Xarici siyasət: reallıqlar və gələcəyə baxış” kitabı müasir Azərbaycan siyasətşünaslığında yeni hadisədir

 

Professor Novruz Məmmədovun yenicə çapdan  çıxmış “Xarici siyasət: reallıqlar və gələcəyə baxış” adlı kitabı istər sadə oxucular, istərsə də elmi ictimaiyyət tərəfindən maraqla qarşılanmışdır. Əsərlə bağlı AzərTAc-a rəylər daxil olmaqdadır. Fəlsəfə elmləri doktoru, professor İzzət Rüstəmov və tarix elmləri doktoru, professor Həsən Əlibəyli tərəfindən yazılmış rəydə əsər Azərbaycan siyasətşünaslığında yeni hadisə kimi dəyərləndirilmişdir. Həmin rəyi təqdim edirik.

 XX əsrin 90-cı illərində dünya miqyasında baş verən ciddi geosiyasi dəyişikliklər beynəlxalq münasibətlərə yeni məzmun verdi. Müstəqilliyini əldə etmiş dövlətlər üçün belə bir vəziyyət xarici siyasət kursunu düşünülmüş, elmi əsaslandırılmış və mövcud şərtləri nəzərə almaqla formalaşdırmağı son dərəcə aktuallaşdırdı. Bu, nəzəri cəhətdən aydın olsa da, reallaşdırılması böyük siyasi ustalıq və uzaqgörənlik tələb edən məsələdir. Digər tərəfdən, müasir geosiyasi konsepsiyalarda baş verən ideya transformasiyalarını dərk etmək lazım gəlir ki, qloballaşma dövrü üçün bu da zəruri şərtdir. Ölkələr arasında qarşılıqlı əlaqələrin genişləndiyi və dərinləşdiyi bir mərhələdə təcrid olunmuş xarici siyasət kursu heç bir perspektivə malik deyil. Eyni zamanda, dövlətin müstəqilliyinin və suverenliyin təmin edilməsi üçün uyğun geosiyasi, siyasi, iqtisadi və mədəni faktorların nəzərə alınması gərəkdir.

Bu iki aspektin sintezində formalaşdırılan xarici siyasət müstəqil və demokratik dövlət quruculuğunun ayrılmaz tərkib hissəsi təsiri bağışlayır. Professor Novruz Məmmədovun “Xarici siyasət: reallıqlar və gələcəyə baxış” adlı kitabı bütün bu məsələlərə görə çox aktualdır. Müəllifin yüksək nəzəri hazırlığı ilə yanaşı, Azərbaycanın xarici siyasətini praktiki həyata keçirənlərdən biri kimi prosesləri yaxından  izləməsi əsərə xüsusi məzmun vermişdir.

Oxucunun gözü qarşısında xarici siyasətin çətinliklərini, mürəkkəbliklərini və uğurlarını özündə əks etdirən dinamik bir mənzərə yaranır. Orada müasir geosiyasətin aktual nəzəri problemləri ilə Azərbaycanın xarici siyasətinin praktiki tətbiqinin gözəl sintezini görürük. Bu da təbii ki, əsərin əhəmiyyətini artırmaqla bərabər, onu geniş oxucu kütləsi üçün maraqlı edir.

Xarici siyasət: reallıqlar və gələcəyə baxış” kitabı giriş, metodoloji qeydlər, dörd fəsil, yekun, adlar göstəricisi və xülasədən ibarətdir. Müəllif metodoloji qeydlər etmək və hər fəslin nəzəri ümumiləşdirmələrini aparmaqla mövzunu maraqlı aspektdə təqdim etməyə nail olmuşdur. Yeri gəlmişkən onu da deyək ki, metodologiya müasir elmi-tədqiqatda çox mühüm yer tutur. Professor Novruz Məmmədov metodoloji yanaşmanı özünəməxsus bir tərzdə həll etməklə Azərbaycan siyasətşünaslığına müəyyən mənada bir yenilik gətirmişdir. Məsələ həm də ondan ibarətdir ki, müəllif müasir elmin əldə etdiyi metodoloji yanaşmaları siyasi proseslərin təhlilinə tətbiq etməyə çalışmışdır.

