Geoloq-mühəndis, qazma işinin
mahir bilicisi
Xalqımızın zəngin təbii sərvəti
sayılan neft respublikamıza inkişaf və tərəqqi gətirməklə
yanaşı, ayrı-ayrı insanlar üçün də əsl
hünər meydanı, zəngin təcrübə məktəbi
olmuşdur.
Neft sənayesi ömrünü-gününü bu sahəyə
həsr etmiş çox adama böyük şöhrət
və nüfuz qazandırmışdır. Cahangir
Ələkbər oğlu Tariverdiyev də məhz belələrindəndir.
O, ötən
əsrin ortalarında Azərbaycanın neft sənayesində
çalışan həmkarları arasında bacarıqlı
mütəxəssis, öz peşəsinin vurğunu, qazma
işinin mahir bilicilərindən biri kimi tanınırdı.
Çətin və şərəfli bir həyat yolu
keçmiş C.Tariverdiyev ömrünün 40 ilə yaxın
bir dövrünü neft sənayesinə həsr etmiş,
respublikamızın quru ərazilərində yeni-yeni
yataqların açılmasına, qazma işlərinin
uğurla həyata keçirilməsinə böyük
töhfələr vermişdir. Möhkəm iradəsi,
cəsarəti, əməksevərliyi və qazma işlərinin
aparılması üçün irəli sürdüyü
mütərəqqi ideya və səmərələşdirici
təklifləri bu sahədə çalışan həmkarlarına
əsl örnək olmuşdur.
Cahangir
Tariverdiyev 1913-cü il may ayının 1-də
Qərbi Azərbaycanın Gümrü şəhərində
mühəndis ailəsində anadan olmuşdur. Atası Ələkbər
Tariverdiyev uzun
illər dəmir yolunda çalışmış, anası Zəhra
xanım isə evdar qadın olmuşdur. 1917-ci ildə Ələkbər
kişi və qardaşları ermənilər
tərəfindən öldürülmüş, ailənin
sağ qalan üzvləri isə didərgin düşərək
Bakı şəhərinə pənah gətirmişlər.
1922-ci ildə Cahangir Bakıdakı 48
saylı məktəbdə təhsil almağa
başlayır. 7 illik təhsili
başa vurduqdan sonra həmin il Sənaye
Texnikumuna daxil olur. 1934-cü ildə buranı əla qiymətlərlə
bitirən Cahangir bununla kifayətlənməyərək ali təhsil almaq qərarına gəlir. Elə
bu istəklə də sənədlərini o zamankı Məşədi
Əzizbəyov adına Neft İnstitutuna
(indiki Azərbaycan Dövlət Neft Akademiyası) verir. Qəbul imtahanlarını müvəffəqiyyətlə
verən Cahangir tələbə adını qazanır.
1939-cu ildə ali təhsilini uğurla
başa çatdıraraq mühəndis-geoloq ixtisasına yiyələnir.
O, elə həmin ildə “Əzizbəyovneft” Trestində əmək
fəaliyyətinə başlayır. 1940-cı
ilin yanvar ayında isə “Azneftkəşfiyyat” Trestinin
“Qaradağ” kəşfiyyat qrupuna mühəndis-geoloq vəzifəsinə
təyin olunur. Burada o, özünü gənc
mütəxəssis kimi yaxşı tərəfdən
göstərməyi bacarır. Lakin
Böyük Vətən müharibəsinin başlanması ilə
ölkənin rahatlığı pozulur. Xalq
təsərrüfatının bütün sahələri
kimi, neft sənayesi də cəbhə üçün
çalışmağa səfərbər olunur. Bununla da, Azərbaycan neftçilərinin üzərinə
ağır öhdəlik-cəbhəni yüksək keyfiyyətli
yanacaqla təmin etmək kimi çətin və məsuliyyətli
bir vəzifə qoyulur. Qəhrəman neftçilərimiz
bu ağır vəzifənin öhdəsindən gəlmək
üçün gecə-gündüz bilmədən
çalışırdılar. Təsadüfi
deyildi ki, 1941-ci ildə respublikamızda neft hasilatı kəskin
şəkildə artaraq rekord səviyyəyə—23 milyon 482
min tona çatmışdı. Azərbaycan
neftçilərinin bu şücaəti bütün SSRİ-yə
yayılmış, digər sahələrdə
çalışanlar üçün əsl nümunəyə
çevrilmişdi.
