Məğrur,
yaraşıqlı...İsmayıllı
Qələmi əlimə
alanda bilirdim ki, İsmayıllı haqqında bu yazımı Ruşan kəndində
keçirilən görüşdən aldığım təəssüratla
başlayacağam. Sözün
açığı, bu görüş,
sadə insanlarla olan
ünsiyyət məndə elə bir təəssürat
yaratmışdı ki, onu
qələmə almaq, sizi
inandırım, çox çətindir.
Kaş buraya toplaşan insanların icra
hakimiyyətinin başçısı Mirdaməd Sadıqovu
necə qarşıladıqlarını öz gözlərinizlə
görəydiniz. Onlar elə bil öz doğma, əziz
adamları ilə görüşürdülər. Bu görüşdə
çox adam danışdı, fikir söylədi, təklifini
dedi. Sanki ən yaxın adamlarına evlərinin sirrini
açırdılar, dərdlərini
danışırdılar.
Diqqətlə qulaq asırdım. Nə
gizlədim, bu münasibət məndə xoş təəssürat
yaradırdı. Rayon polis şöbəsinin rəisi, polkovnik
Nizami Qocayevin dediyi sözləri xatırlayıram: “Mirdaməd
müəllimi hər yerdə bax, belə
qarşılayırlar. Ata kimi, qardaş kimi, dost kimi...”
Düz sözə nə deyəsən.
Bu gün İsmayıllıda kimi dindirsən, üzünə
xoş bir təbəssüm qonur. “Biz dövləti, dövlətçiliyi
sevən insanlarıq, - deyirlər, - İndi
İsmayıllıda hara gedirsən, bir yeniliyin şahidi
olursan”.
İsmayıllıların sözlərinə
qüvvət. Təkcə son səfərimdə üç təməlqoymanın
şahidi olmuşam. Birini deyim, siz də bilin. Sentyabr ayında
təhvil veriləcək uşaq bağçasının
layihəsinə baxanda heyrətlənirsən. Müasir
üslubda, gözəl, yaraşıqlı... Hər cür
şəraiti var. Söz - sözdür.
Açılışına sizləri də dəvət
edirik. Gəlib görərsiniz. Çox da uzağa getməyək.
Uğurları, görülən işləri sayım, siz də
bilin. Bilin ki, az müddət ərzində dağı dağ
üstə qoymaq olar. Rüb ərzində 23 milyon 607 min manat
məbləğində ümumi məhsul istehsal olunub. Bu, əvvəlki
ilin eyni dövrünə nisbətən 5 milyon 344 min manat
artıqdır. Bir işçiyə hesablanan nominal orta
aylıq əmək haqqı 2012-ci ilin eyni dövrü ilə müqayisədə artaraq 240 manata
çatıb. Əhaliyə 4 milyon 553 min manatlıq pullu xidmət
göstərilib. Pərakəndə əmtəə dövriyyəsi
20 milyon 748 min manat olub ki, bu da 2012-ci ilin müvafiq dövrü
ilə müqayisədə 1,5 faiz artıqdır.
Rayonda aparılan tikinti, abadlıq və
quruculuq işləri o qədər çoxdur ki, bu, ayrıca
bir yazı mövzusudur. Amma qoy bəzilərini sayım. Görün
ki, necə böyük işlər görülüb. “Milli Su
təchizatı və Kanalizasiya Xidmətləri Üzrə
İkinci Layihə” çərçivəsində
İsmayıllı şəhərinin su və kanalizasiya
sisteminin, rayon mərkəzi xəstəxanasının yenidən
qurulması, təmizləyici qurğunun tikintisi, şəhərin
qaz təchizatının yaxşılaşdırılması
üçün yeraltı qaz xətlərinin dəyişdirilməsi, Basqal qəsəbəsi və ətraf
yaşayış məntəqələrinin
qazlaşdırılması üçün
daşıyıcı qaz xəttinin çəkilməsi,
Dünya Bankının vəsaiti hesabına Lahıc qəsəbəsində
və İvanovka kəndində 35 yerlik sahə xəstəxanalarının,
Tircan və Topçu kəndlərində həkim məntəqəsi
binalarının, “Cavanşir Qala” mehmanxana kompleksinin,
İvanovka kəndində çörək və Hacıhətəmli
kəndində şərab emalı zavodlarının, Xəlilli
kəndində illik istehsal gücü 24 min ton olan taxıl
terminalı, Sumağalı kəndi ərazisində Göyçay
çayı hövzəsində 4 meqavatt gücündə 2
su elektrik stansiyasının, məcburi köçkünlər
üçün 45 yaşayış evindən və
müvafiq sosial obyektlərdən ibarət qəsəbənin
tikintisi işləri davam etdirilib, Yeni Azərbaycan Partiyası
üçün inzibati binanın, hər biri 150 nəfərlik
2 xeyir-şər evinin, 40 və 140 yerlik 2 uşaq
bağçasının, Nizami Gəncəvi küçəsində
istismar müddətini bitirmiş 16 ikimərtəbəli kommunal yaşayış
binalarının köçürülməsi məqsədilə
beşmərtəbəli yaşayış binasının
tikintisi, şəhərin elektrik enerjisi təsərrüfatının,
Heydər Əliyev prospektində, Nizami Gəncəvi, Rəşid
Mahmudov küçələrində
piyada səkilərinin və
işıqlandırma sisteminin, Heydər Əliyev
adına Mədəniyyət Mərkəzinin, Uşaq
Kitabxanasının, M.F.Axundov küçəsində
yaşayış binalarının dam örtüyünün
və fasadının yenidən
qurulması işlərinə başlanılıb.
