Azərbaycanın Avropa ölkələri ilə əməkdaşlığı strateji xarakter daşıyır

 

İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın Bakı səfəri də bunu təsdiq edir

 

İtaliya və Azərbaycan son illər ərzində çox sıx tərəfdaşlığı inkişaf etdirməyə nail olublar. Şübhəsiz ki, qarşıdakı illərdə bu tərəfdaşlıq daha da inkişaf edəcək və çox yüksək səviyyəyə çatacaqdır.

 

İlham ƏLİYEV,

 

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı, 11 avqust 2013-cü il

 

 

Bu gün bizim ikitərəfli münasibətlərimizin və təkcə enerji sahəsi ilə məhdudlaşmayan əməkdaşlığımızın gücləndirilməsinin necə vacib olduğunu qeyd etmək istərdim.

 

Enriko LETTA,

 

İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti

 

Bakı, 11 avqust 2013-cü il

 

Müstəqiliyini yenidən bərpa etdikdən cəmisi iki il sonra xarici siyasətini çevik diplomatik təşəbbüslərlə gücləndirən, ona  kardinal dəyişikliklər edən Azərbaycan Respublikası bu sahədə çox böyük uğurlara imza atmışdır.

Təkcə bu faktı qeyd etmək kifayətdir ki, ötən əsrin son onilliyindən etibarən Avropaya inteqrasiya kursunu götürən postsovet ölkələrinin hər biri ayrı-ayrılıqda uğurlar qazansa da, Azərbaycan qədər nailiyyətlər əldə etməmişdir. Bunun əsas səbəbi odur ki, 1993-cü ildən başlayaraq ölkəmizin istər daxili, istərsə də xarici siyasətini təcrübəli dövlət xadimi, ulu öndərimiz Heydər Əliyev müəyyənləşdirmişdir. Bu gün həmin siyasət müasir dövrün çağrışları çərçivəsində yeni meyarlarla zənginləşdirilərək davam etdirilir. Məhz bunun nəticəsidir ki, bu gün respublikamızın Avropa İttifaqı ilə, eyni zamanda qitənin ayrı-ayrı nüfuzlu dövlətləri ilə əlaqələri sürətlə inkişaf edir, bərabərhüquqlu tərəfdaşlıqdan, qarşılıqlı hörmətdən güc alır daha da möhkəmlənir. İtaliya - Azərbaycan əlaqələri bu baxımdan xüsusilə diqqəti cəlb edir.

Əvvəlcə onu qeyd edək ki, iki ölkə arasındakı münasibətlər dərin tarixi köklərə malikdir. Qədim Romada yurdumuzu yaxşı tanıyırdılar. Etibarlı tarixi mənbələrdə xüsusilə qeyd olunduğu kimi, orta əsrlərdə İtaliyadan Azərbaycana çoxlu sayda səyyahlar gəlmişlər. Onların arasında Marko Polonu xüsusilə qeyd etmək olar. XVI-XVIII əsrlərdə Səfəvilər dövləti ilə Venesiya Respublikası arasında intensiv diplomatik və iqtisadi əlaqələr mövcud olmuşdur. Hələ 1549-cu ildə Romada Nəsirəddin Tusinin “Evklid başlanğıcının təfsiri” əsərinin latın dilində tərcüməsi çap edilmişdir. 1918-1920-ci illərdə Azərbaycan Xalq Cumhuriyyəti ilə İtaliya arasında diplomatik münasibətlər mövcud olmuş və İtaliya Bakıda konsulluğunu açmışdır. Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra rəsmi Roma bizə dəstək verən ilk siyasi mərkəzlərdən biri olmuş, 1992-ci il yanvarın 1-də İtaliya Azərbaycanın müstəqilliyini tanıdığını bəyan etmişdir. 1992-ci il mayın 8-  iki ölkə arasında diplomatik münasibətlər qurulmuşdur. Bu məqamda qeyd edək ki, Ermənistan – Azərbaycan və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün 1992-ci ilin martında yaradılmış ATƏM-in (indiki ATƏT) Minsk qrupunun ilk sədri İtaliya olmuşdur. Bir fakt da xüsusilə qeyd olunmalıdır ki,  İtaliya Cənubi Qafqaz respublikalarında ilk dəfə 1997-ci ildə öz səfirliyini Azərbaycanda açmışdır. Bu, bir daha rəsmi Romanın “Odlar yurdu”na böyük əhəmiyyət verdiyini və ölkəmizlə əlaqələrin inkişafında maraqlı olduğunu göstərir. Münasibətlərin inkişafı Azərbaycanın da İtaliyada səfirliyinin açılmasını zərurətə çevirmiş və 2003-cü ildən başlayaraq ölkəmizin diplomatik missiyası Romada fəaliyyətə başlamışdır.