Həmin illərdə
respublikamızın neft sənayesində mühəndis
kadrlara yüksək tələbat olduğundan Cahangir
Tariverdiyevi cəbhəyə aparmır, ona neft
hasilatının artırılması üçün axtarış-kəşfiyyat
işlərinin sürətləndirilməsi ilə
bağlı mühüm tapşırıqlar verilir. Arxa cəbhədə
göstərdiyi fədakarlığı yüksək qiymətləndirilən
C.Tariverdiyev Azərbaycan SSR Neft Sənayesi Nazirliyi tərəfindən
“Böyük Vətən müharibəsində rəşadətli
əməyə görə”, “Qafqazın müdafiəsinə
görə” və “1941-45-ci illərdə Böyük Vətən
müharibəsində Almaniya üzərində qələbəyə
görə” medalları ilə təltif olunmuşdur.
...Sovet
ordusunun qələbəsi ilə başa çatan müharibə
ölkədə böyük dağıntılara səbəb
olmuş, xalq təsərrüfatının bütün sahələri
kimi, neft sənayesinə də ciddi təsir göstərmiş,
hasilat kəskin şəkildə azalmışdı. SSRİ-də başlanan geniş quruculuq işlərinin
əsas istiqamətlərindən biri də neft sənayesinin
işini yenidən canlandırmaq, hasilatın
artırılmasına nail olmaqdan ibarət idi. Bu işin
öhdəsindən isə yalnız savadlı, peşəkar kadrlar gələ bilərdi. Məhz buna
görə də
peşəkar işçilərə bir daha etimad
göstərilir, neft hasilatının artırılması ilə
bağlı onlara mühüm tapşırıqlar verilirdi. Belə bir şəraitdə 1947-ci ilin noyabr ayında
C. Tariverdiyevi “Azneftkəşfiyyat” Trestinin Çeildağ-Rəhim-Umbakı
qazma kontoruna direktor təyin edirlər. Onun ixtisasca
mühəndis-geoloq olması yataqların geoloji xüsusiyyətlərini
dərindən bilməsinə, qazma işlərinin uğurla
aparılmasına, quyu quruluşunun və qazma məhlulunun
parametrlərinin dəqiq seçilməsinə, bununla da
gözlənilən nəticələrin əldə edilməsinə
imkan yaradırdı. Məhz bunun nəticəsi idi ki, Kürətrafı
neftli-qazlı rayonlarında geoloji-kəşfiyyat işlərinin səviyyəsi
getdikcə artır, yeni-yeni quyular qazılaraq istismara verilirdi.
Bu da Azərbaycanda neft hasilatının tədricən
sabitləşdirilməsində mühüm rol
oynayırdı.
1949-cu ilin fevral ayında geoloji-kəşfiyyat sahəsindəki
biliyi və zəngin təcrübəsi nəzərə
alınaraq Cahangir Tariverdiyevi Çilov adasında aparılan
geoloji-axtarış qrupuna rəis vəzifəsinə göndərirlər. O burada işlədiyi
dövrdə dəfələrlə güclü
qasırğa ilə üzləşsə də, dənizin bu
şıltaqlığından qətiyyən çəkinmir,
tapşırılan işləri sonadək yerinə yetirməyə
müvəffəq olur.
Son dərəcə
mədəni, savadlı mütəxəssis, neft
geologiyasının mahir bilicisi, gözəl təşkilatçı
və inzibatçı, kollektivi qarşıya qoyulmuş vəzifələrin
həllinə səfərbər etmək qabiliyyəti kimi
mühüm keyfiyyətləri ilə rəhbərliyin
inamını qazanmış C.
Tariverdiyevə daha bir yüksək etimad göstərilərək
1949-cu ilin avqust ayında ona Sarıcalar isnad quyusunun
qazılması işlərinə rəhbərlik etmək həvalə
olunur. Həmin ilin oktyabr ayında isə onu yeni
yaradılmış 2 saylı qazma kontoruna rəis təyin
edirlər. O, burada çalışdığı illərdə
qısa müddətdə əmək intizamının
yüksəldilməsinə və qazma işlərinin səviyyəsinin
artırılmasına nail olur.
