Azərbaycan-Rusiya münasibətləri strateji tərəfdaşlıq
səviyyəsində davam etdirilir
Rusiya
Federasiyasının Prezidenti Vladimir Putinin Bakıya səfəri
zamanı imzalanan sənədlər əməkdaşlığa
yeni impuls verir
Rusiya ilə Azərbaycan
arasında münasibətlər dostluğa, mehriban qonşuluğa,
xalqlarımızın tarixinə, onların ortaq taleyinə,
bu gün isə həm də qarşılıqlı maraqlara,
möhkəm bazaya əsaslanır.
İlham
ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı, 13 avqust
2013-cü il
Azərbaycan
Rusiyanın çoxdankı, ənənəvi və etibarlı
tərəfdaşıdır. Biz Qafqaz regionunda, Xəzər
regionunda, MDB çərçivəsində, aparıcı
beynəlxalq strukturlarda sıx qarşılıqlı fəaliyyət
göstəririk. Bu əməkdaşlığın əsası
ölkələrimiz, dövlətlərimiz və
xalqlarımız arasında möhkəm dostluq,
qarşılıqlı hörmət ənənələridir.
Vladimir PUTİN,
Rusiya Federasiyasının Prezidenti
Bakı, 13 avqust 2013-cü il
Bu gün Şimal qonşumuz – postsovet məkanının
ən böyük ölkəsi olan Rusiya Federasiyası ilə
münasibətlərimiz barədə danışarkən, bir
daha böyük dövlət xadimi, ulu öndərimiz Heydər
Əliyevin müdrik sözlərini xatırlayırıq. Ulu öndər Rusiya ilə
əlaqələrin inkişaf etdirilməsi zərurətindən
söhbət açarkən çox tutarlı arqumentlər gətirərək
qeyd etmişdi ki, biz rus xalqı ilə birlikdə iki inqilabdan,
iki dünya müharibəsindən keçmişik, zəngin
tarixi və mədəni irs formalaşdırmışıq,
Azərbaycanın elmi və mədəniyyəti dünya ictimaiyyətinə
rus dilində təqdim olunub, dünya elminin və mədəniyyətinin
ən dəyərli nümunələri ilə rus dilində
tanış olmuşuq, hərbi, siyasi, iqtisadi təcrübəmiz
eyni məkanda qazanılıbdır.
Bütün bunlardan başqa, Tanrı bizi qonşu
yaratmaqla bu əməkdaşlıq missiyasını üzərimizə
qoyubdur. Sevindirici haldır ki, hər iki ölkə
ümummilli liderimiz Heydər Əliyevin həmin tövsiyələrində
qeyd etdiyi kimi, bərabərhüquqlu,
qarşlıqlı-faydalı əməkdaşlıq
missiyasını uğurla həyata keçirərək
münasibətləri strateji tərəfdaşlıq səviyyəsində
davam etdirir. Avqustun 13-də Rusiya
Federasiyasının Prezidenti Vladimir Putinin Bakıya səfərinin
nəticələri də belə deməyə əsas verir.
Reallıq budur ki, bir sıra qlobal və regional məsələlərdə
ölkələrimizin mövqeləri üst-üstə
düşür, dövlət mənafelərimiz
qarşılıqlı işbirliyinin inkişafını tələb
edir. Rusiya ilə Azərbaycan arasında mövcud əlaqələr
həm rus, həm də Azərbaycan xalqlarının
maraqlarına cavab verir. Buna görə də
ölkələrimizin prezidentləri tərəfindən
müəyyən olunmuş siyasi kurs strateji tərəfdaşlıq
istiqamətində davam etdirilir. Bu da bir həqiqətdir
ki, Rusiya ilə Azərbaycan əlaqələri cənab
Vladimir Putinin prezident seçilməsindən sonra
çiçəklənmə mərhələsinə qədəm
qoymuşdur. Rusiya Prezidentinin 2001-ci il yanvarın 9-10-da
baş tutan rəsmi, 2006-cı il fevralın 21-22-də
işgüzar səfərləri, həmçinin
keçmiş dövlət başçısı Dmitri
Medvedevin 2008-ci il iyulun 3-4-də rəsmi, 2009-cu il iyunun 29-da
işgüzar səfərləri iki ölkə
arasındakı münasibətlərin inkişafının
sürətlənməsinə güclü təkan vermişdir.
