Cavanlaşan qədim Bərdə...

 

Yeniləşmənin üfüqləri

 

...Bu da arzularımızın daha bir gerçəkliyi. Artıq biz də Avropadakı, Amerikadakı kimi mərkəzdən əyalətə müsahibinlə hal-əhvalı, xırda-para söhbəti başa çatdırmamış yetişə bilirik. Gözünü bir də açırsan ki, mənzil başına çatmısan. İş təkcə indiki maşınların rahatlığında, sürətində deyil. Bizdə bu “inqilab”ı daha çox paytaxt Bakıdan ölkənin müxtəlif istiqamətlərinə uzanan yeni, hamar, çoxzolaqlı yolların çəkilməsi yaradır. Nəzərdə tutulan layihələrin tam başa çatmasa da, hələlik hər məntəqədə “radar”ların sürətə nəzarəti altında yol getsək də, Bərdəyə nə az, nə çox 3 saat yarıma yetişdik...

Xatırlayaq ki, bir vaxtlar bu məsafəni səhər yola çıxanda axşamayaxın başa vurmaq olurdu. Uzağa getməyək, elə ötən ilin bu vaxtlarında Bakıdan Yevlaxa 3 saata çatsaq da, yerdə qalan 20-25 kilometrlik yolu bərbadlığına və çox yerdə getdiyinə görə saatyarıma keçməli olmuşduq. Bu dəfə həmin məsafəni 30 dəqiqəyə ötüb Bərdənin girişinə gəlib çıxdıq. Afərin bu yolu hasilə gətirənlərə! Enli, hamar, qalın asfalt yol paytaxtın və ölkə magistrallarının ən yaxşı yollarından geri qalmır.

Bərdənin Yevlax tərəfdən girişi isə özgə bir büsatdır. Cəmi 2 il əvvəl yöndəmsiz bir yolayrıcı və əyri-üyrü ağaclardan ibarət bu ərazidə indi Bərdəyə gələnləri əzəmətli və tarixi-rəmzi dəyərlərdən hörülmüş nəhəng bir memarlıq çələngi qarşılayır. Ucalıqda dalğalanan dövlət bayrağımız, qədim Bərdədən soraq verən qala divarları, dekorativ və təbii elementlərdən yaradılmış bənzərsiz bir ansamblın gözəlliyi hər kəsdə heyranlıq, qürur yaradır, qonaqlara Bərdənin Azərbaycan üçün necə bir önəm daşıdığını sərgiləyir.

Bu yerdən şəhərin mərkəzinə uzanan baş prospektə bərdəlilər böyük qədirbilənliklə ulu öndərin şərəfinə Heydər Əliyevin adını vermişonu qısa müddətdə tamamilə yenidən quraraq ümummilli liderin ölməz xatirəsinə yaradılmış nəhəng bir abidəyə, təntənəli şəhərsalma kompleksinə çevirmişlər. Girişdən sola ayrılan dövrələmə yol da ətrafı ilə birlikdə tanınmaz dərəcədə abadlaşdırılaraq Bərdənin böyük bir hissəsini ağuşuna alıb.

Tərtərçayın üstündəki körpüyə və buradakı geniş dairəyədək uzanan Heydər Əliyev prospektinin hər qarışı, sanki, yüksək zövqlə, Bərdəyə hədsiz məhəbbətlə sığallanıb-tumarlanmışdır. Hasarlar, darvazalar, səkilər irili-xırdalı binalar, park və istirahət guşələri daşına, suvağına, damına, ağacına, gülünədək yeniləşdirilərək vahid ansamblda birləşdirilmişdir. Bir neçə il bundan əvvəl Azərbaycan Mətbuat Şurasının bir qrup jurnalistlə keçirdiyi Yevlax və Tərtər rayonlarının sürətli abadlıq-quruculuq layihələri ilə tanışlıq səfəri zamanı boyaboy bu prospektdən ötüb getməli olmuşduq. Uçuq-sökük hasarlar, üzlüyü qopub-tökülmüş binalar, asfaltı, səkisi dağılmış yol, boz-bulanıq damlar ötən əsrin 70-80-ci illərində tikinti-quruculuq, abadlıq işləri ilə respublikada önə çıxmış Bərdənin adına və özünə layiq deyildi. İndi müstəqillik dövründə ölkənin hər yerində genişmiqyaslı yeniləşmə getdiyi dövrdə Bərdənin bu prosesdən geri qalması açıq-aşkar jurnalist qrupunun diqqətini cəlb etmişdi. Həmin gün Tərtər Rayon İcra Hakimiyyətində keçirilən görüşdə Bərdənin də  öz qonşuları–Yevlax və Tərtərlə ayaqlaşması arzu olunmuşdu.