Ulu öndər Heydər Əliyevin 1997-ci il sentyabrın 25-28-  İtaliyaya ilk rəsmi səfəri dövlətlərimiz arasında bütün sahələrdə münasibətlərin inkişaf etdirilməsi üçün əhəmiyyətli addım olmuşdur. Həmin səfər zamanı Heydər Əliyev İtaliyanın Prezidenti, Baş naziri və digər hakimiyyət nümayəndələri ilə görüşmüşdür. İtaliyalı rəsmilər aparılan müzakirələrdə Ermənistan – Azərbaycan və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə ədalətli həllinə və Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasına tərəfdar olduqlarını bəyan etmişlər. 1998-2003-cü illərdə İtaliyanın müxtəlif dövlət orqanlarının təmsilçiləri Azərbaycana səfərlər ediblər. Tərəflər arasında aparılan danışıqlar və müzakirələr nəticəsində bir çox sahələrdə tərəfdaşlığın inkişafına hesablanmış  müqavilələr imzalanmışdır. 2005-ci il fevralın 24-26-da Azərbaycan Prezident İlham Əliyev İtaliyanın dövlət başçısı Adzelyo Çampinin dəvəti ilə bu ölkədə rəsmi səfərdə olmuşdur. Cənab Adzelyo Çampi  ölkəmizin rəhbəri ilə  görüşündə Dağlıq Qarabağ münaqişəsinə toxunaraq vaxtilə İtaliyanın da belə bir problemlə qarşılaşdığını və bu təcrübədən istifadə edərək, Azərbaycana kömək göstərməyə hazır olduqlarını bildirmişdir.

ATƏT-in Minsk qrupunun vasitəçilik səylərinin hələ bir nəticə vermədiyini xatırladan Prezident Adzelyo Çampi demişdir ki, İtaliya Minsk qrupunun fəaliyyətinin gücləndirilməsi üçün köməyini əsirgəməyəcəkdir. Prezident İlham Əliyev Ermənistanın Azərbaycana hərbi təcavüzünün ağır nəticələrindən, münaqişənin ATƏT-in Minsk qrupu çərçivəsində sülh yolu ilə aradan qaldırılması sahəsində aparılan danışıqlardan bəhs etmiş, problemin beynəlxalq hüquq normaları əsasında həll edilməsinin vacibliyini vurğulamışdır. Azərbaycan Prezidenti İlham Əliyev  2008-ci il noyabrın 25-26-da  İtaliyanın Baş naziri Silvio Berluskoninin dəvəti ilə İtaliyada növbəti rəsmi səfərdə olmuş, həmçinin 2011-ci il 2 iyunda – İtaliyanın birləşdirilməsinin 150 illiyi münasibətilə Romada təşkil edilmiş rəsmi tədbirdə iştirak etmişdir. Hər iki səfər çərçivəsində keçirilən görüşlərdə bir daha İtaliya – Azərbaycan əməkdaşlığının perspektivləri müzakirə edilmişdir.

Bu il avqustun 11-də İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın ölkəmizə səfəri də iki ölkə arasındakı əlaqələrin inkişafı baxımından böyük əhəmiyyət kəsb etmişdir. Həmin gün  Azərbaycan Prezidenti İlham Əliyev ilə təkbətək görüşdən sonra nümayəndə heyətlərinin geniş tərkibdə müzakirələri davam etdirilmişdir. Keçirilən birgə mətbuat konfransında İtaliya nümayəndə heyətini bir daha Azərbaycanda salamlayan Prezident İlham Əliyev bu tarixi səfərə Azərbaycanda böyük önəm verildiyini vurğulayaraq bildirmişdir ki, ölkələrimiz arasında ikitərəfli münasibətlər uğurla inkişaf edir. Azərbaycan ilə İtaliyanın beynəlxalq təşkilatlar çərçivəsində də yaxşı əməkdaşlıq etdiyini diqqətə çatdıran dövlətimizin başçısı qeyd etmişdir ki, hazırda İtaliya ölkəmizin əsas ticarət tərəfdaşıdır.

