Lənkəranda birinci rübə yekun vuruldu
Cari ilin birinci rübündə Lənkəran rayonunun
sosial-iqtisadi inkişafı artan templə davam edib. Rüb ərzində rayonda ümumi məhsul
buraxılışı
29,6 faizə qədər
artıb. Sənayedə 4,2 milyon manatlıq
məhsul istehsal olunub. Sənayedə işləyənlərin orta aylıq
əməkhaqqı 3,1 faiz artaraq 219 manata
çatıb. Rayon üzrə bu rəqəm 233 manatdır. Rüb
ərzində rayonda 645 yeni
iş yeri
açılıb ki, bunun
da 529-u daimi xarakterlidir.
Bütün
bunlar şura iclasında icra hakimiyyətinin
başçısı Taleh Qaraşovun hesabat məruzəsində
ətraflı şərh olundu. Məruzəçi ölkə
rəhbərliyinə hədsiz minnətdarlıq
duyğuları ilə rayonun inkişafına dövlət
qayğısının aspektlərini önə çəkdi.
Zəfər yürüşünün eyni vüsətlə
davam etdiyini vurğuladı.
Sosial-iqtisadi inkişaf üzrə Dövlət Proqramında Lənkəranda rabitə
sisteminin müasir texnologiyalar əsasında yenidən
qurulması nəzərdə tutulub. Şəhərdə 4
saylı poçt şöbəsi üçün yeni bina
tikilib. Telekommunikasiya Qovşağının bütün stansiyaları elektronlaşdırılıb.
İndi də şəhər üzrə 4, kəndlər
üzrə 26 yeni nəsil texnologiyalı elektron ATS-lərin (NGN) quraşdırılmasına
hazırlıq görülür. Rayonda genişzolaqlı
internet istifadəçilərinin sayı 6258 nəfərə
çatdırılıb.
Birinci
rübdə 7,9 milyon manatlıq kənd
təsərrüfatı məhsulu istehsal edilib ki, bu da əvvəlki dövrə nisbətən 2 faiz
çoxdur.
Rayonda
abadlıq və quruculuq sahəsində xüsusilə
böyük canlanma yaranıb. Şəhər və rayonun
küçələrinə asfalt çəkilib, yol kənarlarında istinad divarları suvaqlanıb və
səki daşları ilə birlikdə rənglənib.
Ölkə başçısı cənab İlham Əliyevin
sərəncamına əsasən ayrılmış 5 milyon
manat vəsait hesabına Heydər Əliyev Xatirə
Parkında üzlük plitələr dəyişdirilib, yeni
su və işıqlandırma sistemi
quraşdırılıb, suötürücü drenaj tikilib,
yaşıllıq zolaqları salınıb, gül kolları
və dekorativ ağaclar əkilib. Ulu öndərin abidəsinin
ətrafı qranit üzlüklərlə işlənərək
yenidən qurulub. Parkın ərazisində həmçinin
“Botanika bağı” yaradılır. Burada yerli relyefə
uyğun ağac və gül kolları əkilir.
Şəhərin
Şəhidlər Xiyabanı küçəsi tamamilə
yenidən qurulub və küçədə körpü
genişləndirilib, küçənin hər iki tərəfində
yeni səkilər tikilib, müasir işıq dirəkləri
quraşdırılıb.
Həmin
küçədə, həmçinin Göyşaban dairəsindən
“Ləvəngi” dairəsinə və Heydər Əliyev
prospektinədək olan yolda və prospektin özündə
küçə hasarlarının inşası, üzlük
plitələrlə üzlənməsi, səki
daşlarının düzülüşü və tametlərin
döşənməsi, işıqlandırıcıların
quraşdırılması başa çatdırılıb.
Həzi Aslanov adına xatirə parkında yenidənqurma və
təmir işləri aparılıb, ərazi
yaraşıqlı görkəm alıb. Abidənin postamenti və
ətrafı daha keyfiyyətli mərmərlə
örtülüb.
Bundan
əlavə, şəhər icra hakimiyyətinin daxili
imkanları hesabına Bakı-Astara magistralının Lənkəran
ərazindən keçən hissəsindəki qəsəbə
və kəndlərdə, şəhər ətrafında,
hava limanı yolunda geniş abadlıq işləri aparılır.
2013-cü
ilin ilk rübündə rayonda iqtisadiyyatın və
sosial sferanın inkişafına 20,5
milyon manat investisiya yönəldilib.
