Yardımlı: uğurlar sevindiricidir
Zirvələrdən vüqarla boy göstərən Yardımlı son illər özünün əsl dirçəliş dövrünü yaşayır. Ötən il rayona yeni rəhbərlik gəldikdən az sonra burada quruculuq əzmi və qarşılıqlı inam bərqərar olmuş, bütün sahələrdə canlanma yaranmışdır. İnamla demək olar ki, bugünkü Yardımlı yurdsevər sakinlərinin haqlı olaraq hüsnü ilə qürur duyduqları, qonaqlarınsa gözəlliklərinə və abadlıq işlərinə heyran qaldıqları əyalət şəhəridir.
Yarımilliyin yekunlarına həsr olunmuş müşavirədə bu barədə ətraflı danışıldı, görülən işlərdən və qarşıdakı vəzifələrdən bəhs edildi. Rayon icra hakimiyyəti başçısı Sevindik Hətəmov bildirdi ki, 2013-cü ilin altı ayı ərzində rayonda tikinti-abadlıq-quruculuq işləri daha da sürətlə həyata keçirilmişdir. Şəhərin girişindən başlayaraq uzunluğu 4 kilometr olan yolun hər iki tərəfində müasir zövqə uyğun istinad divarları hörülmüş, yollar genişləndirilmiş, piyada səkiləri tikilmiş, küçə işıqları quraşdırılmışdir. Hazırda bu kimi işlər davam etdirilir. Eləcə də, şəhərin Heydər Əliyev, Ünəç, Daşkənd, Nizami, küçələrində tikinti-abadlıq və yol təmiri işləri, Masallı-Yardımlı avtomobil yolunun Sırıq kəndindən keçən hissəsində küçə işıqlarının quraşdırılması həyata keçirilmiş, Çayüzü kəndində də bu işə başlanmış, Böyük Vətən müharibəsində həlak olmuş həmyerlilərimizin xatirəsinə ucaldılmış abidə kompleksinin təmirinə hazırlıq görülmüşdür.
Məruzədə göstərildi ki, altı ay ərzində rayon üzrə 37,4 milyon manatlıq ümumi məhsul istehsal olunmuşdur ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 16 faiz çoxdur. Adambaşına düşən məhsul istehsalı 2003-cü illə müqayisədə 6,5 dəfə artmışdır. 313 min 700 manatlıq sənaye, 8 milyon 646 min manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunmuş, əhaliyə 21 milyon 635 min manatlıq ticarət, 565 min 600 manatlıq nəqliyyat, 126 min 700 manatlıq rabitə xidməti göstərilmişdir.
Daxili imkanlar hesabına inşa olunanan YAP rayon təşkilatının inzibati binası artıq açılışa hazırdır. Polis şöbəsi üçün inşa olunan inzibati binada tikinti işləri sürətlə davam etdirilir. Statistika idarəsinin yeni inzibati binası istifadəyə verilmiş, mədəniyyət və istirahət parkındakı fəvvarə yenidən qurulmuş, “Şəhidlər xiyabanı” abidə kompleksi əsaslı təmir olunmuşdur.
Ümummilli lider Heydər Əliyevin adını daşıyan mərkəz və park yaxın vaxtlarda istifadəyə veriləcək. Mərkəz iki mərtəbəli olmaqla 760 kvadratmetrdir. Mərkəzdə konfrans zalı, virtual sinif, muzey, 3D kino zalı, xarici dil kursu, ədəbiyyat dərnəyi, intellektual oyun, kompüter otaqları, fotostudya, poliqrafiya emelatxanası, xalq sənətkarlığı studyası, rəsm və dizayn dərnəyi fəaliyyət göstərəcək. Ulu öndərin örnək dövlətçilik irsinin ziyarətçilərə daha dolğun çatdırılması üçün mərkəzdə hər cür şərait yaradılmışdır.
Parkın sahəsi 9 min kvadratmetrdir. Orada müasir üslubda üç fəvvarə, yaşıllıq zonası, suvarma və işıqlandırma sistemi quraşdırılmışdır. Parkda 35 növ dekorativ ağac əkilmişdir.
Yardımlının sürətli inkişafı sayəsində bir sıra sahələrlə yanaşı, sənayedə də irəliləyişə nail olunub. İstər şəxsi təsərrüfatlarda, istərsə də bələdiyyə mülkiyyətində olan meyvə bağlarında yetişdirilmiş məhsulu satmaq üçün emal müəssisəsi olmadığından rayon əhalisi çətinlik çəkirdi. Əhali ilə görüşlərdə qaldırılmış bu məsələnin həllinə nail olunmuşdur. Hazırda, rayonda meyvə tədarükü və emalı ilə məşğul olan limonad, su, kompot və mürəbbə sexi tikilir. Əhalinin məşğulluğu da artıracaq, yığılan meyvə də əldə qalıb zay olmayacaq. Saatda 1500 şüşə limonad, 2000 şüşə meyvə şirəsi istehsalı gücünə malik olacaq sexdə eyni zamanda qazlı və qazsız su istehsal ediləcək. Qəbul məntəqəsi gün ərzində 10 ton meyvə qəbul edə biləcək.
Rayonda idmanın kompleks inkişafı, gənclərin asudə vaxtlarının səmərəli təşkili məqsədilə Prezident İlham Əliyev müasir Olimpiya İdman Kompleksinin tikintisi üçün sərəncam vermişdir. Artıq layihələndirmə işləri sona yetib. Bundan əlavə, rayonda cüdo və güləş zallarının, “Gənclər evi”nin tikintisi üçün torpaq sahəsi ayrılmış, müvafiq sənədlər Gənclər və İdman Nazirliyinə göndərilmişdir.
