İlham
ƏLİYEV: Bizim siyasətimizin mərkəzində Azərbaycan
vətəndaşı dayanır
İnsan amili Azərbaycanda
prioritet məsələdir. Mən hələ
10 il bundan əvvəl demişdim ki, biz
qara qızılı insan kapitalına çevirməliyik.
Hesab edirəm ki, biz ötən illər ərzində bu
istiqamətdə istədiyimizə nail ola
bilmişik. İnsanların rifahı artır,
sağlamlığı möhkəmlənir. Biz
bunu statistik göstəricilərdə də görə bilərik.
İnsanların ömrünün uzunluğu
artır. Dünya Səhiyyə Təşkilatı, yəni,
dünyada səhiyyə məsələləri ilə məşğul
olan ən böyük təşkilat Azərbaycanda bu sahədə
gedən islahatları dəstəkləyir və qiymətləndirir.
Biz isə öz növbəmizdə
insanların rahat yaşaması üçün əlimizdən
gələni edirik və edəcəyik. Çünki
bir daha demək istəyirəm ki, bizim siyasətimizin mərkəzində
Azərbaycan vətəndaşı dayanır.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının
Prezidenti
Dünyanın ən
mötəbər beynəlxalq təşkilatlarının
üzvü olan Azərbaycan artıq dünya miqyasında
güclü dövlət kimi tanınır, onun beynəlxalq əlaqələri
genişlənir, dostlarının sayı artır. Son illər ərzində ölkədə
doğrudan da, böyük işlər
görülmüşdür. Bütün
bu qazanılmış uğurlar isə dövlət
başçısı tərəfindən
aparılmış düzgün siyasət və Azərbaycan
xalqının böyük zəhməti hesabına əldə
edilmişdir.
Biz ətrafında toqquşmalar, qarşıdurmalar,
müharibələr gedən bir bölgədə
yaşayırıq. Ölkəmiz dövlət
başçısı tərəfindən güclü və
müstəqil siyasətlə qorunur. Azərbaycan
Prezidentinin səyi ilə respublika daxilində aparılan
islahatlar istər siyasi sahədə, iqtisadi sahədə, istərsə
də sosial məsələlərin həllində ölkəmizi
gücləndirir. İyirmi ildir ki, Azərbaycanda
sabitlik, ictimai asayiş qorunur, möhkəmlənir. Bu gün Azərbaycan dünya xəritəsində
nadir ölkələrdəndir ki, həm beynəlxalq aləmdə,
həm bölgədə, eyni zamanda, ölkə daxilində
çox müsbət istiqamətdə inkişaf edir, irəliyə
gedir. Azərbaycan xalqı təhlükəsizlik,
əmin-amanlıq şəraitində yaşayır. Aydındır ki, hər bir ölkənin
inkişafı üçün də əsas şərt məhz
sabitlikdir, əmin-amanlıqdır, təhlükəsizlikdir.
Azərbaycan dövləti tam şəkildə
müstəqil siyasət aparır. Bu siyasətin
arxasında Azərbaycan iqtidarının iradəsi və
güclü iqtisadiyyat dayanır. Güclü
iqtisadiyyatı isə ölkə
başçısının rəhbərliyi ilə Azərbaycan
xalqı yaratmışdır. Bu gün Azərbaycan
dünya miqyasında ən yüksək reytinqlərə
malikdir. Biz dünyanın aparıcı
ölkələri sırasındayıq və iqtisadiyyatın
rəqabət qabiliyyətliliyinə görə 46-cı yerdəyik.
Bu, böyük nailiyyətdir.
Keçid dövrünü başa vurmuş Azərbaycan
bu gün tamamilə müasir əsaslar üzərində
inkişaf edir – istər siyasi sahədə, istər iqtisadi sahədə,
istərsə də sosial məsələlərin həllində. Bu sahədə,
xüsusilə sosial məsələlərin həllində
inkişaf etmiş ölkələrin təcrübəsinə
baxılır, onun müsbət məqamları seçilir,
sosial siyasətimiz inkişaf etmiş ölkələrin
meyarlarına yaxınlaşdırılır və ona
uyğunlaşdırılır.
Azərbaycanda
iqtisadiyyat son 20 il ərzində bazar
iqtisadiyyatı prinsipləri ilə idarə olunsa da, çox
güclü sosial siyasət də aparılır. Sosial məsələlərə diqqət yetirilməyən
ölkələrdə isə böyük problemlər
yaşanır. Çünki bazar
iqtisadiyyatı, əlbəttə ki, hər bir ölkənin
iqtisadi inkişafı üçün əsas şərtdir.
