Azərbaycanın strateji valyuta ehtiyatları yüksək templə artır

 

Azərbaycan Mərkəzi Bankının (AMB) yaydığı məlumatda bildirilir ki, bu ilin birinci yarısında ölkədə iqtisadi artım davam etmiş, xarici iqtisadi mövqe əlverişli olmuşdur. Qeyri-neft sektorunun artım dinamikası daha da sürətlənmişdir. Dövlətin sosial-iqtisadi inkişafainfrastruktura göstərdiyi fəal dəstək iqtisadi artıma mühüm töhfə vermişdir. Sözügedən dövrdə ölkənin strateji valyuta ehtiyatlarının artımı davam etmiş və kifayətlilik üzrə beynəlxalq normaları əhəmiyyətli dərəcədə üstələmişdir.

Mərkəzi Bank fəaliyyətini inflyasiyanın birrəqəmli səviyyədə saxlanılmasına, manatın məzənnəsinin sabitliyi, maliyyə sabitliyinin və dayanıqlığının qorunması kimi hədəflərin həyata keçirilməsinə yönəltmişdir. Orta illik inflyasiya cəmi 2 faiz təşkil etmiş və əhali gəlirlərinin real artımı üçün əlverişli zəmin yaratmışdır. İnflyasiya tərəfdaş ölkələrdəki inflyasiyadan əhəmiyyətli dərəcədə aşağı olmuşdur. Manatın məzənnəsinin sabitliyi inflyasiyanın təkrəqəmli səviyyədə saxlanmasında mühüm rol oynamışdır. Bu isə öz növbəsində qeyri-neft iqtisadiyyatının və ixracının beynəlxalq rəqabət qabiliyyətinə müsbət təsir etmişdir.

Azərbaycanda cari ilin 6 ayında ölkənin strateji valyuta ehtiyatları 1,6 milyard ABŞ dolları və ya 3,5 faiz artaraq 47,7 milyard ABŞ dollarına bərabər olmuşdur ki, bu da təqribən 3 illik mal və xidmətlərin idxalına kifayət edir. Eyni zamanda, strateji valyuta ehtiyatları xarici dövlət borcundan təqribən 8 dəfə çoxdur. Milli Bankın valyuta ehtiyatları isə ilin əvvəlindən 8,8 faiz artaraq 12,7 milyard ABŞ dollarına çatmışdır ki, bu da 9 aylıq mal və xidmət idxalını maliyyələşdirməyə kifayətdir.

Hazırda strateji valyuta ehtiyatlarının ÜDM-ə nisbəti 70 faizə yaxındır. Ümumilikdə, strateji valyuta ehtiyatlarının yüksək templə artımı ölkə iqtisadiyyatının mümkün xarici böhran təsirlərinə qarşı həssaslığını azaldangüclümakroiqtisadi bufer” formalaşdıran amildir. Bunun nəticəsi olaraq ölkənin xalis beynəlxalq investisiya mövqeyi əlverişlidir.

Bu ilin 6 ayında iqtisadi artıma məcmu tələbin bütün komponentlərinin, o cümlədən, son istehlak xərclərinin, investisiyaların, dövlət xərclərinin artımının töhfəsi də müsbət olmuşdur. Belə ki, hesabat dövründə əhalinin pul gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,1 faiz, real olaraq isə 5,1 faiz artmışdır. Adambaşına düşən pul gəlirləri nominal olaraq 5,7 faiz, real olaraq isə 3,7 faiz təşkil etmişdir.

Cari ilin 6 ayında orta aylıq əmək haqqının, iqtisadiyyatda məşğul əhalinin sayının və əhalinin istehlak kreditlərinin həcminin artması nəticəsində ümumi istehlakçı fəallığı yüksək olmuşdur. Əhalinin pul gəlirlərinin strukturunda son istehlak xərclərinin payı yüksək olaraq qalmışdır. İstehlak xərcləri ötən ilin müvafiq dövrünə nəzərən 14,6 faiz artmışdır.