...Kürətrafı neftli-qazlı rayonuna daxil olan
perspektivli strukturlarda axtarış-kəşfiyyat və qazma
işləri günbəgün sürətlənirdi. Böyük bir qazma kontoruna rəhbərlik edən
Cahangir Tariverdiyevlə kollektiv arasında işgüzar, səmimi
münasibətlər yaranmışdı. Qazma işləri ilə bağlı bütün məsələlər
xırda detallarına kimi müzakirə olunur və birlikdə
həll edilirdi. Qazmaçılar onun rəhbərliyi
ilə neft yataqlarının açılmasında əsl qəhrəmanlıq
nümunəsi göstərirdilər.
Aşağı Kür neftli-qazlı rayonuna daxil olan
“Kürovdağ” yatağının açılmasında da
Cahangir Tariverdiyivin rəhbərlik etdiyi qazma kollektivinin misilsiz
əməyi olmuşdur. Xatırladaq ki, Bakıdan 120 kilometr cənub-qərbdə
yerləşən “Kürovdağ” sahəsində struktur-axtarış qazma
işlərinə 1955-ci ildə başlanmışdı. Respublikanın neft sənayesinin təchizat
bazalarından uzaqlıqda yerləşən bu ərazidə
qazma işlərinin aparılması olduqca cətin idi. Çünki yolsuzluq ucbatından qazma
avadanlığını və texnikanı ora vaxtında
catdırmaq ciddi çətinliklər yaradırdı. Bütün bunlara baxmayaraq, qazma kontorunun rəisi
Cahangir Tariverdiyevin xüsusi səyi və bacarığı
sayəsində mümkün vasitələrlə yollar düzəldilir
və bununla da çətinliklər qısa müddətdə
aradan qaldırlır, qazma işləri lazımi sürətlə
davam etdirilirdi. Nəhayət, 1955-ci il iyun ayının
18-də “Kürovdağ” yatağının mərkəzi sahəsində
qazılmış 2 saylı kəşfiyyat quyusu məhsuldar
qatın birinci horizontundan 31 ton neftlə istismara daxil edilir.
Bununla da, geoloqların “Kürovdağ” strukturunun dərinliklərində
zəngin neft ehtiyatlarının olması ilə bağlı nikbin
proqnozları tam təsdiqini tapır.
Bu, C.Tarıverdiyevin rəhbərlik etdiyi kəşfiyyatçıların
və qazmaçıların əldə etdkləri
böyük qələbə idi. Tezliklə buraya “Azdənizneftkəşfiyyat”
Trestinin Xıllı qazma məntəqəsindən briqadalar gəldi
və ərazidə qazma işlərinə
başlanıldı. Bununla da, əvvəllər
boş bir ərazinin olduğu yerdə əsl sənaye
tikintisi işlərinə başlandı. Daha
sonra 2 saylı qazma kontorunun müdiri C. Tariverdiyevin rəhbərliyi
ilə yatağın mərkəzi hissəsində qazma
işləri intensiv xarakter alır. Bununla
yanaşı, ərazidə axtarış kəşfiyyat
işləri davam etdirilir və çox keçməmiş
yatağın şimal-qərb və cənub-şərq hissələrinin
də neftliliyi aşkara çıxarılır.
Həmin
hadisədən düz 50 il keçdikdən sonra ARDNŞ-in
birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə
“Kürovdağ” yatağının kəşfi ilə əlaqədar
demişdir:- Ötən əsrin 50-ci illərinin əvvəllərində
keçmiş SSRİ-nın neft sənayesi rəhbərlərində
elə bir fikir yaranmışdı ki, Azərbaycandakı
karbohidrogen ehtiyatları tükənib və respublikanın
quru ərazisində irimiqyaslı geoloji-kəşfiyyat işlərinin
aparılmasına ehtiyac yoxdur. Lakin 1955-ci ildə
“Kürovdağ”, bir il sonra “Mişovdağ”, 1960-cı ildə
“Qarabağlı”, 1962-ci ildə “Kürsəngi” və digər
yataqların açılması Azərbaycanın alim-geoloq,
geofizik və digər mütəxəssislərinin bütün proqnozlarını
doğrultdu və respublikamızda geoloji-kəşfiyyat
işlərinin dayandırılması ilə bağlı
bütün çəhdləri heçə endirdi. İri “Kürovdağ”
yatağının işlənilməsi ilə, demək olar
ki, quruda neft hasilatının səviyyəsi sabitləşdi...
