşması tarixini
tədqiq etmək üçün arxeoloji , paleontoloji və paleoantropoloji tapıntılar qeydə
alınmış və tədqiq olunmuşdur.
Tapılmış elmi materiallar əsasında
Azərbaycanın uzaq keçmişinin tarixi,
insanlığın ilkin inkişaf mərhələləri və
ulu sakinlərin yaratdıqları maddi mədəniyyət
qalıqlarının ayrı-ayrı xüsusiyyətləri tədqiq
edilmişdir.
Son illərdə bu sətirlərin müəllifinin Beynəlxalq İNTAS – 2000 proqramı əsasında Avropa alimləri ilə birgə apardığı elmi araşdırmalar zamanı Azərbaycan ərazisində ibtidai insanların 2,5 milyon il bundan əvvəllərdən məskunlaşmağa başlamaları arxeoloji materiallar əsasında sübuta yetirilmişdir. Halbuki 1953-cü ilə qədər respublikamızın ərazisində qədim insan düşərgələrinin olmadığı və burada ibtidai insanların yaşamadıqları göstərilirdi. Ancaq Azərbaycan arxeoloqlarının apardıqları elmi tədqiqatlar bu fikrin yanlış və əsassız olduğunu göstərdi, respublikamızın ərazisinin insanın yarandığı və formalaşdığı ərazilərdən biri olduğu elmi materiallar əsasında sübuta yetirildi. Eyni zamanda, Azərbaycanda qədim sivlizasiyanın özünəməxsus xüsusiyyətləri olduğunu və bunun əsasında ölkəmizdə, Qafqaz və Yaxın Şərq ərazisində ən qədim arxeoloji mədəniyyətin müəyyən olunmasına şərait yaratdı. Bu qədim mədəniyyət tarixə Quruçay arxeoloji mədəniyyəti kimi daxil olmuşdur.
Bütün bu elmi nailiyyətlərin əldə olunmasında 1969-cu ildə Azərbaycanda rəhbərliyə başlayan ümumimilli liderimiz Heydər Əlirza oğlu Əliyevin xüsusi xidmətləri olmuşdur. Ulu öndərin Azərbaycanda siyası hakimiyyətə gəlməsi ilə əlaqədar olaraq arxeoloji, tarixi və memarlıq abidələrinin elmi tədqiqi üçün əlverişli şərait yaradılmağa başlandı. O, Azərbaycanda elmin inkişafı üçün misilsiz işlər gördü. İlk növbədə 1970-ci ildən başlayaraq, azərbaycanlı gəncləri ölkənin elim mərkəzləri olan Moskva və Leninqrad şəhərlərində (indiki Sankt-Peterburq) yüksək səviyyədə mutəxəssis hazırlanmaları üçün onların aspiranturaya qəbul olunmaları və təcrübə keçmələri üçün sərəncam verdi. Məhz bunun nəticəsində bir qrup gənc azərbaycanlı ölkənin nüfuzlu elm mərkəzlərində yüksək ixtisaslı arxeoloq və etnoqraf kimi hazırlanıb respublikamızda arxeoloji tədqiqata başladı.
Ümummilli
liderimiz tarixi keçmişimizin elmi tədqiqinə və təbliğ
olunmasına xüsusi qayğı göstərmiş, bunun
üçün xüsusi tədbirlər planının
hazırlanıb həyata keçirilməsinə sərəncam
vermişdir.
