ABŞ-da erməni lobbisinin formalaşması və onun antitürk fəaliyyəti

 

(əvvəli qəzetin 30 iyul nömrəsində)

 

ABŞ-dakı erməni lobbisinin əsas ideoloji mərkəzi funksiyasını yerinə yetirən araşdırma mərkəzlərinin fəalliyyəti sistemli şəkildə həyata keçirilməkdədir. Müxtəlif istiqamətlər üzrə fəaliyyət göstərən bu təşkilatlar gələcək planların müəyyənləşdirilməsində, həyata keçiriləcək məsələlərin sistemli şəkildə təhlil olunmasında mühüm əhəmiyyət kəsb edir.

Əsas fəaliyyətlərini bu ölkənin ən nüfuzlu universitetlərində təşkil edən araşdırma mərkəzlərinin əsas məqsədi xüsusilə qondarma “erməni soyqırımı” ilə bağlı tədqiqatların daha çox elmi cəhətdən araşdırılması və bu istiqamətdə konfrans, simpoziumların təşkil edilməsidir. Həmçinin, lobbi daxilində erməni mədəniyyətini, dilini, tarixini, maddi mədəniyyət nümunələrini, musiqisini daha dərindən araşdırmaq və dünya ictimaiyyətinə çatdırmaq, dünyanın müxtəlif yerlərinə səpələnmiş ermənilərin demoqrafik artım səviyyəsini müqayisəli şəkildə təhlil etmək, ailə daxilində doğum-ölüm hallarının  mütəmadi olaraq nisbətini, sağlıq durumunu, seçki kampaniyalarında iştirakını, vergi ödənişi zamanı yarana biləcək hər hansı anlaşılmazlığın dərhal aradan qaldırılmasını, kilsə tikintisinı və nəhayət, gənc keşişlərin hazırlanmasını təşkil etməkdir. Eyni zamanda, Türkiyə, Azərbaycan, Gürcüstan və İrandan daha çox torpaq mənimsəmək, bu torpaqların qədimdən  ermənilərə məxsus olduğunu saxta xəritələrlə, uydurma faktlarla sübut etməkdir. Ümumerməni Milli Hərəkatına bu və ya digər formada dəstək verən ABŞ-dakı araşdırma mərkəzlərindən aşağıdakıların adlarını xüsusilə qeyd etmək lazımdır:

 

– Amerika-Erməni Beynəlxalq Universiteti;

 

– Ermənistan Siyasi Təhlil, Tədqiqatlar və Planlaşdırma İnstitutu;

 

– Stres və Genosid Tədqiqatları üzrə Erməni-Amerika Cəmiyyəti;

 

– Ermənistan Milli və Beynəlxalq Araşdırmalar Mərkəzi;

 

– Ermənistan Film Fondu;

 

– Ermənistan Şəcərə Cəmiyyəti;

 

– Kaliforniya Dövlət Universitetinin Fresko Erməni Araşdırmalar Proqramı;

 

– Miçiqan-Derborn Universitetinin Erməni Araşdırmaları və Nəşriyyatı Mərkəzi;

 

– Kolumbiya Universiteti Erməni Araşdırmaları Proqramı;

 

– Emmanuel Universiteti;

 

– Harvard Universiteti Erməni Araşdırmaları Proqramı;

 

– Erməni Araşdırmaları və Tədqiqatları üzrə Milli Assosiasiya;

 

– Kvebek Erməni Araşdırmaları Birliyi;

 

– Müqəddəs Nerses Erməni Seminariyası;

 

– Miçiqan-Derborn Universiteti Araşdırmalar Mərkəzi yanında Erməni Tədqiqatları Cəmiyyəti;

 

– Kaliforniya-Los-Anceles Universiteti;

 

– Konnektikut Universiteti Erməni Araşdırmaları üzrə Proqramı;

 

– Cənubi Kaliforniya Universiteti Ermənistan Musiqisinin Dostları Fondu;

 

– Müasir Ermənistan Tədqiqatları və Sənədləşdirmə üzrə Zoryan İnstitutu.