Prezident Vladimir Putinin avqustun 13-də baş tutan
son səfəri isə bütün bu müsbət meyllərin
fonunda əlaqələrimizin strateji tərəfdaşlıq
münasibətləri səviyyəsində davam etdirildiyini
bir daha təsdiq edirdi. Səfər zamanı Rusiyanın
dövlət başçısının Azərbaycanın
ünvanına söylədiyi xoş sözlər, iki ölkəni
maraqlandıran bəzi məsələlərdə rəsmi
Bakının göstərdiyi təşəbbüsləri
yüksək qiymətləndirməsi və buna görə
ölkə rəhbərimizə səmimi şəkildə təşəkkürünü
bildirməsi, əslində, dövlətərimiz
arasındakı mehriban qonşuluq münasibətlərinin təzahürü
idi. Prezident Vladimir Putin Rusiya-Azərbaycan
münasibətlərinin inkişafına göstərdiyi diqqətə
və bu çərçivədə, xüsusilə humanitar
əlaqələrin inkişafına yönələn təşəbbüslərə,
o cümlədən Azərbaycanda rus dilində tədris sahəsində
əldə edilən nailiyyətlərə görə ölkəmizin
rəhbərliyinə minnətdarlıq etdi. Qeyd etdi ki,
Azərbaycanda rus dilinin inkişafına və tədrisinə
lazımi diqqət göstərilir, rusdilli məktəblər
və Rusiyanın ali təhsil müəssisələrinin
filialları da fəal işləyirlər. Bu,
mühüm məsələdir. Çünki bu,
bütün digər istiqamətlərdə iş
üçün şərait yaradır. Azərbaycan
Prezidenti İlham Əliyev isə bu məsələdə
rusiyalı rəsmilərin sevincinə səbəb olan
növbəti faktları açıqlayaraq bildirdi ki, ölkəmizdə
tədrisin rus dilində həyata keçirildiyi 335 məktəb
vardır. Bu məktəblərin 15-də
tədris sırf rus dilindədir, 27 universitetdə rus dilində
tədris aparılır. Tədrisin rus dilində
olduğu orta, orta ixtisas və ali məktəblərdə
təhsil alanların sayı 100 min nəfərdən
çoxdur. Bu, bizim rus dilinə, rus mədəniyyətinə,
rus ədəbiyyatına münasibətimizin mühüm
göstəricisidir. Azərbaycanda
keçmişin bütün müsbət ənənələri
qayğı ilə qorunub saxlanılır. Əlbəttə, münasibətlərimizin
bugünkü dinamik inkişafı humanitar sahədə
yaxşı nəticələrə şərait yaradır.
Humanitar sahədə əməkdaşlıq
çox güman ki, bizim münasibətlərimizin – dostluq,
mehriban qonşuluq, qarşılıqlı maraqlara, hörmətə,
etimada söykənən, proqnozlaşdırıla bilən və
sabit münasibətlərdir. Rusiya Prezidenti Vladimir Putin
demişdir ki, 2015-ci ilə qədər olan dövrdə
humanitar əlaqələr sahəsində dövlətlərarası
əməkdaşlıq proqramı təsdiq edilmişdir: “Biz
oktyabrın 31-dən noyabrın 1-dək Bakıda keçiriləcək
III Bakı Beynəlxalq Humanitar Forumuna hazırlıq məsələlərini
müzakirə etdik. Əminliklə demək olar
ki, 2011-ci ildən bəri nisbətən qısa dövr ərzində
bu forum ictimai həyatda çox böyük hadisəyə
çevrilmişdir”.
Dövlətlərarası
əlaqələlərin inkişafını əks etdirən
əsaslı məsələlərdən biri də
iqtisadi-ticarət münasibətləridir. Faktlar da göstərir ki, Azərbaycanın əsas
ticarət tərəfdaşlarından biri də Rusiyadır.