1974-cü ildə yerli arxeoloq kadrların olması nəzərə alınaraq, respublikada arxeoloji kəşfiyyat işlərinin keyfiyyətini artırmaq məqsədilə Azərbaycan Elmlər Akademiyası Tarix İnstitutunun tərkibində arxeologiya və etnoqrafiya sektoru təşkil edilmişdir. Məhz bu vaxtdan başlayaraq Qarabağın dunya şöhrətli Azıx və Tağlar qədim insan düşərgələrində kompleks şəkildə arxeoloji tədqiqat işlərinə başlanmışdır. Görkəmli alim Məmmədəli Hüseynovun rəhbərliyi altında paleolit arxeoloji ekspedisiyası Qarabağın Quruçay vadisində apardığı elmi tədqiqat işləri zamanı müəyyən olunmuşdur ki, hələ çox qədim zamanlardan bu ərazidə canlı həyatın inkişafı üçün əlverişli təbii coğrafi şərait olmuşdur. Məhz buna görə də Azərbaycanın ilk sakinləri paleolit dövründə Azıx və Taglar mağaralarında yaşamağa başlamışlar. Ona görə ki, Qarabağın Quruçay vadisi ibtidai insanların ovçuluq, yığıcılıq və əmək alətləri hazırlamaları üçün zəngin xammal mənbəyinə malik olmuşdur.
Çoxtəbəqəli
Azıx qədim insan düşərgəsində aparılan
arxeoloji qazıntılar zamanı daş dövrünün
ayrı-ayrı inkişaf mərhələlərinə aid 10
mindən artıq daş məmulatı və bir milyondan
çox ovlanmış heyvan və quş sümükləri
tapılmışdır. Düşərgənin
çöküntülərində müxtəlif arxeoloji mədəniyyətlərə aid 10 təbəqə qeydə
alınmışdır. Çoxtəbəqəli Azix qədim insan
düşərgəsinin VII-X təbəqələrində
aparılan arxeoloji qazıntılar
zamanı 300-dən artıq daş məmulatı
və fauna qalıqları aşkar edilmişdir.
Düşərgənin ən aşağı təbəqələrinin
daş məmulatı içərisində
nəhəng kobud çapma
alətləri xüsusi maraq
doğurur. Hələlik ölkəmizin və
Qafqazın paleolit düşərgələrindən
belə kobud çapma
alətləri qeydə alınmamışdır. Ona görə də təsvir olunan
əmək alətlərini Azıx tipli çapma alətlər
adlandırılmışdır.
1970-ci
illərin ortalarında Azərbaycan Albaniyasının paytaxt
şəhəri olan Qəbələnin məhv olmaq təhlükəsi
yaranmışdı. SSRİ Müdafiə
Nazirliyinin planına əsasən, Qəbələ
radiolakasiya stansiyasının (RLS) tikintisi üçün
yüksək gərginlikli elektrik xətlərinin
qədim Qəbələ şəhərinin ərazisindən
keçməsi nəzərdə tutulmuşdur.
Bu barədə Tarix İnstitutunun direktoru, akademik İqrar Əliyev o vaxt Azərbaycan KP
MK-nın birinci katibi
işləyən Heydər Əliyevə məlumat verdikdən
sonra, məsələ Sov.
İKP MK Siyasi Burosunda
müzakirə edilmiş və ulu öndərimizin nüfuzu
və dəmir məntiqi sayəsində qədim Qəbələ
şəhərinin zəngin maddi-mədəni tarixi
abidələri məhv olmaq təhlükəsindən
xilas edilmişdi.
1975-ci
ildən başlayaraq, Naxçıvan, Şamaxı, Qəbələ,
Şəki, Quba, Gəncə və digər bölgələrdə
arxeoloji bazalar təşkil olundu. Çoxtəbəqəli
Azıx, Tağlar, Qobustan, Qəbələ abidələrində,
orta əsr Şabran şəhər yerində və
Bakının içəri şəhər ərazisində
kompleks şəkildə arxeoloji qazıntı işlərinə
başlandı.
1981-ci
ilin sentyabr ayında Heydər Əliyevin şəxsi təşəbbüsü
ilə Azərbaycan KP MK və Nazirlər Sovetinin “Azərbaycan
SSR-də memarlıq və arxeoloji abidələrin
qorunması, bərpası və istifadəsinin
yaxşılaşdırılması tədbirləri” haqqinda
qərarı qəbul olundu. Azərbaycanda 1970-1980-cı
illərdə arxeoloqlara və etnoqraflara qayğı nəticəsində elmi potensial daha da yüksəldi. Arxeologiya və etnoqrafiya sektorunda hər il bir neçə doktorluq və
namizədlik dissertasiyaları müdafiə olundu.