Kitabın nümunəsində müasir elmin aparıcı metodologiyalarından olan sistemli yanaşmanın xarici siyasət kursunun analizinə tətbiqi olduqca cəlbedici görünür. Bu xüsusda müəllifin elmlərarası əlaqələrin genişlənməsi nəticəsində meydana gələn mürəkkəb sistemlər nəzəriyyəsinə müraciət etməsi əsərin kifayət qədər müasir metodoloji bazaya dayandığını təsdiqləyir.

Əsərdə əsaslandırılır ki, hər bir ölkənin xarici siyasətini dünya siyasi sisteminin altsistemi kimi nəzərdən keçirmək müasir nəzəri-elmi tələblərə daha çox uyğun gəlir. Konkret ölkənin xarici siyasətinin əsas prinsipləri beynəlxalq münasibətlər sisteminin ümumi xarakteri ilə ziddiyyət təşkil etməməlidir. Eyni zamanda, müstəqilliyini əldə etmiş ölkənin xarici siyasət kursunun müstəqilliyi ilə onun digər ölkələrin xarici siyasət kursları ilə qarşılıqlı əlaqəsi mütləq nəzərə alınmalıdır. Bu mənada xarici siyasəti açıq sistem kimi qəbul etmək olar. Həmin sistem bir tərəfdən daxili siyasətin, digər tərəfdən isə xarici siyasətin təsirlərinə məruz qalır. Müstəqil xarici siyasət bu təsirləri ölkənin maraqlarına uyğunlaşdırmaq iqtidarında olmalıdır.

Professor N.Məmmədov müasir Azərbaycanın xarici siyasət kursunun 1993-cü ildən başlayan dinamikasını geosiyasi nəzəriyyələrdə baş verən ideya dəyişiklikləri, qlobal miqyasda cərəyan edən geosiyasi proseslər, regional səviyyədə özünü göstərən ziddiyyətli və mürəkkəb siyasi proseslər və müstəqil dövlətçiliyi, suverenliyi təmin etməyi şərtləndirən faktorların sintezində bu cür ciddi metodoloji əsaslandırmanın işığında lakonik, eyni zamanda dərindən təhlil edə bilmişdir.

Öz-özlüyündə burada çoxlu sayda müxtəlif təbiətli faktorları nəzərə almaq lazım gəlir. Onları elmi prizmadan vahid metodoloji müstəvidə araşdırmaq böyük zəhmət tələb edən işdir. Bunu kitabın ilk səhifələrində - “Geosiyasi konsepsiyaların ideya transformasiyaları” adlı fəslində aydın hiss etmək olur. Maraqlıdır ki, müəllif problemin qoyuluşunu müasir tarixi dövrün çağırışlarının təhlili kontekstində müəyyənləşdirir. Sonrakı fəsillərin məzmunundan aydın olur ki, bu düzgün seçim müəllifə Azərbaycanın xarici siyasətini daim qlobal miqyasda cərəyan edən geosiyasi, siyasi, sosial-mədəni və iqtisadi proseslərin fonunda analiz etmək imkanı yaradır.

Birinci fəsildə geosiyasi nəzəriyyələrin XX əsrdəki ideya transformasiyasına məhz bu bağlılıqda diqqət yetirmək mümkün olur. Xüsusən müasir Qərb geosiyasi nəzəriyyələrində geniş işlənən “sərt güc” anlayışı ilə “yumşaq güc” anlayışının müqayisəsi diqqəti çəkir. Birinci anlayışdan ikincisinə keçid bütövlükdə siyasi şüurda baş verən dəyişikliklər müstəvisində araşdırılır.

