Heydər Əliyev
və məhkəmə-hüquq islahatları
1991-ci ilin oktyabrında Azərbaycan
Respublikası öz dövlət müstəqilliyini
elan etdi və ölkəmiz
demokratik, hüquqi
dövlət quruculuğu yolunu
seçdi. Amma buna baxmayaraq, müstəqilliyin
ilk illərində hüquqi
dövlət quruculuğu prosesini
reallaşdırmaq heç də asan olmadı.
1991-1993-cü
illərdə müstəqilliyini yenicə qazanmış Azərbaycan
Respublikası üçün əsl sınaq dövrü
oldu. Həmin illərdə öz tarixinin ən mürəkkəb
dövrlərindən birini yaşayan Azərbaycanda xaos,
özbaşınalıq, siyasi savadsızlıq və naşı idarəçilik
hökm sürürdü. Ölkəmiz vətəndaş
müharibəsi təhlükəsi ilə üzləşmişdi.
Digər tərəfdən, aqressiv separatizm meyilləri və
torpaqlarımızın bir hissəsinin Ermənistan tərəfindən
işğal olunması müstəqilliyimiz üçün
ciddi təhlükəyə çevrilmişdi. Məhz belə
bir ağır şəraitdə xalqın təkidi ilə
ümummilli lider Heydər Əliyev hakimiyyətə
qayıtdı. “Mən ömrümün qalan hissəsini də
xalqıma bağışlayıram” deyən ulu öndərin
şəxsi nüfuzu və qətiyyəti sayəsində
qısa müddət ərzində
Azərbaycanda sabitlik təmin edildi.
Demokratik
dəyərlərə əsaslanan hüquq sisteminin
formalaşdırılması insanların hüquq və
azadlıqlarını müdafiə etməyə, azad,
müstəqil ədalət mühakiməsinin bərqərar
olmasına yönəlmiş məhkəmə-hüquq
islahatlarının həyata keçirilməsini zəruri
etmişdir. Ümummilli lider Heydər
Əliyevin zəngin təcrübəsi, yüksək siyasi və
hüquqi düşüncəsi
sayəsində bu zərurət
vaxtında dərk edildi və onun gerçəkliyə
çevrilməsi üçün lazımi zəruri tədbirlərin
həyata keçirilməsinə başlanıldı. Belə
ki, məhz Heydər Əliyevin uzaq görən siyasəti və
daxili siyasi iradəsi dövlət
quruculuğu prosesində ilk əvvəl məhkəmə-hüquq
sahəsində islahatların aparılmasına
başlanmasını reallaşdırdı.
Hüquqi,
demokratik və dünyəvi dövlətin əsaslarını
yaratmaq məqsədilə ümummilli lider Heydər Əliyevin
rəhbərliyi altında müstəqil Azərbaycanın ilk
Konstitusiyası hazırlandı və 1995-ci il noyabr
ayının 12-də ümumxalq referendumu vasitəsilə qəbul
edildi. Konstitusiyada ilk dəfə hakimiyyətlərin
bölgüsü, insan hüquq
və azadlıqlarının üstünlüyü və təminatına,
eləcə də digər demokratik prinsiplərə əsaslanan,
müstəqil və bir-biri ilə qarşılıqlı əlaqədə
fəaliyət göstərən hakimiyyətin üç
qolu – icra, qanunvericilik və məhkəmə
hakimiyyətləri təsbit edildi.
Hüquqi
islahatların həyata keçirilməsi, demokratik təsisatların
və qanunun aliliyi prinsipinin möhkəmləndirilməsi sahəsində
qanunvericilik, icra və məhkəmə hakimiyyətlərinin
qarşılıqlı fəaliyyətinin təmin eilməsi məqsədilə
1996-cı ildə Hüquqi İslahat Komisiyası
yaradıldı. Bu komissiya ilkin mərhələdə
reallaşdırılacaq hüquqi islahatların prioritetlərini
müəyyən etdi və
Sovetlər İttifaqından miras qalmış hüquq
sisteminin fəlsəfəsini tamamilə dəyişdi.
Ölkəmizin
Avropa təsisatlarına
inteqrasiyası məqsədilə 1998-ci il iyun ayının
8-də Avropa Şurası və Azərbaycan Respublikası
arasında əməkdaşlıq proqramı qəbul olundu.
“İnsan hüquqlarının və əsas
azadlıqlarının müdafiəsi haqqında” Avropa
konvensiyasının müddəaları nəzərə
alınmaqla yeni qanunların hazırlanmasına
başlanıldı. 1997-ci ildə Azərbaycan Respublikası
Konstitusiyasında bəyan edilmiş məhkəmə hakimiyyətinin
müstəqilliyinin təminat
tapdığı və məhkəmə hakimiyyətinin
müstəqil fəaliyyət göstərməsinə zəmin
yaradan “Məhkəmələr
və hakimlər haqqında” Qanun qəbul olundu. Qanun yeni məhkəmə
sistemini, onun təşkilati əsaslarını, məhkəmələrin
və hakimlərin müstəqilliyinin təmin edilməsinə, hər kəsin
hüquq və azadlıqlarının məhkəmədə
müdafiəsinə təminatın verilməsinə yönəlmişdir.