Fədakar insan, səriştəli mütəxəssis
Cahangir Tariverdiyevin rəhbərlik etdiyi
qazmaçıların gərgin əməyi ilə
qazılmış həmin quyuların əksəriyyəti bu
gün də neft verir. Bütövlükdə isə ötən dövr ərzində
“Kürovdağ” yatağından 40 milyon tondan artıq “qara qızıl”
çıxarılmışdır. Hazırda Azərbaycan
geoloqları və qazmaçılarının gərgin əməyi
nəticəsində ötən əsrin ortalarında
açılmış həmin yataqların xarici şirkətlərlə
birgə işlənməsi
uğurla davam etdirilir.
C.Tariverdiyev qazma texnologiyasının sirlərinə dərindən
bələd olmaqla yanaşı, qazma işləri zamanı
qarşıya çıxan texniki problemlərin qısa
müddətdə aradan qaldırılması yollarını,
istehsalat prosesində son dərəcə mühüm amil
sayılan əməyin təhlükəsizliyi ilə
bağlı məsələləri də yaxşı bilirdi. Bütün
bunlar nəzərə alınaraq 1967-ci ildə ona “Azneftkəşfiyyat”
trestinin texniki-təhlükəsizlik şöbəsinə rəhbərlik
etmək kimi mühüm bir vəzifə həvalə olunur.
Burada çalışdığı illərdə
tapşırılan işlərin öhdəsindən layiqincə
gəlməyi bacaran C. Tariverdiyev əvvəlki kollektivi ilə
səmimi, mehriban münasibətlərini də davam etdirir,
faydalı məsləhətləri ilə qazmaçılara
arxa-dayaq durur. Deyilənə görə,
vaxtilə rəhbərlik etdiyi kontor Kürdəmir rayonunun
Mollakənd kəndinə köçürüldükdən
sonra qazmaçılar “Muradxanlı” neft yatağını
açırlar. Yetirmələrinin bu
uğuru onun hədsiz sevincinə səbəb olur.
Yeri gəlmişkən, 1969-cu ilin yayında ulu öndər
Heydər Əliyev respublika rəhbərliyinə gəldikdən
sonra bütün sahələrdə olduğu kimi, neft sənayesində
də mütərəqqi texnologiyaların tətbiqinə,
istehsalat proseslərində texniki təhlükəsizlik məsələlərinə
əməl edilməsinə və əmək
intizamının möhkəmləndirilməsinə
qayğı və diqqət artırıldı. Bununla da, C.Tariverdiyevin
rəhbərlik etdiyi şöbədə sözügedən
sahələrə nəzarət xeyli gücləndirildi.
Amma gərgin
iş, fiziki və psixoloji yorğunluq
Cahangir Tariverdiyevin səhhətinə ciddi təsir göstərmişdi.
Onun gözləri getdikcə zəifləyir,
ayaqları taqətdən düşürdü. Bu səbəbdən də neft sənayesində təcrübəsinə,
bacarığına böyük ehtiyac olsa da o, təqaüdə
çıxmağa məcbur olur. Məşhur geoloq,
qazma işinin mahir bilicisi, Azərbaycanın neft sənayesinin
inkişafına mühüm töhfələr vermiş,
yaradıcı mühəndis, gözəl insan Cahangir Tariverdiyev uzun sürən
ağır xəstəlikdən sonra 1978-ci ildə vəfat
etmişdir. O, Azərbaycan neftçilərinin, onunla birlikdə
çalışanların yaddaşında daim yaşayır, xatirəsi hər
yerdə minnətdarlıqla yad edilir.