Bu isə sektorun
müstəqil elmi tədqiqat institutuna çevrilməsinə zəmin
yaratdı. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 8 iyul tarixli qərarı ilə
həmin sektorun bazasında Arxeologiya və Etnoqrafiya İnstitutu təşkil olundu.
Bu, Azərbaycanda arxeologiya
və etnoqrafiya elminin
daha genış və beynəlxalq miqyasda tədqiqatlar aparılmasına şərait
yaratdı.
Azərbaycanın
Qarabağ, Naxçıvan, Abşeron, Gəncə-Qazax, Quba,
Xaçmaz, Lənkəran, Masallı, Lerik, Astara və digər
bölgələrinə təşkil olunmuş arxeoloji
ekspedisiyaların fəaliyyəti nəticəsində yeni-yeni
abidələr qeydə alınaraq, tədqiq olunmağa
başlanmışdır.
Ümummilli
liderin şəxsi təşəbbüsü və köməkliyi
ilə 2001-2002-ci illərdə kompleks şəkildə
Naxçıvan-Gəmiqaya ekspedisiyası təşkil
edilmişdir. Ekspedisiya Kiçik Qafqazın ən yüksək
zirvəsində yerləşən Gəmiqaya qayaüstü təsvirlərin
elmi tədqiqi ilə məşğul olmuşdur.
Heydər
Əliyev özünün bütün fəaliyyətində
alimlər və ziyalıların əməklərini yüksək
qiymətləndirmiş və vaxtaşırı onlarla
görüşərək fikir mübadiləsi
aparmışdır. 1993-cü il sentyabrın 21-də Azərbaycan
Respublikası Elmlər Akademiyasında ziyalılarla
görüşündə demişdir: “Əgər
biz Azərbaycanı müstəqil bir dövlət kimi dünyaya yaxşı tanıtmaq istəyiriksə,
Azərbaycanın qədim tarixini, əsrlər
boyu keçdiyi yolu gərək həm öz
vətəndaşlarımıza, həm də bütün
ölkələrdə olan elm adamlarına, respublikamıza maraq göstərən adamlara
tanıdaq. Bu sahədə tarixçilərimizin
qarşısında çox böyük vəzifələr durur, onların üzərinə böyük məsuliyyət düşür.
Mən o vaxtlar – Azərbaycanda
işlədiyim dövrdə də deyirdim,
indi də bu sözlərin
üstündə dururam ki,
tarixçilərimiz üçün bütün
şəraiti yaratmağa hazıram.
Bir şərtlə ki,
bu şəraitin əvəzində biz tarixçilərimizdən Azərbaycan tarixini bu gün
üçün, gələcək nəsillər
üçün və bütün
gələcək üçün
yaxşı əks etdirən əsərlər ala bilək. Odur ki, bu baxımdan bir məsələyə də toxunmaq istəyirəm: tarixi
təhrif etmək olmaz. Bu 70 illik sovet dövründə tarix,
ümumiyyətlə dünya tarixi, o cümlədən
Azərbaycan tarixi, habelə keçmiş
Sovetlər İttifaqının ərazisində yaşayan digər millətlərin tarixi təhrif edilib. Nə
üçün təhrif edilib?
Çünki o vaxt vəziyyət belə idi
və bu, çox adi bir hal
idi...”
