Mingəçevirdə ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş konfrans keçirildi

 

Bu günlərdə ölkəmizin hər yerində xalqımızın ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi təntənəli şəkildə qeyd olunur. Azərbaycan energetikləri də ulu öndərin əziz xatirəsini qədirbilənliklə yad edir, onun müstəqil dövlətimizin elektroenergetika  sisteminin yaradılması və inkişafı ilə bağlı gördüyü titanik işləri dərin minnətdarlıq hissi ilə xatırlayırlar.

Azərbaycan elektrik enerjisi sisteminin  kollektivi tərəfindən ötən şənbə günü Mingəçevir şəhərində keçirilən konfrans da məhz ulu öndərin nurlu xatirəsinə həsr olunmuşdu. “Azərenerji” ASC-nin təşkilatçılığı ilə Mingəçevir şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən tədbirin  iştirakçıları öncə dahi rəhbərin xatirəsini ehtiramla yad edərək abidəsi önünə əklil və gül dəstələri qoydular.

Tədbirdə çıxış edən “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Etibar Pirverdiyev bildirdi ki,  konfransın məhz Mingəçevirdə keçirilməsində əsas məqsəd ulu öndər Heydər Əliyevin gərgin əməyi sayəsində bu şəhərin ölkəmizin  elektroenergetika mərkəzlərindən birinə çevrilməsi ilə bağlıdır. Qeyd olundu ki, bütün həyatı boyu xalqına sədaqətlə xidmət etmiş ümummilli lider Heydər Əliyevin bənzərsiz həyatı hər bir azərbaycanlı üçün əsl örnəkdir.

Heydər Əliyevin  Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən bəhs edən natiq bildirdi ki,  ölkəmizin bugünkü müstəqil elektrik enerjisi sistemi də ulu öndərin adı ilə bağlıdır. Ötən əsrin 60-cı illərində respublikamızın bütün sahələri kimi, elektroenergetika sistemində də dərin tənəzzülün hökm sürdüyünü diqqətə çatdıran E. Pirverdiyev  dedi ki, 1969-cu ildə ümummilli liderimiz Heydər Əliyev Azərbaycana rəhbər təyin edildikdən  sonra respublikanın sosial-iqtisadi həyatının mühüm sahələrindən olan  elektik enerjisi sisteminin sürətli inkişafını təmin etmək məqsədilə təxirəsalınmaz tədbirlər həyata keçirildi. Ulu öndərin  təşəbbüsü və bilavasitə rəhbərliyi ilə Cənubi Qafqazın ən böyük istilik-elektrik stansiyası sayılan və 2400 MVt-lıq gücə malik  8 enerji blokundan ibarət olan “Azərbaycan” İstilik Elektrik Stansiyasının (İES) birinci enerji bloku 1981-ci il oktyabrın 20-də istifadəyə verildi. Bu möhtəşəm hadisə ilə Azərbaycan energetikasının inkişafında yeni bir mərhələnin əsasının qoyulduğunu vurğulayan natiq bildirdi ki, məhz Heydər Əliyev əzəmətinin təcəssümü olan “Azərbaycan İES” bu gün də ölkəmizin sosial-iqtisadi inkişafına mühüm töhfələr verməkdədir.  Təsadüfi deyil ki, Prezident İlham Əliyevin 13 oktyabr 2004-cü il tarixli sərəncamına əsasən, hər il oktyabrın 20-si ölkəmizdə “Energetiklər Günü” kimi qeyd edilir.

Heydər Əliyevin ölkəmizin inkişafı sahəsindəki xidmətlərindən danışan E. Pirverdiyev bildirdi ki, məhz ulu öndərin diqqət və qayğısı sayəsində ötən müddətdə respublikamızın bir çox sahələri, o cümlədən elektrik enerjisi sistemi böyük inkişaf yolu keçmişdir. Lakin buna baxmayaraq, ötən əsrin sonlarında-müstəqilliyimizin ilk illərində respublika həyatının bir çox sahələri  kimi, elektroenergetika sistemi də dərin böhranla üzləşmişdi. Yalnız 1993-cü ilin iyununda xalqın istəyi və təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyevin rəhbərliyi altında müstəqil dövlətimizin elektrik enerjisi sisteminin böhrandan çıxarılması, onun maddi-texniki bazasının yeniləşdirilməsi və möhkəmləndirilməsi üçün məqsədyönlü, genişmiqyaslı tədbirlərin  həyata keçirilməsinə başlanıldı.  Bu sahədə hələ ötən əsrin 70-80-ci illərində ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə yaradılan möhkəm potensial əsasında Azərbaycanın müstəqil enerji sisteminin formalaşdığını qeyd edən Etibar Pirverdiyev onu da vurğuladı ki, dahi rəhbərin müəyyənləşdirdiyi strategiya  bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, Azərbaycanın elektrik enerjisi sistemində mühüm islahatlar və genişmiqyaslı quruculuq işləri həyata keçirilir.  Təsadüfi deyil ki, dövlətimizin başçısı

İlham Əliyevin rəhbərliyi ilə gündən-günə inkişaf edən Azərbaycan Respublikasının elektroenergetika sisteminin dayanıqlığının təmin edilməsi, eləcə də yeni generasiya güclərinin yaradılması istiqamətində məqsədyönlü  işlər görülmüşdür. Məhz bunun nəticəsidir ki, ötən müddətdə ölkəmizin elektroenergetika sistemində 13 yeni elektrik stansiyası istifadəyə verilmiş, enerjisistemin gücü  iki min meqavatdan çox artırılmışdır. Bundan əlavə, hazırda tikintisi davam etdirilən “Cənub” və “Şimal” istilik, eləcə də  bir neçə su elektrik stansiyasının işə salınması ilə bu imkanlar daha da artırılacaqdır.

Konfransda Milli Məclisin deputatı Aydın Mirzəzadə, Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, “Azərenerji”ASC-nin vitse-prezidenti Marlen Əsgərov ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə respublikanın elektrik enerjisi sistemində görülmüş işlər və əldə olunan nailiyyətlərdən danışdılar.

Tədbirdə “Azərenerji” ASC-nin çoxminli kollektivi adından ölkə Prezidenti İlham Əliyevə müraciət qəbul olundu. Sonda “Azərbaycanın müstəqil elektrik enerjisi sisteminin yaradıcısı” adlı film nümayiş etdirildi.

 

 

Mirbağır YAQUBZADƏ

 

Xalq qəzeti.- 2013.- 30 aprel.- S. 5.