Sumqayıtda böyük sənaye potensialı hərəkətə
gətirilib
Azərbaycan abadlaşır. Ölkə başdan-başa gözəlliklər diyarına çevrilir. Bu fikri bu gün təkcə biz özümüz deyil, dünyanın ən müxtəlif guşələrindən ölkəmizə gələn ictimai-siyasi xadimlər, dövlət nümayəndələri, mədəniyyət-incəsənət adamları, nəhayət, sadə turistlər də etiraf edirlər. Əslində bu abadlaşma prosesi bu günlər ölkənin ucqarlarında, rayon və kənd yerlərində davam etdirilsə də, bir sıra iri yaşayış məntəqələrində, demək olar ki, artıq başa çatıb. Xüsusən Bakı və Sumqayıt şəhərlərinin sosial-iqtisadi inkişafı ilə bağlı geniş miqyaslı tədbirlər ayrı-ayrı dövlət proqramları nəticəsində, bəzi istisnalar olmaqla, demək olar ki, başa çatdırılmışdır.
Bu iki şəhərdə aparılmış ardıcıl və məqsədyönlü quruculuq-abadlıq işləri, yaradılmış yeni infrastruktur, işə salınmış sənaye müəssisələri bu gün istər yerli əhalinin, istərsə də ölkəmizə gələn əcnəbilərin gözünü-könlünü oxşayır, insanların yüksəlməkdə olan həyat şəraiti məmnunluq hissi oyadır.
Təbii ki, bütün bunlar ulu öndər Heydər Əliyevin vaxtilə planlaşdıraraq həyata keçirməyə başladığı müstəqil Azərbaycanın inkişafı siyasətinin gözlənilən nəticələridir. Ümummilli liderin qoyduğu yolun, tətbiq etdiyi müdrik və uzaqgörən siyasətin hazırda sənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan MDB məkanında ən dinamik inkişaf edən ölkə kimi tanınır. Ayrı-ayrı dövlətlər, eləcə də bir sıra beynəlxalq iqtisadi təşkilatlar isə ölkəmizin iqtisadi-siyasi və mədəni sahələrdə əldə etdiyi uğurları öz hesabatlarına daxil edir, beynəlxalq ictimaiyyətin diqqətinə çatdırırlar.
Hazırda Bakının göz oxşayan, könül açan mənzərəsi gəlib-gedən qonaqları heyran qoymaqdadır. Bu, təbii ki, belə də olmalıdır. Bakı Azərbaycanın ürəyi, göz bəbəyi, paytaxtıdır. Amma ölkənin iri şəhərlərinin, eləcə də rayon mərkəzlərinin də abadlıq-quruculuq baxımından nəzərdən qaçırılmaması ölkəmizin vətəndaşları və xarici qonaqlar tərəfindən yüksək qiymətləndirilir. Bakı, onun bu günkü inkişafı barədə çox yazıldığından biz əsasən Sumqayıt şəhəri ilə bağlı söhbət açacağıq.
Bəri başdan deyə bilərik ki, Sumqayıtda aparılan abadlıq-quruculuq işləri heç də Bakıdan geri qalmır. Necə deyərlər, ölkə rəhbərliyi hər iki şəhərə, eləcə də Azərbaycanın qədim və böyük şəhəri olan Gəncəyə eyni gözlə baxır, bu şəhərlərin də Bakı qədər müasirləşməsi, gözəlləşməsi qayğısına qalır.
Son illərdə Sumqayıt, doğrudan da, böyük inkişaf yolu keçib. Artıq bir neçə ildir ki, şəhərdə bir tərəfdən abadlıq-quruculuq işləri aparılır, digər tərəfdən, sovet dövründən yatıb qalmış müəssisələr yenidən işə salınır və tamamilə yeni fabrik-zavodlar, sənaye parkları yaradılır. Dövlət başçısı İlham Əliyev daim bu şəhərin inkişafı ilə maraqlanır, dəfələrlə Sumqayıta gələrək burada görülən işlərlə tanış olur, eyni zamanda, hər dəfə yeni bir müəssisənin açılışında iştirak edir. Bu isə həm də şəhər əhalisinin işlə təminatında böyük rol oynayır. Elə şəhərin yeni rəhbərliyi də bu məsələlərdə fəal iştirak edir. Sumqayıt ŞİH başçısı Eldar Əzizov son illərdə görülən işlərin birbaşa təşkilatçısı kimi şəhərin sosial-iqtisadi inkişafını daim diqqət mərkəzində saxlayır.