Bu gün Azərbaycanda sosial sahədə
aparılan işlər dünya miqyasında yüksək qiymətləndirilir.
Hətta son bir neçə il ərzində
dünyanı, xüsusilə Avropanı bürümüş
iqtisadi-maliyyə böhranı zamanı Azərbaycanda, bir dənə
də olsun, sosial layihə ixtisar edilməmiş, əksinə,
maaşlar, pensiyalar qaldırılmış,
sosialyönümlü investisiyalara vəsait
ayrılmışdır. Artıq yoxsulluğun
səviyyəsi aşağı düşmüş, əməkhaqları
və pensiyaların məbləği
artırılmışdır. İndi orta
aylıq əməkhaqqı 520 dollar səviyyəsindədir,
orta pensiyanın məbləği 170 manata
çatdırılmışdır. Bu hələ
son deyil. Bu rübdə də maaşlar,
pensiyalar artırılacaq. Təcrübələr
onu göstərir ki, bəzi hallarda aparılan islahatlar çətinliklərə
də gətirib çıxarır. Bu
çətinliklərin qarşısını almaq və
islahatları daha da inamla aparmaq üçün məhz
güclü sosial siyasət olmalıdır. Yəni iqtisadi islahatlar çox güclü sosial
siyasətlə dəstəklənməlidir. Bu sosial siyasət müxtəlif formalarda
özünü göstərir - tikilən məktəblər,
xəstəxanalar, yollar, sosial obyektlər, maaşların,
pensiyaların qaldırılması, infrastruktur layihələrinin
icra edilməsi, yəni, insanı narahat edən bütün
problemlər aradan qaldırılmalıdır. Son illərdə aparılan uğurlu
sosialyönümlü islahatlar nəticəsində və Heydər
Əliyev Fondunun dəstəyi ilə çoxlu sayda məktəblər
tikilmiş, təmir edilmişdir. Əsaslı
təmirdən sonra istifadəyə verilən səhiyyə
obyektləri dəqiq müayinə və düzgün
müalicəyə xidmət edən son dərəcə
müasir aparat və avadanlıqla təchiz olunmuşdur.
Son 10 ildə ölkəmiz gündən-günə
inkişaf edir, dünya miqyasında öz şöhrətini,
nüfuzunu, qüdrətini daha da artırır. Azərbaycan vətəndaşının
rahat yaşaması, hüquqlarından maneəsiz istifadə
etməsi üçün hər cür şərait, imkan
var. Son dövr yaradılmış “ASAN xidmət” qısa
müddət ərzində geniş əhali kütləsinin rəğbətini
qazanmışdır. Bu xidmətdən
insanlarımız bölgələrdə də faydalanır, ən
xırda problemlərini belə qısa vaxtda operativ, ən
başlıcası şəffaf şəkildə həll
edirlər. Bütün bunlar bir
reallıqdır. Bu reallıq məhz Azərbaycan
Prezidenti İlham Əliyevin təşəbbüsü, təşkilatçılığı
və rəhbərliyi ilə əldə edilmişdir.
Avqustun
7-də Kürdəmir şəhərinə içməli
suyun verilməsi mərasimində iştirak edən Azərbaycan
Prezidenti İlham Əliyev çıxışında
demişdir: “İnsan amili Azərbaycanda prioritet məsələdir.
Mən hələ 10 il bundan əvvəl
demişdim ki, biz qara qızılı insan kapitalına
çevirməliyik. Hesab edirəm ki, biz ötən illər ərzində
bu istiqamətdə istədiyimizə nail ola
bilmişik. İnsanların rifahı artır,
sağlamlığı möhkəmlənir. Biz bunu statistik göstəricilərdə də
görə bilərik. İnsanların
ömrünün uzunluğu artır. Dünya Səhiyyə
Təşkilatı, yəni, dünyada səhiyyə məsələləri
ilə məşğul olan ən böyük təşkilat
Azərbaycanda bu sahədə gedən islahatları dəstəkləyir
və qiymətləndirir. Biz isə öz
növbəmizdə insanların rahat yaşaması
üçün əlimizdən gələni edirik və edəcəyik.
Çünki, bir daha demək istəyirəm
ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı
dayanır”.