Təkcə bu faktı qeyd etmək kifayətdir
ki, MDB ölkələri ilə Azərbaycan arasında əmtəə
dövriyyəsinin 50 faizdən çoxu Rusiyanın payına
düşür. İlk dəfə 2011-ci ildə ölkələrimiz
arasında əmtəə dövriyyəsi rekord həddə
çataraq 2 milyard 828 milyon ABŞ dollarına bərabər
olmuş, başqa sözlə, onun həcmi 2010-cu ildəkinə
nisbətən 47,4 faiz artmışdır. Maraqlı
məqam isə ondan ibarətdir ki, 2012-ci ildə bu sahədəki
artım 48 faizdən də çox olmuşdur. Bu gün
dünya iqtisadiyyatındakı məlum tənəzzülün
hələ də davam etdiyini və ölkələr
arasında əmtəə dövriyyəsinin sürətlə
aşağı düşdüyünü nəzərə
alsaq, onda Rusiya ilə Azərbaycan arasındakı ticarət
dövriyyəsində qeydə alınan 50 faizədək
artımın necə böyük bir rəqəm və nəticə
olduğunu demək o qədər də çətin deyil. Bizim qarşılıqlı münasibətlərimizin
bütün tarixi ərzində heç vaxt belə nəticə
olmamışdır. Yəni ticarət əlaqələrimiz
hər ötən il daha da inkişaf edir və
gələcəkdə yeni ürəkaçan perspektivlər
bizi gözləyir.
Prezident Vladimir Putinin dediyi kimi, bu cür yüksək
göstəricilərin əldə edilməsinə
regionlararası və sərhədyanı intensiv əlaqələr
çox kömək edir. Bunu demək kifayətdir
ki, Rusiya Federasiyasının 70-dən çox regionu Azərbaycan
ilə sıx işgüzar əlaqələr saxlayır.
Bundan başqa, Azərbaycanda 500-dən çox
Rusiya şirkəti işləyir, onların fəaliyyəti
sosial-iqtisadi inkişaf üçün ən mühüm sahələrin
geniş spektrini əhatə edir - yanacaq-energetika kompleksi,
avtomobil sənayesi, maliyyə, sığorta fəaliyyəti,
səhiyyə. Bütün bunlar böyük
iqtisadi əhəmiyyət kəsb edir. Hamı
yaxşı bilir ki, Rusiyada kifayət qədər Azərbaycan
vətəndaşı işləyir, onların sayı bir
milyondan artıqdır, Rusiya vətəndaşlığı
olan azərbaycanlıları da nəzərə alsaq bu, iki
milyondan çoxdur.
Azərbaycan
ilə Rusiya beynəlxalq aləmdə də bir-birlərinə
sıx dəstək verir, beynəlxalq təşkilatlarda
yaxın dost və tərəfdaşlar kimi əməkdaşlıq
edirlər. Hər iki ölkənin dövlət
başçılarının Bakıda keçirdikləri
görüşdə bir daha vurğulandı ki, rəsmi
Bakı və rəsmi Moskva bu siyasətə sadiqdirlər.
Ölkələrimiz bundan sonra da beynəlxalq təşkilatlarda
qarşılıqlı dəstək siyasətini davam etdirəcəklər.
Bu məqamda xatırlatmaq yerinə düşər
ki, Rusiya Ermənistan — Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin həll edilməsi üçün
yaradılmış ATƏT-in Minsk qrupunun həmsədri kimi də
özünəməxsus fəaliyyət göstərir və
tərəflərin mövqelərinin
yaxşılaşdırılması üçün səylərini
əsirgəmir. Buna görə də
Bakı görüşündə regional problemlərlə və
ilk növbədə, regional təhlükəsizlik məsələləriylə,
xüsusilə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi
ilə bağlı məsələlər bir daha müzakirə
edildi. Azərbaycan Prezidenti İlham
Əliyevin vurğuladığı kimi, Azərbaycan
torpaqlarının işğalı 20 ildən çoxdur ki,
davam edir. İşğal altında olan ərazi
mahiyyət etibarilə həyat üçün yararsızdır.
