Ərzurum – dağlar incisi

 

Bu şəhər tarixi əzəməti, saf təbiəti, təbii gözəlliyi və sirli cazibəsi ilə hər kəsi heyran edir

 

Ərzurum – bu ad hər bir türkiyəli qardaşımıza və hər bir azərbaycanlıya doğma və əzizdir. Çünki bu şəhər geniş oğuz coğrafiyasının tarixi məkanı, göz bəbəyi, dağlar qoynunda möcüzələr yaradan qandaşlarımızın alınmaz qalasıdır. Təsadüfi deyil ki,  Ərzurumu igidlərin, qəhrəmanların, mərdlərin məkanı adlandırır, bunu xüsusilə diqqətə çatdırmaq üçün bura  dadaşlar diyarı” deyirlər.

Bu gözəl məkan həqiqətən də igidlər diyarıdır. Şanlı keçmişə malik olan Ərzurumun Türkiyə və ümumilikdə türk dünyasının tarixində xüsusi yeri var. Təkcə onu qeyd  etmək kifayətdir ki, Türk Qurtuluş Savaşının başlanğıc nöqtəsi Ərzurum hesab olunur. Məhdud şərtlər altında öncə igid ərzurumlular 5 böyük imperiya dövlətinə qarşı inadla mübarizəyə atılan böyük Atatürkü dəstəkləmiş, onun ətrafında sıx birləşmişdilər.  Buranın insanları sanki başı qarlı dağların əzəmətindən güc alır, sərt iqlimindən doğru yolda qətiyyətli olmaq kimi müsbət xarakteri qazanır, yüz illərin tarixi abidələri soyuna, kökünə bağlılığı təlqin edir, milli təəssübkeşliyi alovlandırır, yamaclardan süzülüb gələn saf  bulaqların Günəş altında parlayan göz yaşı kimi sərin suları isə  insanların qəlbinin güzgüsünə çevrilir.

Azərbaycandan gələn jurnalist həmkarlarımla birlikdə budəfəki ünvanımız Ərzurum idi. Bu diyar özünün tarixi məkanları ilə şöhrət qazansa da, bu gün daha çox qış turizminin inkişafı  baxımından diqqətləri öz üzərinə cəlb edir. Şimal-Şərqi Anadolu Agentliyinin  (KUDAKA) təşkilatçılığı, Türkiyənin Azərbaycandakı səfirliyinin və Türk Hava Yollarının dəstəyi ilə baş tutan səfərimizdə biz bunun bir daha şahidi olduq. Bütün çətinliklərimizə qatlaşan bələdçilərimiz Müzeyyen İnci, Fatih Baltacı və Salih Ağsakkal Ərzurumun turizm potensialı və burada yaradılmış müasir tələblərə cavab verən infrastruktur haqqında bizə bir-birindən maraqlı məlumatlar verirdilər. Bizə məlum oldu ki, 2011-ci ildə “New York Tayms” qəzetinin qış turizmi ilə bağlı sıralamasında Ərzurum dünyada 42 şəhər arasında 18-ci yerdə qərar tutub. Bu, çox qürurverici bir faktdır.  O da önəmlidir ki, Türkiyə dövləti əldə edilən nailiyyətlərə yenilərini əlavə etmək və bölgəni dünya miqyasında daha çox ön plana çıxarmaq üçün ardıcıl layihələr həyata keçirir. Yaxın illərdə burada yeni-yeni turizm obyektlərinin tikintisi nəzərdə tutulur. Yəni bu, o deməkdir ki, gələcəkdə Ərzurum sıralamada daha da sürətlə birinciliyə doğru irəliləyəcəkdir.

New York Tayms”ın  dadaşlar diyarı”na diqqət yönəltməsi heç də təsadüfi deyildi. Belə ki, 2011-ci ildə  XXV Dünya Universitetləri Qış Olimpiadasının Ərzurumda yüksək səviyyədə keçirilməsi  beynəlxalq ictimaiyyətin diqqətini bu məkana yönəltmişdi. 52 ölkədən 2500-dən çox idmançının qatıldığı beynəlxalq yarışı televiziyalar vasitəsiylə izləyən hər kəs Ərzurumda yaradılmış Türkiyə möcüzəsinin şahidi oldu.  Dünya birliyi “Eurovision-2012” mahnı müsabiqəsində Bakının gözəlliyinə, buradakı yüksək səviyyəli təşkilatçılığa, Azərbaycanın inkişafına necə heyran qalmışdısa, 2011-ci ildə  keçirilən qış olimpiadasında da Ərzurumdakı   Palantökən, Konaklı və Kandilli xizəksürmə mərkəzlərində yaradılan şəraitə, buranın insanı valeh edən təbii gözəlliyinə də bu cür heyran qalmışdılar. Xizəkli qaçış, körlinq, fiqurlu konkisürmə, sərbəst xizəksürmə, buz xokkeyi, şimal kombinə, qısa məsafəyə sürətli konkisürmə, xizəklə atlamasnovbard kateqoriyalarında yarışan idmançıların həyəcanlı mübarizəsi  rekord nəticələrlə yadda qalmışdı. Qış Olimpiadasından sonra bir daha aydın oldu ki, Ərzurum dünya standartlarına cavab verən qış turizmi məkanlarına sahibdirbu məsələdə böyük potensialı, gələcəyi var. 