Azərbaycan Prezidentinin fikri belədir ki, son illər ərzində
bu istiqamətdə nailiyyətlər kifayət qədərdir. Gələcək
illərdə bu işlər sistemli şəkildə davam
etdiriləcək. Çünki hələ
görüləsi işlər çoxdur. Ölkədə həm iqtisadi sahədə, həm
də sosial məsələlərin həllində bundan sonra
da islahatlar aparılacaq. İslahatlara
böyük ehtiyac vardır. Çünki
burada söhbət təkcə investisiyalardan getmir, investisiya
qoyuluşu Azərbaycanda yüksək səviyyədə həll
olunur, eyni zamanda, sistem xarakterli islahatlar
aparılmalıdır.
Ölkədə quruculuq, abadlıq işlərinin
çox gözəl bir ab-hava yaratmasını qeyd edən
Prezident bildirir ki, “Hər bir rayonda belə quruculuğa,
inkişafa olan istək, meyil çox güclüdür. Elə bil ki,
rayonlar bir-biri ilə yarışa çıxıblar və
bu, sağlam rəqabətdir. Bölgələr,
rayonlar, şəhərlər abadlaşır. Yəni, ölkəmizin təcrübəsi hesab edirəm
ki, keçid dövründə yaşayan ölkələr
üçün də vacibdir. İstənilən
sahədə - iqtisadi-siyasi islahatlar, cəmiyyətdə gedən
proseslər, birlik, həmrəylik, milli-dini tolerantlıq.
Azərbaycan bir çox məsələlərlə
bağlı nümunə göstərir”. Dövlət
başçısının əsas məqsədi ölkəmizi
gücləndirmək, insanların yaxşı, normal
yaşamasını təmin etməkdir. Əlbəttə
ki, bu məqsədə çatmaq üçün həyata
keçirilən layihələr xüsusi yer tutur.
Azərbaycan dövlətinin infrastruktur layihələri
arasında içməli su və kanalizasiya problemləri, əlbəttə
ki, böyük əhəmiyyət daşıyır. Əvvəlki
dövrlərdə digər infrastruktur layihələri
uğurla icra edilmişdir. Onların
böyük əksəriyyəti, demək olar ki, başa
çatmışdır, o cümlədən magistral
yolların tikintisi. Hazırda bölgələrdə
kənd yollarının tikintisi gedir. Buna həm
dövlət büdcəsindən, eyni zamanda, Prezidentin Ehtiyat
Fondundan vəsait ayrılır. Gələcəkdə
bu layihələrə də əlavə vəsait
ayrılacaqdır. Bu layihələrin
arasında içməli su layihəsi, əlbəttə ki,
xüsusi əhəmiyyət daşıyır. Çünki su həyat deməkdir. Təmiz su sağlam həyat deməkdir. İnsanların sağlamlığı
üçün Azərbaycan dövləti əlindən gələni
edir. Ramazan bayramı ərəfəsində—avqustun 7-də
Kürdəmirdə 22 min əhaliyə içməli təmiz
bulaq suyunun verilməsi, avqustun 14-də İsmayıllıda əhalinin
gün ərzində adambaşına 180 litr fasiləsiz
içməli su ilə təmin olunması, Oğuzda 50 min əhalinin
içməli suya olan təlabatının ödənilməsi,
avqustun 16-da Qaxda 14 min nəfərin su təchizatı və
kanalizasiya təlabatını ödəyəcək sistemin,
avqustun 17-də isə Zaqatalada 48 min nəfərə xidmət
edəcək su sistemininin işə salınması, insanlara,
onların ailələrinə necə böyük sevinc, fərəh
gətirmişdir. Azərbaycan Prezidentinin istəyi,
məqsədi də məhz ölkə vətəndaşının
gün-güzəranının yüksəlməsi, firəvan
yaşayışının təmin olunmasıdır.
Demək lazımdır ki, ümumiyyətlə, içməli
su layihələrinin icrası böyük vəsait
hesabına başa gəlir. Ölkəmizdə bu vəsaitin
əsas hissəsi dövlət büdcəsi hesabına, bir
hissəsi kreditlər hesabına icra edilir ki, həmin kreditləri
də Azərbaycan dövləti qaytarır. Azərbaycan
Prezidenti Kürdəmirdəki çıxışında
qeyd etmişdir: “Bir sözlə, bu layihələr sırf
sosial məna daşıyır. Bu layihələrə
qoyulan investisiyalar 100 milyonlarla, bəlkə milyardlarla
ölçüləcəkdir. Çünki
ölkənin bütün su təsərrüfatı yenidən
qurulur. Buraya qoyulan investisiyalar qayıdan
investisiyalar deyildir. Çünki Azərbaycanda
suya olan dövlət tarifləri çox aşağıdır
və qoyulan investisiyaları əhalidən yığılan
tariflər hesabına qaytarmaq mümkün olmayacaqdır.
