MASALLI: “Möcüzə kimidir, nağıl misallı...”

 

Cənub bölgəsinin gözəl diyarı Masallıya hər səfərimdə yeniliklərin şahidi olmağa adət etmişəm. Bu dəfə öyrəndim ki, artıq Masallıda Mədəniyyət və Turizm Nazirliyinin xüsusi lisenziyası ilə fəaliyyət göstərən istirahət mərkəzlərinin sayı 30 olub (bir qədər əvvələdək 28 idi). Bu mərkəzlərə axın ilbəil güclənir. Cari ilin ilk altı ayında bu rayona istirahət və müalicəyə 8662 nəfər gəlib. Turistlərin 364-ü xarici vətəndaşlar olub.

İndi Masallıda yay istirahətinin ən qızğın vaxtıdır. Elə turizm obyekti yoxdur ki, orada qələbəlik olmasın. “İstisu” sanatoriyası, “Viləş”, “Nağıllar aləmi”, “Gülüstan”, “Gölüstü” və digər mərkəzlərdə boş yer tapmaq mümkün deyil. Qonaqların mənalı istirahəti - təbiətin gözəlliklərindən zövq alması, rayonun tarixi abidələrini ziyarət etməsi, ekskursiyalara aparılması, axşamlar düşərgədə şənlənməsi üçün proqram tədbirləri gerçəkləşdirilir.

Bir axşam dostlarla Viləşçay su anbarının - süni gölün yuxarı sahilindəki istirahət məkanlarından birinə yollandıq. Açıq havada, yaşıllıqlar qoynunda oturub dincəlmək üçün təsadüfən boşalan bir masanın ətrafında yerləşdik. Canlı musiqi, atılıb-düşən uşaqlar, cənub mətbəxinə aid ləziz təamların ətri adama xoş gəlir, dağlardan əsən mehin gətirdiyi sərinlik ecazkar təsir bağışlayırdı. Yerli istedadların şən ifaları dalğa-dalğa ətrafa yayılırdı. Saatların necə ötməsindən xəbərimiz olmadı. Sanki, möcüzəli, nağıllı bir aləmdə idik...

Düşündüm ki, çoxsaylı qonaqları, xüsusən də ailəvi şəkildə gələnləri bu diyara cəlb edən əsas amillər yaradılan münbit şərait, servis mədəniyyətinin yüksəlməsi, milli adətlərə ciddi riayət, rayonda zəruri infrastrukturun formalaşması və səliqə-sahmandır.

Ümumiyyətlə, Masallıda səliqə-sahmanla bağlı problemlər ardıcıl həllini tapır. İndi Rayon İcra Hakimiyyəti Aparatının qarşısı və arxa küçəsi, şəhərin digər əraziləri xeyli dəyişib. Əsaslı şəkildə yenidən qurulmuş Heydər Əliyev xatirə parkı hər zaman, xüsusən də axşam düşəndən gecəyarıyadək dincələnlərlə dolu olur. Heydər Əliyev Mərkəzi, ulu öndərin möhtəşəm abidəsinin ətrafı göz oxşayır. Buradakı “Ahıllar evi” yenicə istifadəyə verilsə də, artıq yaşlı sakinlərin sevimli istirahət məkanına çevrilib. Müxtəlif dekorativ bitkilər, nadir ağaclar, mövsüm çiçəkləri parkın gözəlliyinə dolğunluq gətirir.

Masallıda sosial-iqtisadi inkişaf göstəriciləri də fərəh doğurur. Hər tərəfdə iş gedir. Rayonun inkişaf proqramında nəzərdə tutulmuş  bir sıra sosial-mədəni obyektlərin tikintisi son tamamlama mərhələsinə çatıb. Şəhərin Z.Əliyeva, Azərbaycan, Füzuli, Dadva, Talışxanov və Qarabağ küçələrində aparılan abadlıq-quruculuq işlərinin ilkin nəticələri görünməkdədir. İcra Hakimiyyəti Aparatının yaxınlığında inşa olunmuş YAP rayon təşkilatının inzibati binasında işlər artıq yekunlaşmışdır.Qəhrəmanlar ” parkının, H.Əliyev meydanının, rayonun giriş və çıxış qapılarının tikintisi isə başa çatdırılmışdır. Biz rayonda olarkən bir sıra idarə, təşkilat kollektivləri mərkəzi meydanda və ətrafında iməcilik keçirirdilər. Hamı həvəslə çalışır, ümumi işə töhfə vermək istəyirdi. Şəhəri həvəslə gəzib gördüklərimizi qeydə aldıq. Gördük ki...

