“TOUR D’AZERBAIDJAN” beynəlxalq velosiped turuna həsr olunmuş mətbuat konfransı
Azərbaycan
Velosiped İdmanı Federasiyasının vitse-prezidenti, təşkilat komitəsinin sədri
Sahib Ələkbərov “TOUR D’AZERBAIDJAN”
beynəlxalq velosiped turu,
onun marşrutları, habelə tura hazırlıq işlərinin mövcud vəziyyəti barədə media nümayəndələrini məlumatlandırmışdır. Qeyd edilmişdir ki, ümummilli liderimiz Heydər
Əliyevin 90 illik yubileyinə həsr olunmuş beynəlxalq velosiped
turu 5 mərhələdən ibarət olmaqla 2013-ci il may ayının 1-dən 5-dək Bakı şəhəri,
Abşeron, Qobustan,
Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz, Şəki rayonlarının ərazisində
keçiriləcəkdir.
Veloturda 24 ölkədən, o cümlədən
ABŞ, İtaliya, Almaniya, Türkiyə, Rusiya, Avstriya,
Niderland, Norveç, İsveçrə, Portuqaliya,
Belçika, Danimarka, Avstraliya, Əlcəzair, Latviya, Ukrayna,
Belarus, Qazaxıstan və digər xarici ölkələrdən
500 nəfərdən çox iştirakçının və
fəxri qonaqların, eləcə də Beynəlxalq
Velosipedçilər İttifaqının rəhbərliyinin,
dünyanın tanınmış velosipedçilərinin, həmçinin
XXX London Yay Olimpiadasının qalibi, Qazaxıstan
velosipedçisi Aleksandr Vinokurovun iştirakı gözlənilir.
Veloturda ümumilikdə 25 komanda çıxış edəcək
ki, bunların da 17-si kontinental, 6-sı milli komandalardır. Hər
komandanın tərkibində 6 velosipedçi
yarışacaqdır. Bütövlükdə velotura 41
ölkədən velosipedçi qatılacaqdır.
Veloturun təşkilat komitəsinin
üzvü Albrext Röder qeyd etmişdir ki, turda iştirak edən
komandalardan 20-si təxminən eyni qüvvəyə malikdir ki,
bu da yarışın ciddi rəqabət şəraitində
keçəcəyini söyləməyə əsas verir. Bu
il Minskdə keçirilmiş velosiped yarışları
üzrə dünya çempionatının qalibləri olan 2
velosipedçi də Avstraliya komandasının tərkibində
“Tour d’Azerbaidjan”a qatılacaqdır. Turda iştirak edən
velosipedçilər arasında “Tour d’France”
yarışlarının mükafatçıları da
vardır.
A.Röder “Baku Synergy Cycling Project”
komandasının əsas rəqibləri kimi “Rabobank Development
Team” (Hollandiya), “Leopard - Trek Continental Team” (Lüksemburq) və
“Continental Team Astana” (Qazaxıstan) komandalarını
gördüklərini bildirmişdir. S.Ələkbərov tur çərçivəsində
hazırlıq işlərinin artıq
yekunlaşdığını bildirmişdir. O həmçinin
bildirmişdir ki, turun 1-ci və 5-ci mərhələləri
çərçivəsində Bakı şəhərində
bir sıra prospektlər və yollarda nəqliyyatın hərəkəti
dayandırılacaq və ya məhdudlaşdırılacaqdır.
Turun ilk günü, may ayının 1-də Heydər Əliyev
prospekti saat 10.30-dan 14.00-dək nəqliyyatın hərəkəti
üçün bağlanacağı gözlənilir.
O vurğulamışdır ki, böyük
velosiped yarışları zamanı nəqliyyatın hərəkətinin
məhdudlaşdırılması dünyanın bütün ölkələrində
tətbiq olunur. Məsələn, Fransada velosiped
yarışları zamanı Parisin mərkəzi yolu olan
“Yelisey çölləri”, İstanbulda şəhərin
Asiya və Avropa hissəsini bir-birinə bağlayan
başlıca hərəkət qovşağı olan körpü
belə bağlanır. Qeyd olunanları nəzərə
alaraq, yürüş vaxtı alternativ yollardan istifadə
edilməsi xahiş olunmuşdur. Sonra media nümayəndələrinin
sualları cavablandırılmışdır.
V. BAYRAMOV
Xalq qəzeti.-
2013.- 30 aprel.- S. 7.