Mingəçevirin bugünkü nuru sabahını daha çox işıqlandırır

 

Bəzən görürsən  ki, adamlar səfərə çıxanda yol boyu  təbiət mənzərələrinin,  gözoxşayan lövhələrin olmasını arzulayırlar. Yol boyu müxtəlif yerlərdə dayanır, istirahət edirlər. Qınamalı deyil.  Gözəlliyi kim sevmir ki? Ancaq mən səfərə çıxanda yolun özünü deyil, mənzil başını, getdiyim şəhərin və ya kəndin gözəlliyini arzulayıram.

Əminəm ki, mən daha haqlıyam. Bu fikrimi sübut etmək üçün çox böyük əsasım da var. Mingəçevirə  çatandan sonra adam cismən və ruhən  sakitləşir, yorğunluğu çıxır, rahat nəfəs alır və Allahın yaratdıqlarına min dəfə şükürlər edir. Şəxsən mən son 30-35 ildə Mingəçevirə hər dəfə gələndə bu hissləri yaşamışam. Mingəçevir şəhərinin müasirliyini də, Mingəçevir gölünün mülayimliyini də, Mingəçevir gecələrinin gündüzlərdən geri qalmayan aydınlığını da həmişə sevmişəm, indi də sevirəm. Amma, təbiət məni bağışlasın, bütün bu gözəlliklər arasında ən çox sevilməli başqa bir ünvan da var. O, hər bir mingəçevirlinin ürəyində özünə əbədi yer etmiş qonaqpərvərlik, səmimiyyət və insansevərlik hissləridir. İnsanların bu keyfiyyəti sanki Mingəçevir gölünü bir qədər də duruldurBoz dağın üz ağlığını bir az da artırır.

Artıq yuxarıda bir arqumentimi əsaslandırmaq üçün fakt göstərmişəm. Ona görə də oxucu məni təkrarçılıqda qınaya bilər. Ancaq qınamasın. Çünki faktsız keçinmək olmur.  Odur ki, mingəçevirlilərlə söhbətin insana mənəvi zövq və ruhən yüngülləşmək kimi keyfiyyətlər bəxş etməsini göstərən  bir fakta müraciət edirəm. Bu məqsədlə  şəhər icra hakimiyyəti başçısının müavini Ramiz Əliyevlə söhbətlərimizi yada salmaq kifayətdir. Bəli, məhz söhbətimizi deyil, söhbətlərimizi. Çünki Mingəçevirə hər gəlişimdə bu insanla az da olsa söhbət edir, yurda, Vətənə, doğma elə-obaya, milli dövlətə bağlılıq haqqında bildiklərimə az da olsa əlavə edilməsindən məmnunluq hissləri yaşayıram. Ramiz müəllim hər dəfə Mingəçevir haqqında elə ürəkdən danışır ki, sanki mən bu şəhərdə birinci dəfə oluram. Bu səfərim zamanı şəhərin bir neçə görməli yerlərini gəzəndən sonra söhbət etmək üçün seçdiyimiz “Dostluq”parkında da belə oldu. Onu da yada salım ki, bu yer təkcə adına görə deyil, həm də bir çox başqa məqamlara, xüsusən, sərbəstliyə, rahatlığa görə əsl söhbət yeri olduğuna görə mən Mingəçevirdəki  bütün dostlarımla məhz burada görüşürəm. Çox söhbət elədik. Danışdı ki, Mingəçevirin indi haqqında ürək dolusu söz açdığımız sosial-iqtisadi inkişafının əsas müəllifi Prezident İlham Əliyevdir. Təbii ki, cənab Prezident gəlib burada bizimlə birlikdə inkişaf işlərinə rəhbərlik etmir. O, sadəcə bu işlərə lazımınca nəzarət  edə biləcək insanı şəhərimizə rəhbər göndərməklə bütün mingəçevirlilərin qurub-yaratmaq həvəsinə stimul verir. Həmin stimulun nəticəsini isə siz qonaqlar, daha çox isə mətbuat təmsilçiləri bizdən yaxşı görürbilirsiniz.