Dadaşlar diyarı”ndakı möhtəşəm idman təsisatlarını gəzərkən, KUDAKA-nın əməkdaşı, bələdçimiz Fatih Baltacı bu məkanları fərqləndirən xüsusiyyətlər barədə söhbət açdı. Dedi ki,  Palantökən özünün sərt və təzadlı iqlimi ilə maraqlı təbiət konfiqurasiyası yaradır. Onun cənub yamacında yay aylarına xas olan isti hava şəraiti hökm sürəndə, şimal yamacı qışdakı kimi qarla örtülür. Buna səbəb hətta isti yay günlərində də şimal yamacına Günəş şüalarının az düşməsi və havaların sərin olmasıdırsa, digər bir səbəbi qış aylarında Ərzurumda, necə deyərlər əsən güclü küləklərin quşbaşı qarı toz halına salmasıdır.  Toz halında olan qar isə Günəş şüaları altında daha tez bərkiyir, onun üst hissəsi əriyərək nazik buz qatı yaradır və beləliklə, istiliyə qarşı qəribə bir “müdafiə xətti” meydana çıxır.  Buna görə də ərazinin müəyyən hissələri yay aylarında da örpəkdə qala bilir.  Palantökəndə qış turizm mövsümünün hər il oktyabr ayında başlaması  may ayının sonlarına qədər davam etməsi də təsadüfi deyil. Bu məkanın adı da maraqlıdır. Ərzurumu əhatə edən Palantökən dağ silsiləsinin adının kökü dilimizdə də istifadə olunanpalan” sözündən götürülüb. Rəvayətlərə görə, qədim dövrlərdə uzunqulaqlarla bu dağı keçmək istəyən tacirlər və ya şəhər əhalisi qısa zamandan sonra heyvanın üzərindəki palanın yoxa çıxdığının şahidi olublar. Sonradan məlum olub ki, uzunqulaqlar sərt qayalıqların arasından keçərkən palanları sıyrılır və yerə düşür. Ona görə də qədim insanlar dağa Palantökən adını veriblər.

Uzun illər Palantökən dağlarının qış turizmi potensialının inkişaf etdirilməsi məsələsi diqqətdən kənarda qalıb. Nəhayət,  1993-cü ildə bəzi təsisatlar və otellərin inşası tamamlandıqdan sonra bu məkan Qış Turizm Mərkəzi kimi fəaliyyət göstərməyə başlayıb. Öncə Türkiyədə ölkədaxili turizmin inkişafı üçün addımlar atılıb. Bir müddət sonra Avropadan və ərəb ölkələrindən də bura turistlər gəlməyə başlayıb. Bununla yanaşı, səfalı təbiətə və keçilməz dağlara malik olduğu üçün yay dağ turizminin inkişafı istiqamətində də tədbirlər görülərək uğurlu nəticələr əldə edilib. Yeni-yeni otellər inşa olunub, Ərzurumun yerli mətbəxini təqdim edən restoranlar fəaliyyətə başlayıb. Son illər isə buna paralel olaraq şəhərdə qış oyunları üçün təsisatlar inşa olunub. Məsələn,  xizəklə atlamaq üçün tikilən nəhəng qüllələr bunlardan biridir. Bu qüllələr Avropanın ən böyük qış idman məkanı kimi tanınır. Dünyada isə 3-cü ən böyük xizəklə atlama qülləsi olan bu məkan hər bir insanda dərin təəssürat oyadır. Qüllənin ən sonuncu mərtəbəsindən isə Ərzurum şəhərinin  möhtəşəm mənzərəsini görmək mümkündür.  Bu mənzərə şəhərin əzəmətini hiss etdirir. Ərzurumdakı binaların düzülüşü daim düşmənə müqavimət göstərməyə, ona dərsini verməyə hazır olan ordu birliklərinin düzülüşünə oxşayır...