Bu yeniləşmənin dinamikası faktiki olaraq müasir geosiyasətdə əsas yer tutur. Həmin səbəbdən müstəqilliyini əldə etmiş ölkələrin xarici siyasətinə bu aspektdə nəzər salınması daha düzgündür. Müəllif belə qənaətə gəlir ki, “yumşaq güctermini digər mənaları ilə yanaşı, geosiyasətdə mədəniyyətin və informasiyanın mühüm rol oynamağa başladığını ifadə edir.

Həmin kontekstdə güclü dövlətin təşəkkülünü və sabit cəmiyyət modelinin bərqərar olmasını təhlil etmək faydalı nəticələr çıxarmağa imkan yaradır. Müəllif göstərir ki, milli-mənəvi dəyərlərin saxlanması və dövlət suverenliyinin təmin olunması bu məqamın dərk edilməsi ilə sıx əlaqəlidir. Daha əhəmiyyətlisi isə ondan ibarətdir ki, müstəqilliyini əldə etmiş dövlətlərin xarici siyasətinin dinamikasına bu faktorun ciddi təsiri açıq-aşkar görünür.

Xarici siyasət kursunu bu kimi reallıqları düşünülmüşelmi əsaslandırılmış şəkildə nəzərə almaqla formalaşdıran dövlətlər uğur qazana bilirlər. Bu məsələni müəllifin nəzəri konsepsiyalarla yanaşı, peşə fəaliyyəti təcrübəsi əsasında təhlil etməsi olduqca inandırıcı nəticələrə gəlmək şansı yaratmışdır. Yeri gəlmişkən, həmin xüsusiyyət bütün əsər boyu özünü göstərir. Bu müddəalar əsasında müəllif belə qənaətə gəlir ki, müstəqilliyini əldə etmiş ölkələrin xarici siyasət kursunda güclü dövlət, sabitdemokratik cəmiyyət quruculuğu arasındakı əlaqə ciddi surətdə nəzərə alınmalıdır. Müasir tarixi şəraitdə “xarici siyasət daxili siyasətin davamıdır” tezisinin məzmununda həmin məqam mərkəzi yer tutur.

İlk fəsildə gəlinən nəticələr sonrakı fəslin nəzəri və metodoloji bazasını təşkil edir. Eyni zamanda, xarici siyasət kursunun reallaşdırılmasının bir çox praktiki məqamlarına işıq salınır. Bu aspektdə xarici siyasətin üfüqlərini prioritet istiqamətlərin uzlaşma sahəsi kimi təsəvvür etmək kifayət qədər maraqlı assosiasiyalara yol açır. Eləcə də qlobal geosiyasi palitrada baş verən köklü dəyişikliklər kontekstində yeni balanslaşma modelinin axtarışı kifayət qədər cəlbedici görünür.

Professor N.Məmmədov dünyanın “ikiqütblülükmodelinin süqut etməsindən sonra geosiyasi güclərin yeni nisbətdə balanslaşması məsələsinə kompleks yanaşma prizmasından baxır. Həmin əsasda qlobalregional miqyasda özünü göstərən risklər və böhranların xarici siyasətə təsiri üzərində geniş dayanır.

Sirr deyil ki, müasir geosiyasətdə risk anlayışı yeni məzmun çalarlarına malikdir. İndi bu faktoru nəzərə almadan heç bir geosiyasi model hazırlamaq mümkün deyildir. Bu, bir tərəfdən, risk anlayışının elmi dərki problemini aktuallaşdırır, digər tərəfdən isə, konkret xarici siyasət kursunda onu nəzərə almağı qaçılmaz edir.

Əsərdə Azərbaycanın xarici siyasət kursuna məhz bu iki aspektin qovşağında diqqət yetirilir, habelə “çevik alyanslar” siyasəti təhlil olunur. Bunun fonunda dövlət başçısının enerjiregional inteqrasiya siyasəti oxucuya son dərəcə maraqlı üslubda təqdim edilir. Hiss olunur ki, müəllif bu istiqamətdə formalaşdırılan siyasi kursa yalnız nəzəri deyil, həm də praktiki olaraq yaxından bələddir. Müasir dünyada müşahidə edilən böhranların təhlilinə də eyni məntiqlə yanaşılır.

