“Mən Azərbaycanlıyam”
online bilik
yarışmasının növbəti qalibləri
mükafatlandırıldı
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) “Mən Azərbaycanlıyam” online bilik yarışmasının iyul ayı üzrə 1-ci, 2-ci və 3-cü ongünlüklərin, həmçinin iyul ayının qaliblərinin mükafatlandırılma mərasimi keçirilmişdir.
Yarışın şərtlərinə uyğun olaraq ongünlüklərin qaliblərinə netbuk tipli kompüter, ilk 100-lüyə daxil olan digər iştirakçılara isə həvəsləndirici mükafatlar - “Nar Mobile” və “Bakcell” şirkətləri tərəfindən 10 manatlıq mobil telefon danışıq kartları təqdim edilmişdir.
RİTN-dən aldığımız məlumatda bildirilir ki, iyul ayı ərzində yarışma iştirakçıları arasında ən yaxşı nəticə göstərmiş 3 nəfər ayın qalibi seçilmişdir. 1-ci yeri tutan Elnur Məmmədzadə Iphone mobil telefonuna və mini İphad planşetinə, 2-ci yeri tutan Vüsal İsgəndərov Iphone mobil telefonuna, 3-cü yeri tutan Ceyhun Cariyev isə mini Iphad planşetinə sahib olmuşlar.
Tədbirdə Nazirliyin informasiya cəmiyyətinin inkişafı şöbəsinin müdiri İsbəndiyar Əliyev çıxış edərək qalibləri təbrik etmişdir. O, iki ay ərzində yarışmaya qoşulanların sayının 30 minə çatdığını qeyd edərək, bunu yarışa olan böyük marağın bariz nümunəsi kimi qiymətləndirmişdir. Şöbə müdiri eyni zamanda yarışda iştirak etmək üçün 1 avqust 2013-cü il tarixədək ümumilikdə 29115 iştirakçı qeydiyyatdan keçdiyini, onların 66 faizinin kişi, 34 faizinin isə isə qadın istifadəçilər olduğunu diqqətə çatdırmışdır. O , xatırlatmışdır ki, yarış dekabr ayının 1-dək davam edəcək və hər 10 gündən bir qaliblərin mükafatlandırılma mərasimi, dekabrın ilk həftəsi isə superfinal keçiriləcək.
“Mən Azərbaycanlıyam” online bilik yarışması ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuşdur və “İnformasiya-kommunikasiya texnologiyaları ili” çərçivəsində reallaşdırılır. Yarışmanın məqsədi milli-mədəni irsimizin təbliği, bu sahədə marağın və biliklərin artırılması, vətənpərvərlik hisslərinin yüksəldilməsidir.
Yarışa oyunun rəsmi saytı (www.azerbaycanliyam.az) və Facebookdakı səhifəsi vasitəsilə qoşulmaq mümkündür.
Samirə
ƏLİYEVA
Xalq qəzeti.- 2013.- 7 avqust.- S. 7.