Müasir, qüdrətli Azərbaycan dövlətinin memarı, xalqımızın şəriksiz lideri

 

Bu qəbildən olan yazıları qələmə alan ziyalılarımız həmişə belə bir fikir səsləndirirlər ki, öz xalqının və dövlətinin həyatında heç kəsə bənzəməyən rol oynamış şəxsiyyətlər tarixin bütün dönəmlərində olub. Amma onların  ümumi mənafelər uğrunda siyasi mübarizə meydanına atıldığı zamanlar bir-birindən çox fərqlənib. Bizim fikrimizcə, hansısa müəyyən bir zaman çərçivəsindəki siyasi mübarizə  məfhumunu Heydər Əliyevin taleyinə və xilaskarlıq missiyasına şamil etmək mümkün deyil. Çünki Heydər Əliyevin həyatının siyasi mübarizədə keçən  konkret bir zamanı, dövrü olmayıb. O, özünün şüurlu həyatının  başdan-başa hamısını  məhz siyasi mübarizəyə həsr etmiş, xalqın və milli dövlətçilyin xidmətində olmuşdur. Bu qənaəti ulu öndərin həyat tarixçəsinin istənilən səhifəsini vərəqləmiş  hər hansı bir oxucu çox yaxşı bilir.

Heydər Əliyev ömrünün Dövlət Təhlükəsizliyi Komitəsində keçən illəri yüzlərlə soydaşımızın ağır ittihamlardan və təzyiqlərdən qurtulması ilə müşayiət  olunmuşdusa, onun respublikamıza rəhbərlik etdiyi 1969- 1982-ci illər bütövlükdə xalqımıza xidmət üstündə köklənmişdi. Ulu öndər həmin illərdə Azərbaycanın sosial-iqtisadi, ictimai-siyasi, elmi-texniki  və ən başlıcası, mədəni inkişafının sürətləndirilməsi   üçün nələr etməmişdi? O zamana qədər aqrar respublika kimi tanınan Azərbaycanın sürətlə inkişaf edən sənaye respublikasına çevrilməsi, Azərbaycan dilinin Konstitusiya səviyyəsində dövlət dili elan olunması, respublika alimlərinin elmi nailiyyətlərinin beynəlxalq aləmə çıxarılması,  daha çox milli kadrların yetişdirilməsi üçün ölkə təhsilində köklü islahatların aparılması, yaradıcı ziyalılarımızın ümumittifaq miqyasında təbliği və onların əməyinin yüksək qiymətləndirilməsi kimi məsələlər ulu öndərin əsas məqsədlərindən idi və o, həmin məqsədlərə ən yüksək səviyyədə çatmağın mahir ustası olduğunu az qala hər il sübuta yetirirdi.

Ulu öndər Azərbaycandan kənarda yaşadığı dövrdə, Moskvada SSRİ rəhbərlərindən biri kimi fəaliyyət göstərdiyi illərdə də onun kölgəsi respublikamızın üstündən əskik olmurdu. Hətta onun bütün vəzifələrdən istefa verərək  Moskvada sadə bir vətəndaş kimi yaşadığı müddət də xalqımız üçün mühüm əhəmiyyət kəsb edən hadisələrlə zəngin olmuşdur. Məsələn, 1990-cı ilin yanvarında Azərbaycanda böyük vüsət alan xalq azadlıq hərəkatını hələ beşikdə ikən boğmaq istəyən Mixail Qorbaçovun  Bakıya qoşun yeridərək çoxsaylı insanın qanını tökməsindən dərhal sonra bilavasitə Moskvada - Kremlin gözünün qabağında SSRİ rəhbərliyini ittiham edən bəyanatlar söyləyən Heydər Əliyev bu addımıyla Azərbaycan azadlıqsevərlərinin tək olmadığını sübuta yetirmiş, onları daha mütəşəkkil mübarizəyə ruhlandırmışdı. Sonralar bir çox  görkəmli ziyalıların etiraf etdiyi kimi  Heydər Əliyevin adının əvvəlindəki ümummilli lider ifadəsini təkcə həmin tarixi hadisə tamamlayırdı.

