Sərhədçilərin sosial
qayğıları diqqət mərkəzindədir
18 avqust – Azərbaycan Sərhəd
Mühafizəsinin yaradılması günüdür
Ulu öndər Heydər Əliyevin ideyalarına daim sadiq olan, dövlətimizin və müstəqilliyimizin əsas atributlarından biri sayılan sərhədlərimizin keşiyində qürurla dayanan, beynəlxalq terrorizmə, qaçaqmalçılığa, narkotik vasitələrin gizli dövriyyəsinə, qeyri-qanuni miqrasiyaya qarşı qətiyyətlə mübarizə aparan Dövlət Sərhəd Xidməti yaradılmasının 94-cü ildönümündə özünün sürətli inkişaf mərhələsini yaşayır. Bu inkişafı təmin edən ən başlıca amil isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlət sərhədlərimizin mühafizəsi işinin daha yüksək səviyyədə qurulmasına göstərdiyi diqqət və qayğıdır.
Ümummilli lider Heydər Əliyevin siyasi kursunun təntənəsi kimi əlamətdar olan müasir dövrümüz Azərbaycan tarixində sürətli inkişaf və tərəqqi mərhələsi kimi qalacaqdır. Bu kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi, Azərbaycanın dinamik sosial-iqtisadi inkişafı xalqımızın firavan gələcəyini təmin edir. Həyata keçirilən çoxsahəli islahatlar və dövlət proqramları nəticəsində ölkəmiz dünyada ən sürətli inkişaf edən dövlətlər sırasına çıxmışdır.
Hazırda ictimai-siyasi həyatımızın elə bir sahəsi yoxdur ki, orada dirçəliş və tərəqqi getməsin. Dövlət Sərhəd Xidməti də bu proseslərdən kənarda qalmayıb. Ulu öndərin ideyalarına daim sadiq olan Dövlət Sərhəd Xidməti sərhədlərimizdə dövlət maraqlarımızın yüksək səviyyədə qorunmasını təmin etməklə yanaşı, sosial inkişaf məsələlərini də ardıcıl həll edir. Ali Baş Komandan İlham Əliyevin sərhədçilərlə görüşlərini, sadəcə, sadalamaq kifayət edər ki, dövlət başçısının ölkəmizin sərhəd mühafizəsinə çox böyük diqqət yetirməsi aydın olsun. Dövlətimizin gələcəyi, xalqımızın rifahı naminə gərgin iş rejiminə baxmayaraq, Prezidentin 15 iyun 2004-cü ildə Şəmkir Sərhəd Dəstəsinin “Qırmızı körpü” nəzarət-buraxılış məntəqəsində, 21 iyun 2004-cü ildə Xudat Sərhəd Dəstəsində, 15 oktyabr 2004-cü ildə Şəmkir Sərhəd Dəstəsinin “Ağgöl” sərhəd zastavasında, 16 avqust 2005-ci ildə Dövlət Sərhəd Xidmətinin Aparatında, 12 oktyabr 2005-ci ildə Şəmkir Sərhəd Dəstəsinin “Keşikçidağ” sərhəd zastavasında, 12 aprel 2006-cı ildə Zaqatala Sərhəd Dəstəsində olması bir sıra problemlərin həllini sürətləndirmişdir.
27 sentyabr 2006-cı ildə Bakıda keçirilən Sərhəd Məsələləri üzrə Beynəlxalq Konfransın nümayəndələri ilə görüşdə, 7 oktyabr 2006-cı il tarixdə Xudat Sərhəd Dəstəsinin “Xınalıq” sərhəd zastavasında, 7 dekabr 2006-cı ildə Xudat Sərhəd Dəstəsində, 17 avqust 2007-ci ildə Dövlət Sərhəd Xidmətinin Abşeron rayonunun Göradil qəsəbəsində yerləşən “Sərhədçi” istirahət mərkəzinin açılışında, 26 sentyabr 2007-cı ildə Bakıda keçirilən Sərhəd Məsələləri üzrə Beynəlxalq Konfransın nümayəndələri ilə görüşdə, 8 noyabr 2008-ci ildə Dövlət Sərhəd Xidmətinin Əzizbəyov rayonunun Türkan qəsəbəsində yerləşən Sahil Mühafizəsi bazasının açılışında, 6 mart 2009-cu ildə Əzizbəyov rayonunun Şüvəlan qəsəbəsindəki yeni hərbi hissənin açılışında, 31 avqust 2009-cu ildə “Sərhədçi” İdman Olimpiya Mərkəzinin açılışında, 29 aprel 2010-cu ildə Göytəpə Sərhəd Dəstəsinin qarnizonunda, 10 avqust 2010-cu ildə DSX Akademiyasının açılışında dövlət başçısı sərhədçilərin qarşısında duran vəzifələrdən danışmış, konkret tapşırıqlar vermişdir.