Bu xüsusda regional miqyasda özünü göstərən geosiyasi risk və münaqişələri sistemli yanaşma müstəvisində analiz etmək faydalı təsiri bağışlayır. Cənubi Qafqazda mövcud olan münaqişələrin həlli məsələsi də bu baxımdan əsərdə daim diqqət mərkəzində saxlanır. Bu məqam kitabın aktuallığını və milli maraqlara uyğunluğunu əyani şəkildə göstərir. Həm də müasir Azərbaycan siyasətşünaslığında daha aktual olan problemlərə işarə verir. Maraqlıdır ki, müəllif Azərbaycanın 1993-cü ildən sonrakı xarici siyasətinin əsas qayəsini bu kimi məsələlər kontekstində lakonik surətdə aça bilmişdir.

Kitabda tutarlı arqumentlərlə əsaslandırılır ki, 1991-1993-cü ilin yayına qədər ölkənin xarici siyasəti uçurumun kənarına sürüklənmiş vəziyyətdə idi. Keçən əsrin 90-cı illərinin gətirdiyi mürəkkəb və ziddiyyətli geosiyasi dinamikanın əsas məqamlarını dərk edə bilməyən səriştəsiz siyasətçilər dövlətçiliyin məhvi və ölkənin parçalanması təhlükəsini yaratmışdılar. Bu cür mürəkkəb bir dövrdə ümummilli lider Heydər Əliyevin dövlətin rəhbərliyinə gəlməsi vəziyyəti kökündən dəyişdirdi.

Obrazlı ifadə etsək, Azərbaycanın xarici siyasəti nəinki uçurumun kənarından qayıtdı, hətta sürətlə yüksəlməyə başladı. Əldə edilən uğurlar kitabda xronoloji ardıcıllıqla göstərilir və təhlil edilir. Həmçinin ulu öndər Heydər Əliyevin beynəlxalq təşkilatların tribunalarından etdiyi tarixi çıxışlar, böyük dövlətlərin başçıları ilə keçirdiyi görüşlərdə ustalıqla müzakirəyə çıxardığı məsələlər peşəkar siyasətçi üslubunda analiz olunur.

Bütün bu müddəalar kontekstində Azərbaycanın xarici siyasət kursunun prioritetləri və onların vəzifələri arasındakı sıx bağlılığın geniş izahı verilir. Bu aspektdə müəllifin güclü dövlət konsepti ilə regional liderliyin uzlaşması məsələsinə diqqət çəkməsi kitabın elmi aktuallığının daha bir sübutu kimi qəbul edilməlidir. Çünki bu problem demokratiya və vətəndaş cəmiyyəti quruculuğu kontekstində həm mübahisəli, həm də strateji əhəmiyyətə malik məsələ olaraq maraq doğurur.

Tarixi təcrübə sübut edir ki, güclü dövlət institutlarının olmadığı heç bir ölkədə demokratiya da bərqərar ola bilmir. Məşhur analitiksosioloq Frensis Fukuyama müasir mərhələdə müşahidə edilən qlobal xaosun yaranmasında əsas rollardan birini zəif dövlətlərin mövcudluğun oynadığını yazır. İnsanın, cəmiyyətin və dövlətin təhlükəsizliyi məsələləri birbaşa güclü dövlətin varlığına bağlıdır.

Müəllif kitabın üçüncü fəslində Azərbaycanın güclü dövlət konseptinə onun regional liderlik potensialı kontekstində nəzər salır. Bu məsələ əsərdə müasir qlobal geosiyasətdə cərəyan edən proseslərin və regional reallıqların işığında analiz edilir. Ayrıca olaraq, yeni dünya nizamına keçid mərhələsi üçün xarakterik olan bir özəllik - geosiyasi təsirə malik çoxlu sayda ölkələrin meydana çıxması vurğulanır.