Prezident İlham Əliyev bu səfərin iqtisadi əlaqələri daha da şaxələndirməyə imkan verəcəyini, ölkələrimiz arasında enerji sahəsində əməkdaşlığın münasibətlərimizdə yeni səhifə açdığını bildirmişdir. Dövlətimizin başçısı Avropa İttifaqı ilə enerji sahəsində əlaqələrin sürətlə inkişaf etdiyini, Azərbaycanın Avropa institutları ilə əməkdaşlığa böyük önəm verdiyini vurğulamışdır. Prezident İlham Əliyev mədəniyyət sahəsində əməkdaşlığın əhəmiyyətini xüsusi qeyd etmişdir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettaya ətraflı məlumat verdiyini deyən Prezident İlham Əliyev sonda bu səfərin ikitərəfli əlaqələrə daha da təkan verəcəyinə əmin olduğunu bildirmişdir.

Azərbaycan Prezidenti İlham Əliyev İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Letta ilə nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşdə rəsmi Bakının tərəfdaşlıq münasibətlərinin inkişafına böyük əhəmiyyət verdiyini vurğulayaraq demişdir: “Sizin ölkəmizə rəsmi səfəriniz dövlətlərimiz arasında əlaqələrin yüksək səviyyəsindən xəbər verir. Gündəliyimiz çox genişdir və müxtəlif sahələri əhatə edir. Gündəlikdə duran bütün məsələlər üzrə uğurla irəliləyirik. Bunlar siyasi, iqtisadi, enerji sahələridir.

 

İtaliya və Azərbaycan son illər ərzində çox sıx tərəfdaşlığı inkişaf etdirməyə nail olublar. Şübhəsiz ki, qarşıdakı illərdə bu tərəfdaşlıq daha da inkişaf edəcək və çox yüksək səviyyəyə çatacaqdır. Bu gün də qeyd etdiyimiz kimi, biz yaxşı anlayırıq ki, münasibətlərimizi daha da yüksək səviyyəyə qaldırmalıyıq. Sizin ölkəmizə səfərinizi çox yüksək qiymətləndiririk. Bu, dostluğun gözəl əlamətidir və eyni zamanda, ikitərəfli münasibətlərimizin vacib məsələlərini nəzərdən keçirmək üçün gözəl fürsətdir”.

Enerji sahəsində əməkdaşlığın önəminə toxunan Enriko Letta Transadriatik qaz kəmərinin regionda və beynəlxalq miqyasda rolunu yüksək dəyərləndirmişdir. O, ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafına təkan olacaq bu layihəyə verdiyi dəstəyə görə Prezident İlham Əliyevə təşəkkür etmişdir. Yaxın vaxtlarda İtaliya şirkətlərinin nümayəndələrinin Azərbaycana gələcəyini və bunun ikitərəfli əlaqələrin genişləndirilməsi baxımından əhəmiyyətli olacağını deyən Enriko Letta bildirmişdir ki, mədəniyyət sahəsində əməkdaşlığın inkişafı diqqət mərkəzində saxlanılmalıdır. Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində status-kvonun qəbuledilməz olduğunu diqqətə çatdıran İtaliya hökumətinin başçısı ölkəsinin ATƏT-in Minsk qrupunun fəaliyyətini dəstəklədiyini vurğulamışdır.

İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Letta demişdir: “Burada olmaq fürsəti və Sizinlə, hökumətinizlə ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsinə dair müzakirələr aparmaq bizim üçün çox əhəmiyyətlidir. Bu gözəl fürsət TAP boru kəmərinə dair qərarın verilməsindən sonra yarandı. Bu qərar İtaliya və Avropanın böyük bir hissəsi üçün çox vacibdir. Fürsətdən istifadə edərək bu qərarın qəbul olunması sayəsində bu gün bizim ikitərəfli münasibətlərimizin və təkcə enerji sahəsi ilə məhdudlaşmayan əməkdaşlığımızın gücləndirilməsinin necə vacib olduğunu qeyd etmək istərdim. Lakin biz enerji sahəsində əməkdaşlıqdan yararlanaraq əlaqələrimizi iqtisadi və siyasi sahələrdə də gücləndirir, daha da yüksək səviyyəyə qaldırırıq. Bizim Əfqanıstandakı hərbçilərimiz arasında da yaxşı əməkdaşlıq mövcuddur. Əlbəttə ki, biz iqtisadi əməkdaşlığımızda daha mühüm irəliləyişlər əldə etmək istərdik. İtaliyanın İşəgötürənlər Konfederasiyasının və İnşaatçılar Assosiasiyasının yüksək səviyyəli nümayəndə heyəti noyabrın əvvəlində Bakıya səfər edəcəkdir. Onların səfərinin məqsədi bizim əməkdaşlığımızı daha da genişləndirməkdir”.

Göründüyü kimi, Azərbaycan ilə İtaliya arasındakı əlaqələr çoxşaxəlidir və münasibətlərin inkişafı üçün geniş imkanlar vardır. Bunun bir səbəbi ölkəmizin təbii sərvətlərlə zəngin olması, mühüm geostrateji məkanda yerləşməsidirsə, digər səbəbi  Azərbaycanın  Avropanın qabaqcıl dəyərlərinə önəm verərək ölkədə demokratiyanı inkişaf etdirməsi, əsas insan hüquq və azadlıqlarını qoruması, vətəndaş cəmiyyətini yaratması, plüralizmi, tolerantlığı inkişaf etdirməsidir.

Azərbaycan dövləti 1993-cü ilin iyun ayından etibarən bütün bu istiqamətlərdə konkret və qətiyyətli tədbirlər həyata keçirmiş, nəticədə, əldə etdiyimiz göstəricilər 100 il, 150 il demokratiya təcrübəsi olan Avropa ölkələrinin təmsilçiləri tərəfindən də yüksək qiymətləndirilmiş, heyranlıqla qarşılanmışdır.

Digər tərəfdən, bu gün  Azərbaycan çox sürətlə inkişaf edir, Cənubi Qafqazın lider dövləti kimi böyük uğurlar qazanır. Təsadüfi deyil ki, Ümumdünya İqtisadi Forumu (World Economic Forum) tərəfindən hazırlanan iqtisadiyyatın rəqabətə davamlılığı (Global Competitiveness Index 2012-2013) hesabatına əsasən, ölkəmiz xarici bazarın indeksinin həcminə görə 4,5 balla dünyada 62-ci yeri tutur. Reytinq ixrac məhsullarının qiyməti və göstərilən xidmətin 1-7 ballıq şkala üzrə göstərici ilə qiymətləndirilib. Reytinqdə ilk onluğu Çin (7 bal), ABŞ (6,7 bal), Almaniya (6,5 bal), Hindistan (6,4 bal), Cənubi Koreya (6,2 bal), Honqkonq (6,2 bal), Rusiya (6,1 bal), Yaponiya (6,1 bal), Böyük Britaniya (6,1 bal) və Tayvan (6 bal) bölüşdürür. MDB ölkələri arasında Moldova 3 balla 118-ci yeri, Tacikistan 2,9 balla 122-ci yeri, Ermənistan isə 2,8 balla 123-cü pillədə qərarlaşıb.

Təbii ki, dünya nizamında özünəlayiq yer tutan və mövqelərini qoruyub saxlamağa çalışan istənilən dövlət demokratik dəyərlərə yüksək qiymət verən, gündən-günə güclənən bir ölkə ilə əlaqələrini genişləndirmək arzusundadır. Bu baxımdan, Azərbaycan dünyanın aparıcı dövlətləri üçün mühüm əhəmiyyətə malikdir.  İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettadan sonra digər nəhəng dövlətin – Rusiyanın Prezidenti Vladimir Putinin Azərbaycana səfərə gəlməsi də bunu göstərir. Bu mühüm səfərlərin ölkəmizdə keçirilən prezident seçkiləri ərəfəsində baş tutması isə, növbəti dəfə prezidentliyə namizədliyi irəli sürülən cənab İlham Əliyevin Azərbaycan xalqı ilə yanaşı, dünya birliyinin aparıcı siyasi dairələri tərəfindən də dəstəklənməsi deməkdir.

 

Xalq qəzeti.- 2013.- 13 avqust.- S. 5.