12 avqust 2010-ci ildə Xudat Sərhəd Dəstəsinin “Yuxarı Zeyxur” sərhəd zastavasında və “Samur” dövlət sərhədindən buraxılış məntəqəsində, 9 fevral 2011-ci ildə Şəmkir Sərhəd Dəstəsinin “Şıxlı” sərhəd nəzarət-buraxılış məntəqəsində, 15 aprel 2011-ci ildə Lənkəran Sərhəd Dəstəsinin “Astara” sərhəd nəzarət məntəqəsində, 19 may 2011-ci ildə sərhədçilər üçün inşa edilmiş yaşayış binasının (Nərimanov rayonu) açılış mərasimində, 22 dekabr 2011-ci ildə yeni alınmış hərbi helikopterlərlə tanışlıq zamanı, 30 may 2012-ci ildə Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Culfa şəhərindəki sərhəd komendantlığında, 31 iyul 2012-ci ildə yenidən qurulan və əsaslı təmir edilən Lənkəran sərhəd dəstəsinin qarnizonunda, 7 oktyabr 2012-ci ildə Yevlaxdakı “N” saylı yeni hərbi hissənin qarnizonu və yaşayış binaları kompleksinin açılışında da Ali Baş Komandan sərhədçilərlə görüşərək xidməti-döyüş şəraiti, habelə aparılan quruculuq işləri ilə tanış olmuşdur. Ölkəmizin başçısı Dövlət Sərhəd Xidmətinin hərbi hissələrində olduğu zaman sərhədçilərin döyüş hazırlığı, texniki təchizatı və təminatı, məişət şəraiti, istirahəti, qidalanmaları ilə xüsusi maraqlanmışdır. Bu görüşlər sərhədçilərin qəlbini qürur hissi ilə doldurmuş, onların məsuliyyət hissini xeyli artırmışdır.
“Azərbaycan Respublikası dövlət sərhədlərinin mühafizəsi sisteminin 2006-2010-cu illərdə texniki inkişafına dair Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin uğurla yerinə yetirilməsi nəticəsində ölkəmizin sərhəd mühafizəsi xeyli təkmilləşdirilmişdir. Sərhəd dəstələrində videonəzarət sistemlərinin yaradılması, sərhəd zastavalarında müşahidə kameralarının quraşdırılması və görüntülərin dəstə qərargahına ötürülməsi nəticəsində bilavasitə sərhəd xəttində xidmətin təşkilinə nəzarət gücləndirilmişdir. Çevik hərəkət qurumları üçün yüksək manevrli və keçid qabiliyyətli nəqliyyat vasitələri, sualtı əməliyyat və müşahidə, istehkam avadanlığı və qoruyucu vasitələr alınmışdır. Çoxsaylı sərhəd zastavası kompleksi və sahil məntəqələri, sosial-məişət obyektləri, o cümlədən mənzillər tikilmişdir.
Dövlət Sərhəd Xidmətinin fəaliyyətində sərhədçilərin sosial məsələlərinin həlli xüsusi diqqət mərkəzindədir. Qeyd olunmalıdır ki, sosial məsələlərin həllinə göstərilən diqqət öz mənbəyini Ali Baş Komandanın bu sahəyə göstərdiyi xüsusi himayədarlıqdan alır. Sərhədçilərlə görüşləri zamanı ölkə Prezidenti sərhəd mühafizəsi işinin təşkili, texniki avadanlıqlarla təminat, tikinti-quruculuq işləri, mənəvi, fiziki və psixoloji hazırlıq məsələləri ilə yanaşı, şəxsi heyətin sosial-məişət şəraiti ilə də daim maraqlanır. Dövlət başçısı hətta əsgər yataqxanalarına baş çəkir, əsgər yeməkxanalarında nahar edir. Sərhədçilərin sosial-məişət şəraitinə göstərilən bu qayğı uğurlu nəticələrin əldə edilməsində çox mühüm rol oynayır.