Hazırda
Dövlət Neft Şirkəti Kompleks Qazma İşləri Trestinin
baş texnoloqu vəzifəsində çalışan Mirələkbər
Əliyev Azərbaycan neft sənayesinin fədailərindən
olmuş Cahangir Tariverdiyevi belə xatırlayır:— Mən institutu bitirib əmək fəaliyyətinə
başlayanda Cahangir müəllim artıq respublikamızın
neft sənayesinin kifayət qədər hörmət və
nüfuz qazanmış şəxslərindən
sayılırdı. Sonralar “Azneftkəşfiyyat” Trestində
onunla birgə çalışdığım illərdə
də bunun bir daha şahidi oldum. O, mənim yaddaşımda
gözəl insan, səmimi dost, gülərüz, mehriban, son
dərəcə qayğıkeş, xeyirxah və alicənab
bir şəxs kimi qalmışdır. Cahangir
Tariverdiyev öz təcrübəsini gənc kadrlardan heç
zaman əsirgəməz, onlara faydalı məsləhətlər
verərdi. İxtisasca geoloq olsa da, Babazanlı qazma
kontoruna rəhbərliyə başlayanadək özünü qazma işinin mahir bilicisi kimi
tanıda bilmişdi. Yeri gəlmişkən onu
da deyim ki, geologiya bütün neft sənayesinə, o cümlədən
qazmaya istiqamət verən vacib bir sahədir. Təsadüfi deyildi ki, Kürətrafı
neftli-qazlı rayonu kimi mürəkkəb geoloji xüsusiyyətlərə
malik bir ərazidə qazma işlərinin aparılması məhz
C. Tariverdiyevin rəhbərlik etdiyi qazma kollektivinə həvalə
olunmuşdu. Mübaliğəsiz demək olar ki, Cahangir
müəllim 25 ildən artıq bir müddətdə
böyük bir qazma idarəsinə şərəflə rəhbərlik
etmişdi ki, bu da o zaman hər kəsə nəsib olan iş deyildi.
Mən Azərbaycan
neft sənayesinin parlaq simalarından olan Əsəd Rüstəmbəyovun,
Süleyman Vəzirovun, Baba Babazadənin, Tofiq Rüstəmbəyovun,
Bəxtiyar Məmmədovun, Əhməd Əhmədovun və
digərlərinin Cahangir Tariverdiyevə necə rəğbət
bəslədiklərini, onun adını həmişə
ehtiramla çəkdiklərinin dəfələrlə
şahidi olmuşam. Tabeliyində olan
işçilərin hamısı ondan razı idilər.
Bütün bunlara isə o öz qayğıkeşliyi və
sadəliyi sayəsində nail olmuşdu. Yaxşı
xatırlayıram: 1968-ci il idi. Cahangir Tariverdiyev trestdə texniki təhlükəsizlik
şöbəsinin müdiri vəzifəsində
çalışırdı. “Şirvanneft”
NQÇİ-nin ərazisində qazma zamanı bir quyu
ildırım vurması səbəbindən yanmağa
başlamışdı. Cahangir müəllimlə
bərabər mən də hadisə yerinə getməli oldum.
Təsəvvür edin ki, orada onu necə
böyük sevinclə qarşıladılar. İşçilərin xahişi ilə o, bir
neçə gün orada qalıb yanmış buruğun bərpasına
yaxından kömək etdi. Çox cəsarətli və
çalışqan idi, hamının işinə
yarayardı...
Cahangir Tariverdiyev
övladlarının da neftçi olmasını istəyirmiş.
Amma taleyin hökmü ilə onlar tamam başqa
peşələri seçmişlər. Belə
ki, ailənin yeganə qız övladı Sevil müəllim
peşəsini seçmiş və ömrünün sonunadək
Bakı Slavyan Universitetində dosent kimi
çalışmışdır. Böyük
oğlu Emil əməkdar inşaatçı kimi
Çernobıl faciəsinin nəticələrinin aradan
qaldırılmasında fəal iştirak etmiş, Ermənistanda
baş vermiş zəlzələdən ziyan çəkmiş
soydaşlarımıza yaxından kömək göstərmişdir.
Ailənin kiçik oğlu Cəlil isə uzun
illər müxtəlif yüksək dövlət vəzifələrində
çalışmış, Azərbaycanın ən çətin
vaxtlarında öz əməyini əsirgəməmişdir.