Ulu öndərin bu fikirlərini əsas tutan tarixçilərimiz xalqımızın keçdiyi uzunmüddətli inkişaf dövrlərini yenidən tədqiq etməyə başladılar. Eyni zamanda, Heydər Əliyevin tövsiyələrini nəzərə alan Azərbaycan Respublikası Elmlər Akademiyasının Rəyasət Heyəti çoxcildli “Azərbaycan tarixi”nin hazırlanıb nəşr olunması haqqında qərar qəbul etdi. Nəticədə bir neçə il ərzində yeddi cildlik “Azərbaycan tarixi” hazırlanıb çap olundu. “Azərbaycan tarixi”nin I cildində arxeoloji, etnoqrafik, epiqrafik, paleontoloji, paleoantropoloji və yazılı mənbələr əsasında ölkəmizdə ibtidai icma quruluşunun arxeoloji mədəniyyətləri, təbii coğrafi şəraiti, mənəvi həyatı, ovçuluq, yığıcılıq təsərrüfatının xüsusiyyətləri, tuncun meydana gəlməsi ilə əlaqədar olaraq ibtidai icma quruluşunun dağılması, ilkin sinifli cəmiyyətin və dövlətlərin meydana gəlməsi, şəhər həyatı, mədəniyyəti, xalqın yadelli işğalçılara qarşı mübarizəsi, etnik məsələlər və digər problemlər şərh olunmuşdur. I cilddə qədim daş dövründən başlamış eramızın III əsrinin birinci rübü ilə başa çatan böyük bir tarixi dövr əhatə olunmuşdur.
“Azərbaycan
tarixi”nin II-VII cildlərində eramızın III əsrindən
başlamış XX əsrin sonlarınadək olan
mühüm tarixi dövrlər, o cümlədən feodal
dövləti, ərəb əsarəti, monqol
işğalları, orta əsr feodal dövlətləri,
ölkənin təsərrüfat həyatı, mədəniyyəti,
Səfəvilər dövləti, Azərbaycan
xanlıqları, Azərbaycan Demokratik Respublikasının
daxili və xarici siyasəti və digər tarixi hadisələr
geniş şərh olunmuşdur.
1980-ci
illərin ortalarından etibarən ölkədə ictimai
siyasi hadisələr nəticəsində durğunluq və tənəzzül
dövrü keçirən Azərbaycan Elmlər
Akademiyası üçün 1997-ci il yanvarın 31-i yeni mərhələnin
əsasını qoydu. Möhtərəm Prezident Heydər Əliyev Elmlər Akademiyasının bir qrup aparıcı alimi ilə görüşdə söylədiyi
tarixi çıxışı ilə Azərbaycan
Elmlər Akademiyasına ikinci bir həyat bəxş etdi.
Uzun
müddət təzyiqlərə məruz qalan
Azərbaycan elmi yenidən dirçəliş
yoluna qədəm qoydu.
İclasın gedişində Heydər Əliyev akademik və müxbir
üzvlərin rütbə məvaciblərinin 10 dəfə
artırılması haqqında sərəncam verdi.
Heydər
Əliyev akademiya alimləri ilə görüşü
zamanı elmimizin qarşısında duran problemlərin dərin
təhlilini verərək, bizə dünya səviyyəli elmi
işlərlə bərabər, həm də dövlətimizə,
xalqımıza lazım olan strateji problemlərlə məşğul
olmağı məsləhət görmüş, Azərbaycanda
elmin inkişaf strategiyasının əsas müddəalarını,
Elmlər Akademiyasının onlardan irəli gələn vəzifələrini
müəyyənləşdirmiş və elm sahəsində əsaslı
islahatların aparılmasının zəruriliyini qeyd
etmişdir: “Məlumdur ki, geniş kütlə, xalq, millət
üçün ən çox təsirli humanitar elmlərdir
və xüsusən, onun ədəbiyyatının, mədəniyyətininin
tarixidir. Əlbəttə, müstəqil
Azərbaycanda fizika, riyaziyyat,
biologiya, kimya və başqa fənlər hamısı inkişaf etməlidir. Ancaq
bunların hərəsinin özünəməxsus çərçivəsi
vardır. Amma tarix hər
bir insan üçün yeniyetməlikdən başlayaraq lazımdır. O cümlədən,
mədəniyyətimizin, elmimizin tarixi lazmdır”.