Həmsöhbətim elə bil ürəyimdən keçəni oxudu və dərhal öz sözlərini redaktə elədi: Əlbəttə, biz sizi artıq qonaq kimi qəbul etmirik. Və bayaqkı mövzunu davam etdirərək söylədi ki,  bu il aprel ayının 16-da şəhərimizə səfər etmiş  Prezident  İlham Əliyev bir  sıra obyektlərin açılışında iştirak etmiş, aparılan abadlıq və quruculuq işləri ilə tanış olmuşdu. Dövlət başçısı yeni inşa olunmuş Heydər Əliyev Mərkəzinin qarşısında xalqımızın ümummilli liderinin abidəsini ziyarət etmiş,  Mərkəzin açılışında iştirak  etdikdən sonra şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşmüşdü. Mənim yadımdadır, şəhərin “Dostluq” parkında aparılan abadlıq və  quruculuq  işləri ilə tanış olduqdan sonra cənab İlham Əliyev “Gənclər evinin açılışında iştirak etdi. Daha sonra dövlət  başçısı əsaslı şəkildə  yenidən qurulmuşSahil” parkına baxış keçirdi. Mingəçevirə səfəri çərçivəsində ölkə rəhbəri şəhərdə Fövqəladə Hallar Nazirliyinin bir neçə qurumunun yaradılması ilə bağlı aparılacaq tikinti layihələri və Mingəçevir su anbarının təhlükəsizlik sistemi ilə tanış oldu. İndi fikir verin, adı çəkilən ünvanların hər biri şəhərimizin inkişafına, ad-sanına xüsusi töhfədir.

Ramiz müəllim yada saldı ki, cənab Prezident Mingəçevirdə olanda bu şəhərdə məskunlaşmış qaçqın və köçkün ailələri üçün yeni tikilmiş 9 mərtəbəli 10 yaşayış binası yerləşən əraziyə də baş çəkmişdi. Orada cənab İlham Əliyevə məlumat verilmişdi ki, şəhərcikdə 480 yerlik məktəb, bir bağça, icma mərkəzi, təcili yardım və poçt şöbəsi tikilib istifadəyə verilmişdir. Dövlət başçımız yeni inşa olunmuş Bayraq Meydanında olduqdan sonra  bir il ərzində  Mingəçevirdə görülmüş abadlıq və quruculuq işlərinə yüksək qiymət vermişdi. Bu qiymət bizi yeni uğurlara səsləyən çağırış kimi hər birimiz üçün əziz idi.

Şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramovla söhbətimizdə isə şəhər rəhbəri öncə Azərbaycanın bugünkü möhtəşəm sosial-iqtisadi inkişafının xüsusiyyətləri və səbəbləri barədə danışdı. Bildirildi ki, cəmi 20 il müstəqillik tarixi olan bir ölkə BMT Təhlükəsizlik Şurasına sədrlik edir, kosmosa rabitə peyki çıxardır, dünya ölkələrinin iqtisadi problemlərinin həll edilməsi üçün yaradılmış “Böyük İyirmilərin”toplantılarına dəvət alır, ən müxtəlif beynəlxalq təşkilatların  tədbirlərinə ev sahibliyi edir, dinlərin və millətlərin dialoq masası arxasına toplaşdığı məkan imici qazanır. Bütün bunlar Azərbaycan həqiqətləridir. Eyni zamanda, bu həqiqətlər özbaşına ərsəyə gəlməyib. Bu həqiqətlər dövlətin sükanı arxasında dayanan liderin siyasi müdrikliyinin nəticəsidir. Hər şey, hətta sizin “Mingəçevirdə əldə edilmiş nailiyyətlər” adlandırdığınız göstəricilər də ölkənin müdrikcəsinə idarə olunmasının nəticəsidir.

  Şəhər rəhbərinin möhtəşəm həqiqətləri özündə əks etdirən həmin fikirlərindən sonra mingəçevirlilərin son zamanlar əldə etdikləri sosial-iqtisadi göstəricilər barədə növbəti dəfə söz açmalı olduq. Niyazi müəllim  qeyd etdi ki, 2013-cü ilin  geridə qalan aylarında Mingəçevir şəhərinin istehsal müəssisələrində 80,7 milyon manatlıq sənaye məhsulu istehsal olunub, tikinti-quraşdırma işlərinə 13,7 milyon manat vəsait xərclənib, əsas kapitala 15 milyon manat investisiya yönəldilib, istehlak  bazarında 120,2 milyon manatlıq mal satılıb və xidmət göstərilib.