O, Qarabağ müharibəsinin veteranıdır. Xocalı və
Şuşa əhalisi həmin faciəli günlərdə və
sonralar Cəlil
Tariverdiyevin onlara göstərdiyi
köməyi heç zaman yaddan çıxarmır.
C.Tariverdiyev, həm də gözəl ailə
başçısı, qayğıkeş ata olmuşdur. Təsadüfi
deyil ki, bu gün o, övladlarının, nəvələrinin,
qohum-əqrəbasının yaddaşında məhz bu
cür qalmışdır. İndi ailə üzvləri
bir yerə yığışanda bu nəcib və mehriban
insanla bağlı xatirələri həmin xoş anları
bölüşürmüş kimi bir daha yada salırlar.
Cəlil
Tariverdiyev (oğlu): — Atam işini dərindən sevən adam idi. Onun gecəsi-gündüzü iş
yerində—buruqlarda keçərdi. Ayda yalnız
bircə dəfə şənbə günü macal tapıb
evə gələrdi. Atam hərdən anamla məni
Bakıdan uzağa-iş yerinə aparardı. Mən
qazmaçıların işi ilə maraqlanmağı
xoşlayardım. O da marağımı nəzərə
alıb bəzi məsələləri mənə izah edərdi.
Qazma prosesində quyularda tez-tez yanğın
hadisələri baş verərdi. Lakin
yanğınsöndürənlər bunun
qarşısını vaxtında alırdılar.
Atamın iş yerində böyük nüfuza malik
olduğunu öz gözümlə görmüşəm. Buruqquraşdırma kontorunun direktoru Məmmədsadıx
Əlizadə və akademik Ədhəm Şıxəlibəyli
atamın ən yaxın dostları idi. Onlar
qazma işlərinin düzgün aparılmasında atama həmişə
kömək edər, faydalı məsləhətlər verərdilər.
Atam deyərdi ki, Ədhəm müəllim bütün Azərbaycanı
qarış-qarış gəzib, yerin üstünü də
bilir , altını da, onun dedikləri həqiqətdir.
Rəna
xanım (gəlini): – Cahangir müəllim olduqca sanballı,
ağır adam idi. Çox
danışmağı sevməzdi. Yaxın
qohumları arasında XX əsrin əvvəllərində cərəyan
edən inqilabi mübarizənin önündə gedənlər
çox olmuşdu. Amma rəhmətlik
qayınatam heç vaxt siyasi məsələlərə
qarışmazdı. Bəlkə də ona görə
idi ki, inqilabi fəaliyyətin acı nəticəsini
görmüş bir adam kimi ağır zəhmət
tələb edən bir işdə çalışmasına
baxmayaraq, yorğunluğunu qətiyyən büruzə verməzdi.
O, çox ailəcanlı və səmimi idi, övladlarını həddindən artıq sevərdi.
Evdə olduğu qısa müddətdə oğlanları
Emil və Cəlili, qızı Sevili, kürəkəni
Kamili, eləcə də məni və digər gəlini
Tamillanı bir masa ətrafına toplayar, vaxtının xeyli
hissəsini nəvələrinə həsr edərdi. Qızımıza anası Zəhranın
adını qoymuşdu və onu “anam”- deyə
oxşayardı. Zəhməti, alın təri ilə
dolanan adam idi. Yeni quyular
fontan vuranda yaxşı mükafat alardı. O
mükafatın sevincini də ailəsi ilə bölüşərdi.
Olduqca sakit təbiətə malik idi, heç
vaxt səsinin tonunu qaldırmazdı. Ailədə
böyük nüfuza malik, son dərəcə ədalətli
adam idi. Bu səbəbdən də onun bir sözünü iki
eləməzdik.
... Azərbaycan
neft sənayesinin adlı-sanlı simalarından biri,
geoloq-mühəndis Cahangir Tariverdiyevin anadan olmasının
100 ili tamam
olur. Respublikamızın neft sənayesinin
inkişafı naminə çalışaraq bu sahədə
yüksək qəhrəmanlıq nümunəsi göstərmiş
C.Tariverdiyev kimi insanlar, sözün əsl mənasında, hər
cür hörmətə və ehtirama layiqdirlər.
Mirbağır YAQUBZADƏ
Xalq qəzeti.- 2013.- 28 aprel.- S. 10.