 

Bu gün müxtəlif məzhəblərə qulluq edən dünya ermənilərini bir bayraq altında birləşdirməyə xidmət edən təşkilatların sayı durmadan artmaqdadır. Ümumerməni Milli Hərəkatının bir mərkəzdən idarə olunması istiqamətində bütün gücünü səfərbər edən təşkilatlardan xüsusilə idman cəmiyyətlərini və Xalq Evləri Birliyini misal göstərmək olar. Bu təşkilatların fəaliyyətinin əsas məqsədi Ermənistandan buraya gələn erməni gənclərini, idmançılarını olimpiya oyunlarına ruhlandırmaq və eyni zamanda, onların maliyyə problemlərinin həllinə nail olmaqdır. Bu gün ABŞ-da bu istiqamətdə fəaliyyət göstərən 21 belə təşkilat mövcuddur. İdman cəmiyyətləri ilə yanaşı, Xalq Evləri Birliyi də bu gün lobbi daxilində xüsusi cəkiyə malik təşkilatlar sırasında yer almaqdadır. Ermənilərin bir bayraq altında birləşməsi uğrunda mübarizə aparan 11 belə təşkilat mövcuddur.

Müasir dövrdə fəallığı ilə diqqət çəkən və daha geniş məkanda fəaliyyət gəstərən təşkilatlardan biri də Yurddaş Təşkilatları Birliyidir. Özündə müxtəlif profilli təşkilatları birləşdirən Yurddaş Birliyinə daxil olan təşkilatlardan bir neçəsinin adlarını qeyd etmək olar:

– Arabkir Birliyi; Ararat Erməni Cəmiyyəti; Ermənistan Ayntabtzı Assossasiyası; Ermənistan Quessariya Diaspor Birliyi; Ermənistan Los-Anceles Cəmiyyəti; Beylan Diaspor Birliyi; Bolsohay Mədəniyyət Assosiasiyası; Çomoqlu Diaspor Cəmiyyəti; Konstantinopol Ermənistan Humanitar Cəmiyyəti; İstanbul A.B.G.U. İnşaat Fakultəsinin Erməni Mədəniyyət Cəmiyyəti; Malatya Təhsil Assossasiyası (Massacusets ştatı); Malatya Təhsil Assossasiyası (Nyu-Cersi ştatı); Vaspurakan Ümumi Cəmiyyəti; Nyu-York İran-Ermənistan Cəmiyyəti; Kessaxp Ermənistanın Təhsil Assossasiyası; Musa Ler Assossasiyası; İstanbul Erməniləri Təşkilatı; Maraş Erməniləri Birliyi (Nyu-York ştatı); Maraş Erməniləri Birliyi (Kaliforniya ştatı); Urmiya Erməni Təşkilatı; Zeytun Həmvətənləri Assosiasiyası və başqaları.

Müxtəlif məqsədlər üçün yaradılmış bu təşkilatların bütövlükdə əsas qayəsi gənc erməni nəslini bir araya toplamaq, onlara ümumtürk düşmənçilik duyğularını aşılamaq, qondarma “erməni soyqırımı”nın görünən və görünməyən tərəflərini dərindən öyrənmək və bununla bağlı çoxlu sayda kitab, buklet, qəzet, jurnallar nəşr etdirmək, diaspor icmaları arasında telekörpüləri mütəmadi şəkildə təşkil etmək və digər məsələlərin həlli istiqamətində səyləri birləşdirməkdir. Qeyd etdiyimiz iri lahiyələrin baş tutması üçün xeyriyyə fondlarının ayırdığı maaliyyə vəsaitləri də ümumi işin gedişinə müsbət təsirini göstərməkdədir.

  Qeyd etmək lazımdır ki, daha çox mütəşəkkilliyi ilə seçilən təşkilatlar içərisində xüsusilə mədəniyyət təşkilatları fəallığı ilə seçilir. Müxtəlif ştatlarda fəaliyyət göstərən mədəniyyət təşkilatlarının ümumi sayı 90-a yaxındır. Buna misal olaraq Ararat Fondunu, Amerika-Erməni Mədəniyyət Mərkəzini  (Las-Veqas), Erməni Mədəniyyət Assosiasiyasını (Vaşinqton) qeyd etmək olar. Bu təşkilatların yaradılmasında əsas məqsəd erməni gənclərinin erməni dilinə, ədəbiyyatına, tarixinə, mədəniyyətinə, universitetlərinə, həmçinin 1988-ci ildə Ermənistanda baş vermiş zəlzələdən zərər çəkmiş vətəndaşlara maddi və mənəvi dəstək olmaq, işsiz erməniləri bir araya toplamaq, onlara bu işdə dəstək olmaq, erməni tələbələrinin ABŞ-ın ən nüfuzlu universitetlərində təhsil almalarına yardım etmək, işğal altında olan Azərbaycan torpaqlarındakı maddi-mədəniyyət abidələrinin erməniləşdirilməsinə yardım etmək və  dünya ictimaiyyətinə erməni abidələri kimi sırımaqdır.

