Liderləri
Tanrı seçir...
1976-cı
ilin yayında mənim on yaşım var idi. Sumqayıt şəhərində yerləşən 9 saylı orta məktəbin
3-cü sinfini təzə bitirmişdim. Ara-sıra şeir də
yazırdım. İnşaatşılar qəsəbəsində
bir otaqlı mənzildə altı nəfərdən ibarət
ailəmizlə kirayədə qalırdıq.
Bir
gün kirayə sözünün mənasını atamdan
soruşub anlayanda məyus oldum. Allahdan gəlibmiş kimi,
ondan xahiş etdim ki, bizə mənzil
verilməsindən ötrü Heydər Əliyevə məktub
yazmağıma icazə versin. Atam o vaxt mənim xahişimi bir
uşaq şıltaqlığı sanıb gülümsədi
və:
– Ay
oğul, sən hələ uşaqsan, sən nə bilirsən
məktub nədir?!. Yaşayaq, görək nə olur – deyə,
icazə vermədi. Amma bir neçə gün sonra anamdan on
bir il kirayədə qaldığımızı, atamın
iş yerinin dəqiq adını, ünvanımızı
öyrənib, gizlində məktub yazdım. On yaşında
uşağın
düşündüyü, arzuladığı,
bacardığı kimi. Xülasə, ev istədim dahi rəhbərdən.
Zərfin üstünə “Azərbaycan SSR Mərkəzi Komitəsinin
birinci katibi yoldaş Heydər Əliyevə” sözlərini
yazıb, qonşuluqda yaşayan sinif yoldaşım Lətiflə
birlikdə qəsəbənin mərkəzinə getdik və
onun köməyi ilə zərfi
poçt qutusuna atdım...
Bu hadisədən
20-25 gün keçmişdi ki, atam növbəti dəfə
günorta fasiləsində evə qayıdıb, məni
yanına çağırdı. Səsinin tonundan hiss etdim ki,
danlayacaq. Amma həmin gün danlandığım qədər
də əzizləndim. Sən demə, işlədiyi müəssisənin
rəhbəri atamı yanına çağıraraq, MK-dan gələn
rəsmi göstərişə əsasən, bizə iki
otaqlı mənzil verildiyini söyləyib. Heç vaxt
unutmaram, həmin mənzilə
köçəndə özümü ilk dəfə
dünyanın ən xoşbəxti sandım. Artıq o vaxtdan
37 il keçir. İndi həmin mənzildə mən öz
ailəmlə birgə yaşayıram...
Bütün
bunları söyləməkdə məqsədim
özümü nəsə yeni bir söz deyirmiş kimi
göstərməkdən ibarət deyil. Mən çox
yaxşı bilirəm ki, ulu öndərin mərhəməti
hesabına milyonlarla adam ev-eşik sahibi olub. Amma o vaxtdan məndə Heydər Əliyevə
inam, saf bir etibar yarandı və
mən onu həmişə televiziya ekranlarından xüsusi maraqla izlədim...
Ulu
öndəri ilk dəfə 1984-cü ildə, Sumqayıt
Politexnik Texnikumundan Volqaqrad Traktor zavoduna göndərildiyim diplomqabağı istehsalat təcrübəsində
olarkən gördüm. Səhv etmirəmsə, hansısa
xarici dövlətin rəsmiləri ilə birlikdə sexləri
gəzirdilər. İçimdən bir istək keçdi ki,
ona yaxınlaşıb minnətdarlıq edim. Amma onlara bələdçilik
edən zavod rəhbərliyindən ehtiyat etdiyimdən istəyim
baş tutmadı...
1988-ci
ilin fevral ayında Sumqayıt təlatümlər
şəhərinə bənzəyirdi. O vaxt
Ç.İldırım adına AzPİ-nin axşam
şöbəsinin birinci kursunda təhsil almaqla yanaşı,
Sumqayıt superfosfat zavodunda sex rəisinin müavini vəzifəsində
çalışırdım və müəssisə komsomol
komitəsinin büro üzvü idim. Bir gənc kimi azərbaycanlıların
Ermənistandan deportasiya edilməsi məni də hiddətləndirmişdi.
Həmin vaxtlar hamı kimi, soydaşlarımızın
başına gətirilən müsibətlərə etiraz
mitinqlərində iştirak edir, ermənilərin şəhərdən
çıxmasını tələb edənlərin
arasında olurdum. Fevralın 28-də növbəti mitinqi
dağıtmaq əmri almış əsgərlər mitinq
iştirakşılarını döyə-döyə
maşınlara mindirib müvəqqəti təcridxanalara
daşıyır, oradan da həbsxanalara aparırdılar. O
vaxt on səkkiz gün Bayıl həbsxanasında
saxlanıldıqdan sonra cinayət tərkibli əməlim
olmadığı üçün azad etdilər və mitinqlərdə iştirakıma
görə inzibati qaydada cəzalandırdılar. Həmin
dövrdə xalq bütün bu hadisələrin törədilmə
səbəbini mənfur Qorbaçovun Heydər Əliyevi vəzifədən
uzaqlaşdırdıqdan sonra azərbaycanlıların təklənməsində
və ermənilərin bu fürsətdən istifadə edərək
fəallaşmasında görürdü. Xalq yaxşı
bilirdi ki, ulu öndər Sov.İKP Siyasi Bürosunun
üzvü olarkən erməni təcavüzünün dəfələrlə
qarşısını almışdı...
İllər
keçdi. 1990-cı il yanvar günlərində biz – eyni
binada yaşayan gənclər hər gün piyada Bakı şəhərinə
gedirdik. Axşamlar isə həyətimizdəki “xeyir-şər”
evində yaşlıları, cavanları başımıza
yığıb ölkədə baş verən hadisələrdən
danışırdıq. Yaxşı yadımdadır, hardansa
Heydər Əliyevin Bakıda
baş verən hadisələrə
münasibətini əks etdirən Moskvadakı
çıxışının videolentini əldə
etmişdik. Biz lazımi avadanlıqları tapıb, həmin
video lenti dəfələrlə nümayiş etdirir, insanlara
ümid verirdik. Heç vaxt unutmaram, o vaxt hamı
nicatı Heydər Əliyevdə görürdü. Bu, belə
də oldu, ulu öndər 1993-cü ildə ikinci dəfə Azərbaycana rəhbərlik
etməyə başlayanda, Azərbaycan od tutub yanırdı.
Bir yandan müharibə, bir yandan
anarxiya-özbaşınalıq ölkəni ağuşuna
almışdı. Çox keçmədi ki, dahi öndərin
müdrik siyasəti və yüksək idarəçilik
qabliyyəti nəticəsində Azərbaycanda əmin-amanlıq
bərqərar oldu...
Bəli,
Heydər Əliyev Allahın seçdiyi lider idi. Azərbaycan
xalqı zaman-zaman onun böyüklüyünü dərk
edib, əbədi olaraq xatirələrdə
yaşadacaqdır...
Elman ELDAROĞLU,
Azərbaycan
Jurnalistlər Birliyinin üzvü
Xalq qəzeti.- 2013.- 28 aprel.- S. 7.