Xidmət şəraiti
Məlumdur ki, sovet dövründə Azərbaycanın yalnız cənub sərhədləri qorunurdu. İran və Türkiyə ilə mövcud olan sərhəd məntəqələri, mühəndis-texniki qurğular SSRİ-nin süqutu zamanı sovet sərhədçiləri tərəfindən yararsız hala salınmışdı. Şimal, qərb və şərq sərhədlərimizdə isə heç bir sərhəd infrastrukturu mövcud deyildi. Sərhədçilər dövlət müstəqilliyinin ilk illərində minimum xidmət şəraiti olmayan çadırlarda, vaqonlarda və uyğunlaşdırılmış binalarda yerləşərək fiziki imkanlar hesabına Vətənimizin hüdudlarını qoruyurdular. Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi milli sərhəd siyasətinin uğurla davam etdirilməsi nəticəsində indi vəziyyət tamamilə başqadır.
Dövlət Sərhəd Xidməti tərəfindən aparılan tikinti-quruculuq işləri sayəsində ölkəmizdə güclü sərhəd infrastrukturu yaradılıb. Vətənimizin erməni işğalı altında olmayan bütün sərhədləri boyunca inşa olunmuş çoxsaylı sərhəd məntəqələrində xidməti yüksək səviyyədə təşkil etmək, normal yaşamaq və istirahət etmək üçün yaxşı şərait yaradılıb. Sərhəd məntəqələrindəki xidmət otaqları lazımi avadanlıq və vasitələrlə təmin olunub. Yüksək məişət şəraiti olan əsgər yataqxanası, istirahət və təlim otaqları, hamam-camaşırxana, müxtəlif təyinatlı anbarlar, mərkəzləşdirilmiş istilik və işıqlandırma sistemləri, zabit və gizir ailələri üçün mənzillər, hətta uşaq şəhərcikləri olan zastava kompleksləri sərhədçilərin xidməti istifadəsindədir.
Mənzil şəraiti
Müstəqilliyimizin ilk illərində xidməti təşkil etmək üçün ən adi şəraiti olmayan sərhədçilərimiz indi müasir tələblərə uyğun mənzillərdə yaşayırlar. Dövlət sərhədlərımizdə yeni inşa olunan sərhəd məntəqələrinin hamısında istirahət, məişət və digər sosial təyinatlı otaqlar, zabit ailələri üçün yaşayış binaları da tikilir. Sosial təyinatlı tikililər, mənzillər mebellə, zəruri əşya və vasitələrlə tam təmin olunur. Zabit və gizirlərin mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində bir sıra əsaslı işlər görülmüş və davam etməkdədir. Bakı şəhərində doqquzmərtəbəli 48 mənzilli və onikimərtəbəli 264 mənzilli yaşayış binası inşa olunub. Xudat Sərhəd Dəstəsində yaraşıqlı hərbi şəhərcik salınıb. Mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlərin nəticəsidir ki, son iki il ərzində Bakı şəhərində və Dövlət Sərhəd Xidmətinin hərbi hissələrində 2400-dən çox mənzil tikilmişdir. Bir neçə yaşayış binasında tikinti işləri davam etdirilir. Gələcəkdə Şəmkir, Şəki, Zaqatala sərhəd dəstələrində və Bakı şəhərində xüsusi yaşayış massivlərinin salınması nəzərdə tutulub.