Yeniləşmə dövründə Yevlax Şəhər İcra Hakimiyyəti başçısının müavini olmuş, həmin görüş zamanı isə Tərtər Rayon İcra Hakimiyyətinə rəhbərlik edən şair, memar təxəyyülü, ziyalı, işində çevik, təşəbbüskar və qətiyyətli kadr olan Vidadi İsayev artıq 3 ildir ki, Bərdə Rayon İcra Hakimiyyətinin başçısıdır. Bərdə şəhərində qısa müddətdə aparılmış misilsiz işlərlə tanışlıqdan sonra Vidadi müəllimlə görüşəndə, hər şeydən əvvəl, o vaxt  Tərtərdə olmuş söhbəti xatırladıq. Bir az əvvəl bərdəlilərdən öyünclə eşitdiyimizindi Bərdə Yevlaxı da, Tərtəri də ötüb keçib” sözlərini dilə gətirəndə isə başçı bu sözlərə öz düzəlişini bildirdi:

Düzdür, Yevlax və Tərtərdə yeniləşmə, hərtərəfli inkişaf yoluna çıxma Bərdədən xeyli əvvəl başlayıb. Təkcə bu səbəbdən onlar yenə irəlidədirlər. İndi bu bölgənin şəhər və rayonlarında ümummilli lider Heydər Əliyevin arzuladığı, Prezident İlham Əliyevin tələb etdiyi və dəstək verdiyi ciddi, faydalı, gör-götürlü bir yarışma gedir. Şübhəsiz, Gəncə şəhəri bu prosesdə hamıdan önə keçib və qədim Nizami yurdu buna tamamilə layiqdir.

O ki qaldı böyük Nizaminin şəninə ayrıca tərif qoşduğu, zəngin kitabxanasının qonağı olduğu qədim Bərdəyə, onun da bölgənin abad, gözəl şəhəri olmağa haqqı çatır. Etiraf etməliyəm ki, Yevlaxın o vaxtkı başçısı indi Gəncə şəhərinin rəhbəri Elmar Vəliyevlə birgə işin təcrübəsi Tərtərdə də, Bərdədə də mənə çox kömək edib. O vaxt biz yəqin etdik ki, həqiqi yeniləşməyə, müasir şəhər yaratmağa nail olmaq üçün kosmetik işlər yaramır. Gərək yöndəmsiz, müasir tələbə cavab verməyən, sınıq-salxaq tikililəri aradan götürəsən. Yararlı binaları həm bayırdan, həm içəridən, həm də özül və damından tutmuş ətrafı ilə birlikdə təzələyəsən. Yollar da, parklar da, yaşıllıqlar da yeniləşməli, ifadəli olmalıdır.

Nəyisə uçuranda, aradan götürəndə adamlar əvvəl incik qalır, bunun mahiyyətini anlaya bilmirdilər. Amma görəndə ki, ondan qat-qat yaxşısı yaradılır, ümumi mənzərə tamamilə dəyişir, həmin adam özü qollarını çırmayıb işə girişir. Ən başlıcası, adamlarda öz şəhərinə, kəndinə sevgi, övladlıq borcu hissi oyatmaqdır. Bir də gərək maneələri aradan qaldırıb işgüzar adamlara tikib-qurmaqda, məhsul hasilə gətirməkdə şərait yaradasan, yeri gələndə kömək edəsən. Prezident İlham Əliyevin ölkədə yaratdığı modernləşmə və tərəqqi prosesinin qayəsi və yönü də elə budur.

Vidadi İsayev Bərdədə aparılmış gərgin, gecəli-gündüzlü işlər, qarşıda duran vəzifələr, yeni layihələr barədə yığcam və dolğun məlumat verəndən sonra bayaqkı atmacamıza münasibətini də yekunlaşdırdı:

– Bərdə nə qədər irəliləyib, kimləri keçib, məncə, bu, önəmli deyil. Çünki qonşularımız da bir yerdə dayanmayıblar, arxayınlaşmayıblar. Əsas məsələ xalqımızın dediyi kimidir: Qonşu qonşuya baxar – canını oda yaxar. Təki qabaqda gedənlərə çataq. Önə keçmək üçünsə bərdəlilər indikindən ikiqat, üçqat çox çalışmalıdırlar.

Başçının məlumatından götürdüyümüz qeydlərin, rayon icra hakimiyyəti aparatından aldığımız 6 aylıq sosial-iqtisadi arayışın yuxarıda söylənənləri təsdiqləyən məqamlarını oxucuların nəzərinə çatdırırıq.