Professor N.Məmmədov bu prosesi Cənubi Qafqazın geosiyasi reallığı aspektində dərindən təhlil edir. Şərti olaraq regionunböyük üçbucağı” adlandırılan Rusiya-Türkiyə-İran münasibətləri sistemində Azərbaycanın xarici siyasətinin əsas məqamları üzərində dayanır. Ulu öndər Heydər Əliyevin siyasi balans modelini bu müstəvidə analiz edən müəllif maraqlı nəticələr alır. Belə ki, Heydər Əliyev bununla faktiki olaraq siyasət nəzəriyyəsinə yenilik gətirmişdir. Bu fenomenin əsas məğzi bir neçə böyük dövlətin maraqlarını nəzərə almaqla müstəqilliyini yeni əldə etmiş ölkənin milli maraqlarına cavab verən dinamik tarazlı siyasət yeritməkdən ibarətdir. Yəni bu cür yanaşmada xarici siyasət prinsipləri elə müəyyənləşməlidir ki, sürətlə dəyişən vəziyyətlərə adaptasiyada axsaqlıq yaranmasın.

Ulu öndərin belə model üçün mühüm olan bir yeniliyi də mürəkkəb qlobalregional geosiyasi reallıqlar kontekstində regional lider olmağın şərtlərini müəyyənləşdirməkdən ibarətdir. Müəllif burada ulu öndərin iki vacib məqamı əsas faktor kimi önə çəkdiyini vurğulayır. Bunlardan biri güclü dövlət, digəri isə demokratik cəmiyyətdir. Yəni hadisələrin istənilən ssenari üzrə inkişafı zamanı Azərbaycanın xarici siyasətində həmin faktorlar mütləq əsas yerləri tutmalıdır.

Kitabda regionun digər ölkələri ilə münasibətdə Azərbaycanın yeritdiyi siyasət bu müddəalar prizmasından geniş təhlil edilir. Gürcüstan və Ermənistanla olan münasibətlərə ABŞ, Avropa, Rusiya, Türkiyə və İranla qurulan əlaqələr aspektində dərindən nəzər salınır. Problemə müəllifin bu cür yanaşmasında əsas məqsədin nədən ibarət olduğu sonrakı altfəsillərdə aydın olur.

Məsələ ondan ibarətdir ki, müasir tarixi mərhələdə ABŞ, Avropa, RusiyaÇin kimi böyük geosiyasi nüfuza malik dövlətlərlə münasibətlərin qurulmasında regional miqyasda özünü göstərən bir çox faktorun təsiri hiss ediləndir. Xarici siyasətin balanslaşmasının mühüm aspektlərindən biri də məhz budur. Əsərdə həmin məqam xüsusi araşdırılır. Bu bağlılıqda düşündürücü faktorlardan biri də ABŞ, Avropa, RusiyaÇinin liderlik uğrunda apardıqları amansız və güzəştsiz mübarizədən milli dövlətçiliyin zərər görməməsi imkanlarının kitabda tədqiq edilməsidir. Düşünürük ki, bu özəllik müasir Azərbaycan siyasətşünaslığına sanballı töhfə sayıla bilər.

İlk üç fəsildə gəlinən qənaətlər Azərbaycanın xarici siyasət prioritetlərinin əsas hədəfləri və inkişaf tendensiyalarının təhlili üçün zəngin baza yaradır. Sonuncu fəsil həm də ümumiləşdirici və proqnozlaşdırıcı xarakter daşıyır. Burada Azərbaycanın xarici siyasətinin prioritetləri ilə qlobal geosiyasətin nəzəri aspektlərinin inkişaf tendensiyaları bir-biri ilə əlaqəli şəkildə təqdim edilib. Bu da ölkənin regional lider keyfiyyətində xarici siyasət kursunu daim təkmilləşdirməsi və strateji məqsədlərə çatmaq üçün qlobal səviyyədə gedən prosesləri diqqətlə izləməsinin vacibliyini dərk etməyə əsas verir.