Yeni müəssisələr işə
salınıb
Sovet dövründən bəri sənaye şəhəri imicini qazanmış Sumqayıt, ötən illərdə olduğu kimi, bu ilin birinci yarısını da uğurlarla başa vurmuş, insanların rifah halının yaxşılaşmasına xidmət edən bir çox infrastruktur layihələr həyata keçirilmişdir. Təbii ki, bu yazımızda rəqəmlərdən yan keçə bilməyəcəyik. Göstərilən dövrün sosial-iqtisadi nəticələrini, rəqəmlər olmadan təsəvvür etmək çətindir. Təkcə bir faktı deyək ki, 2013-cü ilin ilin birinci yarısında şəhər üzrə ümumi məhsul buraxılışının həcmi 370 milyon manat, ötən ilin eyni dövrü ilə müqayisədə 120,7 faiz təşkil edib. Sevindirici faktlardan biri də odur ki, bu ümumi məhsulun tərkibində qeyri-dövlət sektorunun payı 72 faizdir. Bu, şəhərdə qeyri-dövlət sektoruna, fərdi sahibkarlığın inkişafına xüsusi diqqət və qayğı göstərildiyinə bariz nümunədir. Eyni zamanda, rəqəmlərdən şəhərdə sənaye sahəsinin son aylar ərzində uğurla inkişaf etdiyini də görmək olur. Şəhər ümumi məhsulun 260 milyon manatı sənayenin payına düşür. Bu isə sənaye istehsalının keçən ilin eyni dövrü ilə müqayisədə 19,9 faiz artdığını göstərir. Əlbəttə, kiçik rəqəm deyil. Son nəticədə bu, sosial-iqtisadi sahədə çalışanların orta aylıq əmək haqqının artımına gətirib çıxarır. Bu sahədə də vəziyyət yaxşıdır. İşçilərin əmək haqları 23,7 faiz artaraq 470 manata çatmışdır. Son altı ayda bütün maliyyə mənbələri hesabına şəhərdə ayrı-ayrı sahələrin inkişafına 35 milyon manatdan çox investisiya qoyulmuşdur.
İndi isə sənayenin ayrı-ayrı sahələrinin inkişaf dinamikasına fikir verək. Şəhərin kimya və neft-kimya müəssisələrində uğurlu nəticələr əldə edilmişdir. Kimya müəssisələrinin istehsal göstəriciləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 25,6 faiz artmışdır. “Azərikimya” İstehsalat Birliyinin mərkəzi laboratoriyasında kompyuter sistemli müasir xromotoqraflar quraşdırılmış, maşın-mexanizm parkının yeniləşdirilməsi və gücləndirilməsi istiqamətində mühüm işlər görülmüşdür. Birliyin etilen-polietilen zavodunda yeni azot-oksigen qurğusu işə salınmışdır. Hazırda həmin qurğu zavodun azot və oksigenə, Təmir-Tikinti İdarəsinin isə oksigenə olan tələbatını tam həcmdə və keyfiyyətlə ödəməyə imkan verir. Ekoloji cəhətdən təmizliyi ilə seçilən qurğu, eyni zamanda, müəssisədə xeyli miqdarda vəsaitə qənaət edilməsinə müsbət təsir göstərmişdir.
Son illərdə Sumqayıtda yaradılmış yeni sənaye sahələri haqqında ayrıca söhbət açmaq lazımdır. Prezident İlham Əliyevin 21 dekabr 2011-ci il tarixli sərəncamı ilə Sumqayıtın sənaye zonasında Kimya Sənaye Parkının yaradılması şəhərdə həyata keçirilmiş ən aktual layihələrdən biridir. Parkda yeni müəssisələrin inşası nəzərdə tutulur və bundan sonra həmin müəssisələrdə 7-10 min yeni iş yerləri açılacaq. Bu isə şəhər əhalisinin işlə təminatında böyük rol oynayacaq. “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin tikintisi və inkişafına yaxın üç ildə 400 milyon ABŞ dolları həcmində sərmayə qoyulacaq. Parkda istehsal ediləcək rəqabətədavamlı etilen-propilen və polietilen məhsullar həm daxili bazarın tələbatını ödəyəcək, həm də xarici ölkələrə ixrac olunacaq. Artıq texnoparkın baş planı hazırlanıb, tikinti üçün 176,66 hektar sahə ayrılıb. Tikintinin yüksək səviyyədə aparılması üçün məsləhətçi şirkət cəlb edilib. Eyni zamanda, parkın ərazisindəki yararsız bina və qurğuların sökülməsi işlərinə yekun vurulub və bir neçə istehsalat sahəsi üçün korpuslar tikilib. Artıq polad və polimer tərkibli boruların istehsalı üçün zəruri avadanlıqlar quraşdırılıb, sınaq məhsul istehsalına başlanılıb. Tikinti və avadanlıqların alınıb gətirilməsi işləri davam etdirilir.