Bunu istəyirəm ki, hamı bilsin. Elə investisiyalar var ki, onlar kommersiya xarakteri
daşıyır. Amma Azərbaycanda
infrastruktur layihələrinə qoyulan vəsait sırf sosial
xarakter daşıyır. Avtomobil
yolları, qazlaşdırma, su layihələri, kənd
yolları - bunları dövlət insanların rahat, normal
yaşaması üçün edir”.
Kürdəmirdə, eləcə də Oğuz,
İsmayıllı, Qax, Balakən, Zaqatalada infrastruktur layihələrin
istismara verilməsi bu rayonların inkişafının daim
diqqət mərkəzində olmasının göstəricisidir. Bu bölgələrdə əvvəlki
illərdə də dövlət tərəfindən dəstək
olmuş, layihələr icra edilmiş, sosial obyektlər
tikilmiş, yeni iş yerləri açılmış və
davamlı olaraq yeni iş yerlərinin açılması ilə
bağlı işlər görülür. Balakəndəki Mədəniyyət
Mərkəzinin açılışında
çıxış edərkən bölgələrdəki
iqtisadi inkişaf, sosial məsələlərin həlli,
gözəllik, abadlıq işlərindən razı
qaldığını qeyd edən Azərbaycan Prezidenti
demişdir: “Azərbaycan bizim vətənimizdir, biz
hamımız Azərbaycan vətəndaşlarıyıq. Hər bir vətəndaş, xüsusilə də
çoxmillətli bölgələrdə yaşayan vətəndaşlar
bu gözəl dinamikanı saxlamalıdırlar, bu
reallıqları düzgün qiymətləndirməlidirlər
və öz fəaliyyətləri ilə ümumi işimizə
töhfə verməlidirlər”.
Kürdəmirdən
sonra İsmayıllı, Oğuz, Qax və Zaqatala şəhərlərinə
içməli suyun verilməsi mərasimlərində və
İsmayıllıda tikiş fabrikinin,
“İsmayıllı-1" Su- Elektrik Stansiyasının,
avtomobil yolunun, Qəbələdə Heydər Əliyev Konqres
Mərkəzinin, “Qafqaz Karvansaray” otel kompleksinin, “Aqro Kompleks Qəbələ”
MMC-nin, Oğuzda 2 nömrəli körpələr evi-uşaq
bağçasının, Şəkidə avtomobil yolunun,
Qaxda Olimpiya İdman Kompleksinin, Heydər Əliyev Mərkəzinin,
“El Resort” otelinin, su təchizatı və kanalizasiya sistemləri
kompleksinin, Balakəndə Mədəniyyət Mərkəzinin,
YAP Balakən rayon təşkilatının inzibati
binasının, Katex kəndində soyuducu anbar kompleksinin,
Zaqatalada Bəhmətli kənd tam orta məktəbinin,
uşaq bağçasının və digər obyektlərin
açılışında iştirak edən Azərbaycan
Prezidenti bildirmişdir ki, ölkəmizin bütün bölgələri
gündən-günə inkişaf edir, sosial problemlər
aradan qaldırılır, bu inkişaf davamlı olacaq və hər
yerdə gözəl əhval-ruhiyyə hökm sürəcək.
Şəhərlərimiz, kəndlərimiz, qəsəbələrimiz
abadlaşır, yeni parklar, xiyabanlar, mərkəzlər
açılır, küçələrimiz yenidən
qurulur, yeni yollar çəkilir, binalar tikilira və yeni
istehsal sahələri yaradılır.
Ölkə vətəndaşları belə bir yekdil
fikirlə razıdırlar ki, “xalqımızın rahat
yaşaması, firəvanlığı üçün Azərbaycan
dövləti cənab İlham Əliyevin rəhbərliyi, təşəbbüsü
və tapşırığı ilə əlindən gələni
əsirgəmir. İnsan amilinə xüsusi diqqət
yetirilir. Buna görə də Azərbaycan
gündən-günə çiçəklənir,
inkişaf edir və onun bugünü dünənindən
gözəl olduğu kimi, sabahı da bugünündən
gözəl olacaq”.
Zərifə
BƏŞİRQIZI
Xalq qəzeti.- 2013.- 20 avqust.- S. 3.