Müayinə və
müalicə
Sərhəd dəstələrinin hamısında lazımi tibbi avadanlıqlarla və dərman preparatları ilə təchiz olunmuş tibb məntəqələri sərhədçilərin sağlamlığının keşiyində dayanıb. Bakı şəhərində isə Dövlət Sərhəd Xidmətinin poliklinikası və hospitalı fəaliyyət göstərir. Hər iki tibb müəssisəsinin müasir tibbi avadanlıqlarla təmin edilməsi diqqət mərkəzində saxlanılır. Şöbə və bölmələr dünya standartlarına cavab verən müasir aparatlarla təchiz olunub. Hospitalda şüa-diaqnostika bölməsinə kompyuter-tomoqrafiya aparatı alınaraq müayinə işinə uğurla tətbiq edilmişdir. Mənəvi cəhətdən köhnəlmiş rentgen aparatı müasir cihazla əvəz olunmuşdur. Bunlar diaqnostikanın keyfiyyətini artırmağa imkan yaradır.
Yeni ekspert tipli USM aparatı vasitəsi ilə yüksək səviyyəli ultrasəs müayinəsi aparılır. Üç növ ötürücünün əldə edilməsi, toxuma harmoniyası, toxuma rənglənməsinin optimallaşdırma rejimlərinin, həmçinin rəngli, spektral, energetik dopler rejimlərinin olması, görüntünün arxivləşdirilməsi, onu sonradan izləmək imkanı keyfiyyətli diaqnostikaya geniş imkan yaratmışdır. Diaqnostikanın daha dəqiq aparılması üçün exokardioqrafiya, monıtorla təchiz edilmiş qastroskop, elektroensefaloqrafiya, kolonoskop, endoskopları avtomatik yuma maşını tətbiq edilir. Hormon və infeksiyaların yoxlanması, biokimyəvi və hemotoloji analızatorlar, müasir binokulyar işıq mikroskoplarının, koaqulometr, sentrofuqa və termostatların alınması laboratoriya bölməsinin işini müasir standartlar səviyyəsinə qaldırmışdır.
Müalicə işində də bir sıra yeniliklərə nail olunmuşdur. 2005-ci ildə poliklinikanın açılması Bakı qarnizonuna daxil olan hərbi hissələrin şəxsi heyətinə və ailə üzvlərinə daha keyfiyyətli xidmət göstərməyə şərait yaradıb.
Hərbi hospitalın anesteziologiya-reanimatologiya bölməsində 2005-ci ildən regionar anesteziya-spinal, peridural anesteziyaların tətbiqinə də başlanılmışdır. 2008-ci ildən laparoskopik əməliyyatların icrasına başlanılmış və hazırda hospitalda laparoskopik, həm də endoskopik əməliyyatlar da uğurla həyata keçirilir. Hospitalın fizioterapiya bölməsində reablitasiya prosesləri keyfiyyətlə aparılır. 2009-cu ildən invoziv endoskopik əməliyyatlar mədə-bağırsaq sisteminin, öd yolları xəstəliklərinin müalicəsində uğurla tətbiq olunur.
2011-ci ildən klinik proseslərin tənzimlənməsi, qanköçürmə, patoloji-anatomiya, xəstə qəbulu və təcili yardım, onkologiya, şüa-diaqnostika, sanitar-epidemioloji bölmələri yaradılıb, uroloji xəstələrin müayinəsində sistoskopun tətbiqinə başlanılıb. Kardiomonitorların tətbiqi anesteziya zamanı xəstələrin monitor müşahidələrinin aparılmasını reallaşdırıb. Yeni anestetiklərin tətbiqi dərmanların əlavə təsirlərini azaldıb.
Qanın ultrabənövşəyi şüalarla şüalandırılması septiki vəziyyətlərdə, peritonitlərin, gec sağalan iltihablı proseslərin, hepatitlərin kompleks müalicəsində nəzərə çarpan uğurların əldə edilməsinə şərait yaradıb. Yeni süni ağciyər ventilyasiyası aparatları alındıqdan sonra anesteziya yarımaçıq konturda deyil, yarımqapalı konturda aparılır.
Son illər ginekologiya sahəsində də yeniliklər tətbiq olunmaqdadır. Belə ki, boruların rentgenlə yoxlanması, uşaqlıq boynunun müayinəsi, tam həcmdə laporoskopik-ginekoloji əməliyyatlar və əməliyyat zamanı boruların keçiriciliyinin yoxlanılması, inseminasiya, süd vəzilərinin müayinə və müalicəsi hospitalda uğurla aparılır.