Sumqayıtda cənab Prezidentin xeyir-duası ilə həyata keçirilən ikinci mühüm infrastruktur layihəsi Sumqayıt Texnologiyalar Parkıdır. Elektroenergetika sahəsinə aid olan parkda müasir texnologiyalar əsasında respublika üçün böyük əhəmiyyətə və ixrac potensialına malik elektoenergetika və maşınqayırma sənayesi məhsulları istehsalının həcmi artırılmaqdadır. Burada müxtəlif çeşidli məhsullar - müxtəlif növ kabellər, tranformatorlar, yüksək gərginlikli avadanlıqlar, hidroturbinlər, su nasosları, elektrik mühərrikləri, borular, texniki qazlar (arqon, oksigen, azot və s.) istiehsal edilir. Artıq parkda dəmir yolu vaqonlarının istehsalı zavodunun və bioloji təmizləmə qurğusunun inşası yekunlaşmışdır. Eyni zamanda, 500 kilovoltluq ölçüyə qədər kabel istehsalı zavodunda əyirici-burucu sex istismara verilmişdir. Qüllədə quraşdırma işləri isə davam etdirilir. Bunlarla yanaşı, alüminium və mis profillərin, Sendviç panellərin, maşınqayırma və transformator istehsal edəcək zavodların tikinti-quraşdırma işləri davam etdirilir. Hazırda Sumqayıt Texnologiyalar Parkında 4 min nəfər işçi çalışır və orta əmək haqqı 600 manat səviyyəsindədir. Park ölkə üzrə iri vergiödəyiciləri sırasında 4-cü yerdədir.
Hazırda fəaliyyəti genişləndirilməkdə olan iri müəssisələrdən biri də “Azərboru” ASC-dir. İri metallurgiya müəssisələrindən olan ASC-də məhsul istehsalının həcmi artıq 37,8 faiz, işçilərin sayı isə ötən illə müqayiəsədə xeyli artmışdır.
Şəhərin yüngül sənaye müəssisələrindən olan “İnter Textil” ASC-nin fəaliyyətinin genişləndirilməsi ilə bağlı da tədbirlər davam etdirilir. Hazırda burada pambıq iplik və trikotaj məhsullar istehsal edilir. Müəssisənin iş həcmi keçən ilin eyni dövrü ilə müqayisədə 44,6 faiz artırılmışdır. Hazırda müəssisədə 500 nəfərdən çox işçi çalışır. İstehsal gücünün artırılması üçün yeni fabrikin tikintisi ilə bağlı hazırlıq işləri görülür. Fabrikin işə salınmasından sonra, təbii ki, işçilərin sayı da artırılacaq.
Bütün bunlarla yanaşı, “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində Sumqayıt şəhəri üzrə müəyyən olunmuş tədbirlərin icrası istiqamətində işlər davam etdirilir. Şəhərdə ən müasir texnologiyalar əsasında qurulan “Gilan Tekstil Parkı” bu qisimdəndir. Park Prezident İlham Əliyevin birbaşa qayğısı və diqqəti sayəsində araya-ərsəyə gəlmişdir və istər xarici ölkələrə tekstil məhsulları ixrac etməkdə, istərsə də sosialyönümlü proqramların həyata keçirilməsində mühüm rol oynayacaqdır. Azərbaycan iqtisadiyyatına böyük fayda gətirəcək parkda məhsul istehsalında 100 faiz yerli pambıqdan istifadə olunur. İstehsal prosesində insan sağlamlığına zərər vuracaq heç bir kimyəvi maddədən istifadə edilmir və məhsullar Avropa standartlarına tam uyğundur. Eyni zamanda, Belçika və Almaniya istehsallı maşın və dəzgahlarla təchiz olunmuş 8,5 milyon metr parça istehsal etmək gücünə malik Toxuma fabriki inşa edilib. Burada yataq, uşaq, otel və hamam dəstləri, işçi geyimləri (uniformalar), hərbçilər üçün xüsusi geyimlər istehsal olunur. İstehsal gücü 50 min ədəd geyim dəstidir. Yataq dəsti istehsalı xətti tam avtomatlaşdırılmış dəzgahlardan quraşdırılıb və ildə 2 milyon metr yataq dəsti buraxmaq gücündədir. Tam avtomatlaşdırılmış yorğan xətti isə 18 min ədəd yorğan istehsal etməyə imkan verir. Keyfiyyət də öz yerində. “Gilan Tekstil Parkın”ın ərazisində artıq yeni müəssisələrin tikintisinə başlanmışdır. Bu müəssisələrin işə düşməsindən sonra istehsal gücü və işçilərin sayı 3 dəfə artacaq. Hazırda müəssisədə 600 nəfər çalışır və orta aylıq əmək haqqı 500 manatdır.