Dağıdıla biləcək nə varsa
hamısı dağıdılmışdır. Ərazimizin 20 faizi işğal edilmişdir. Beynəlxalq təşkilatların qətnamələri
yerinə yetirilmir. BMT Təhlükəsizlik
Şurası erməni işğalçı qüvvələrinin
bizim ərazidən çıxarılmasını tələb
edən dörd qətnamə qəbul etmişdir, onlar
kağız üzərində qalır. Ona
görə də bu məsələnin tezliklə həll
edilməsi regionun bütün ölkələrinin
maraqlarına uyğundur. Dövlət
başçımız demişdir: “Bu məsələnin həlli
tarixi ədalətə, beynəlxalq hüquqa, beynəlxalq təşkilatların
qərarlarına və qətnamələrinə əsaslanmalıdır.
Rusiya ATƏT-in Minsk qrupunun həmsədri kimi
münaqişənin tənzimlənməsi məsələlərində
mühüm rol oynayır. Bir daha qeyd etmək
istəyirəm ki, münaqişənin tezliklə tənzimlənməsi
regionda sabitliyə, müəyyənliyə və əməkdaşlığa
gətirib çıxarar”.
Azərbaycan bu məsələdə
danışıqlar yoluna üstünlük verir. Amma lazım gələrsə,
hərbi güc tətbiq edəcəyini də gizlətmir.
Bu mənada, ölkəmizin hərbi
potensialını gücləndirməsi dünyanın bir
sıra siyasi-hərbi dairələrində anlayışla
qarşılanır. Sevindirici haldır ki,
bu gün Azərbaycan Rusiya ilə hərbi-texniki sahədə
də sıx əməkdaşlıq edir. 2003-cü
ilin fevralın 27-də Bakıda iki ölkə arasında hərbi-texniki
sahədə əməkdaşlıq barədə, 2006-cı
ilin dekabrın 4-də isə ikitərəfli hərbi-texniki əməkdaşlıq
zamanı əqli fəaliyyət nəticəsində əldə
olunan və istifadə olunan hüquqların
qarşılıqlı qorunması barədə hökumətlərarası
saziş imzalanması da bunu sübut edir. Son
illər bu əməkdaşlıq daha da inkişaf
etmişdir. Bu barədə danışan Azərbaycan
Prezidenti İlham Əliyev demişdir: “...Bu gün Rusiya ilə
Azərbaycan arasında hərbi-texniki əməkdaşlığın
həcmi 4 milyard dollarla ölçülür və bu
göstərici artmaqdadır. Əminəm ki, gələcəkdə
bu əməkdaşlıq fəal şəkildə davam edəcəkdir.
Azərbaycan artıq haqlı olaraq dünyada ən
yaxşı texnikadan biri sayılan Rusiya texnikasının
alıcıları olan aparıcı ölkələr
sırasına daxildir”. Hər halda bu, Ermənistan
rəhbərliyi üçün, eyni zamanda, müxtəlif
dövlətlərdə kök salaraq, bizim mənafelərimizə
zidd hərəkətlərə yol vermək arzusunda olan antiazərbaycan
dairələri üçün çox gözəl
mesajdır. Prezident Putinin qeyd etdiyi kimi,
Rusiya ilə Azərbaycan enerji, energetika sahəsində iri beynəlxalq
oyunçulardır. Ölkələrimiz
enerji resurslarının istehsalçıları və
ixracatçılarıdır. Təbii ki,
maraqlarımız üst-üstə düşür. Təkcə onu demək kifayətdir ki, regional
energetika problemləri çərçivəsində
çox şey bizim fəal qarşılıqlı əlaqələrimizdən,
səylərimizi əlaqələndirməyimizdən
asılı olacaqdır. Sirr deyil ki,
ölkələrimiz bu istiqamətdə neft-qaz əməliyyatları
və elektroenergetika sahəsində çox fəal əməkdaşlıq
edir. Səfər zamanı aparılan
müzakirələr nəticəsində bu və digər sahələr
üzrə mühüm əhəmiyyətə malik 6 sənəd
imzalandı. “Azərbaycan Respublikası Dövlət Neft
Şirkəti ilə “Neftyanaya kompaniya “Rosneft” Açıq Səhmdar
Cəmiyyəti arasında əməkdaşlıq haqqında
Saziş” və “Azərbaycan Respublikası Dövlət Neft
Şirkəti ilə “Neftyanaya kompaniya “Rosneft” Açıq Səhmdar
Cəmiyyəti arasında neft nəqlinin əsas şərtləri”,
“Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi ilə
Rusiya Federasiyası Mülki Müdafiə, Fövqəladə
Hallar və Təbii Fəlakətlərin Nəticələrinin
Aradan Qaldırılması Məsələləri üzrə
Nazirliyi arasında 2013-2015-ci illər dövrü
üçün kompleks əməkdaşlıq planı”,
“Rusiya-Azərbaycan dövlət sərhədindəki “Samur”
(Azərbaycan Respublikası) – “Yaraq-qazmalar” (Rusiya
Federasiyası) buraxılış məntəqələri
rayonunda Samur çayı üzərindən avtomobil
körpüsü tikilməsi haqqında Azərbaycan
Respublikası hökuməti və Rusiya Federasiyası
hökuməti arasında Saziş” və “2015-ci ilə qədər
olan dövrdə Azərbaycan Respublikası ilə Rusiya
Federasiyası arasında humanitar sahədə Əməkdaşlıq
Proqramı” münasibətlərimizin inkişafına öz
müsbət töhfəsini verəcəkdir.