2008-ci ildə inşa olunan və 2 minədək tamaşaçı üçün nəzərdə tutulan Ərzurum buz meydançası da yayda bura gələn turistlərin üz tutduğu məkanlardan biridir. Tikintisinə 300 milyon ABŞ dolları sərf olunan təsisatda yeniyetmələr də konki ilə buz üstündə müxtəlif idman hərəkətlərinin sirlərini öyrənirlər. Hər il təkcə Ərzurumdan deyil, Türkiyənin müxtəlif bölgələrindən iki minədək uşaq təyin edilmiş vaxtlarda təcrübəli müəllimlər tərəfindən buz meydançasında təlim-məşq keçirlər.  Ayrıca hər gün saat 7-dən 10-dək bu idman növü ilə maraqlanan hər kəs üçün binaya giriş sərbəstdir.  Biz Ərzurum buz meydançasına daxil olarkən Ərzurumdakı Turqut Özal adına  orta məktəbin 5-ci sinfində oxuyan şagirdlər də burada idi.  Azərbaycanlı həmkarlarımla birlikdə həmin şagirdlərin müşayiəti ilə biz  konki ilə buz üstünə çıxaraq, necə deyərlər, öz məharətimizi göstərməyə çalışdıq. Ancaq bu, o qədər də asan olmadı, kimisi məşhur bir şeirdə deyildiyi kimi,  sürüşdü birdən-birə, dəydi üz üstə yerə, kimisidaha diqqətli hərəkətlər edərək ayaq üstdə qalmağa çalışdı. Mən də həmkarlarıma qarışıb konki ilə  buz meydançasına çıxmışdım. Müvazinətimi saxlamağa çalışdığım bir vaxtda qeyd etdiyim məktəbin iki şagirdi arxadan sürətlə gələrək hərəsi bir tərəfdən əllərimdən tutub irəli çəkdilər. İndiyədək ancaq maşınla gedərkən müşahidə etdiyim bir sürətlə irəliyə doğru sürüşdüm. Azyaşlı olmalarına baxmayaraq, şagirdlər peşəkar idmançılara xas hərəkətlər edərək yıxılmağıma imkan vermədilər. Onlara baxanda inamla demək olar ki,  bu yeniyetmələr gələcəkdə buz üstündə keçirilən bütün idman növləri üzrə yarışlarda Türkiyəni layiqincə təmsil edə bilərlər.

Ərzurumda məşhur tarixi, ticarət, atelye  məkanlarından biri də Osmanlı imperiyasının məşhur sultanı  Sultan Süleyman Qanuninin vəzirlərindən biri olan Rüstəm paşa tərəfindən 1561-ci ildə karvansara kimi tikilən “Taşhan”ədir.  Bu məkan  hazırda “oltu” adlı daşın adı ilə əlaqədar “oltu daş bazarı” adlandırılır. Bu daş ta qədim zamanlardan bəri qəribə xüsusiyyətləri ilə insanların diqqətini cəlb edib. Əksəriyyət onun həm də bəzi müalicəvi xüsusiyyətlərə malik olduğuna inanır. Həmin daşdan burada müxtəlif bəzək əşyaları, o cümlədən təsbehlər düzəldirlər. Zərgər dəqiqliyi və böyük zəhmət tələb edən bu işi görən ərzurumluların çoxu  bunun ata-baba peşəsi olduğunu, nəsildən-nəslə davam etdirdiklərini deyirlər. Diqqətimizi çəkən digər tarixi-turistik yerlərdən biri də 330 illik tarixə malik olan “Ərzurum evləri” idi. Qeyri-adi bir gözəlliyə malik olan və qədimliyi, tarixiliyi özündə əks etdirən “Ərzurum evləri” 15 qədim evin birləşdirilməsi ilə yaradılıb. Meydana gələn maraqlı məkan restoran kimi istifadə olunmağa başlanılıb. Ancaq bu restoranı digərləri ilə müqayisə etmək qeyri-mümkündür. İçərisinə addım atdığın andan özünü sirli-sehirli tarixi bir məkanda hiss edirsən. Evlərin qədim quruluş forması böyük ustalıqla qorunmuş, hər bir otaq keçmişdə istifadə olunan ev əşyaları ilə bəzədilmişdir. Bura gələn hər kəs yerdə bardaş qurub oturur, Ərzurumun məşhur yeməklərinə, o cümlədən cağ kababa qonaq edilir...

Dağlar incisi Ərzurum elə bir məkandır ki, onunla bağlı təəssüratları oxuculara bir məqaləylə tam çatdırmaq mümkün deyil. Ərzurumun erməni-rus işğalına qarşı müqaviməti, düşmənə diz çökdürməsi, buradan hərəkətə gələn ərzurumlulardan ibarət nəhəng ordunun Naxçıvandakı və Qərbi Azərbaycandakı qandaşlarının köməyinə tələsməsi, onların yazdığı qəhrəmanlıq salnaməsi və s. barədə nə qədər yazsaq, yenə də azdır. Ən əsas məqam ondan ibarətdir ki,  bu şəhərdə olarkən Ərzurumun azərbaycanlılar üçün doğma şəhər olduğunu hiss edirsən. Bizim dilimizdə istifadə olunan “yaxşı” sözünün Türkiyədə yalnız Ərzurumda istifadə olunması da, necə deyərlər,  bu doğmalığın sözlü ifadəsidir. Ona görə Naxçıvandan olan əziz həmkarlarımla bu şəhərdən ayrılaraq Vətənə doğru yola çıxarkən, ərzurumlu dadaş İbrahim Ərkalın “Hadi gəl, Ərzuruma gəl. Ərzurum yahşi, gözəl” mahnısını birgə, ürəkdən və səmimiyətlə oxuyurduq...

 

Rauf KƏNGƏRLİ

 

Xalq qəzeti.- 2013.- 2 avqust.- S. 6.