Yuxarıda dediyimiz kimi, Bərdə şəhərinin Heydər Əliyev prospektində həyətlərin qapıları tarixi  darvazalarla əvəz edilmişdir. Bunlarla yanaşı, rayon mərkəzi və magistral avtomobil yollarının kənarlarında 24,2 min ədəd ağac əkilmişdir.

2013-cü ilin ötən dövründə rayonda 15 yeni obyekt tikilmiş, 28 obyekt yenidən qurulmuş, 8 obyektə gecə işıqlandırılması verilmiş, 2 müasir reklam quraşdırılmışdır. Qeyri-hökumət təşkilatlarının maliyyə dəstəyi ilə yeni mini futbol meydançası tikilib istifdəyə verilmişdir.

Öyrəndik ki, ilin ötən dövrü ərzində Mehdili kəndi ərazisində 2000 başlıq ətlik və 1000 başlıq südlük istiqamətli cins heyvandarlıq kompleksləri fəaliyyətə başlamışdır. Daxili İşlər Nazirliyinin daxili qoşunlarının rayonda dislokasiya olunmuş hissəsinin 5 mərtəbəli korpusu istifadəyə verilmişdir. Suvarma suyu ilə təminatı yaxşılaşdırmaq üçün 8 kənddə 9 subartezian quyusu vurulmuşdur. Hazırda “Allah-Allah” türbəsi bərpa edilir, 1 saylı uşaq incəsənət məktəbi, tutumu 2 min ton olan soyuducu ambar, 220 şagird yerlik Mirzalıbəyli və 180 şagird yerlik Qurdlar kənd məktəbləri, Təhsil Şöbəsinin, Əmlak Komitəsinin rayon şöbəsinin, Toxumçuluq MüfəttişliyininAqrokimya Laboratoriyasının inzibati binaları, Gənclər Evi, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 36 mənzilli yaşayış binası, Həsənqaya kəndi ərazisində məcburi köçkünlər üçün 866 ailəlik qəsəbə tikilir.

220 şagird yerlik Nazırlı, 180 şagird yerlik Qazaxlar, 220 şagird yerlik Türkmən kənd tam orta və 380 şagird yerlik Bərdə şəhər 7 saylı əsas məktəbləri üçün yeni bina tikilməsi üçün layihə-smeta sənədləri hazırlanmışdır. Bərdə şəhəri ərazisində Tərtər çayı yatağında sahilbərkitmə işləri, kəndlərin qazlaşdırılması, rayonun elektrik şəbəkəsinin yenidən qurulması davam etdirilir.

Bu il Əhalinin Sosial Müdafiəsi Mərkəzi, Ədliyyə Nazirliyinin regional şöbəsi, Polis Şöbəsi üçün inzibati binaların, qəza vəziyyətində olan Mədəniyyət Sarayının, Bərdə şəhər 4 saylı körpələr evi-uşaq bağçasının, 3 kənd orta məktəbinin, qəza vəziyyətində olan körpələr evi - uşaq bağçalarının və birmərtəbəli kommunal evlərin sakinləri üçün yeni binaların tikintisi, rayonun tarixi abidələrinin bərpası, Bərdə şəhərinin içməli sukanalizasiya şəbəkəsinin, kəndlərin qazlaşdırılması və elektrik şəbəkəsinin yenidən qurulması, kənd yollarının asfaltlaşdırılması üçün ardıcıl tədbirlər görülmüşdür.

Həyata keçirilmiş kompleks tədbirlər nəticəsində rüb ərzində 1770 yeni yeri açılmışdır ki, bunun da 743-ü daimidir. Yeni yerlərindən 45-i yeni yaradılmış müəssisə və təşkilatlarda, 2-si mövcud müəssisələrdə, 696-sı fiziki şəxslərdə, 1027-si digər sahələrdədir. 2003-cü ildən indiyədək rayonda 18796 yeni yeri açılmışdır ki, bunun da 9843-ü daimidir.

Bərdədə aparılan tikinti-quruculuq işlərini əks etdirən fakt və rəqəmlərlə tanışlıqdan sonra yenidən rayon icra hakimiyyətinin başçısı Vidadi İsayevlə görüşdük. Müsahibimiz dedi:

– Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rayonumuza tarixi səfərindən sonra “Bərdə rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” 8 oktyabr 2012-ci il tarixli sərəncam imzalamış və rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi üçün ilkin olaraq 5 milyon manat vəsait ayırmışdı. Rayonumuza göstərilən ardıcıl, davamlı diqqət və qayğıya görə bütün sakinlər adından möhtərəm Prezidentə minnətdarlığımızı bildiririk. Cənab Prezidenti əmin edirik ki, bərdəlilər bu yüksək diqqət və qayğıya öz əməli işləri ilə cavab verəcək, rayonumuzun abadlaşdırılması üçün bundan sonra da bütün qüvvələri səfərbər edəcək, ölkəmizdə aparılan tikinti-abadlıq işlərinin önündə gedəcəyik.