Əsərdə xarici siyasətin Rusiya, ABŞ, Avropa, Türkiyə, Çin, İran kimi istiqamətlərdə prioritet məqamları dəqiqliklə açılır. Buradan irəli gələn məqsədlər və qarşıda duran vəzifələr göstərilir. Həmin bağlılıqda cəmiyyətin demokratikləşməsi və iqtisadi inkişafın xarici siyasətə təsirinin araşdırılması oxucu üçün maraqlıdır. Aparılan təhlillər müasir cəmiyyətdə sosial, siyasi, iqtisadi və mədəni sahələrin arasında olan əlaqələrin vacibliyini bir daha göstərmiş olur.

Təcrübə göstərir ki, dünya liderliyi uğrunda mübarizədə iqtisadienerji faktorları böyük təsir gücünə malikdir. Bu prizmadan baxarkən dünyanın qaynar regionlarında cərəyan edən hadisələrin arxasında duran məqamları dərk etmək imkanı yaranır. Kitabın əsas məziyyətləri içərisində bunun ayrıca yeri vardır. Çünki oxucu geosiyasi hadisələrə geniş müstəvidə baxa bilir. O cümlədən böhranlı situasiyaların yaranması və onların həlli yolları haqqında obyektiv mövqe formalaşdırmaq mümkün olur. Məsələ ondadır ki, müasir KİV belə vəziyyətlərdə əsasən reallıqları təhrif edir. Buya digər dövlətin maraqlarına uyğun informasiyalar yayır. Bu da münaqişələrin mahiyyətini dərk etməyə mane olur və bəzi qərəzli qüvvələrin manipulyasiyası  üçün münbit zəmin hazırlayır. Bütün bunların fonunda münaqişələrin həlli və ərazi bütövlüyünün təmin olunması mürəkkəb məsələyə çevrilir.

Kitabda Azərbaycanın xarici siyasətində ərazi bütövlüyünün təmin edilməsinin hansı səbəblərdən prioritet sayılması dəqiqliklə təhlil olunur. Bu məsələ faktiki olaraq ölkənin sosial-iqtisadi inkişafı və siyasi fəaliyyəti ilə birbaşa bağlıdır. Digər tərəfdən isə regional təhlükəsizliyin mühüm tərkib hissəsidir. Əsərdə bu, çoxsaylı arqumentlər əsaslandırılır və müəllif böhranlı situasiyaların yaranmasında regional münaqişələrin rolunu müəyyənləşdirmiş olur. Regional təhlükəsizlik modellərinin perspektivləri də həmin kontekstdə nəzərdən keçirilir.

Kitab geosiyasi proqnozlardan geniş istifadə olunması ilə də diqqəti çəkir. Professor N.Məmmədov irəli sürdüyü proqnostik xarakterli müddəalarla baxılan problemə dərindən bələdçiliyi ilə yanaşı, qlobalregional miqyasda geosiyasi proseslərin inkişaf tendensiyaları haqqında da geniş təsəvvürə malik olduğunu nümayiş etdirir.

Müəllifin diplomatiyanın inkişaf imkanları ilə bağlı irəli sürdüyü tezisləri ayrıca qeyd etmək olar. “İnteqrativ diplomatiya”, “çoxvektorlu diplomatiya”, “şəbəkə diplomatiyası”, “paradiplomatiya” və digər bu kimi anlayışların ifadə etdikləri məzmun maraqlı elmi dillə izah edilir. Eyni zamanda, bu aspektdə diplomatiyanın gələcəyinə nəzər salınır.

