Azərbaycanlı deputatın hazırladığı məruzə yekdilliklə qəbul edilmişdir

 

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyasının ikinci günündə Azərbaycan üçün əlamətdar olan və ölkəmizin bu mötəbər qurumla əməkdaşlığı baxımından əhəmiyyət kəsb edən daha bir hadisə baş vermişdir. AŞPA-nın hüquqi işlər və insan haqları komitəsinin aprelin 23-də keçirilən iclasında Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynovun hazırladığı “Üzv olmayan ölkələrin Avropa Şurası konvensiyalarında iştirakı” adlı məruzəsinin yekun mətni və qətnamə layihəsi müzakirə edilmişdir.

Hüquqi işlər və insan haqları komitəsinin sədri, Böyük Britaniyadan olan deputat Kristofer Çop əvvəlcə hazırlanan məruzənin Avropa Şurasının təməl məqsədləri ilə bilavasitə bağlı olduğunu, qurumun hüdudlarını və təsir dairəsini genişləndirmək niyyətlərinə müvafiq gəldiyini bildirmiş, Rafael Hüseynovun komitə xətti ilə hazırladığı hesabatların həmişə dərin məzmunu və əhatəliliyi ilə fərqləndiyini qeyd etmişdir. 2012-ci ilin aprel ayından üzərində gedən və komitədə bir neçə dəfə müfəssəl müzakirələri keçirilmiş məruzənin yekun mətni ilə bağlı çıxış edən Rafael Hüseynov bu sənədin Avropa Şurasının siyasi xəttinin ifadəsi kimi meydana çıxdığını vurğulayaraq demişdir: “Hamımızın rahat yaşayacağımız ortaq Avropa evi ilk növbədə müştərək hüquqi məkanın mövcudluğunu tələb edir. Bu istiqamətdə Avropa Şurası da, digər mötəbər Avropa qurumları da ardıcıl fəaliyyətlərini 60 ildən çoxdur ki, aparmaqdadırlar. Qeyri-üzv dövlətlərin Avropa Şurası konvensiyalarına qoşulması bu təşkilatın əsas fəlsəfəsi ilə və 60 il ərzində gerçəkləşdirilən siyasətlə birbaşa əlaqəlidir, mahiyyəti etibarilə Avropadadünyada ortaq hüquqi məkanın daha artıq bərqərar olması amalına xidmət edir. Bu, eyni zamanda, ölkələri bir-birinə daha da yaxınlaşdırmaq, bütün Avropa cəmiyyətinin getdikcə daha geniş çərçivədə uyğun meyarlarla düşünməsi, yaşayıb fəaliyyət göstərməsini təmin etmək  üçün müştərək qanun müstəvisinin formalaşdırılması ideyası ilə üst-üstə düşür. Ona görə də Avropa Şurası konvensiyalarının yalnız bu təşkilatın üzvü olan 47 ölkədə deyil, həm də digər qeyri-üzv dövlətlərdə tətbiq edilməsi çox əhəmiyyətli ola bilər. Hazırda Avropa Şurasının 213 konvensiyası vardır ki, bunlardan yalnız 41-i qeyri-üzv dövlətlər üçün açıq deyildir. Bu sadə statistika açıq şəkildə nümayiş etdirir ki, əslində konvensiyaların əksəriyyəti lap başlanğıcdan məhz geniş əhatə üçün nəzərdə tutulmuşdurheç vəchlə üzv dövlətlərlə məhdudlaşa bilməz. Lakin təcrübədə biz fərqli mənzərənin şahidi oluruq.

Avropa Şurası konvensiyalarının əksəriyyəti hüquqi baxımdan qeyri-üzv dövlətlərin də qoşulmasına açıq olsa da, qeyri-üzv dövlətlərin özlərinin bu prosesdə iştirakı heç də arzulanan səviyyədə deyildir. Lakin təəssüf doğuran haldır ki, qeyri-üzv dövlətlərin Avropa Şurası konvensiyalarında iştirakı nadir hallarda müzakirə və müfəssəl tədqiq obyektinə çevrilir. Amma buna da ehtiyac böyükdür. Çünki konvensiyaların hamısının qeyri-üzv dövlətlər üçün açıq olmasını təmin etmək tendensiyası vardır. Belə səylərin olması nə qədər müsbət dəyərləndirilsə də, təəssüf ki, həmin konvensiyaların bir qismi  bütün dövlətlərə aid edilə bilmək üçün yetərincə işlənməmişdir.

Qeyri-üzv dövlətlərin qoşulması üçün açıq olan ilk konvensiya 1953-cü ildə qəbul edilmişdir və arxada qalan 60 il ərzində belə konvensiyaların miqdarı durmadan artsa da qeyri-üzv dövlətlərin qoşulduğu, yaxud ratifikasiya etdiyi konvensiyaların sayı yalnız 76-dır. Həm də qeyri-üzv ölkələrin diqqəti daha çox 30 konvensiyaya yönəlmişdir. Bunların da demək olar ki, yarısı birbaşa, ya dolayısı ilə hüquqi əməkdaşlıq məsələlərinə aiddir. Kvalifikasiyaların tanınması, mədəni və təbii irs, televiziyalarsair bu kimi konvensiyalar qeyri-üzv dövlətlərin nisbətən fəal qoşulduqları konvensiyalardır.

Qeyri-üzv dövlətlərin Avropa Şurası konvensiyalarına qoşulması təşkilatın həyati maraqları daxilindədir. Parlament Assambleyası, Nazirlər Komitəsi konvensiyalarla bağlı prioritetləri müəyyənləşdirməli, diqqət isə daha çox ehtiyac duyulan konvensiyalar üzərində cəmlənməlidir. Terrorizm əleyhinə mübarizə, çirkli pulların yuyulması, terrorizmin maliyyələşdirilməsi, insan alveri, kibercinayətkarlıq və həmin qəbildən olan digər vacib istiqamətlər bu baxımdan xüsusi əhəmiyyət kəsb edir.

Məruzəmizlə bağlı 2012-ci ilin dekabrında Parisdə Avropa Şurası qərargahında, tanınmış mütəxəssislərin iştirakı ilə keçirilmiş kollokvium bir daha sübut etdi ki, qaldırdığımız problem əslində qitənin bütün ölkələrinin marağındadır. Həm də yalnız Avropa ölkələrinin deyil, Avropa ilə sıx əlaqələrlə bağlı digər dövlətlərin də təhlükəsizliyi və gələcək rifahı üçün lazımdır".

Məruzə ilə bağlı komitədə gedən müzakirələrdə çıxış edən avropalı deputatlar R.Hüseynovun hesabatını yüksək qiymətləndirmiş, onun Avropa Şurasının inkişafı və zənginləşməsinə yeni bir töhfə olduğunu təsdiqləmişlər. Daha sonra səsə qoyulan qətnamə layihəsi və məruzə yekdilliklə qəbul edilmişdir.

Rafael Hüseynovun hazırladığı “Qeyri üzv dövlətlərin Avropa Şurası konvensiyalarına qoşulması” adlı məruzəsinin Assambleyanın yay sessiyasında plenar iclasda açıq müzakirəyə çıxarılması gözlənilir.

 

 

Əsgər ƏLİYEV

 

Xalq qəzeti.- 2013.- 25 aprel.- S. 9.