Müasir dövrdə informasiyanın kütləviliyi və əhəmiyyəti günü-gündən artmaqdadır. Kütləvi informasiya vasitələrinin yaradılması və maddi-texniki bazasının daha da təkmilləşdirilməsi, həmçinin xeyriyyə fondlarının  bu işə külli miqdarda maaliyyə vəsaitləri xərcləməsi erməni diasporunun anti-türk fəaliyyətinin əsas prioritetlərindən birini təşkil etməkdədir. Xüsusilə diqqəti cəlb edən mühüm məsələlərdən biri də ABŞ-ın ən nüfuzlu nəşrlərindən olan “Nyu-York Tayms” qəzetinin səhifələrində erməni lobbisinin uğurlarının və antitürk fəaliyyətinin mütəmadi olaraq silsilə məqalələrlə işıqlandırılmasıdır. Burada Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağ və ətraf rayonların erməni əraziləri olduğu haqqında sərsəm və cəfəngiyyatla dolu saxta faktlar yerləşdirilmişdir. Bununla yanaşı, burada ermənilərin qonşu dövlətlərə (Gürcüstan, Türkiyə) qarşı ərazi iddiaları ilə bağlı yazılara da tez-tez rast gəlmək olur. İki əsr müddətində yaradılmış çoxlu sayda kütləvi informasiya vasitələri erməni lobbisi daxilində xüsusi çəkiyə malik Hınçaq və Daşnak partiyaları tərəfindən idarə olunmaqdadır.

Qeyd etmək lazımdır ki, ABŞ-da erməni lobbisi tərəfindən təsis olunmüş ən qədim qəzet 1899-cu ildə erməni dilində nəşr edilən “Hayrenik Weekly” qəzetidir. 1908-ci ildə Kaliforniyada erməni və ingilis dilində nəşr edilən “Asbaraz Armenian Daily” qəzeti də xüsusi mövqeyə malikdir. Bu qəzetlərlə yanaşı, 1922-ci ildə Massacusetsdə təsis edilmiş “Bakiar Monthly” və eyni tarixdə Kaliforniyada yaradılmış “Nor Or Semi-Weekly” qəzetləri də fəallığı ilə seçilməkdədir. Xüsusilə “Nor Or Semi-Weekly” qəzeti həftədə iki gün olmaqla, yalnız erməni dilində nəşr edilir. Çoxsaylı erməni və amerikan vətəndaşlarının rəğbətini qazanan bu qəzetlərlə yanaşı, digər qəzetlər də erməni lobbisi tərəfindən maliyələşdirilməkdədir. Bunlara misal olaraq, 1933-cü ildən ingilis dilində həftəlik nəşr edilən “Armenian Weekly”, həmçinin 1958-ci ildə ingilis dilində nəşrə başlayan “California Courier” qəzetlərini misal göstərmək olar.

Qəzetlərlə yanaşı, digər dövrü nəşrlərin fəaliyyəti də erməni lobbisinin diqqət mərkəzindədir. Bu gün ABŞ-da təxminən 17 adda dövrü nəşr fəaliyyət göstərməkdədir. Bunlardan 5-i Kaliforniyada, 3-ü Nyu-Yorkda, 4-ü Massacusetsdə, 2-si Ohayoda, digərləri isə Vaşinqton, Miçiqan və İllinoisdə nəşr edilməkdədir. Dövrü nəşrlərin 4-ü erməni və ingilis dillərində, digərləri isə yalnız ingilis dilində buraxılır.

Müasir dövrdə daha geniş auditoriyaya hesablanmış və sürətlə inkişaf etməkdə olan kütləvi informasiya vasitələri içərisində televiziya və radio yayımları xüsusi çəkiyə malikdir. Dünyanın müxtəlif ərazilərini özlərinə məskən seçmiş ermənilərin bir bayraq altında birləşdirilməsində və maarifləndirilməsində, onlar arasında antitürk əhval-ruhiyyənin daha da dərinləşdirilməsində, eləcə də gələcək planların həyata keçirilməsində, xüsusilə Ümumerməni Milli Hərəkatına bu və ya digər şəkildə yardım göstərilməsində televiziya və radio yayımlarının fəaliyyəti nəzərəçarpacaq dərəcədə inkişaf etməkdədir. Nəzərə almaq lazımdır ki, gecə-gündüz türklərə qarşı düşmənçiliyin daha da dərinləşdirilməsi istiqamətində yorulmadan çalışan televiziya və radio yayımlarına bu ölkənin erməni mənşəli maaliyə oliqarxlarının ayırdığı maliyə yardımları ildən-ilə artırılmaqdadır. Milyonlarla dollar hesabına başa gələn mütəmadi ştatlararası telekörpülərin təşkil edilməsi, buraya varlı erməni iş adamlarının cəlb edilməsi, müxtəlif ölkələrdə fəaliyyət göstərən erməni icmalarının Ümumerməni Milli Hərəkatının inkişafına dəstək verməsi istiqamətində edilən çağırışlar bütövlükdə televiziya və radio verlişlərinin müştərək fəaliyyətinin nəticəsi kimi ortaya çıxır.