Yardımlı şəhərinin və eləcə də digər yaşayış məntəqələrinin içməli su ilə tam təmin olunması da diqqətdədir. Artıq Yardımlı şəhərinə su və kanalizasiya xətlərinin çəkilməsi işləri davam etdirilir. 12,5 kilometr su və 4,2 kilometr kanalizasiya xətti çəkilmişdir. Bu, nəzərdə tutulan işin müvafiq olaraq 21 və 8 faiz qədərdir. Kəndlərdə əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün də tədbirlər görülür. Belə ki, əhalisinin sayı 12 min nəfər olan 18 kəndin içməli su tələbatının təmini məqsədilə “Sineyir” adlanan ərazidən həmin kəndlərə su çəkilişi məsələsi müsbət həll olunmuş, layihələndirmə işləri aparılmış və yaxın günlərdə tikintiyə başlanılacaq.
Əhalinin fasiləsiz elektrik enerjisi ilə təmin olunması məqsədilə rayon elektrik şəbəkəsi Yeni Yardımlı, Ərus və Sığnə yarımstansiyalarında və onlardan qidalanan xətlərdə təmir işləri aparmışdır. Ötən dövrdə sıradan çıxmış 9 transformator yenisi ilə əvəz olunmişdir. Sığnə Yarımstansiyasında zədələnmiş 1600 kilovatlıq transformator da dəyişilmişdir.
Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyev 2013-cü ilin sonuna qədər respublikada qazlaşmanın səviyyəsinin 95 faizə çatdırılmasını xüsusi tələb kimi qarşıya qoymuşdur.Yardımlıda 2013-cü ilin 6 ayı təbii qaz abonentlərinin sayının artması ilə müşayiət olunub. Belə ki, 42 abonenti olan Bilnə kəndinə, 280 abonenti olan Bozayran kəndinə təbii qaz verilib ki, bununla da istehlakçıların sayı əhali sektoru üzrə 1557, qeyri-əhali sektoru üzrə 14-ə çatdırılıb. 90 abonenti olan Yardımlı şəhərinin Ünəç küçəsində qazlaşma işləri sona yetmişdir. Abonentlərinin ümumi sayı 382 olan şəhərin Daşkənd küçəsinə, Qabaqdibi və Mişkireyn kənd yaşayış məntəqələrinə qaz çəkilişi davam etdirilir. Hazırda rayonun, 8 yaşayış məntəqəsi təbii qazdan istifadə edir.
Rayonda yolların təmiri, yeni yolların və avtomobil körpülərinin tikintisi dinamikası artmışdır. Daxili imkanlar hesabına Ostayir avtomobil yolu, tamamilə torpaq örtüklü Əfçədulan, habelə Hamarkənd-Abasabad avtomobil yolu çınqıl örtüklə təmir olunmuş, Bozayran-Bürzünbül kəndləri arasındakı suötürücü qurğunun yağış suları nəticəsində sıradan çıxmış hissəsi tam pərpa edilmiş və əhalinin rahat gəliş-gedişi təmin olunmuşdur. Uzun illər Sırıq və Horavar kəndləri arasında Viləş çayı üzərində körpünün tikintisi nəzərdə tutulsa da, mümkün olmurdu. Nəhayət, rayon icra hakimiyyətinin daxili imkanları hesabına burada yük götürmə qabiliyyəti 30 ton olan körpü inşa edilərək əhalinin istifadəsinə verilmişdir. Bu körpü 7 yaşayış məntəqəsi üzrə 6000-ə yaxın əhalinin istifadəsindədir.
Məlum olduğu kimi, dövlət başçısı cənab İlham Əliyevin 21 fevral 2013-cü il tarixli sərəncamı ilə 13 min nəfər əhalinin yaşadığı 23 yaşayış məntəqəsini birləşdirən Yardımlı-Deman-Arvana avtomobil yolunun tikintisi məqsədilə Prezidentin Ehtiyat Fondundan Yardımlı Rayon İcra Hakimiyyətinə ilkin olaraq 5 milyon manat vəsait ayrılmışdır. Bu sərəncam rayonun sakinləri tərəfindən yüksək razılıqla qarşılanmışdır. Hazırda, yolun 20 kilometrlik hissəsinin alt qat hissəsi asfaltlanmış, üz qatının asfaltlaşdırılması davam etdirilir. İşlər tezliklə tam başa çatdırılacaq.
Ötən müddətdə rayonda özəl sektorun inkişafına xüsusi diqqət yetirilmiş, sahibkarlar subyektinin sayı 1483-ə çatmışdır. Onlar tərəfindən 36,3 milyon manatlıq məhsul istehsal olunmuşdur ki, bu da ümumi məhsulun 97 faizini təşkil edir.
Əhalinin fasiləsiz elektrik enerjisi ilə təmin olunması cənab Prezidentin tapşırığına uyğun olaraq, bu gün bütün kənd yaşayış məntəqələrinə işıq verilməsi 24 saata çatdırılmışdır. Müşavirədə qeyd olundu ki, hazırda Yardımlı-Masallı-Lerik yüksək gərginlikli hava elektrik xətti çəkilir, eyni zamanda, Ərus yarımstansiyası yenidən qurulur ki, bu da daha dayanıqlı elektrik enerji təminatı deməkdir.
Daha bir məlumat maraq doğurur: son on ildə rayon üzrə 4030 yeni iş yerləri açılmışdır ki, bunun da 2873-ü daimidir. 2013-cü ilin altı ayında 187 yeni iş yeri yaradılmışdır.
Natiq məruzəsində 2013-cü ilin öndəki aylarında rayonun sosial-iqtisadi inkişafı ilə bağlı qarşıda duran məsələləri də diqqətə çatdırdı.
Əli
NƏCƏFXANLI
Xalq qəzeti.- 2013.- 2 avqust.- S. 5.