Şərəfli
ömür yolu
Böyük yunan filosofu Aristotel demişdir ki, yalnız ulu Tanrı tərəfindən seçilənlər, dərin zəkası, tükənməz məhəbbəti, istedad və bacarığı ilə öz xalqını ucaldanlar xalqla birgə ucalır, xalqla birgə yaşayırlar. Sağlığında böyük el məhəbbəti, sevgisi qazanmış, ölümündən sonra da ehtiramla xatırlanan, yad edilən Yunis Qəhrəman oğlu Rzayev də belələrindəndir.
Y.Rzayevə
həmişə nəinki sadə
insanlar, eləcə də respublika rəhbərliyi tərəfindən
böyük hörmətlə yanaşılmışdır.
O, buna çevik
rəhbərlik bacarığı, üzərinə
düşən vəzifəni
yerinə yetirmk üçün
gərgin səyi, insanpərvərliyi, Azərbaycana sonsuz məhəbbəti ilə nail olmuşdur. Xalqına,
Vətəninə dərin sevgi ilə
bağlananları isə tarix heç vaxt unutmur.
Onun
keçdiyi ömür yoluna nəzər salanda bunun bir daha
şahidi olursan. Ağlı, zəkası, uzaqgörənliyi
ilə böyük nüfuz
qazanan Y. Rzayev 1924-cü il may ayının 2-də Göyçə
mahalında-Basarkeçərin Şişqaya
kəndində dünyaya göz
açmışdır. Orta təhsil
aldıqdan sonra
1943-46-cı illərdə ordu
sıralarında xidmət etmiş, Zaqafqaziya Hərbi Dairəsi nəzdində siyasi məktəbdə oxumuşdur.
Daha sonra doğma yurda
qayıtmış, Ermənistan KP Basarkeçər Rayon Komitəsində təlimatçı kimi işə qəbul edilmişdir.
Y. Rzayev 1950-53-cü illərdə Bakı
Dövlət Universitetində təhsilini davam
etdirmiş, həmçinin Azərbaycan
KP MK nəzdində Ali Partiya
Məktəbini bitirmişdir.
O,
1950-ci ildən Basarkeçər Rayon Partiya Komitəsində
şöbə müdiri vəzifəsinə irəli çəkilmiş,
1953-cü ildə rayon icraiyyə komitəsinin sədri
olmuş, 1957-ci ildə Krasnoselo Rayon Partiya Komitəsinin birinci
katibi seçilmişdir.
Xalqın
etimadını qazanan, iqtisadiyyatın yüksəldilməsinə
tükənməz enerji sərf edən Y. Rzayev 1960-62-ci illərdə
Sov.İKP Mərkəzi Komitəsi yanında Ali Partiya Məktəbində
təhsilini davam etdirmiş, 1962-63-cü illərdə Martuni
Rayon Kolxoz-Sovxoz İstehsalat İdarəsində partiya təşkilatçısı,
1963-cü ildən 1965-ci ilə qədər isə
Basarkeçər Rayon Kolxoz-Sovxoz İstehsalat İdarəsi
partiya komitəsinin katibi vəzifəsində
çalışmışdır.
Y.Rzayev
1965-1966-cı illərdə Basarkeçər Rayon Partiya Komitəsinin
birinci katibi, 1968-70-ci illərdə Ermənistan Dövlət
Meşə Təsərrüfatı Komitəsinin sədr
müavini vəzifələrində işləmişdir.
O, Qərbi Azərbaycanda
yaşayan soydaşlarımızın arxa-dayağı
olmuş və onların erməni xəyanətinə tuş
gəlməməsi üçün bütün
imkanlarından istifadə etmişdir.
Y.Rzayev
1954-59-cu illərdə Ermənistan KP MK üzvlüyünə
namizəd, 1959-cu ildən isə üzvü olmuş, Sov.
İKP XXIII-XXIV qurultaylarının nümayəndəsi, VII
çağırış SSRİ Ali Sovetinin, IV, V, VI
çağırış Ermənistan SSR Ali Sovetinin
deputatı və respublika Ali Soveti Rəyasət Heyəti sədrinin
müavini seçilmişdir.