Bu gün ABŞ-da erməni lobbisinə məxsus çoxlu sayda kilsə fəaliyyət göstərməkdədir. Bu ölkədə ilk dəfə 1881-ci ildə Massacusets ştatında erməni kilsəsi inşa edilmişdir. Daha sonra inşası kütləvi hal alan erməni kilsələrinin sayı durmadan artmağa başladı. Belə ki, qısa müddət ərzində Nyu-Yorkda, Nyu-Cersidə, Kaliforniyada, Pensilvaniyada və digər iri şəhərlərdə erməni kilsələri istifadəyə verildi. Ermənilərə bu ölkədə sərbəst dini ritualların və ayinlərin keçirilməsinə çox münbit şərait yaradılmışdır. Təəssüflər olsun ki, kilsələr  qarşıya qoyulan məqsəd və vəzifələri yerinə yetirməkdənsə, daha çox irqi ayrı-seçkiliyin dərinləşməsinə, türk düşmənçiliyinin kəskin xarakter almasına, eyni zamanda qondarma “erməni soyqırımı”nın ildönümlərinin təşkilinə maraq göstərməkdədir.

Məlum olduğu kimi, tarixin müxtəlif dönəmlərində türklərə qarşı milli-etnik təmizləmə və terror siyasətinin yerinə yetirilməsində erməni kilsələrinin çirkin fəaliyyətini xüsusilə qeyd etmək lazımdır. Mütəmadi olaraq terrorun maliyyələşdirilməsi istiqamətində kilsələrin ayırdığı pullar bilavasitə bu ölkədə fəaliyyət göstərən türk diplomatlarının məhv edilməsinə, onların ailə üzvlərinin yaşayış şəraitinin və təhlükəsizliyinin hər an pozulmasına, eləcə də türk iş adamlarının normal ticarət fəaliyyətinin əngəllənməsinə sərf edilməkdədir.

Beləliklə, apardığımız araşdırmalar nəticəsində gəldiyimiz son qənaətə görə, ABŞ-da erməni lobbisinin təşəkkülü və formalaşması uzun bir tarixi inkişaf mərhələsi keçmişdir. İlk olaraq XIX əsrin əvvəllərindən etibarən missionerlər tərəfindən ABŞ-a gətirilən erməni sənətkar və tacirlərin burada sərbəst ticarət əlaqələrinin qurulması, genişləndirilməsi və ardından erməni gənclərinin yüksək təhsil almaq üçün ABŞ-a köç etmələri, bütövlükdə burada erməni diasporunun, daha sonralar isə təşəkkülünün başlanğıc mərhələsini təşkil etmişdir. Xüsusilə, iki əsr müddətində ermənilərin buraya davamlı miqrasiyası nəticəsində ABŞ-da onların sayının kəskin artımına gətirib çıxarmışdır. Hal-hazırda ABŞ-da ermənilərin ümumi sayı 800 min – 1 milyon arasında dəyişməkdədir. Onların diaspor şəkilində birləşmələrinə, möhkəmlənmələrinə, lobbiçilik fəaliyyəti ilə məşğul olmalarına, müxtəlif səpkili təşkilat, dərnək, siyasi partiya və digər qurumlar yaratmalarına, xüsusilə antitürk fəaliyyəti ilə bağlı intensiv çalışmalarına baxmayaraq, türk diasporu ilə Azərbaycan diasporunun düşmənə qarşı apardıqları birgə mübarizə Azərbaycanın, eləcə də Türkiyənin beynəlxalq nüfuzunun möhkəmlənməsinə gətirib çıxarmışdır.

 

 Taleh CƏFƏROV,

 

Azərbaycan Dövlət Pedaqoji Universiteti Türk və Şərqi Avropa xalqları tarixi və tarixin tədrisi metodikası kafedrasının müəllimi

 

Xalq qəzeti.- 2013.- 2 avqust.- S. 6.