Ulu öndərin Moskvadan qayıtdıqdan sonra başlanan  Naxçıvan fəaliyyəti müasir tariximizin ən şanlı səhifələrindən idi. Çünki həmin illərdə ulu öndər birinci müstəqil dövlətimizin atributlarından olan üçrəngli bayrağımızı rəsmi olaraq   muxtar respublikanın bayrağı kimi qaldırmış, Naxçıvanın adından sovet və sosialist sözlərinin çıxarılmasına nail olmuş, SSRİ-nin saxlanılması məqsədiylə keçirilən ümumrespublika referendumunun Naxçıvanda da keçirilməsinin qarşısını almışdı. Ən başlıcası isə bu gün regionun ən qüdrətli siyasi təşkilatı olan Yeni  Azərbaycan Partiyası bilavasitə Heydər Əliyev ziyasına toplaşan Azərbaycan ziyalılarının təşəbbüsü ilə 1992-ci ilin noyabrında Naxçıvanda yaradılmışdı.

Siyasət diletantlarının təcrübəsizliyi və bu məqamdan məharətlə istifadə edən bədxahlarımızın çoxsaylı təxribatları nəticəsində ölkəni xaos və anarxiya bürüyəndə, respublika vətəndaş müharibəsinin bir addımlığına gətiriləndə, milli dövlətçiliyimiz məhv olmaq, ölkə ərazisi parçalanmaq təhlükəsi ilə üz-üzə qalanda  milli ziyalılıq simvolumuza çevrilmiş insanlar Heydər Əliyevin Naxçıvandan Bakıya gəlməsini təkidlə tələb etdilər.  Xalqın bu çoxsaylı çağırışlarına özlərinin törətdiyi problemlərin əlində əsir-yesir qalmış AXC- Müsavat iqtidarının rəhbərləri də qoşuldular. Xalq Heydər Əliyevi milli dövlətçiliyimizi qorumaq üçün çağırırdısa, iqtidar rəsmiləri özlərinin ortaya gətirdikləri adamların verəcəyi qanuni və ya qeyri qanuni cəzalardan xilas olmaq üçün daxili sabitliyin yaranmasını arzulayırdılar. Onlar bilirdilər  ki, bu sabitliyi ancaq və ancaq Heydər Əliyev yarada bilər.

Ümummilli liderimizin Naxçıvandan Bakıya gəlişi sözün həqiqi mənasında milli dövlətçiliyimiz üçün qurtuluş, Azərbaycan xalqı üçün isə misilsiz bir nicat oldu. İlk növbədə hamının gözlədiyi daxili sabitliyə imza atıldı.  Sonra ölkə beynəlxalq aləmə açıq elan edildi və həmin inteqrasiya meylləri əcnəbilərin Azərbaycana marağını artırdı. Bu isə gənc müstəqil respublikamız üçün hava və su kimi lazım idi. Tezliklə Azərbaycan NATO-nun Sülh Naminə Tərəfdaşlıq Proqramına qoşuldu və bu amil öz havadarlarının dəstəyi ilə respublikamızın torpaqlarını işğal edən Ermənistanın hərbi yürüşlərinin qarşısının alınmasında mühüm rol oynadı. 1994-cü ilin  mayında  Ermənistanla Azərbaycan arasında atəşkəs müqaviləsi imzalandı və bununla da ikinci dəfə əldə etdiyimiz dövlət müstəqilliyi uçurumun bir addımlığında xilas edildi. Azərbaycanın hərtərəfli inkişafını təmin etmək məqsədiylə köklü hüquq islahatlarına start verildi, ilk Konstitusiya qəbul edildi, milli parlament formalaşdırıldı, iqtisadi böhrandan çıxış yolları tapıldı və ən başlıcası, Xəzərin Azərbaycan sektorundakı karbohidrogen ehtiyatlarının müşrərək işlənməsi məqsədiylə dünyanın aparıcı neft şirkətlərinin yaratdığı konsorsiumla Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında Hasilatın Pay Bölgüsü (“Əsrin müqaviləsi”) adlı möhtəşəm sənəd imzalandı. Bütün bunlar Heydər Əliyev müdrikliyinin və siyasi uzaqgörənliyinin nəticəsi idi.

Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev  dövlətimizin uğurları ilə bağlı istənilən tribunadan çıxış edərkən bu nailiyyətlərin təməlində ümummilli lider Heydər Əliyevin siyasi dühasının dayandığını söyləyir. Aprelin 12-də Bakıda Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu  məzunlarının I Ümumdünya Forumunda çıxış edən Prezident İlham Əliyev Azərbaycanın dövlət müstəqilliyinin ilk illərini yada salaraq demişdir: “ Müstəqillik illəri çox mürəkkəb şəraitdə başlanmışdı, çox ziddiyyətli proseslər gedirdi, müstəqilliyin ilk illəri hərc-mərclik, anarxiya, özbaşınalıq, vətəndaş müharibəsinə və sadəcə iqtisadi kollapsa gətirib çıxarmış iğtişaş illəri idi. Sənaye staqnasiya vəziyyətində idi, Azərbaycanın müstəqil dövlət kimi inkişaf perspektivləri çox böyük sual altında idi. Lakin ən həlledici anda Azərbaycan xalqının müdrikliyi özünü onda göstərdi ki, xalq Heydər Əliyevə müraciət etdi və onu ölkəni ağır böhrandan çıxarmağa çağırdı. Hətta statistikaya nəzər salsaq, iqtisadi və siyasi prosesləri müşahidə etsək görərik ki, 1993-cü ildən sabitləşmə dövrü başlandı. Azərbaycan informasiya blokadasından çıxdı, qonşu ölkələrlə, region ölkələri ilə müstəqilliyin ilk illərində tamamilə korlanmış əlaqələri yenidən qurub möhkəmlətdi və sabitləşmə, inkişaf, dünya birliyinə inteqrasiya dövrü başlandı. Sonradan bu proseslər genişlənmiş və artıq 2000-ci illərdən başlayaraq Azərbaycanın inkişaf dinamikası  gündəlik həyatda da, ölkəmizin artan beynəlxalq nüfuzunda da təzahür etməyə başladı.”