Tikinti-quraşdırma işlərində istifadə
edilmiş investisiyanın həcmi 19,3 milyon manat olub. Bu
dövrdə əhalinin şəxsi vəsaiti hesabına
çoxlu yeni yaşayış evi tikilib. Evləri qəzalı
vəziyyətə düşmüş ailələr
üçün Prezidentin göstərişi ilə Şəhidlər
Xiyabanı ərazisindəki 24 mənzilli yaşayış
binasında tamamlama işləri aparılır.
Novruz Bayramı günlərində şəhərin
dəmiryol vağzalı ərazisində ərzaq məhsullarının böyük
satış-yarmarkası
keçirilib. İlk
rübdə əhaliyə 63,7 milyon manatlıq ticarət, 16,4 milyon manatlıq
pullu xidmətlər göstərilib. Ötən dövrdə əhalinin
gəlirləri 9,8 faiz, xərcləri 7,9 faiz
artıb.
Təsərrüfatların sayı
1000 olan 4 kəndə təbii qaz verilib, 961 abonent
üçün qaz sayğacı və fərdi tənzimləyici
quraşdırılıb. Hazırda bu sahədə işlər
sürətlə davam etdirilir və yaxın aylarda daha 18 kəndə
mavi yanacaq verilməsi nəzərdə tutulub.
Lənkəran
şəhərində su və kanalizasiya sisteminin yenidən
qurulması regional inkişaf Dövlət Proqramına daxil
edilib. Dəyəri 210 milyon manat olan layihə rayona qoyulmuş
bütün investisiyaların cəmindən dəfələrlə
çoxdur. İndiyədək 57243 poqonmetr yeni su və 16865
poqonmetr kanalizasiya xətti
çəkilib.
Təhsilin
maddi-texniki bazasının gücləndirilməsi
üçün tədbirlər davam etdirilib. Vilvan kəndində
640 yerlik, Bəlitonda 220 yerlik məktəb binaları və
şəhər 5 saylı uşaq bağçası
üçün yeni bina tikilir. Prezident İlham Əliyevin sərəncamına
əsasən Mərkəzi Rayon Xəstəxanasının əsaslı
təmiri davam edir. Lənkəran şəhərində 18
çarpayılıq rayonlararası narkoloji xəstəxana
üçün yeni bina tikilir.
Gənc
ailələrin mənzil şəraitini
yaxşılaşdırmaq məqsədilə
2004-cü ildən bəri rayonda 4075 ailəyə həyətyanı
torpaq sahəsi ayrılıb, 27 ailəyə ipoteka krediti
verilib. Gənclərin məşğulluğunu təmin etmək,
asudə vaxtlarını səmərəli keçirmələri
üçün tədbirlər görülür. Bu
baxımdan Lənkəran şəhərində Heydər Əliyev
Xatirə parkında istifadəyə hazırlanan möhtəşəm
Gənclər Mərkəzinin böyük əhəmiyyəti
var. Bu orijinal və yaraşıqlı saray ümummilli lider
Heydər Əliyevin 90 illik yubileyində lənkəranlı gənclərə
əsl töhfə olacaq.
Cənab
Prezidentin sərəncamı ilə daha bir layihənin
icrasına Vilvan-Zövlə-Boladi avtomobil yolunun yenidən
qurulmasına başlanıb. Asiya Inkişaf Bankının
maliyyə dəstəyi ilə Liman-Nərimanabad avtomobil
yolunun təmiri üçün hazırlıq işləri
görülür. Cənab Prezidentin məlum sərəncamı
ilə Lənkəran-Vilvan-Osaküçə-Türkəncil
avtomobil yolunun ikinci hissəsinin əsaslı təmirinə
başlanıb.
Ümummilli
lider Heydər Əliyevin 90 illik yübileyi ilə əlaqədar
Lənkəranda da geniş tədbirlər planı icra olunur. Ən
böyük tədbir isə ulu öndərin adını
daşıyan Xatirə parkının yenidənqurmadan sonra
açılışı olacaq. Bu Xatirə parkı lənkəranlıların
Heydər Əliyev şəxsiyyətinə bəslədikləri
sonsuz ehtiramın parlaq nümunəsi olacaq.
Əli
NƏCƏFXANLI
Xalq qəzeti.- 2013.- 28 aprel.- S. 9.