Zaqatalanı bir dəfə gördünsə, mütləq yenə gələcəksən...

 

...O gün Zaqatala, bəlkə də, yayın ən isti anlarını yaşayırdı. Günəş, sanki, qışda onun hərarətinin həsrətini çəkəcəyimizi bilirmiş kimi ətrafı mümkün qədər çox qızdırırdı. Dağlar, dərələr nə zamansa donacaqlarını gözləyirmiş kimi günəşin nurunu birnəfəsə başlarına çəkirdilər. Hələ ağacları demirəm. Hamısı, sanki, xumarlanırmış kimi mürgülü görünürdülər. Təbiət öz işində, öz nazında, cilvəsində idi. Cəmiyyətin isə öz qayğıları vardı.

   Həmin qayğılardan biri və bəlkə də birincisi təbiətin gözəlliklərindən daha çox ləzzət almaq üçün  müxtəlif variantların ən yaxşısının seçilməsi idi. Seçə bilmişdik. Ən məqbul variant Zaqataladakı Dədə Qorqud meydanında gəzişmək, ən sərin kölgəli ağaclardan birinin qonağına çevrilmək idi. Mən bu qollu-budaqlı ağacın kölgəsində çox əmin və arxayın idim. Heç yana tələsmirdim. Həmsöhbətim – fotomüxbir Əhməd İsayev isə bu sərin kölgədə belə qərar tuta bilmir, sanki, harasa tələsirdi. Burdan yaxşı yer tapa bilməyəcəyimizi deyəndə isə Əhmədin tələskənliyinin səbəbi aydın oldu:

– Əvvəla, Zaqatalada burdan gözəl yer tapa bilməzsən- ifadəsi ilə razı deyiləm. Bu rayonun istənilən guşəsində sərinlik də taparsan, gözəllik də. İkinci, sizin peşəniz elədir ki, burada oturub, ya da kiməsə zəng edib əhatəli bir yazı hazırlaya bilərsiniz. Mən isə öz “yazılarımı” lentə almaq üçün mütləq, durmadan, dayanmadan gəzməliyəm. Zaqatalada lentə alınmalı, yaddaşa köçürülməli məqamlar isə təkcə təbiətlə bağlı deyil ki? İndi insanlar bu rayonun istənilən kəndində, şəhərimizin istənilən prospektində, küçəsində, meydan və məhəlləsində yeni-yeni xariqələr yaradırlar. Mən onların yanında olmağa can atıram, onların yaradıcılığını fotolentin yaddaşına köçürməyə çalışıram. Bundan başqa, mən bu gün Zaqatalanın hansısa küçəsinin şəkilini çəkirəm, inanırsınızmı, iki aydan sonra həmin küçə tamamilə başqa görkəmdə olur. Yəni inkişaf elə iti sürətlə gedir ki, indi çəkdiyim istənilən fotoşəkil bir aydan sonra mütləq dəyərli olur. Ona görə də mənim üzərimə tarixi anların əbədiləşdirilməsi kimi çətin bir vəzifə düşür. Başqa yol yoxdur. Öhdəsindən gəlməliyəm.

Bu yerdə Əhməd nə isə kəşf etmiş adam kimi birdən dayandı və soruşdu ki, görəsən bizim peşələrimizdən hansı ölkədə gedən inkişafın layiqincə işıqlandırılması baxımından daha əhəmiyyətlidir? Soruşduözü də dərhal cavab verdi ki, insafən siz də, mən də görülmüş işlər barədə təəssürat yaradırıq. Deməli, ən əhəmiyyətli peşə bu gözəllikləri, xarüqələri yaradanların peşəsidir. Özübu gün Zaqatalada elə adamlar, elə peşə sahibləri istənilən qədərdir. Bu rayonda hansısa bir ildə və ya bir ayda görülmüş işləri saymaqla qurtaran deyil. Məsələn, indi dayandığımız Dədə Qorqud meydanı son bir ildə tamamilə yenidən qurulub, Heydər Əliyev prospekti başdan-başa yeni üslubda bərpa edilib, prospektin hər iki tərəfi boyunca bina və obyektlər qədimi üslubda dəyişdirilərək ənnənəvi görkəminə qaytarılıb, rayonun ən möhtəşəm qurğularından olacaq Heydər Əliyev Mərkəzinin tikintisi davam etdirilir.

Həqiqi bir vətənpərvərlik göstəricisi, yurd sevgisinin nümunəsi idi. Fotomüxbir rayonda görülən işləri elə sadalayırdı ki, elə bil hansısa məsul vəzifəni daşıyır. O, Zaqatalanı təkcə peşəsinin tələblərinə görə deyil, ürəyinin çağırışlarına görə qarış-qarış gəzmiş bir insandır. O, Zaqatalanı bütün zaqatalalılar kimi səmimi qəlbdən, həqiqi övlad kimi sevir.