Ölkəmizdə birinci, apellyasiya və kassasiya
instansiyalı üçpilləli məhkəmə sistemi
formalaşdırıldı. İlk dəfə olaraq qanunverici
həbs olunmuş və tutulmuş hər bir kəsin
tutulmasının qanuniliyi məsələsinin həll edilməsini
məhkəmələrə həvalə edir. Qanun hakimlərin
müstəqilliyinə zəmanət verir. Hakimlərin
müstəqilliyi onların səlahiyyətləri
dövründə siyasətsizləşdirilməsi, dəyişməzliyi
və toxunulmazlığı, vəzifəyə təyin
olunmasının, məsuliyyətə cəlb edilməsinin, səlahiyyətlərinə
xitam verilməsinin və vəzifədən kənarlaşdırılmasının
məhdudlaşdırılması, hakimlərin şəxsi təhlükəsizliyinin
təmin edilməsi ilə həyata keçirilir. Yeni hüquq sisteminin fəaliyyət
göstərməsi üçün yeni qanunvericilik
bazası, o cümlədən Cinayət, Cinayət-Prosessual,
Mülki, Mülki-Prosessual, Əmək, Ailə, İnzibati Xətalar
və digər məcəllələr qəbul olundu.
Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 18 iyun tarixli sərəncamı ilə insan hüquqlarının müdafiəsi sahəsində Dövlət Proqramı təsdiq edildi. Proqrama əsasən, milli qanunvericiliyin beynəlxalq hüquq öhdəliklərinə uyğunlaşdırılması nəzərdə tutulur. Beləliklə, ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi altında demokratik ədalət mühakiməsi prinsiplərinə əsaslanan yeni üçpilləli məhkəmə sistemi, digər demokratik təsisatlar yaradıldı, beynəlxalq prinsiplərə və müasir tələblərə uyğun məcəllələr və qanunlar qəbul edildi, ilk dəfə test üsulu ilə hakimlərin seçim prosesinə başlanıldı.
Demokratik, hüquqi dövlət quruculuğu
və onun əsas tərkib hissəsi olan məhkəmə-hüquq
islahatları Heydər Əliyev siyasi kursunun və dövlətçilik
ənənələrinin layiqli davamçısı, Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev tərəfindən
uğurla davam etdirilir. Belə ki, hüquq sisteminin və ədalət mühakiməsinin
səmərəliliyinin artrılması məqsədilə
qanunvericilik və institusional islahatlar daha da dərinləşdirilir,
praktik tədbirlərin dairəsi genişləndirilir, ədalət
mühakiməsinin inkişafında keyfiyyətcə yeni dəyişikliklər
edilir.
Ötən
müddətdə məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi
üzrə Azərbaycan – Avropa Şurası birgə
işçi qrupu yaradılmış, hakimlərin müstəqilliyi,
seçilməsi, təyin edilməsi, ixtisasının
artırılması və fəaliyyətinin qiymətləndirilməsi
məsələləri üzrə müvafiq Fəaliyyət
Planı hazırlanmış, “Məhkəmə-Hüquq
Şurası haqqında” Qanun qəbul olunmuş, eləcə
də “Məhkəmələr
və hakimlər haqqında” Qanuna əsaslı dəyişikliklər
edilmişdir.
Hakimlərin
özünüidarə orqanı kimi demokratik əsaslara
söykənən Məhkəmə-Hüquq Şurası
yaradılmış, hakimlərin seçki komitəsi
haqqında əsasnamə, vakant hakim vəzifələrinə
namizədlərin seçilməsi qaydaları təsdiq
edilmiş, hakimlərin seçki komitəsi
yaradılmışdır. Bundan əlavə, hakimlərin səlahiyyət
müddəti son yaş həddinə – 65 yaşadək
uzadılmışdır.