Şəhərdə yeni tikilən müəssisələrdən biri də tutumu 4 min ton, ümumi sahəsi 8900 kvadratmetr olan soyuducu anbar kompleksidir. “Delta Qrup” MMC tərəfindən tikilən soyuducunun inşası artıq yekunlaşmışdır. Həmin ərazidə yeni un dəyirmanı və böyük gücə malik çörək zavodunun tikinti-quraşdırma işləri də tamamlanmışdır. Əlbəttə, bunlar sənaye şəhəri Sumqayıtda tikilən müəssisələrin tam siyahısı deyil. Biz sadəcə olaraq ən vacibləri üzərində dayandıq.
Xidmət səviyyəsi
yüksəkdir
Şəhərdə əhaliyə xidmət səviyyəsinin də get-gedə yüksəldiyi müşahidə olunmaqdadır. Bu məsələdə şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizovun əməyini xüsusilə qeyd etmək lazımdır. Məhz İH başçısının səyləri nəticəsində əhaliyə xidmət sahəsi həm inkişaf edib genişlənir, həm də bu sahədə keyfiyyət göstəriciləri yüksəlir. Bu göstəricilər nəqliyyat və rabitə xidməti sahəsində daha qabarıq nəzərə çarpır. Bu ilin ilk altı ayı ərzində əhaliyə 6 milyon manatlıq nəqliyyat, 3,5 milyon manatlıq rabitə xidməti göstərilmişdir ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə uyğun olaraq 3,4 və 6 faiz çoxdur. Ümumiyyətlə, bütün digər sahələrdə uğurların əldə olunması, iqtisadi göstəricilərin ötən illə müqayisədə artması nəticəsində şəhər büdcəsinin gəlirlər proqnozu 33,4 milyon manata qarşı 34,5 milyon manat və ya 103,1 faiz yerinə yetilmişdir. Bu tempin saxlanması şəhər büdcəsinin subsidiyalardan asılılığını bütövlükdə aradan qaldırmışdır. Sevindirici haldır ki, həyata keçirilən ardıcıl tədbirlər 1900 yeni daimi iş yerinin açılması ilə nəticələnmişdir.
Abadlıq-quruculuq
işləri vüsət alıb
Sumqayıt kimi iri sənaye şəhərində abadlıq, quruculuq, yaşıllaşdırma işləri ekoloji təmizlik baxımından xüsusilə böyük əhəmiyyət kəsb edir. Bu sahə də ölkə Prezidenti İlham Əliyevin daim diqqət mərkəzindədir və şəhər rəhbərliyi də ona həssaslıqla yanaşır. Heydər Əliyev və Koroğlu prospektlərinin, Nərimanov və Sülh küçələrinin abadlaşdırılaraq mövcud tikililərin tərtib edilmiş layihələr üzrə yenidən qurulması, yeni səki daşlarının qoyulması, yaşıllıqların salınması, binaların dam örtüklərinin və fasad hissələrinin təmir edilməsi və digər işlər şəhərin ümumi görkəminə yaraşıq gətirmişdir. Bu yönümlü işlər davam etdirilir.
Şəhərdə ümumilikdə 58 min 839 metr küçə, meydan və məhəllədaxili yollar asfaltlanmış, kənarlara beton bardürlər qoyulmuşdur. Səki və piyada yollarına, meydança, park və xiyabanlara 11 min 735 kvadratmetr üzlük tavalar, 147 kvadratmetr mərmər döşənmişdir. Şəhərin küçə, park və xiyabanlarında, məhəllə və mikrorayonların ərazilərində 9 min 210 metr yeni qazon sahələri salınmış, 16 min 85 dekorativ gül, 403 ədəd dekorativ kol əkilmişdir. Şəhərdə fəaliyyət göstərən idarə və müəssisələr (Yaşıllaşdırma İdarəsi, “Azərikimya” İB, Şəhər Təhsil Şöbəsi, Səhiyyə Şöbəsi) də özlərinə aid ərazilərdə, eləcə də Bakı-Quba magistral yolunun ətrafında 3 min 205 ədəd müxtəlif növ ağac və digər dekorativ bitkilər əkmişdir.