Əslində Zaqatalada haqqında söz açılmalı sahələr istənilən qədərdir və rayon təsərrüfatının elə bir sahəsi yoxdur ki, o barədə danışanda “ötən ilə nisbətən filan qədər artım var” ifadəsi işlədilməsin. Bu rayonda kənd təsərrüfatı, yəni əkinçilik, heyvandarlıq, quşçuluq, bağçılıq, çayçılıq, arıçılıq – elə bir sahə yoxdur ki, o barədə nə zamansa, nəsə yazmayım. Əhaliyə və idarə-müəssisələrə elektrik enerjisi, təbii qaz, su, istilik verilməsindən tutmuş , ta təhsil, səhiyyə, mədəniyyət sahələrində qazanılan uğurlara qədər dönə-dönə yazmışam. Bir onu bilirəm ki, Zaqatala haqqında nə yazmışamsa hamısında yeni-yeni ürək açan faktlar sadalamışam və indi götür-qoy edəndə öz-özümə sual verirəm: görülmüş bu qədər işlərin müqabilində bu yazılar nədir ki?

Elə rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə ilə söhbətimizdə də bu məsələlər ətrafında əhatəli söhbət açdıq. Yeri gəlmişkən qeyd edek ki, başqalarından fərqli olaraq Mübariz müəllim kabinetdə oturub rayona rəhbərlik edən vəzifə sahiblərindən deyil. O, həmişə görən insanların yanında, hansısa obyektin təməlinin qoyulmasında, hansısa müəssisənin açılışında, məktəb tikilən, asfalt çəkilən yerlərdədir. Onsuz da otaqda oturmağı bacarmayan icra başçısı ötən il Zaqatalada baş vermiş zəlzələdən sonra ümumiyyətlə daim tikinti-quruculuq, təmir-bərpa işləri gedən kəndlərdə olur, özü hər şeyə nəzarət edir. Elə Zaqatalaya sonuncu səfərimiz zamanı da icra başçısı ilə bilavasitə gözəllik yaradan insanların yanında – şəhərin Heydər Əliyev prospektində görüşdük. – “İşimiz çoxdur, dedi. – Cənab Prezidentin Zaqatalaya səfərinə hazırlaşırıq. Onun rayonumuza hər səfəri böyük bir bayram əhval -ruhiyyəsi yaradır. Xüsusən bu il seçki ili olduğuna görə hamının ona demək istədiyi sözü var. Zaqatalalılar ona demək istəyirlər ki, siz bizi dağıdıcı zəlzələnin ağır nəticələri ilə mübarizədə tək qoymadığınıza, qısa müddətdə iki dəfə bölgəyə gələrək bizə maddi və mədəni dəstək verdiyinizə, xüsusən, təbii fəlakətin əlimizdən aldığı varidatımızın yüksək səviyyədə bərpa edilərək bizə qaytarıldığına görə bölgə əhalisi sizi indi həmişəkindən daha çox dəstəkləyir və müdafiə edir. Cənab prezidentin istənilən bölgəyə səfəri maraqlı və yadda qalan təəssüratlarla zəngin olur. Onun Zaqatalaya səfərləri isə bütün səfərlərinə nisbətən daha çox yadda qalır – desəm, yəqin ki, yanılmaram. Bu, bir tərəfdən bizim camaatın dövlət başçımıza olan sevgi və sədaqətindən qaynaqlanır, digər tərəfdən də cənab Prezidentin rayonumuza hər səfəri zamanı hamı bir neçə sosial obyektin açılışının şahidi olur”.

Mübariz müəllimlə çox məsələlər ətrafında söhbət etdik. Zaqatala şəhərinin tarixi mərkəzinin bərpası, su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması, Heydər Əliyev Fondu hesabına inşa edilən 100 yerlik uşaq bağçası, 600 şagird yerlik Bəhmətli kənd tam orta məktəbi, dövlət başçımızın sərəncamı ilə Prezidentin Ehtiyat Fondundan ayrılan 5,5 milyon manat vəsait hesabına Zaqatala- Danaçı-Aşağı Çardaxlar yolunun tikintisinə başlanması və digər məsələlər barədə icra başçısından eşitmək qələm sahibi üçün maraqlı idi. Ancaq eşitdiyim maraqlı məlumatlar bunlarla kifayətlənmirdi. Başçı qeyd etdi ki, bu il rayonda Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına 25 layihə üzrə 325 min manatlıq güzəştli kreditlər verilib ki, bu da son nəticədə rayonda həyata keçirilən ümumi inkişaf prosesinə kömək edir. İyun ayında Zaqatalada Şəki-Zaqatala iqtisadi rayonu üzrə “Sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda konfrans keçirilib, orada müasir heyvandarlıq kompleksinin, çayçılıq, taxılçılıq və tütünçülük təsərrüfatlarının yaradılması üzrə hazırlanmış investisiya layihələrinin təqdimatı olub.

Öyrəndik ki, rayonda iti sürətlə davam edən tikinti-quruculuq işləri çərçivəsində rayon hərbi prokurorluğunun, qaz istismar idarəsinin yeni binalarının, Zaqatala şəhərində 500 nömrə tutumluq ATS binasının, Yeni Suvagil və Göyəm kəndlərində sahə baytarlıq məntəqələrinin tikinti işləri davam etdirilib. Milli təhlükəsizlik nazirliyi rayon şöbəsinin, rayon maliyyə idarəsinin inzibati binalarının, Azərbaycan Müəllimlər İnstitutu Zaqatala filialının və “Araz” hazırlıq kurslarının binalarının tikintisi davam etdirilir. Ən başlıcası, yuxarıda qeyd etdiyimiz kimi Zaqatala şəhərində Heydər Əliyev Mərkəzi üçün möhtəşəm bina tikilir. Bu yaxınlarda isə rayon polis şöbəsinin yeni binasının açılışı olub.