Qarabağ küçəsində məhəllələr abadlaşdırılmış, ümumi yaşayış evlərinin dam örtükləri müasir üslubda dəyişdirilmişdir. Həmçinin yenicə tikilmiş Boks və Taekvando mərkəzləri, Boradigah idman kompleksi, ümumtəhsil məktəbləri, istilikxana və digər obyektlər istismara hazırdır.

Cənab Prezidentin tapşırığı ilə bütün regionlarda olduğu kimi, Masallıda da kənd yollarının tikintisinə böyük diqqət göstərilir. Belə ki, hazırda Masallı rayon ərazisində ümumi uzunluğu 24 kilometrə qədər olan Həsənli-Xırmandalı, Kürdəbaz-Qarğalıq, Seybətin-Səmidxan, Musaküçə-Lürən, Qodman-Qəriblər və Sərçuvar-Sirəbil yollarının əsaslı təmirinə başlanmışdır. Həsənli-Xırmandalı və Sərçuvar-Sirəbil yolunun çəkilişi artıq yekunlaşır.

Rayon üzrə məhsul istehsalı və göstərilən xidmətlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,6 faiz artmışdır. Adambaşına düşən pul gəlirləri 916 manat, bir işçiyə hesablanan orta aylıq əmək haqqı 253,1  manat olmuşdur.

Əhalisi 210 min nəfər olan Masallı rayonunda ümumi sayın 90 faizə qədəri kəndlərdə yaşayır və əkinçiliklə məşğul olur. Kənd təsərrüfatının inkişafı və gəlirli sahəyə çevrilməsi prioritet vəzifədir. Sevindirici haldır ki, bu istiqamətdə görülən işlər artıq müsbət nəticələrini verməkdədir. Bu ilin məhsulu üçün 10034 hektar taxıl, o cümlədən 7604 hektar buğda, 2430 hektar arpa və 1820 hektar dənlik vələmir əkini aparılmışdır. Ümumilikdə 23177 ton taxıl istehsal olunmuşdur ki, bunun da 17894 tonu buğdadır. Bundan əlavə, 1477 hektarda kartof, 586,5 hektarda bostan məhsulları və 2806 hektarda tərəvəz əkilmişdir. Gəlirli sayılan kartof, çiyələk və tərəvəz istehsalı sahələri genişləndirilmiş, əhalinin qazancı nəzərəçarpacaq dərəcədə artmışdır. 2012-ci ildə kartofdan əldə olunan gəlir 4 milyon manata qədər olduğu halda, 2013-cü ildə bu rəqəm 15 milyon 200 min manat təşkil etmişdir. Həmçinin çiyələkdən ötən il 84 min manat, bu il isə 104 min manat gəlir əldə olunmuşdur. Belə uğurlu müqayisələri digər sahələrdə də aparmaq olar.

Rayonda iri buynuzlu mal-qaranın sayı 73378 başa, xırda buynuzluların sayı 81311 başa çatmışdır. Altı ay ərzində süd istehsalı 26284,2 tona, ət istehsalı 2756,7 tona, yumurta istehsalı 35 milyon ədədə çatmışdır ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə xeyli çoxdur.

Eyni zamanda çayçılığın inkişaf etdirilməsi məqsədi ilə bu il 100 hektar sahədə ən yeni texnologiyaya əsaslanan plantasiya salınması üçün hazırlıq işlərinə başlanmışdır. Həmin ərazidə yol, suvarma suyu, enerji infrastrukturunun yenidən qurulması nəzərdə tutulur. Yaxın gələcəkdə bu gəlirli sahənin rayonda ən azı 1400 hektara çatdırılmasına imkanlar var. Bu qədər yaşıl çay sahəsinin salınması idxaldan asılılığı azaltmaqla yanaşı, ən azı 7 min iş yerinin yaradılmasına imkan verə bilər.

Faraş tərəvəz, giləmeyvə və sitrus bitkiləri əkinlərinin genişləndirilməsi ilə yanaşı, rayonda ən azı 5 min ton tərəvəz, 5 min ton sitrus meyvələrini saxlama gücünə malik soyuducu anbarların, topdan və pərakəndə satış-ekspozisiya bazarının, habelə bu məhsulların ilkin emalı üçün müəssisənin tikilməsi vacibdir. Bu vəzifələrin uğurlu icrasına nail olunsa, Masallının kənd təsərrüfatı məhsullarının təkcə yerli bazarlara deyil, böyük həcmdə qonşu ölkələrin bazarlarına da çıxarılmasına imkan yaranar.  Dövlət Proqramı əsasında rayon mərkəzi və 22 yaşayış məntəqəsinə birpilləli sistem üzrə yeni qaz xəttinin çəkilməsi reallaşdırılır. Artıq Eminli kəndi də təbii qazla təmin edilmiş, Qarğalıq, Kürdəbaz, Şəhriyar kəndlərinə qaz xəttinin çəkilişi yekunlaşmış və sayğaclar quraşdırılmışdır. Təklə kəndində və Ərkivan qəsəbəsində mövcud olan köhnə qaz xətlərinin yenidən quraşdırılması və 1-ci Yeddioymaq  kəndində daxili qaz xəttinin çəkilişi davam etdirilir.