2003-cü il yanvarın 4-də AMEA-nın respublikada elmin inkişafını təşkil və təmin etdiyini, dövlətin elmi və elmi-texniki siyasətini həyata keçirdiyini, elmi müəssisə və ali məktəblərin elmi fəaliyyətini əlaqələndirdiyini və istiqamətləndirdiyini, respubikamızı xarici ölkələrdə elmi və elmi-texniki fəaliyyət sahəsində təmsil etdiyini nəzərə alaraq, ümummilli lider Heydər Əliyev Milli Elmlər Akademiyasının statusu, nizamnaməsi və AMEA prezidentinin təsdiqi haqqında tarixi fərman imzalamış, Milli Elmlər Akademiyasının işini müstəqil dövlətimizin siyasətinə uyğun olaraq daha səmərəli qurması və dövlət əhəmiyyətli prioritet istiqamətlər üzrə elmi araşdırmaların aparılması, Azərbaycan elminin dünya elminə daha sıx inteqrasiya olunması, dövlətin, millətin sabahına xidmət etməsi məqsədilə elmin strukturunun təkmilləşdirilməsi üçün proqram xarakterli tapşırıqlar vermişdir. Ulu öndər deyirdi: “Azərbaycan Milli Elmlər Akademiyası bizim milli sərvətimizdir, onu qoruyub saxlamalıyıq”. Dahi rəhbərin dediyi bu sözlər bütövlükdə Azərbaycan elminə, Milli Elmlər Akademiyası işçilərinə verilən ən yüksək qiymətdir.
Azərbaycan
alimləri ümummilli liderin qayğısını yüksək
qiymətləndirmiş və özlərinin bütün fəaliyyətlərində
bu qayğını doğrultmağa
çalışırlar.
2001-ci
ildən başlayaraq, respublikamizda paleolit problemləri üzrə
aparılan elmi tədqiqat işləri beynəlxalq xarakter
almışdır. Çünki Azərbaycanın paleolit
düşərgələrindən tapılmış maddi mədəniyyət qalıqlarının
bəşər sivilizasiyasının inkişaf
tarixini öyrənmək üçün
mühüm elmi
əhəmiyyəti vardır. Məhz bu faktı əsas tutan Azərbaycan,
Fransa, İtaliya, İspaniya, Rusiya, Gürcüstan və Hollandiya
alimləri beynəlxalq İNTAS—2000 adlı proqram
hazırlamışlar. 2001-ci il iyulun 3-4-də Fransanın Totavel
şəhərində keçirilən elmi
konfransda bu sətirlərin
müəllifi Azərbaycan üzrə əlaqələndirici
seçilmişdir. Proqrama uyğun
olaraq Avropa alimləri
2002-ci il sentyabrın 7-dən oktyabrın
1-dək Bakıya gələrək çoxtəbəqəli
Azıx, Tağlar, Qazma
və digər paleolit düşərgələrindən
tapılmış arxeoloji, paleontoloji və paleoantropoloji
tapıntıların elmi tədqiqi ilə
məşğul olmuşlar. 2001-2005-ci
illərdə bizim Avropa
alimləri ilə birgə apardığımız elmi tədqiqat işləri nəticəsində
respublikamizda ibtidai
insanların məskunlaşma tarixinin daha qədim olması müəyyən olunmuşdur.
XX əsrin
sonları – XXI əsrin əvvəllərindən
başlayaraq, Azərbaycanda beynəlxalq əhəmiyyətli
layihələrin həyata keçirilməsi arxeoloqları bu
layihələrin əhatə etdiyi ərazilərdə elmi tədqiqat
işləri aparmalarına şərait yaratdı.
Əsası
ümummilli liderimiz Heydər Əliyev tərəfindən
qoyulmuş Bakı- Tibilisi-Ceyhan neft kəmərinin tikintisi ilə
əlaqədar olaraq ərazidə aparılmış arxeoloji
tədqiqatlar zamanı arxeologiyanın müxtəlif dövrlərinə
aid maddi mədəniyyət qalıqları və yeni abidələr
tapılaraq tədqiq edilmişdir. Ümummilli liderimizin
siyasi kursunu uğurla davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin
Azərbaycan xalqının milli mənafelərinə
qulluq edən fəaliyyəti nəticəsində
dövlət müstəqilliyimiz möhkəmlənmiş,
iqtisadiyyatın inkişafı həyatımızın bütün sahələrinə öz təsirini göstərmişdir.