Mübariz müəllim bir faktı da xüsusilə və məmnunluqla vurğuladı ki, Zaqatala şəhəri 2013-cü il üçün Azərbaycanın Folklor Paytaxtı elan edilib. Bu il martın 5-də rayonda həmin əlamətdar qərarın təqdimat mərasimi keçirilib. Mədəniyyət və Turizm Nazirliyinin təşkil etdiyi XII Beynəlxalq Turizm və Səyahətlər sərgisində Zaqatalanın turizm obyektləri , folkloru və mətbəxi geniş təbliğ olunub. Qax şəhərində keçirilən “Xalı və xalçaçılıq” sənəti üzrə sərgidə rayonun Suvagil və Əli Bayramlı kənd mədəniyyət evləri diplomlara layiq yerləri tutublar. “Hudulkixalq kollektivi isə həm Azərbaycanın Masallı rayonunda, həm də Belarusiyada keçirilən folklor festivallarında uğurla iştirak edib. Yəni bu gün Zaqatala təkcə tikinti-quruculuq və təsərrüfat sahələrində deyil, həm də mədəniyyət, turizm sahələrində özünün qətiyyətli sözünü deyir.

Elə buradaca Zaqatalanın bu günü barədə sətirlərimi tamamlamaq istəyirdim. Amma, düşündüm ki, bu rayon haqqında söz açıb həmin bölgənin ən hörmətli, ən nüfuzlu ağsaqqallarından olan MeliorasiyaSu Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadənin xidmətlərini yada salmamaq ən azı insafsızlıq olardı. Çünki Əhməd müəllim demək olar ki, hər həftə, ya da əlinə imkan düşən kimi Zaqatalaya gəlir, bu rayonun bir ailə üzvü kimi bütün proseslərdə iştirak edir. Özünün ağıllı təkliflərini, məsləhətlərini verir.

Onun tanıyanlar yaxşı bilirlər. Bilirlərki, böyük həyat yolu keçmiş Əhməd Əhmədzadənin sinəsində nə qədər maraqlı söhbətlər yatır. Çox görüşmüşük. Bəzən saatlarla söhbət etmişik. İnanın, səmimi deyirəm. Xahiş etmişəm ki, bunları kağıza köçürsün. Həmişə də cavabı eyni olub: “Sağlıq olsun” Nə deyirik, Əhməd müəllim. Təki siz deyən olsun. Amma mən bir həqiqəti bilirəm ki, bu kitab, bəlkə də, memuar ədəbiyyatının ən gözəl nümunələrindən olar. ...O gecə Zaqatalanın son zamanlar yaradılmış ( bəli, bəli, insan əli şəhərin gündüzü kimi gecəsini də yarada bilirmiş) ən gözəl və ən işıqlı gecələrindən biri idi. Dədə Qorqud Meydanı yenidən qurularkən elə bir müasir işıqlandırma sistemindən istifadə olunub ki, indi buranın gecəsi ilə gündüzünü ancaq adamların az-çoxluğuna görə fərqləndirmək olur. Bu meydanda gecələr gündüzdəkindən üç-dörd dəfə çox adam olur. Özü də səhərə qədər. Çalan, oxuyan, söhbət edən, gündüzün yorğunluğunu çıxardan adamlar, sanki, bu gözəllikdən ayrılıb evə getmək belə istəmirlər.

Elə biz də - köhnə dostum Nazir Abbasovla birlikdə gecədən xeyli keçənədək orada gəzişdik, söhbət etdik. Maraqlıdır ki, ab-hava, əhatəsinə düşdüyün adamlar ürəyincə olanda söhbət də tükənmək bilmir. O gecə Nazirlə çox mətləblərdən danışdıq, çox söhbət etdik. Ən çox yadımda qalan isə onun bir bənzətməsi oldu. Dedi ki, sovet dövründə bir yerlimiz o vaxtkı Leninqrada gedib gələndən sonra uzun müddət o şəhərin gecələrindən danışmışdı. İndi buyur, gecələr Zaqatalada- ovcumuzun içindədir.

Nazir belə deyəndə mən zaqatalalı bir dostumun dəfələrlə öz yazılarımda işlətdiyim “Zaqatalanın nəyi Bakıdan əskikdir ki...” ifadəsini dəyişmək istədim. Amma, fikrimdən daşındım-düşündüm ki, ölkənin günləri olmasa, gecələrini də yaratmaq olmazdı...

Zaqatalanın günlərini də, gecələrini də kim görsə... bu diyara yenə qayıdacaq, mütləq qayıdacaq...

 

İlqar HƏSƏNOV

 

Xalq qəzeti.- 2013.- 1 avqust.- S. 5.