İsmayıllı kənd təsərrüfatı
rayonudur və bu sahədə qazanılan uğurları
sadalamamaq mümkün deyil. Kənd təsərrüfatında
ümumi məhsul istehsalı 8 milyon 104 min manat olub. Bu da əvvəlki
ilin eyni dövrü ilə müqayisədə 2,2 faiz
çoxdur. Rayonda 2013-cü ilin məhsulu üçün əkilən
28638 hektar payızlıq taxıl bitkisi sahələrində
normal bitiş alınıb.
İribuynuzlu mal-qaranın baş
sayı 51 min 87 başa, xırda buynuzlu heyvanlar 177 min 678
başa çatdırılıb, 1293 ton ət, 8439 ton
süd, 2 milyon 460 min ədəd yumurta istehsal olunub.
Onsuz da yaşıllığa
bürünmüş İsmayıllıda ulu öndər
Heydər Əliyevin 90 illik yubleyi ilə əlaqədar Peşə
Tədris Mərkəzinin həyətində 90 ağac, ərazi
nümayəndəliklərində isə 950 ağac əkilməsi
təmin edilib. İsmayıllı-Muğanlı magistral yolunun
kənarında minə yaxın ağac əkilib.
Xəlilli kəndində tikilmiş
tutumu 24 min ton olan taxıl terminalı cari mövsümdə fəaliyyətə
başlayacaqdır. “İlkin-3” quşçuluq fabrikinin ikinci
sexində tikinti-quraşdırma işləri başa
çatdırılıb, 4 sexdə isə tikinti işləri
davam etdirilir. Keyvəndi kəndində min başlıq
heyvandarlıq kompleksinin tikintisinə başlanılıb.
Kürdmaşı kəndində “AKA QRUP” şirkəti tərəfindən
müasir heyvandarlıq kompleksinin və istixana təsərrüfatının
yaradılması nəzərdə tutulub. Eləcə də
80 hektar sahədə pilot suvarma sisteminin tətbiq olunması
işləri aparılır. Görülən işlər
yaxın vaxtlarda kənd təsərrüfatının daha
yüksək templə inkişafı üçün möhkəm
zəmin yaradır.
Rayonda sənayenin inkişafı
üçün əsaslı tədbirlər həyata
keçirilir. İsmayıllı şəhərində
Bakı Tikiş Evinin filialının yaradılması
üçün hazırlıq işləri görülür.
Filialda 60 nəfərə yaxın vətəndaş işlə
təmin olunacaqdır. İşə qəbul olunacaq
işçilər
üçün Peşə
Tədris Mərkəzində
seçim və peşə hazırlığı
kursları təşkil olunub. İvanovka kəndində
sutkalıq istehsal gücü 18 ton olan çörək
zavodunda son tamamlama işləri aparılır.
Kürdmaşı kəndində istehsal gücü 5000 ton
olan “Şərab-1” zavodunda bərpa
işləri başa çatdırılıb. May ayında bu
müəssisənin işə başlaması gözlənilir.
İsmayıllı şəhərində kompyuter
avadanlıqlarının yığılması müəssisəsinin
yaradılması üçün də hazırlıq işləri
görülür. Hazırda kompyuter avadanlıqlarına
texniki xidmət servisi yaradılıb.
Kompyuterdən
söz düşmüşkən bir məsələ yaddan
çıxmamış qeyd edim ki, hansı kənddə görüşdə
olmuşuqsa, ilk əvvəl rayon icra hakimiyyətinin
başçısı Mirdaməd Sadıqov üzünü
rayon təhsil şöbəsinin müdirinə tutub: “Məktəbdə
neçə şagirdə bir kompyuter düşür?”
Ürəyi istəyən cavabı
almayanda onun təəssüflə dediyi sözləri
xatırlayıram: “Bəs indiyədək hara
baxmısınız. Axı zəmanə dəyişib. Köhnə
təfəkkürlə yaşamaq olmaz. Cənab Prezident
2013-cü ili “İnformasiya texnologiyaları ili” elan edib. Belə
bir vaxtda biz əlimizi əlimizin üstünə qoyub necə
sakit otura bilərik”.
Bax, bu sözləri deyən zaman icra
başçısının ürəkdən gələn
yanğısını hiss etmək o qədər də
çətin deyil. Hamı yaxşı bilir ki, Mirdaməd
müəllim böyük ziyalıdır, alimdir. Onun
üçün savadlı, bacarıqlı, dövlətini, Vətənini
sevən kadrların yetişməsindən qiymətli heç
nə yoxdur.
Söhbət zamanı Mirdaməd müəllim
təəssüflə qeyd etdi ki, mədəni-maarif müəssisələrinin
işi qənaətbəxş deyil. Sonra isə əlavə
etdi. “Gəlin tələsməyək, - dedi, - bu sahədə
də böyük işlərimiz olacaq. Heydər Əliyev Mərkəzi
yaradılıb. Mədəniyyət evləri, klublar mərkəzin
tabeliyinə verilib. Artıq rayon mədəniyyət mərkəzinin
yenidən qurulmasına və bir sıra mədəniyyət
obyektlərinin əsaslı təmirinə başlanılıb.
Sağlıq olsun, hələ çox gözəl tədbirlərin
şahidi olacağıq”.
Mirdaməd Sadıqov
danışdıqca gözümüzün qabağında
tamam başqa bir İsmayıllı canlanır.
İnsanları kimi məğrur, yaraşıqlı,
hamını heyran qoyacaq İsmayıllı... Sağlıq
olsun!
İlqar HƏSƏNOV
Xalq qəzeti.-
2013.- 30 aprel.- S. 7.