İstirahət
Sərhədçilərin dincəlməsi və boş vaxtlarının mənalı keçməsi üçün bütün hərbi hissələrdə istirahət otaqları, müxtəlif guşələr yaradılıb. Yeni istifadəyə verilən sərhəd məntəqələrinin əksəriyyətində böyük klublar, yay klubları, çayxanalar, məişət, iaşə və ticarət xidməti obyektləri var ki, bu da sərhədçilərin asudə vaxtlarının səmərəli keçməsinə imkan verir.
2007-ci il avqust ayının 17-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin açılış mərasimində iştirak etdiyi “Sərhədçi” istirahət mərkəzi 33 otağı və yeməkxanası olan beşmərtəbəli bina və kotteclərdən, 14 hissədən ibarətdir.
Goradil qəsəbəsində inşa olunmuş mərkəzdə sağlamlığın bərpası üçün müalicəvi vannalar, masaj və terapiya otaqları, mədəni-kütləvi tədbirlərin keçirilməsi üçün musiqili teatr, boulinq zalı, örtülü və açıq hovuzlar, uşaqlar və böyüklər üçün əyləncə mərkəzləri, iri qayıqların yanalma körpüsü, müxtəlif idman, o cümlədən futbol və voleybol meydançaları, çimərlik və sahilyanı kafe fəaliyyət göstərir. Ümumilikdə mərkəzdə 250 nəfərin istirahəti üçün hər cür şərait yaradılıb.
Azərbaycan Sərhəd Mühafizəsinin 94-cü ildönümü ərəfəsində- avqust ayının 3-də Lənkəran Sərhəd Dəstəsinin xidməti ərazisində yeni inşa olunmuş “Vel” istirahət mərkəzinin təntənəli açılış mərasimi keçirilib. Sərhədçi hərbi qulluqçuların və onların ailə üzvlərinin mənalı istirahətinin səviyyəsini daha da yüksəltmək məqsədi ilə inşa olunmuş mərkəzin yeri iqlim şəraiti və relyef nəzərə alınaraq xüsusi seçilib. Kompleks 5 hektara yaxın ərazini əhatə edir. Mərkəzdə dörd ikimərtəbəli istirahət korpusu, bir ikimərtəbəli kottec tikilib. Hər korpusda iki nəfər üçün nəzərdə tutulmuş 14 istirahət otağı vardır. Bina rahat mebel və yataq dəstləri ilə, digər vasitələrlə təchiz edilib, zövqlə dizayn olunub. Yeməkxanada müasir avadanlıq və vasitələr eyni vaxtda 150 nəfərə yüksək iaşə xidməti göstərməyə imkan verir. 4 müayinə otağı olan tibb məntəqəsində yaradılmış şərait müasir tələblər səviyyəsindədir.
İdman
Bütün sərhəd zastavalarında və dəstələrində sərhədçilərə idmanla məşğul olmaq üçün lazımi şərait yaradılıb. Futbol, voleybol, basketbol meydançaları, maneə zolaqları, idman şəhərcikləri sərhədçilərə bədən tərbiyəsi ilə məşğul olmağa və fiziki cəhətdən sağlam olmağa imkan yaradır.
2009-cu ilin avqust ayının 31-də açılış mərasimində Ali Baş Komandan İlham Əliyevin iştirak etdiyi “Sərhədçi” idman olimpiya mərkəzi son illərdə respublikamızda tikilən ən böyük, əzəmətli idman qurğusu sayılmaqla, bütün regionda analoqu olmayan kompleksdir. Mərkəz 3 hektar ərazidə inşa olunub. Burada eyni vaxtda 32 idman növü ilə məşğul olmaq mümkündür. İdman olimpiya mərkəzində voleybol, həndbol, basketbol, mini futbol və digər idman növləri üçün nəzərdə tutulan 2400 nəfərlik qapalı universal idman zalında metal konstruksiyadan ibarət dayaqsız örtük tətbiq edilmişdir. Zalın günbəzinin diametri 53 metr, çəkisi 360 tondur. Onun öz çəkisi ilə birlikdə yükgötürmə qabiliyyəti 900 tona çatır. Almaniya avadanlığı quraşdırılmış günbəz vasitəsi ilə bu zala avtomatik olaraq təbii hava verilir. Günbəzdəki pəncərələr avtomatik qaydada açılır və zala təmiz hava daxil olur.