Y.Rzayev
Qərbi Azərbaycanda rəhbər vəzifələrdə
çalışarkən ermənilərin azərbaycanlılara
qarşı məkrli niyyətlərinin
qarşısını qətiyyətlə
almışdır. Müxtəlif sahələrdə azərbaycanlı
kadrlara üstünlük
vermişdir...Yeri gəlmişkən,
burada bir məqamı
da
xatırlatmaq istərdik. O, 1980-ci il avqust ayının 6-da ( o zaman Azərbaycan Respublikasl Dövlət Üzümçülük
və Şərabçılıq Komitəsinin sədri
işləyirdi) öz səsi ilə
audi-kasetə yazdırıb övladlarına yadigar
qoyduğu müraciətdə deyirdi: ...1918-ci ilin mart ayında daşnakların azərbaycanlıları
necə vəhşiliklə qırması barədə mənim
əlyazmam var. Orada
xüsusilə Andronik, Sulikov,
Tevosov və başqalarının təkcə Basarkeçərdə 7 min dinc azərbaycanlının qətli ilə nəticələnmiş
vəhşi əməlləri əks olunmuşdur.
Bütün bunları sizə
çatdırmaqda məqsədim odur ki, ermənilərin xalqımızın necə
böyük düşməni olduğunu heç vaxt
unutmayasınız...
Y.Rzayev
erməni xəyanəti üzündən Qərbi Azərbaycandan
Bakıya köçəndən sonra 1970-1973-cü illərdə
Şamaxı Rayon Partiya Komitəsinin birinci katibi, 1985-ci il
yanvarın 24-dən isə Dövlət
Üzümçülük və Şərabçılıq
Komitəsinin sədri vəzifələrində işləmişdir.
Böyük ictimai
xadim VIII, IX və X
çağırış Azərbaycan SSR Ali
Sovetinin deputatı olmuşdur.
Onun fədakar əməyi, xidmətləri
“Lenin”, “Oktyabr
inqilabı”, üç
“Qırmızı Əmək Bayrağı” ordeni,
9 medal və fəxri fərmanlarla qiymətləndirilmişdir.
SSRİ-yə
rəhbərliyi zamanı Azərbaycana qarşı
düşmənçilik mövqeyində dayanan Mixail Qorbaçov
respublikamızın tərəqqisinə, xüsusilə
üzümçülük sahəsində rekord göstəricilərə
nail olmasına qısqanclıqla yanaşmışdır. M.
Qorbaçovun “Sərxoşluğa və
alkoqolizmə qarşı mübarizə tədbirləri
haqqında” qərarı bunun bariz ifadəsidir.
Bu
qərara əsaslanılaraq böyük zəhmət,
min bir əzab-əziyyətlə
başa gətirilən on
minlərlə hektar üzüm
plantasiyalarına kotan salınmış, bununla da respublika
büdcəsinin üçdə birini təşkil
edən şərabçılıqdan gələn gəlirin
qarşısı bilərəkdən alınmışdır.
Bəli, bu, Mixail Qorbaçov tərəfindən Azərbaycana,
xalqımıza xəyanət idi...
Y.Rzayev
ulu öndər Heydər Əliyevə bütün qəlbi ilə
bağlı idi. Onun 1982-ci il iyunun 12-də öz dəsti-xəttilə
yazdığı xatirədə bununla
bağlı məqamlara diqqət yetirək:"...Azərbaycan
Respublikasl Dövlət Üzümçülük
və Şərabçılıq Komitəsinin sədri kimi fəaliyyətimdən doqquz
il ötdü. Bu sahə mənim üçün
ağlagəlməz və ixtisasıma uyğun
gəlməyən bir sahə idi. Azərbaycan KP MK-nın birinci
katibi Heydər Əliyevin dəvətilə 1973-cü il iyun ayının 12-də saat
11-də bu dahi şəxsiyyətin
qəbulunda oldum. O dövrdə
Şamaxı Rayon Partiya
Komitəsinin birinci katibi
işləyirdim. On dəqiqəlik
söhbətdən sonra Heydər Əliyevin
Üzümçülük və Şərabçılıq
Komitəsinin sədri vəzifəsini təklif etməsi mənim
üçün gözlənilməz oldu, nə etiraz edə, nə
də razılıq verə bildim. Bu, məsuliyyətli, bilik
və bacarıq tələb edən bir vəzifə
idi...Xəyalımdan heç vaxt keçmədiyinə
görə edilən bu təklifdən sonra ilk gündən etimadı
doğrultmağı qarşıma əsas vəzifə kimi qoydum. İndi
sevinirəm ki, bu vəzifəni
daşıdığım onuncu ilə təmiz
qəlblə, açıq ürəklə qədəm qoyuram...".