Təbii ki, ulu öndər Heydər Əliyev barədə söz açan istənilən sahənin mütəxəssisi  onu özünün çalışdığı sahənin himayədarı kimi qiymətləndirir, daha çox məhz bu sahəyə qayğı göstərdiyini söyləyir. Mən bunu neftçilərdən də eşitmişəm, həkimlərdən də, dəmiryolçulardan da, yaradıcı insanlardan da. Hamısı da haqlıdır. Ancaq mənə elə gəlir ki, ulu öndərin ən çox qayğı göstərdiyi, daim diqqət mərkəzində saxladığı  birinci sahə bilavasitə ölkənin təhsil sistemi idi. “Mən müəllim adından şərəfli bir ad tanımıram”- deyən ulu öndərimizin Azərbaycan təhsilinin inkişafı naminə həyata keçirdiyi tədbirlər haqqında biz müəllimlər hər birimiz az qala hər gün yazır, söz açırıq. O böyük ömrün bütün mərhələlərini hər dəfə səhifələyəndə ulu öndərimizin təhsil sisteminə verdiyi önəmin daha bir nümunəsi ilə tanış oluruq. Ancaq bu gün  bizim üçün məmnunluq gətirən haldır ki, ulu öndərin təhsilə, elmə, mədəniyyətə və digər sahələrə göstərdiyi qayğını ölkə Prezidenti cənab İlham Əliyev daha yüksək səviyyədə davam etdirir. Məsələn, üzdə sadə görünən, fəqət, milli təhsilimiz üçün mühüm əhəmiyyət kəsb edən bir məsələni yada salaq. Heydər Əliyev 1970-1987-ci illərdə Azərbaycandan kənarda təhsil almış mütəxəssislərin 1998-ci ildə keçirilən ümumrespublika toplantısında bildirmişdi ki, gənclərin xaricdə təhsil almasından ötrü dövlət proqramı hazırlanmalıdır. Toplantıda həmçinin milli-mənəvi fondun yaradılması ideyası da vacib məsələ kimi qeyd olunmuşdu. Bu ideya məhz cənab İlham Əliyevin prezidentliyi dövründə gerçəkliyə çevrildi.  Prezidentin milli təhsilimizin daha da inkişaf etdirilməsi məqsədiylə imzaladığı iyirmiyə qədər Dövlət Proqramının hər biri xüsusi əhəmiyyət kəsb etsə də, həmin proqramların biri -  “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı” daha yüksək qiymətləndirilir. Çünki bu proqramda ortaya qoyulan məqsəd  bilavasitə ulu öndərin arzusu idi. Yeri gəlmişkən, həmin proqrama müvafiq olaraq hər il 500-dən yuxarı gənc xarici ölkələrin nüfuzlu universitetlərində təhsil alırlar. Proqram üzrə xarici ölkələrin ali təhsil ocaqlarına, hətta magistratura və doktorantura səviyyəsində də göndərişlər həyata keçirilir.  2008-ci ildə Moskva Dövlət Universitetinin Bakı filialının açılması da  Azərbaycan təhsili üçün çox əlamətdar hadisə idi.   Başqa bir məsələyə diqqət çəkək. Belə ki, elmin inkişafı olmadan təhsilin, təhsilin inkişafı olmadan isə elmin inkişafı mümkün deyil. Bu, bir həqiqətdir. Məhz həmin həqiqəti nəzərə alan Prezident İlham Əliyevin 2009-cu ilin oktyabrında  imzaladığı sərəncamla Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun yaradılması  fundamental elmi tədqiqatların stimullaşdırılması, ölkənin təbii resurslarının, mədəni və tarixi irsinin öyrənilməsinin gücləndirilməsi, elmin müxtəlif sahələrində aparılan araşdırmaların səmərəliliyinin artırılması məqsədi ilə əsaslandırılır. Bundan əlavə, yeniyetmələrin VI Beynəlxalq Elm Olimpiadasının 2009-cu ilin dekabr ayında Azərbaycanda keçirilməsi gənc nəslin elmə  və təhsilə marağının daha da artırılması, onların yaradıcılıq potensialının üzə çıxarılması baxımından son dərəcə əhəmiyyətli olmuşdur.  Ulu öndərin elmə və təhsilə qayğısının davam etdirilməsi sahəsində YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da kifayət qədər layihələr reallaşdırmışdır. Fond yaradıldığı vaxtdan etibarən elm, təhsil, səhiyyə, mədəniyyət sahəsində bir çox  genişmiqyaslı  layihələr həyata keçirmişdir. Fondun təhsilə verdiyi qiymət dahi rəhbərin bu sahədəki fəaliyyətinin davamı və günün tələblərinə uyğun surətdə tədbirlərin görülməsi kimi səciyyələndirilir. Biz - Bakı Şəhəri üzrə Təhsil İdarəsi olaraq Respublika Təhsil Nazirliyinin rəhbərliyi altında ulu öndər Heydər Əliyevin və dövlətimizin təhsilə göstərdiyi qayğıya cavab olaraq  daha böyük uğurlara imza atmaq əzmindəyik. Bunun üçün isə ilk növbədə müəllimlərimizin və şagirdlərimizin Heydər Əliyev irsini dərindən bilməsi, öyrənməsi vacibdir. Odur ki, biz təkcə ulu öndərin doğum günləri və yubileyləri ərəfəsində deyil, bütövlükdə istənilən tədris ili boyunca ulu öndərin həyatının və fəaliyyətinin öyrənilməsi, təbliğ olunması məsələlərini bir vəzifə kimi qarşıya qoyuruq. Təkcə ötən ilin sentyabrından bu günə qədər paytaxtın bütün məktəblərində  Heydər Əliyev mövzulu beş mühüm layihə reallaşdırmışıq.  Bu layihələr sırasında ulu öndərin 90 illik  yubileyi münasibətilə elan etdiyimiz “Heydər Əliyev və müstəqil Azərbaycan” rəsm müsabiqəsi  və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi ilə birlikdə həyata keçirməyə başladığımız “Mən azərbaycanlıyam” yaradıcılıq müsabiqəsi paytaxtın təhsil sistemi tərəfindən daha böyük maraqla qarşılanıb. Elə Xocalı mövzusunda elan etdiyimiz “İnsanlığa səslənirik!” adlı inşa müsabiqəsində də şagirdlər ulu öndərin xilaskarlıq missiyasını, ermənilərin beynəlxalq aləmdə təklənməsi istiqamətində həyata keçirilən möhtəşəm layihələri böyük məhəbbətlə qələmə almışlar. Bu faktlar bir daha onu göstərir ki, ulu öndər Heydər Əliyev təkcə xalqımızın yetgin nəslinin deyil, eləcə də yenicə həyata atılan istənilən soydaşımızın ürəyindədir, qəlbindədir.

Sonda bir məsələni   yada salaq.  Prezident İlham Əliyev haqlı olaraq qeyd edir ki, təbii sərvətlər tükənən dəyərlərdir, ancaq təhsil, bilik, elm əbədi, hər bir ölkənin güclənməsinə töhfə verən amildir. Biz bu dəyərləri qorumağı inkişaf etdirməyi ulu öndər Heydər Əliyevdən öyrənmişik. Ona görə həmişə qarşımıza  uğurlar çıxır.

 

 

Nailə RZAQULİYEVA,

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri,

YAP  Nəsimi rayon təşkilatı idarə

heyətinin üzvü, əməkdar müəllim

 

Xalq qəzeti.- 2013.- 30 aprel.- S. 4.