Dövlətimizin yaratdığı əlverişli imkan nəticəsində ölkəmizin uzaq keçmişinə olan
diqqət sayəsində arxeoloji abidələrin
tədqiq olunmasına geniş imkanlar yaranmışdır.
2008-ci
il fevralın 5-də Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevin sərəncamı ilə ölkədə
əsaslı arxeoloji ekpedisiyaların fəaliyyətini
genişləndirmək və səmərəliliyinin
artırmaq məqsədilə Prezidentin Ehtiyat Fondundan
AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutuna əlavə
bir milyon manat məbləğində vəsaitin
ayrılması Prezidentin xalqın qədim tarixinə
xüsusi diqqət və qayğısının əyani
sübutudur.
2008-ci
ilin tədqiqat mövsümündə Prezident sərəncamının
həyata keçirilməsi sahəsində
aparılmış elmi tədqiqat işlərinin nəticəsi
olaraq respublikanın bütün bölgələrində
Arxeologiya və Etnoqrafiya İnstitutunun arxeoloji ekspedisiyalari fəaliyyət
göstərmişlər. Nəticədə
xalqımızın qədim tarixini əks etdirən zəngin
maddi mədəniyyət qalıqları və abidələr
aşkar edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin arxeologiya elminə və arxeoloji tədqiqatlara yüksək qayğısı nəticəsində altı cildlik Azərbaycan arxeologiyası yazılıb başa çatdırılmışdır. Azərbaycan arxeologiyasının birinci cildində respublikamızın ərazisində daş dövrü üzrə aparılmış kompleks elmi tədqiqatlar zamanı tapılmış arxeoloji, paleontoloji, paleoantropoloji tapıntılar arxeologiya elminin son nailiyyətləri əsasında şərh edilmişdir. Əsərdə Qarabağın dünya şöhrətli Azıx, Tağlar çoxtəbəqəli paleolit düşərgələri, Naxçıvanın Qazma, Lerikin Buzeyir, Qobustanın çoxtəbəqəli mezolit, neolit və qayaüstü təsvirləri tədqiq olunmuş və aryı-ayrı arxeoloji abidələrdən qeydə alınmış maddi mədəniyyət qalıqlarının texniki və tipoloji xüsusiyyətləri müəyyən edilmişdir.
Eyni zamanda,
Azərbaycan ərazisində aparılmış arxeoloji tədqiqatlar
əsasında respublikamızın ərazisində
yaşamış ibtidai insanların meydana gəlməsi,
formalaşması, inkişaf mərhələləri, əmək
alətləri hazırlamaları, ovçuluq,
yığıcılıq, təsərrüfatının
xüsusiyyətləri ibtidai yaşayış tikililərinin
yaranması, odun kəşf olunması, öz istək və
arzularını qayalar üzərinə həkk etməsi və
Qarabağın arxeoloji mədəniyyətlərinin xarakterik
xüsusiyyətləri araşdırılmışdır.
2012-ci il aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı əsasında AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun maddi texniki bazasının gücləndirilməsi üçün Prezidentin Ehtiyat Fondundan Arxeologiya və Etnoqrafiya İnstitutuna 2 milyon manat vəsait ayrılmışdır. Bu faktın özü də möhtərəm Prezidentimizin xalqımızın qədim tarixinin tədqiq olunmasına göstərdiyi qayğı və diqqətin parlaq sübutudur. Şübhə yoxdur ki, ölkəmizin ərazisində yeni aparılacaq arxeoloji tədqiqat işləri zamanı uzaq keçmişimizə aid yeni arxeoloji abidələrin qeydə alınıb tədqiq olunmasına zəmin yaranacaqdır.
Əsədulla CƏFƏROV,
AMEA Arxeologiya və
Etnoqrafiya İnstitutunun
şöbə müdiri, tarix elimləri
doktoru
Xalq qəzeti.- 2013.- 28 aprel.- S. 7.