Ölkənin əsas inkişaf sənədlərindən olan Regionların Sosial-İqtisadi İnkişafı Dövlət Proqramının şəhərə aid bəndləri  ardıcıllıqla icra olunur. Proqrama uyğun olaraq şəhərin ən iri sənaye müəssisəsi olan Azərbaycan İstilik Elektrik Stansiyasında, SES Silsiləsində, “Azneftmaş” və “Mingəçevir-İzolit” ASC-lərdə, “İnterenerji” və “KürElektron MMC-lərdə modernləşmə və yenidənqurma işləri davam etdirilib. İlin əvvəlindən görülən işlərin nəticəsində müxtəlif sahələrdə  595 daimi yeri açılıb.

  Milli tariximizə “Nur şəhəri” kimi düşən Mingəçevirdə əhalinin elektrik enerjisi ilə təminatını yaxşılaşdırmaq məqsədi  ilə geridə qalan aylar  ərzində zədələnmiş 5 transformator yenisi ilə əvəz  edilib, 13 dayaq dəyişdirilib, 3 kilometrdən çox naqilkabel təzələnib, 341 ədəd “Smarttipli sayğac quraşdırılıb ki, bu da şəhər əhalisinə göstərilən xidmətin yaxşılaşdırılmasını təmin edəcəkdir.

 Mingəçevir Qaz İstismarı sahəsi tərəfindən  əhaliyə göstərilən xidmətin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər öz müsbət nəticələrini verməkdədir. Bu istiqamətdə  reallaşdırılan layihələr əsasında 1239 ailənin  mənzilləri qazlaşdırılıb, 1340 abonentin istismara yararsız qaz sayğacları yenisi ilə əvəz edilib, ümumilikdə görülən işlərə 3 min metrdən çox müxtəlif ölçülü boru işlədilib.

 Xidmət sahələrinin fəaliyyətinin yaxşılaşdırılması ilə yanaşı, şəhərdə tikinti-quruculuq və abadlıq işləri də icra hakimiyyətinin daimi diqqət mərkəzində olub. İlin əvvəlindən bəri Heydər Əliyev prospektində abadlıq və yenidənqurma işləri davam etdirilib. Prospektin avtomobil yolları genişləndirilərək  yeni asfalt örtük salınıb, işıqlandırma sistemi tamamilə yenilənib. İndi şəhərin mərkəzi prospektində yeni, müasir işıqforların quraşdırılmasına başlanılıb.  Kamran Hüseynov, Fidail Abdullayev, Natəvan küçələrinə yeni asfalt örtük salınıb, 20 Yanvar, N.Nərimanov, Naxçıvan küçələrinin müəyyən hissəsi  yenidən asfaltlanıb. Ümumilikdə, şəhərin küçə və meydanlarında 78 min kvadratmetr asfalt işi görülüb, 5 min kvadratmetr dekorativ beton tavalar düzülüb, 2,5 kilometr uzunluğunda səki daşları dəyişdirilib, 2,4 min kvadratmetr sahəyə qazon salınıbdır. Bu il şəhərdə 11 binanın dam örtüyü əsaslı təmir edilərək 7 min kvadratmetr rəngli metalkeramika örtüklə əvəz olunub, eləcə də 37 şifer örtüklü binada və 78 yumşaq dam örtüklü binada cari təmir işləri aparılıb.  Niyazi müəllim danışdı ki, cənab Prezidentin bizim qarşımıza qoyduğu ən mühüm məsələlərdən biri də insanların sosial rifah halının yaxşılaşdırılmasıdır. Yəni şəhər sakinlərinin əmək haqlarının artırılması, yeni yerlərinin yaradılması,  pensiya və müavinətlərin vaxtlı-vaxtında verilməsi məsələləri şəhər rəhbərliyinin gündəliyində özünə daimi yer tutmuş vəzifələrdəndir. Bu ilin əvvəlindən bəri  806 ailəyə ünvanlı dövlət sosial yardımı təyin edilib, ümumilikdə isə 7488 nəfər ailə üzvü olan 1664 ailəyə ünvanlı sosial yardım ödənilir. Şəhər sakinlərindən 4707 nəfərə, o cümlədən 1538 ailəyə sosial müavinat verilir. Bu məqsədlərlə ödənilən vəsait 2 milyon manat təşkil edib. 344 nəfər şəhər sakini işə düzəlmək üçün müraciət edibonlardan 182 nəfəri peşəsinə və ixtisasına uyğun işlə təmin olunub.