Bütün bunların fonunda Azərbaycan rəhbərliyinin yeritdiyi siyasətin səmərəliliyi aydın şəkildə görünür. Müasir mərhələdə cənab Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin əsasını qoyduğu xarici siyasət kursunu böyük qətiyyətlə inkişaf etdirir. Müəllif konkret misallar və sənədlər əsasında göstərir ki, hazırda ölkənin xarici siyasəti böyük uğurla aparılır və nəticələr göz qabağındadır. İndi Azərbaycan regionda diqqətəlayiq geosiyasi fiqurdur. Bu proses getdikcə daha geniş vüsət alır.

Kitabda ölkənin modernləşməsinə aktual geosiyasi problemlər müstəvisindən nəzər salınması da diqqəti çəkən məqamlar sırasındadır. Bu aspektdə müəllifin ifadə etdiyi fikirlər və irəli sürdüyü tezislər çox maraqlıdır. Qeyd olunan prosesdə siyasi modernləşmənin oynadığı rolbunun xarici siyasətə təsiri inandırıcı müddəalarla açılıb göstərilir. Bütövlükdə isə Azərbaycanın xarici siyasətinin çevikliyi, transformasiyası və milli maraqları qorumaq istiqamətində oynadığı vacib rol əsər boyu diqqət mərkəzində saxlanılır.

Əsərin mühüm məziyyətlərindən biriyekunda mövzu üzrə tədqiqatların davam etdirilməsi üçün bir sıra aktual məqamların müəyyənləşdirilməsidir. Belə başa düşülür ki, müəllif bununla bağlı növbəti əsərlərini təqdim edə bilər. Məsələnin bu tərəfi də çox vacibdir, çünki dünyada geosiyasi dinamika sürətlə dəyişir və meydana yeni-yeni faktorlar çıxır. Belə bir şəraitdə ölkənin xarici siyasət kursunda da dəyişikliklər etmək ehtiyacı yarana bilər. Bundan başqa, Azərbaycan oxucusu qlobal miqyasda gedən geosiyasi proseslərin mahiyyəti haqqında obyektivdolğun informasiyalar əldə etsə, onun kənar təsirlərə aludə olmaq ehtimalı minimuma enər.

Bütün bunlara görə professor Novruz Məmmədovun “Xarici siyasət: reallıqlar və gələcəyə baxış” adlı kitabının Azərbaycan siyasətşünaslığında bir hadisə olduğunu söyləmək olar. Əsər xarici siyasətin bir çox görünməyən tərəflərinə işıq salır, analizlə proqnozun vəhdət şəklində yer alması çox mühüm nəzəri nəticələr çıxarmağa imkan yaradır.

Eyni zamanda, konkret misallar Azərbaycan diplomatiyasının geniş imkanlara malik olduğunu, peşəkarlıq səviyyəsinin yüksəkliyini göstərir. Ulu öndər Heydər Əliyevin bu sahədə gördüyü işlərin vacibliyistrateji əhəmiyyəti göz önündə canlanır. Bu əsasda Prezident İlham Əliyevin xarici siyasət sahəsində həyata keçirdiyi islahatların mahiyyətini dərk etmək mümkün olur. Kitabın bu cür nikbin əhval-ruhiyyədə tamamlanması onun məxsusi bir üstünlüyüdür.

Hesab edirik ki, professor N.Məmmədovun bu əsəri siyasətşünaslığın nəzəriyyəsi və praktiki məsələləri ilə məşğul olanların stolüstü kitabı olacaqdır. Ondan peşəkar diplomatlar da yararlana bilərlər. Bundan başqa, bu cür əsərlərin elmi yaradıcılığı motivasiya etdiyini vurğulamaq lazımdır. Çünki elmi-tədqiqat işlərinin sosial mühitə ciddi təsiri olmalıdır. Cəmiyyətin təfəkküründə müsbətə doğru dəyişikliklərə yalnız bu kimi halların olduğu təqdirdə nail olmaq mümkündür.

 

İzzət RÜSTƏMOV,

 

fəlsəfə elmləri doktoru, professor

 

Həsən ƏLİBƏYLİ,

 

tarix elmləri doktoru, professor

 

Xalq qəzeti.- 2013.- 3 avqust.- S. 4.