2005-ci
ilin sentyabr ayından hakimliyə namizədlərin yeni
qaydalarla, çoxsaylı şəffaf imtahanlar vasitəsilə
seçilməsi prosesinə başlanılmış və
hazırda bu sahədə beynəlxalq təşkilatlarla
sıx əməkdaşlıq edilir. Bu
da məhkəmə sisteminin
müasirləşdirilməsi üçün
zəmin yaradır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2006-cı il yanvar ayının 19-da imzaladığı “Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi haqqında” fərmanı məhkəmə-hüquq islahatlarının məntiqi davamı kimi mühüm əhəmiyyət daşıyır. Xatırladaq ki, bu mühüm sənədin imzalanması ilə Azərbaycanda məhkəmə-hüquq islahatlarının müasir mərhələsi başlanmışdır. Fərmanın icrası ilə əlaqədar ölkəmizdə ədalət mühakiməsinin yüksək səviyyədə həyata keçirilməsi üçün hər cür şərait yaradılmışdır. Belə ki, Azərbaycan Respublikasının məhkəmə sisteminə daxil olan məhkəmələrin hakimlərinin sayı artırılmış, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsi ləğv edilərək Bakı, Gəncə, Lənkəran və Şəki Ağır Cinayətlər Məhkəməsi, eləcə də yerli iqtisad məhkəmələrinin bazasında inzibati iqtisad məhkəmələri yaradılmış, hakimlərin maddi təminatı yaxşılaşdırılmış, məhkəmələrin maddi -texniki bazası möhkəmləndirilmişdir. Fərmana əsasən, ötən dövrdə “Məhkəmələr və hakimlər haqqında” və “Məhkəmə-Hüquq Şurası haqqında” qanunlara mütərəqqi dəyişikliklər edilmiş, şuranın fəaliyyət mexanizmləri təkmilləşdirilmişdir. Onu da qeyd edək ki, Prezident fərmanına əsasən, hakimlərin müstəqilliyinin əlavə təminatı müəyyən edilir, məhkəmə hakimiyyətinin özünüidarə funksiyaları daha da genişləndirilir.
Hazırda ölkəmizdə ədalət
mühakiməsinin səmərəliliyinin
artırılması məqsədilə müasir məhkəmə
infrastrukturları yaradılır. Belə ki, Dünya Bankı
ilə həyata keçirilən “Ədliyyə sisteminin
müasirləşdirilməsi” layihəsi çərçivəsində
Oğuz rayonu, Bakı şəhərinin Yasamal və Gəncə
şəhərinin Nizami Rayon Məhkəmələri
üçün müasir tələblərə cavab verən
inzibati binalar inşa edilmiş, Sabunçu və Şəki
məhkəmə komplekslərinin, Quba Rayon Məhkəməsinin
yeni inzibati binalarının inşasına
başlanılmış, habelə digər
çoxsaylı məhkəmə
binaları layihələndirilmişdir.
Gədəbəy
Rayon Məhkəməsinin yeni inzibati binası da təməli
ulu öndər tərəfindən qoyulmuş hüquqi
dövlət quruculuğu və məhkəmə-hüquq
islahatları çərçivəsində həyata
keçirilən işlərin davamıdır. Məlumat üçün bildiririk ki, 2012-ci il noyabr ayının 20-də
təntənəli açılışı keçirilmiş
yeni bina ölkə Prezidenti cənab İlham Əliyevin
“Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi
haqqında” 2006-cı il 19 yanvar
tarixli sərancamının icrası ilə
əlaqədar olaraq Azərbaycan
Respublikasının Ədliyyə Nazirliyinin
yaxından dəstəyi ilə qısa müddətdə inşa edilmişdir. Yeni məhkəmə binası son
dərəcə yaraşıqlı və möhtəşəm
görünüşə malik olmaqla yanaşı, həm də ən müasir texniki
avadanlıqlarla təchiz edilmişdir. Binada əlil arabası ilə hərəkət
edən və görmə qabiliyyətinə malik
olmayan vətəndaşların hərəkəti
təmin edilmiş, insanların
rahatlığı üçün hər
cür şərait
yaradılmışdır. Yeri gəlmişkən, son illər
ölkəmizdə istifadəyə verilmiş
məhkəmə binalarında müasir informasiya-kommunikasiya texnologiyaları tətbiq
edilməklə vətəndaşlarla hakimlər arasında qeyri-prosessual münasibətlərin qarşısı
alınır, habelə bütün məhkəmələr
arasında, o cümlədən Məhkəmə-Hüquq Şurası ilə elektron sənəd dövriyyəsi və sənədlərin
avtomatlaşdırılmış idarə sistemi
üçün zəruri infrastruktur
quraşdırılır, məhkəməyə müraciətin
asanlaşdırılması məqsədilə məhkəmə
sisteminin vahid internet portalından istifadə edilir.
Azərbaycanda bütün sahələrdə
olduğu kimi, məhkəmə-hüquq
sistemində əldə olunmuş yüksək
nailiyyətlər də ümummilli lider
Heydər
Əliyevin uzaqgörən siyasətinin, ulu öndərin
ölkəmiz və xalqımız qarşısındakı misilsiz tarixi xidmətlərinin məntiqi nəticəsidir.
Vahid SADIQOV,
Gədəbəy
Rayon Məhkəməsinin sədri
Xalq qəzeti.- 2013.- 30 aprel.- S. 5.