“Heydər Əliyev
Azərbaycanda meliorasiya və su təsərrüfatının
inkişafının müəllifi və təşkilatçısıdır”
mövzusunda elmi-praktik
konfrans keçirilmişdir
Aprelin 26-da ümummilli lider Heydər
Əliyevin 90 illik yubileyi münasibəti ilə Meliorasiya və
Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətində
(ASC) “Heydər Əliyev Azərbaycanda meliorasiya və su təsərrüfatının
inkişafının müəllifi və təşkilatçısıdır”
mövzusunda elmi-praktik konfrans keçirilmişdir.
Konfransı
açan ASC-nin sədri Əhməd Əhmədzadə
demişdir ki, müasir Azərbaycan dövlətinin banisi,
ümummilli lider Heydər Əliyevin milli dövlətçiliyimizin
inkişafındakı misilsiz fəaliyyəti hələ
bundan sonra da öyrəniləcək və hər birimiz
üçün parlaq örnək olaraq qalacaqdır.
Xalqımız üçün bir təsəllidir ki, ulu
öndərin siyasi kursunu Prezidentimiz İlham Əliyev layiqincə
davam etdirir.
Ümummilli
lider Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi
1969-1982- ci illərdə çoxlu sayda qovşaqlar, nasos
stansiyaları, texniki cəhətdən müasir meliorasiya və
irriqasiya sistemləri tikilib istifadəyə verilmiş,
suvarılan torpaqların sahəsi 1,5 dəfədən
çox artmışdır. Görülmüş tədbirlərin
nəticəsində 1980-cı ildə 1970-ci ilə nisbətən
respublikada kənd təsərrüfatı məhsullarının
ümumi dəyəri 2,2 dəfə, taxıl istehsalı 2,1 dəfə,
pambıq istehsalı 2,6 dəfə, üzüm istehsalı
4,6 dəfə, tərəvəz və tütün
istehsalı 2,3 dəfə, meyvə istehsalı 4,4 dəfə,
çay yarpağı istehsalı 2,2 dəfədən
çox artmışdır.
1993-cü
ildə xalqın tələbi ilə Heydər Əliyevin
müstəqil Azərbaycanın rəhbərliyinə
qayıdışı zamanı ölkədə ictimai-siyasi və
sosial-iqtisadi durum son dərəcə ağır idi.
Ümummilli liderin hakimiyyətə qayıtdığı ilk
günlərdən respublikada sabitliyin təmin edilməsi
istiqamətində təxirəsalınmaz tədbirlərin
görülməsinə başlanıldı. Meliorasiya və
su təsərrüfatı öz inkişafının yeni mərhələsinə
qədəm qoydu.
Hazırda
möhtərəm Prezidentimiz İlham Əliyev təməli
ulu öndərimiz Heydər Əliyev tərəfindən
qoyulmuş bir çox layihələri uğurla davam etdirilir.
Meliorasiya və su təsərrüfatı sahəsinə ayrılan investisiya vəsaitinin həcmi 2003-cü
ildəki 13,2 milyon manatdan 2012- ci ildə 631,9 milyon manata qədər
artmışdır. Bunun nəticəsi olaraq ümumilikdə,
2003-2012-ci illərdə respublikanın rayonlarında 1481
kilometr suvarma kanallarının, 1036 kilometr kollektor-drenaj şəbəkələrinin
tikintisi aparılmış, 722 ədəd subartezian
quyuları qazılmış, 126 min hektar sahədə
torpaqların su təminatı və 153 min hektar sahədə
meliorativ vəziyyəti
yaxşılaşdırılmış, 16 min hektar yeni
suvarılan sahələr kənd təsərrüfatı
dövriyyəsinə verilmişdir.
Respublikanın
şimal bölgəsi rayonlarının, Bakı, Sumqayıt
şəhərlərinin və Abşeron
yarımadasının içməli, texniki və suvarma suyu
ilə təminatında mühüm əhəmiyyət kəsb
edən Samur- Abşeron suvarma sisteminin yenidənqurulması
layihəsi tərkibində 31,5 kilometr Vəlvələçay-
Taxtakörpü kanalının tikintisi başa
çatdırılmışdır. Cari ildə
Taxtakörpü su anbarının və Taxtakörpü-
Ceyranbatan kanalının tikintisinin başa
çatdırılması nəzərdə tutulmuşdur.
Şəmkir,
Göygöl, Samux, Goranboy rayonlarında 50 min 122 hektar əkin
sahələrinin suvarma suyu ilə təminatının
yaxşılaşdırılması və 20 min 134 hektar yeni
suvarılan sahələrin istifadəyə verilməsini təmin
etmək məqsədi ilə dövlət büdcəsindən
ayrılmış vəsait hesabına su elektrik stansiyası
ilə birlikdə Şəmkirçay su anbarının və
ondan su götürən magistral kanalların tikintisi davam
etdirilir.
Azərbaycan
Respublikası Prezidentinin ölkə əhalisinin daxili istehsal
hesabına çörək və çörək məhsulları
ilə təmin edilməsi məqsədi ilə iri
taxılçılıq təsərrüfatlarının
yaradılması barədə verdiyi tapşırığın
icrası ilə əlaqədar olaraq ötən il Yuxarı
Mil kanalının 10,7 kilometrlik hissəsinin tikintisi
tamamlanmışdır. Kanal Beyləqan və Ağcabədi
rayonları ərazilərində 4 min 800 hektar sahədə
yaradılmış taxılçılıq təsərrüfatlarını
suvarma suyu ilə təmin edir.
Konfransda
çıxış edən Milli Məclisin deputatı Eldar
İbrahimov bildirmişdir ki, Heydər Əliyev hər zaman
xalqının yanında olmaq arzusunda olmuşdur. Moskvada
işlədiyi illərdə Azərbaycanda böyük iqtisadi
layihələrin həyata keçirilməsinə nail
olmuşdur ki, həmin işlər Azərbaycanın müstəqilliyinin
möhkəm zəminini yaratmışdır.
Prezident
Administrasiyasının aqrar siyasət məsələləri
şöbəsinin müdiri Azər Əmiraslanov Heydər Əliyevin
aqrar sahədə apardığı islahatların əhəmiyyətindən
danışmışdır.
Qeyd
olunmuşdur ki, əhalinin ərzaq məhsulları ilə təmin
olunması üçün Heydər Əliyev Azərbaycanın
kənd təsərrüfatı potensialından düzgün
istifadə edərək əkin sahələrinin və məhsul
istehsalının artırılmasına nail olmuşdur.
Sonra
ASC sədrinin birinci müavini Məmmədsadiq Quliyev, sədr
müavini Zakir Quliyev, şöbə müdiri Məmməd Əsədov,
“Azdövsutəslayihə” institutunun direktoru Elbrus Paşayev,
Azərbaycan Hidrotexnika və Meliorasiya Elm-İstehsalat Birliyinin
direktoru Ağamir Həşimov və başqaları
çıxış edərək ümummilli lider Heydər Əliyevin
misilsiz fəaliyyəti nəticəsində Azərbaycanın
öz müstəqilliyini qorunub saxlanılmasından,
müasir dövlət quruculuğundakı rolundan, meliorasiya və
su təsərrüfatı sahəsinə göstərdiyi diqqət
və qayğısından danışmışlar.
Sonda
tədbir iştirakçıları Heydər Əliyevin həyat
və fəaliyyətini əks etdirən sənədli filmə
baxmışlar.
Xalq qəzeti.- 2013.- 27 aprel.- S. 7.