Onu da deyək ki, zamanın sınağından
çıxmış tarixi əlaqələrimiz bu gün də
sabit, mehriban qonşuluq münasibətləri çərçivəsində
inkişaf edir.
Son iki ildə Rusiya ilə Azərbaycan strateji tərəfdaşlığını
bir daha təsdiqləyən mühüm hadisələr
baş vermişdir. Birgə səylər nəticəsində
hər iki tərəf üçün çox vacib olan məsələlərə
dair optimal, qarşılıqlı məqbul və
qarşılıqlı faydalı həll yolları
tapılmış, dövlət sərhədi haqqında
müqavilə imzalanmış, Samur transsərhəd
çayının su ehtiyatlarının səmərəli
istifadəsi və mühafizəsi məsələsi həll
edilmiş, Xaçmaz rayonunun iki kəndində yaşayan
Rusiya vətəndaşları ilə bağlı vəziyyət
nizamlanmışdır. Xəzərin statusu barədə
Moskva, Bakı və Astananın mövqelərinin
yaxınlaşdırılması prosesi faktiki olaraq başa
çatmışdır. Bu isə
perspektivdə bütün Xəzəryanı dövlətlər
arasında konsensus əldə olunmasını təmin edə
bilər. Qətiyyətlə demək olar
ki, qarşılıqlı əməkdaşlığımız
bütün sahələri əhatə edir və bu gün
Qafqaz regionunda ümumi vəziyyət və beynəlxalq
terrorçuluğa qarşı birgə mübarizə ilə
bağlı məsələlər sərhədyanı əməkdaşlıq
əlaqələrimizin vacib tərkib hissəsi olaraq qalır.
Sonda fikrimizi Rusiya Prezidenti Vladimir Putinin Azərbaycan barədə
dediyi hər bir azərbaycanlı üçün
qürurverici olan sözlər ilə yekunlaşdırmaq istəyirik. Cənab Putin demişdir: “Azərbaycanda
axırıncı dəfə 2006-cı ildə olmuşam. O
vaxtdan xeyli vaxt keçib. Azərbaycan sürətlə,
əzmlə dəyişir, yüksək sürətlə
inkişaf edən dinamik ölkəyə çevrilir. Azərbaycan iqtisadiyyatı inkişaf sürətinə
görə dünyada ən yüksək göstəricilərdən
birinə malikdir. Bu, xoşdur. Biz dostlarımıza uğurlar arzulayırıq”.
Bu dostluğun rəmzi mənalarından birini isə cənab
Putinin Azərbaycan səfəri çərçivəsində
Rusiya hərbi gəmilərinin Bakı buxtasında lövbər
salmasında gördük. Kreml rəhbəri dedi ki, ilin sonunda
Azərbaycan hərbi gəmiləri də həştərxanlı
həmkarlarının qonağı olacaqdır. Yəni Moskva ilə Bakı həm suda, həm də
quruda mümkün olan bütün əməkdaşlıqları
reallaşdırır.
Rauf
KƏNGƏRLİ
Xalq qəzeti.- 2013.- 20 avqust.- S. 4.