Ötən müddət ərzində möhtərəm Prezident İlham Əliyevin sərəncamı ilə ayrılmış vəsait hesabına 8 kommunal binanın dam örtükləri və fasadları əsaslı təmir edilmişdir. M.Ə.Sabir, İ.Qayıbov, Nüşabə və A.Əhmədov küçələri milli memarlıq üslubunda yenidən tikilmiş, divarlar hörülərək aqlay və təbii qaya daşı ilə üzlənmiş, kommunikasiya xətləri yenidən qurulmuşdur. Hazırda ətraf ərazilərlə birlikdə 21 hektar ərazidə Heydər Əliyev parkı tikilir. Qısa müddətdə əhalinin asudə vaxtının səmərəli keçirilməsi üçün daha bir ünvan – Heydər Əliyev Parkı rayonumuzun tarixinə yazılacaq, Bərdənin ümumi mənzərəsini gözəlləşdirəcəkdir.

Başçı sözünə davam edərək bildirdi ki, İlham Əliyevin diqqət və qayğısı ilə rayonumuzda həyata keçirilmiş tədbirlər iqtisadiyyatın daha sürətlə inkişaf etməsinə münbit şərait yaratmışdır. 2013-cü ilin birinci yarısında rayonda 160,3 milyon manat dəyərində ümumi məhsul, o cümlədən 5,2 milyon manat dəyərində sənaye, 62,6 milyon manat dəyərində kənd təsərrüfatı məhsulu istehsal edilmişdir. 56,4 milyon manat dəyərində tikinti-quraşdırma işləri görülmüşdür. Xidmət sektorunda 36,1 milyon manat dəyərində, o cümlədən ticarət sahəsində 32,8 milyon manat, nəqliyyatda 2,8 milyon manat, informasiya və rabitə sektorunda 436 min manatlıq  məhsul istehsal olunmuşdur. Pərakəndə əmtəə dövriyyəsi 96,6 milyon manat olmuş, əhaliyə 14,8 milyon manat pullu xidmətlər göstərilmişdir.

2012-ci ilin birinci yarısına nisbətən ümumi məhsul buraxılışı 38,8 faiz, sənaye məhsulu 8,3 faiz, kənd təsərrüfatı 5,1 faiz, tikinti-quraşdırma işləri 3 dəfə, nəqliyyat 3,3 faiz, rabitə və informasiya xidməti 12,4 faiz, ticarət xidmətləri 11,4 faiz artmışdır.

Altı ay ərzində rayonun iqtisadiyyatının inkişafı üçün əsas fondlara 57,6 milyon manatya 2012-ci ilin müvafiq dövründəkindən 44 dəfə çox investisiya yönəldilmişdir. Əsas kapitala yönəldilmiş investisiyaların 56,4 milyon manatı və ya 98 faizi tikinti-quraşdırma işləri təşkil edir. Hesabat dövründə 9,9 milyon manatlıq əsas fondlar istifadəyə verilmişdir.

Göründüyü kimi, 2013-cü ilin birinci yarısı rayonun iqtisadiyyatı üçün uğurlu olmuş, sosial-iqtisadi inkişafda nəzərə çarpacaq yüksəlişə nail olunmuşdur. Bu gün rayonun sosial-iqtisadi inkişafı sahəsində görülən işlər Bərdənin gələcək inkişafına, sakinlərin daha rahatfiravan yaşamasına yönəlmişdir.

Sonda bildirim ki, Azərbaycanın tarixi intibah dövrlərinin hamısında boy göstərmiş, silinməz izlər qoymuş Bərdə çağdaş övladlarının əlləri, müstəqil Azərbaycan dövlətinin geniş himayəsi ilə 3 min illik tarixinin ən yüksək, ən möhtəşəm dövrünü yaşayır. Bu gün qocaman Bərdənin ötənlərinin nişanələri sevgi ilə qorunur, dünəninin hər hücrəsi yeniliyin nəfəsi ilə paklanır, sabahına qucaq açan layihələrin əzəməti insanı heyran qoyur. Cavanlaşan qoca Bərdə ulu yurd yerimiz Qarabağın dünəni ilə sabahı, dağı ilə aranı arasında misilsiz bir ehtişamını yaradır.

 

Tahir AYDINOĞLU,

 

Ziyəddin SULTANOV

 

Xalq qəzeti.- 2013.- 6 avqust.- S. 6.