Şəhərdə “Nümunəvi mikrorayon və məhəllələrin” salınması artıq ənənə şəklini almışdır. Bu sahədə işlər davam etməkdədir. Mənzil fondunun qorunub saxlanması, ərazilərin təmizliyinin təmin olunması, məişət tullantılarının daşınması kimi sahələrdə əvvəlki illərdən fərqli oldaraq ciddi dönüş yaradılmışdır. Şəhər rəhbərliyi, xüsusən başçı Eldar Əzizov əhalinin bu sahədəki müraciətlərinə böyük diqqətlə yanaşır. Yay mövsümündə küçə ticarəti məsələsi aktuallaşır. Bu sahədə də bir sıra məqsədyönlü praktik işlər görülmüşdür. Eyni zamanda, qəsəbələrdə aparılan abadlıq, quruculuq, təmizlik işləri nəticəsində ərazilərin sanitar vəziyyəti xeyli yaxşılaşmışdır.
Təhsil, səhiyyə,
mədəniyyət...
Şəhərdə təhsilin keyfiyyətinin yüksəldilməsi daim diqqət mərkəzində saxlanan məsələlərdəndir. Bu sahə xüsusi qayğı tələb edir və şəhər rəhbərliyi bu məsələyə diqqətini heç zaman əsirgəmir. Tədris və təlimin yaşxılaşdırılması, məktəblilərin milli vətənpərvərlik ruhunda tərbiyəsi, istedadlı şagirdlərin üzə çıxarılması istiqamətində daimi tədbirlər həyata keçirilir. Ulu öndər Heydər Əliyevin anadan olmasının 90 illiyi münasibətilə də geniş tədbirlər planı hazırlanmış, müsabiqələr keçirilmiş, başqa tədbirlər təşkil edilmişdir. Bu münasibətlə keçirilmiş inşa müsabiqəsinin kütləviliyi təmin edilmiş, şəhərin ümumtəhsil məktəblərinin yuxarı siniflərindən 17 minə qədər məktəbli müsabiqənin ilkin turunda iştirak etmiş, 2 nəfər şagirdin yazı işi respublika təşkilat komitəsinə göndərilmişdir.
Sumqayıt məktəbliləri beynəlxalq layihələrdə də uğurla iştirak edir, müxtəlif medallar, mükafatlar qazanırlar. Ölkə Prezidentinin sərəncamı ilə keçirilən “Ən yaxşı müəllim”, “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqələrində 11 nəfər müəllimin və 5 məktəbin iştirakı təmin edilmişdir.
Sumqayıtda səhiyyənin inkişafı da xüsusi diqqətdə saxlanan məsələlərdəndir. Prezident İlham Əliyevin 19 aprel 201-ci il tarixli sərəncamı ilə 1 saylı şəhər xəstəxanasının yenidən qurululması və əsaslı təmiri işlərinə başlanılmışdır və hazırda işlər başa çatmaq üzrədir.
Şəhərdə mədəni-kütləvi tədbirlərə də fikir verilir, müxtəlif əlamətdar günlərlə bağlı mütəmadi olaraq tədbirlər keçirilir. 20 Yanvar qırğınının, bəşər tarixinin ən dəhşətli faciələrindən olan Xocalı soyqırımının, ermənilərin 1988-ci ilin fevralında Sumqayıtda törətdikləri hadisələrin ildönümləri şəhər ictimaiyyəti tərəfindən həmişə ürək ağrısı ilə qeyd edilir.
Şəhərin mədəniyyət və idman sahəsində də ciddi uğurları var. Sumqayıt, eyni zamanda, beynəlxalq əlaqələrini genişləndirməkdədir. Bu gün 10-dan artıq dünya şəhəri ilə tərəfdaşlıq, qardaşlıq əlaqələri qurub. Bu ilin iyul ayında İtaliyanın Geniya şəhəri ilə də belə bir əlaqə yaradılıb, şəhər icra hakimiyyəti ilə Geniya meriyası arasında əməkdaşlıq haqqında niyyət memorandumu imzalanıb.
Bir sözlə, iri sənaye şəhəri kimi tanınmış Sumqayıt özünün işıqlı sabahına doğru addım-addım irəliləyir və son illərdə bu istiqamətdə qazandığı parlaq uğurlar onun hər bir sakinini sevindirir. Bu gün sadəcə bu sevincimizi bölüşməyə çalışdıq.
Nadir QƏHRƏMANOV,
Sumqayıt
Dövlət Universitetinin rektoru
Xalq qəzeti.- 2013.- 3 avqust.- S. 6.