FİFA standartlarına uyğun mərkəzdə böyük futbol stadionu, kiçik universal stadion, üzgüçülük hovuzu və inzibati bina, mehmanxana və bir sıra köməkçi tikililər və qurğular (avtomobil dayanacağı, nəzarət-buraxılış məntəqələri, su anbarları, qazanxana, nasosxana, transformator yarımstansiyası) inşa edilib. Üçmərtəbəli əsas dəyirmi tikilinin birinci mərtəbəsində həkim heyəti üçün otaqlar, ağır atletika, trenajor, boks, kikboksinq, habelə karate, taekvondo və digər şərq döyüş növləri üzrə məşq zalları, fitnes, sauna, anbarlar, iri yarışların keçirilməsindən ötrü və məşqçilər, idmançılar üçün soyunub-geyinmə otaqları (hər iki mərtəbədə), ikinci mərtəbədə kafe, inzibati otaqlar, şahmat və dama məktəbi, güləş, uşu, peşəkar boks üzrə məşq zalları, üçüncü mərtəbəsində komutator otağı, konfrans salonu, muzey, fəxri qonaqlar üçün loja, həmçinin bədii gimnastika, idman gimnastikası, akrobatika, cüdo üzrə məşq zalları yerləşir.
Ərazidə yaşıllaşdırma və abadlaşdırma işləri aparılıb, çəmənliklər salınıb, dekorativ ağac və kollar əkilib. Mərkəzin hasarları da memarlıq baxımından cəlbedicidir və ətrafla ümumi ansambl təşkil edir. Həm ərazidə, həm də binaların daxilində təhlükəsizliyin təmin olunması məqsədi ilə ən müasir avadanlıqlar quraşdırılıb. İşıqlandırma, yanğından mühafizə sistemləri də mükəmməlliyi ilə seçilir. Sonradan açılan idman malları mağazası, yüngül konstruksiya ilə tikilən 1600 kvadratmetrlik iki idman zalının istifadəyə verilməsi mərkəzin xidmət imkanlarını daha da artırıb.
Müxtəlif beynəlxalq yarışların keçirildiyi idman kompleksi Azərbaycan Sərhəd Mühafizəsinin 90 illik yubileyi ərəfəsində istifadəyə verilsə də, “Sərhədçi” komandasının müxtəlif idman növləri üzrə beynəlxalq turnirlərdə, Avropa və dünya çempionatlarında çıxış edən idmançıları xeyli vaxtdır ki, Dövlət Sərhəd Xidmətinin idman üzrə şöhrət çələngini hörməyə başlayıblar. Təkcə 2012-ci ildə sərhədçi idmançılar respublika, Avropa və dünya miqyaslı yarışlarda 49 qızıl, 37 gümüş, 43 bürünc medal, o cümlədən sərhədçi idmançımız Natali Pronina Parolimpiya oyunlarında üzgüçülük üzrə 1 qızıl, 4 gümüş medal qazanmışdır.
Sərhədçilərin xidməti-döyüş və sosial-məişət şəraiti yaxşılaşdıqca, sözsüz ki, sərhəd mühafizəsinin səviyyəsi də yüksəlir. Şəxsi heyətin yüksək nizam-intizamı və mənəvi-psixoloji durumu, yaxşı əhval-ruhiyyəsi, xidmətin maddi-texniki təminatının günün tələbləri səviyyəsində olması, aparılan tikinti-quruculuq işlərinin vüsəti və dinamikası belə deməyə əsas verir ki, ölkəmiz yaxın gələcəkdə təkcə iqtisadi inkişaf tempinin yüksəkliyinə görə deyil, həm də sərhədlərinin ən yüksək səviyyədə qorunmasına görə dünyanın lider dövlətlərindən birinə çevriləcəkdir.
Elşən
MƏMMƏDOV,
hərbi jurnalist
Xalq qəzeti.- 2013.- 18 avqust.- S. 8.