Yunis
Rzayevin yüksək rəhbərlik bacarığı,
kadrlarla işləmək qabiliyyəti, zəngin həyat təcrübəsi,
zəhmətsevərliyi və ən başlıcası isə
işdə tələbkarlığı barədə Kənd
Təsərrüfatı Nazirliyi icra aparatı rəhbərinin
müavini Tofiq Hüseynov dedi: “– Yunis müəllimlə
bağlı təəssüratlarım kövrək və
unudulmazdır. Öz soykökünə
söykənən, keçmişinə hörmətlə yanaşan etiqadlı və mehriban
bir insan idi. Adamların qəlbini, dərd-sərini
onların gözlərindən oxuyurdu.
...Yunis
Rzayev haqqında çox eşitmişdim, lakin onu ilk dəfə
Ermənistan SSR Nazirlər Sovetinin kənd təsərrüfatı
şöbəsində (1965-1971-ci illər) işlədiyim zaman
görmüşdüm və o vaxtdan ilıq ünsiyyətimiz
yaranmışdı. O, mənalı həyat
yolu keçmiş, həyat
təcrübəsi, el məhəbbəti qazanmış dövlət
xadimi idi. Bu hörməti, sevgini öz yüksək mədəniyyəti, nəcib
davranışı, işgüzarlığı, istedadı,
prinsipiallığı və xalqa
bağlılığı ilə qazanmışdı.”
Tofiq
Hüseynov daha sonra bildirdi: “– Respublikada
üzümçülük və şərabçılığın
təşəkkül tapması və onun intensiv surətdə
genişləndirilməsi ilə əlaqədar ümummilli
liderimiz Heydər Əliyevin xeyir-duası ilə bu sahəyə
məhz Yunis Rzayevin rəhbərlik etməsini xoş bir təsadüflə
bağlamaq sadəlövhlük olardı. Əslində, belə
bir seçimdə Y. Rzayevin respublika rəhbərliyinin
çoxşaxəli kursunu yaradıcılıqla həyata
keçirəcəyi amili mühüm rol oynamışdı.
Y.Rzayev
üzümçülük və şərabçılıqda
qabaqcıl təcrübə və texnologiyanın tətbiqinə
mühüm önəm verirdi. Bu, onun fəaliyyətində özünü
qabarıq göstərirdi. Yeri gəlmişkən,
bir məqamı xatırlatmaq istərdim. Yadımdadır, 1980-cı ilin
payız ayı idi. “Üzümün
yığılması və daşınmasında avtomatik idarə sistemi”, “Kənd təsərrüfatı məhsullarının
dağ şəraitində
daşınmasında monorelsin tətbiqi”
mövzularına dair Gürcüstanın
Telavi şəhərində Azərbaycan
və bu ölkənin rəhbər işçilərinin
iştirakı ilə seminar-müşavirə keçirilirdi.
Yunis müəllim müşavirədə
hər iki problemin həllinin
mühüm əhəmiyyətindən ətraflı çıxış
etdi. Gürcüstan
KP MK-nın kənd təsərrüfatı üzrə katibi həmin
çıxışdan sonra üzünü Y. Rzayevə tutub
dedi: “Siz nəinki üzüm və şərab
kralısınız, görünür,
mürəkkəb texnoloji proseslərin tətbiqi
sahəsində də krallıqdan geri
qalmırsınız”.
Kənd
Təsərrüfatı Nazirliyinin şöbə müdiri, əməkdar
kənd təsərrüfatı işçisi Sabir Vəliyev:
-Azərbaycanda üzümçülüyün
inkişafında misilsiz xidmətləri olan Yunis Rzayev ötən
əsrin ən parlaq simalarından biri idi. O,
Üzümçülük və Şərabçılıq
Komitəsinin sədri işləyərkən çox
böyük işlər görmüş, respublikanın
üç rayonunda calaq əkin materialı istehsal edən
calaqçılıq komplekslərinin tikintisinə və fəaliyyətinə
birbaşa rəhbərlik etmiş,
bu sahədə uğurlu nəticələrə nail
olmuşdur.
Y.Rzayev
komitə sədri vəzifəsində
çalışdığı dövrdə SSRİ Yeyinti Sənayesi
Nazirliyinin Baş Şərabçılıq İdarəsinin
rəisi Leonid Şayturo ilə Kanadada olmuş, orada geniş cərgəli,
yüksək ştamblı üzümlüklərin becərmə
sistemilə maraqlanmış və sonradan bu texnologiya Azərbaycanda
tətbiq edilməklə hektarın məhsuldarlığı
1,5 dəfə yüksəlmişdir.