Əhalinin sərəncamda qalan gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,1 faiz artaraq 14,4 milyard manat təşkil etmişdir. Əhali gəlirlərinin xərcləri örtmə əmsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə sabit olmuşdur. Gəlirlərin artımı pərakəndə ticarət dövriyyəsinin də artmasına şərait yaratmışdır. Ötən ilin müvafiq dövrünə nəzərən ümumi ticarət dövriyyəsinin həcmi 9,1 faiz artmışdır.

Bu ilin yanvar-iyun aylarında pərakəndə ticarət dövriyyəsi ərzaq malları üzrə 0,4 faiz, qeyri-ərzaq malları üzrə 21,2 faiz artmışdır. Əhaliyə göstərilən pullu xidmətlərdə isə artım 7,5 faiz təşkil etmişdir.

AMB-nin apardığı real sektorun monitorinqinin nəticələrinə əsasən, 2013-cü ilin 6 ayı ərzində ticarətdə və sənayedə mal ehtiyatları azalmış, yeni sifarişlər çoxalmışdır.

2013-cü ilin yanvar-may aylarında ölkə iqtisadiyyatında orta aylıq əmək haqqının artımı ÜDM-in strukturunda son istehlakın payının yüksək qalmasına təsir göstərmişdir. Belə ki, əvvəlki ilin müvafiq dövrünə nisbətən orta aylıq əmək haqqı nominal olaraq 6,8 faiz, real olaraq 4,8 faiz artaraq 408,8 manata çatmışdır. Əmək haqqı ötən ilin müvafiq dövrünə nəzərən neft sektorunda 8,7 faiz, qeyri-neft sektorunda 7,1 faiz, dövlət bölməsində 1,8 faiz, özəl bölmədə 11 faiz artmışdır.

Əhalinin kredit fəallığının yüksəlməsi də məcmu tələbə müsbət təsir göstərmişdir. Belə ki, cari ilin I yarısında əhalinin istehlak kreditlərinin həcmi 21 faiz artmışdır.

Yarımillik ərzində hökumətin istehlak xərcləri başlıca olaraq dövlət büdcəsindən mal və xidmətlərə xərclər hesabına formalaşmışdır. Yanvar-may aylarında büdcə xərclərinin 44,9 faizi iqtisadiyyatın inkişafına, 10,3 faizi sosial yönümlü xərclərə, 9,2 faizi isə təhsilə və səhiyyəyə yönəldilmişdir.

Bu ilin 6 ayında iqtisadiyyata ümumi investisiya qoyuluşu 22,9 faiz artaraq 7,4 milyard manat təşkil etmişdir ki, bu da ÜDM-in 27 faizinə bərabərdir. O cümlədən, qeyri-neft sektoruna investisiyalar 19,5 faiz artmış və onun ümumi investisiya qoyuluşlarında xüsusi çəkisi 69,4 faiz təşkil etmişdir. İnvestisiya qoyuluşları tikintidə 24,3 faiz, nəqliyyatda 30,6 faiz, qeyri-neft sənayesində 82,8 faiz və təhsildə 28 faiz artmışdır.

Əsas kapitala yönəldilmiş vəsaitin 74,9 faizi daxili, 25,1 faizi isə xarici mənbələr hesabına formalaşmışdır. İnvestisiyaların maliyyələşməsində büdcə vəsaitlərinin payı artmışdır.

Cari ilin birinci yarımilində ÜDM real ifadədə 5 faiz artmış və nominal olaraq 27,2 mlrd manat təşkil etmişdir. Hesabat dövründə neft-qaz sektorunda 0,7 faiz azalma olmuş, qeyri-neft sektorunda isə 10,9 faizlik artım qeydə alınmışdır. Yaradılan əlavə dəyərin 2/3 hissəsi məhsul istehsalı sahələrinin, 1/3 hissəsi isə xidmət sahələrinin payına düşmüşdür.

Benyəlxalq Valyuta Fondunun son hesabatına əsasən, 2013-cü ildə Azərbaycanda orta illik inflyasiyanın 3,4 faiz təşkil edəcəyi proqnozlaşdırılır ki, bu da MDB ölkərləri ilə müqayisədə 3,4 faiz bəndi, Mərkəzi və Şərqi Avropa ölkələrindən isə 1 faiz bəndi aşağıdır.

 

Vaqif BAYRAMOV

 

Xalq qəzeti.- 2013.- 20 avqust.- S. 3.