Naxçıvan şəhərində yeni Saat Meydanı, parkmusiqi məktəbi istifadəyə verilmişdir

 

Naxçıvan şəhərində aparılan tikinti-quruculuq işləri zamanı milli memarlıq üslubunun qorunub saxlanılması, müasir obyektlərin tikilməsi diqqət mərkəzində saxlanılır. Bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı olaraq şəhərdə yeni Saat Meydanı və park yaradılmışdır.

Avqustun 15-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Saat Meydanına və parka baxmış, insanların asudə vaxtlarının səmərəli təşkili istiqamətində həyata keçirilən tədbirlərin bundan sonra da davam etdiriləcəyini bildirmiş, sakinlərə yeni parkda xoş istirahət arzulamışdır.

Muxtar respublikanın sürətlə inkişaf etdiyini qeyd edən şəhər sakinləri Lətif Əsgərov və Tünzalə Qurbanova yaradılan şəraitə görə minnətdarlıq etmişlər.

Məlumat verilmişdir ki, ümumi sahəsi 8 min kvadratmetr olan meydanda yeni saat qülləsi inşa edilmiş, istirahət parkı salınmışdır. Saat qülləsinin hündürlüyü 21 metrdir. İki hissədən ibarət olan tikilidə ictimai-iaşə xidmətinin göstərilməsi üçün yer ayrılmışdır.

 

* * *

 

Naxçıvan şəhərindəki 3 nömrəli Uşaq Musiqi məktəbinin yeni binasının da açılışı olmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov açılış mərasimində iştirak etmişdir.

Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Səfərov demişdir ki, genişmiqyaslı quruculuq işləri nəticəsində son illər Naxçıvan şəhərində 4 uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəbi üçün yeni bina tikilmişdir. Məktəbin direktoru Günay Əliyeva yaradılan şəraitə görə kollektiv adından minnətdarlığını bildirmiş, bundan sonra da səylə çalışaraq istedadlı gənclər yetişdirəcəklərini qeyd etmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov demişdir: “3 nömrəli Uşaq Musiqi məktəbi əvvəllər Naxçıvan Musiqi Kollecinin binasında yerləşirdi. Sosial-iqtisadi inkişaf, quruculuq işləri 3 nömrəli Uşaq Musiqi məktəbi üçünyeni binanın tikilməsinə şərait yaratdı. Bu gün kollektivin istifadəsinə 400 yerlik yeni məktəb binası verilir. Məktəbdə şagirdlər 3 şöbədə 10 ixtisas üzrə təhsil alacaqlar. Binada gələcək perspektiv nəzərə alınmış, uşaqların musiqinin sirlərinə yiyələnmələri üçün lazımi şərait yaradılmışdır”.

Musiqiçi kadrların hazırlanması sahəsində məktəbin nailiyyətlərinin uğurlu olduğunu qeyd edən Ali Məclisin sədri kollektivə təşəkkür etmiş, açılışı bildirən lenti kəsmişdir.

Məlumat verilmişdir ki, binada 37 sinif otağı, müəllimlər, direktor otaqları, kitabxana, arxiv və tədbirlər zalı vardır. Sinif otaqlarında şagirdlərin nəzəri biliklərini və praktik vərdişlərini artırmaları üçün lazımi şərait yaradılmışdır. Məktəbdə xalq çalğı alətləri, fortepiano və nəzəri fənlər şöbəsi fəaliyyət göstərir. Bu şöbələrdə tar, kamança, nağara, fortepiano, skripka, qarmon, klarnet, qanun, sazfleyta ixtisasları üzrə musiqiçi kadrlar hazırlanır.

Konsert zalında məktəbin şagirdlərinin ifasında musiqi nömrələri səsləndirilmişdir.

 

 

Xalq qəzeti.- 2013.- 17 avqust.- S. 6.