Y.Rzayevin
rəhbərliyi sayəsində emal müəssisələrinin
nəzdində yardımçı təsərrüfatlar,
heyvandarlıq, quşçuluq və s. sahələr
yaradılmışdır. Sonralar SSRİ Yeyinti Sənayesi
sistemində bu sahənin araşdırılması zamanı
Azərbaycanın bu təcrübəsi keçmiş müttəfiq
respublikalar üçün nümunəvi iş metodu kimi qəbul
olunmuş və yayılmışdır.
Onun Üzümçülük və Şərabçılıq Komitəsinin sədri işlədiyi illərdə üzümçülük və şərabçılıq sahəsi özünün ən yüksək inkişaf mərhələsinə qalxdı. 1973-cü ildən başlayaraq ildə 20-25 min hektardan çox sahədə üzümlüklər salındı. Ümumi üzümlük sahələri 124 min hektardan 285 min hektara, məhsuldarlıq isə hər hektardan 43 sentnerdən 95 sentnerə, bəzi sovxozlarda isə 150-250 sentnerə çatdırıldı, ümumi məhsul isə 2 milyon 100 min tonu keçdi. Bundan başqa, 120-135 milyon dal şərab istehsal olundu, ayda Rusiya və digər regionlara 10-12 milyon dal və ya 2100-2200 dəmir yolu sisterni şərab göndərildi.
Xatırladaq
ki, o zaman respublikada məhsul istehsalının intensiv
inkişaf etdirilməsinin əsas səbəblərindən
biri də istehsal fondlarının artırılması idi. Belə
ki, əgər 1976-cı ildə Üzümçülük
və Şərabçılıq Komitəsinin bir təsərrüfatında
3,1 milyon manat əsas fondlar, o cümlədən 2,1 milon manat kənd
təsərrüfatı təyinatlı əsas istehsal
fondları düşürdüsə, bu göstərici
1982-ci ildə müvafiq olaraq 3,8 və 2,9 milyon manata
çatmış və yaxud 22,5 və 38,1 faiz
artmışdır.
Üzümlüklərdə
seyrəkliyin qarşısının alınması, yeni
tinglik təsərrüfatlarının yaradılması, dəmir-beton
dirəkləri istehsalı müəssisələrinin
tikintisi, ixtisaslı kadrların hazırlanması məsələlərinə
də xüsusi diqqətlə yanaşılırdı.
Respublikaya
yeni üzüm sortlarının gətirilməsi nəticəsində
kişmiş, süfrə üzümü istehsalı xeyli
artırıldı, şampan sortlarının sahələrinin
artırılması şampan zavodunun xamalla təminatı məsələsini
birdəfəlik həll etdi.
Yunis Rzayevin adı çəkilən komitəyə rəhbərliyi illərində əhalinin qış aylarında üzümlə təmin edilməsi məqsədilə tutumu 400-1000 ton olan çoxsaylı soyuducular tikilib quraşdırılmışdır. Dünya standartlarına uyğun gələn müasir konyak, şampan və şərab zavodlarının tikintisi xüsusilə diqqət mərkəzində olmuşdur. Bakıdakı 2 saylı şərab zavodu yenidən qurulmuş, Naxçıvanda şərabsüzmə müəssisəsi tikilmiş, mövcud zavodların istehsal gücü artırılmışdır. Moskva, Leninqrad, Rostov, İrkutsk, Kazan, Kemerovo, Bratsk şəhərlərində Azərbaycan şərabının istehsalı üçün iri müəssisələr yaradılmışdır. İstehsal olunan yüksək keyfiyyətli şərablar beynəlxalq sərgi və dequstasiyalarda öz layiqli yerini tutmuşdur. Azərbaycanda istehsal olunan şərab və konyaklar Bolqarıstanda, Yuqoslaviyada, Almaniyada, Çexoslovakiyada, Macarıstanda gümüş və qızıl medallara layiq görülmüşdür.
Respublikada
qısa müddətdə
üzüm istehsalının artırılması ilə yanaşı, üzüm qəbulu
və emalı zavodlarının tikilməsi, keçmiş
SSRİ-nin ayrı-ayrı şəhərlərindəki
şərab müəssisələrinin şərab və
konyakla təchiz edilməsi məhz dahi şəxsiyyət Heydər
Əliyevin rəhbərliyi altında Yunis Rzayevin səmərəli
fəaliyyətinin nəticəsi idi.
Vaqif BAYRAMOV
Xalq qəzeti.- 2013.- 28 aprel.- S. 10.