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2013-cü il “İnformasiya-Kommunikasiya Texnologiyaları ili” elan edilmişdir. Bununla əlaqədar  Masallıda 55 yeni EATS binasının tikintisi nəzərdə tutulur ki, bu məqsədlə ayrı-ayrı kəndlərdə müvafiq torpaq sahələri ayrılmışdır. Qodman kəndində yeni ETS binasının tikintisi artıq başa çatdırılmışdır.

Dövlət başçısının xeyir-duası ilə ötən il Masallı şəhərinin içməli su təchizatının və kanalizasiya sisteminin yenidən qurulması işlərinə başlanmışdır. Bununla da şəhər sakinlərini uzun illərdən bəri narahat edən bu problem qısa vaxtdan sonra öz həllini tapacaq.

Masallı rayonunun əksər kəndlərində içməli su xəttinin və ya qaynaqlarının olmaması əhalinin gündəlik həyatında ciddi çətinliklər yaradır. Bu problemin həlli ilə bağlı cənab Prezident İlham Əliyev tərəfindən müvafiq qurumlara verilən tapşırıqlara əsasən Muğan zonasında yerləşən 20 kəndin və Gəyəçöl-Qızılağac istiqamətində olan 18 kəndin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə layihələndirmə işləri aparılmış və artıq  “Viləşçay” su dəryaçasından həmin istiqamətlərdə olan kəndlərə içməli su xəttinin çəkilişinə başlanmışdır.  Son illərdə Masallıda 33 yeni məktəb binası tikilmiş, 5 məktəb isə əsaslı təmir olunmuşdur. Hazırda Kosakül, Kəlbəhüseynli, Xıl, Öncəqala, Kubin və Allahyarlı  kəndlərində yeni məktəb binalarının tikintisi, Bədəlan kənd tam orta məktəbinin əsaslı təmiri davam etdirilir. Yaxın günlərdə isə Şatıroba, Çayqıraq, Dəlləkoba və Köhnə Zuvand kəndlərində yeni məktəb binalarının tikintisinə, Masallı şəhər 1 saylı və Kolatan kənd tam orta məktəblərinin isə əsaslı təmirinə başlanacaq. Üç uşaq bağçası da təmir olunub. Amma, hələ 7 uşaq bağçasının əsaslı təmirə, 6 uşaq bağçasının yeni binaya ehtiyacı var. Məktəbəqədər yaşlı uşaqların uşaq bağçalarına cəlbi cəmi 7 faiz təşkil edir ki, bu da çox aşağı rəqəmdir. Bu problemlərin həlli istiqamətində işlər davam etdirilir. Hazırda Qızılağac kənd uşaq bağçasında əsaslı təmir yekunlaşır və yaxın günlərdə Masallı şəhər 2 saylı uşaq bağçası üçün yeni binanın tikintisinə başlanacaq.

Masallıdan bəhs edərkən  iyunun 12-15-də uğurla keçmiş II Beynəlxalq Folklor Festivalını qeyd etməmək olmaz. Bu baxımdan rayonda artıq müvafiq təcrübə və ənənə bərqərar olub. Çoxsaylı xarici qrupların qəbulu, yerləşdirilməsi, çeşidli tədbirlərin təşkili, təbii bir bayram ovqatının və zəngin təəssüratın yaradılması festival təşkilatçılarının böyük uğuru sayılmalıdır. İnanırıq ki, növbəti festivallar daha da gözəl olacaq və rayonda yeni-yeni istedadlar üzə çıxarılacaq.

Bu payız Azərbaycanda Prezident seçkiləri keçiriləcək. Masallıda rayon rəhbərliyi ilə söhbətdə vurğulandı ki, seçkilərdə vətəndaşların azad şəkildə səsvermə hüquqlarının təmin edilməsi üçün bütün lazımi tədbirlər həyata keçirilir. Artıq seçki məntəqələrinin seçkilərə hazırlanması və digər hazırlıq işləri gedir. Müşahidə və təhlillər göstərir ki, böyük əksəriyyət alternativi olmayan hazırkı uğurlu siyasəti dəstəkləmək əzmindədir.

 

Əli NƏCƏFXANLI

 

Xalq qəzeti.- 2013.- 7 avqust.- S. 6.