Ötən yazılarımızdan birində qeyd etmişdik ki, Mingəçevir ölkənin əsas sənaye şəhərlərindən biri olduğu kimi, tədricən həm də mədəniyyət və təhsil mərkəzlərindən birinə çevrilir. Bunu şəhərin orta məktəblərinin göstəriciləri də sübut edir. Belə ki,  başa çatmış təhsil ilinin yekununda şəhər məktəblərini bitirən 1076 şagirddən 1072-si və ya 99,6 faizi ümum orta təhsil haqqında şəhadətnamə alıb və tam orta təhsil üzrə 18 məzuna qızıl medal  verilib. Mingəçevir Politexnik İnstitutu, Azərbaycan Müəllimlər İnstitutunun Mingəçevir Filialı, Mingəçevir Turizm Kolleci , Mingəçevir Tibb Kolleci peşə məktəbləri və orta təhsil məktəbləri “nur” şəhərinin tarixinə yeni səhifələr yazırlar.

Şəhər səhiyyəsi barədə söz açarkən isə qeyd edək ki,  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 18 aprel 2013-cü il tarixli sərəncamına əsasən Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası çoxprofilli tibb müəssisəsinə çevrilib. Burada aparılacaq əsaslı yenidənqurma işlərinin başa çatdırılması üçün  Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Səhiyyə Nazirliyinə  ilkin olaraq 3 milyon manat vəsait ayrılıb. Məlum sərəncamdan sonra Şəhər Mərkəzi Xəstəxanasında əsaslı  yenidənqurma işlərinə başlanılıb və bu işlər sürətlə davam etdirilir.

Bu gün Azərbaycan dövlətinin daimi diqqət mərkəzində saxladığı məsələlərdən biri də gənclərlə işin zamanın tələbləri səviyyəsində qurulmasıdır. Mingəçevirdə də bu məsələ şəhər rəhbərliyinin xüsusi önəm verdiyi vəzifələr sırasındadır. Ona görə də gənclər arasında idmanın inkişaf etdirilməsi və idman yarışlarının keçirilməsi sahəsində bir sıra işlər görülüb, gənclərin şəhərin ictimai-siyasi, mədəni, iqtisadi sahələrində yaxından iştirakı təmin edilib. Şəhərin idman məktəblərinin yetirmələri respublika miqyaslı yarışlarda yüksək nəticələr qazanırlar. Onlar respublika birinciliklərində 17 dəfə birinci yerə, 17 dəfə ikinci yerə və 11 dəfə üçüncü yerə layiq görülməklə   yüksək  göstəricilərə  nail olublar. Bir sözlə, bu gün Mingəçevir  həqiqətən öz inkişafının yenimüasir mərhələsini yaşayır.

Əlbəttə, ölkənin əhali sayına və sənaye müəssisələrinin çoxluğuna  görə (birdən-birə iki göstərici üzrə) dördüncü şəhəri olan Mingəçevirdə bu gün qəzet səhifəsinə çıxarılmalı, işıqlandırılmalı çoxlu sayda fakt və rəqəmlər var. Üstəlik, bu göstəricilər ildən-ilə deyil, aydan-aya dəyişir və yaxşılaşır. Biz  həmin uğurları qazanan insanları ildən-ilə deyil, aydan-aya  daha geniş şəkildə təbliğ edirik. Amma, insafən, Mingəçevirin bugünkü cah-cəlalını bir şair dostumuz öz yığcam şeirində daha yaxşı vəsf eləmişdi. Həmin şeirin bir bəndi yadımdadır. Bu bənd Mingəçevirə  turistlərin  daha çox gəldiyinə işarə idi:

 

Geyir təzə əsrin tər libasını,

Hər tini yenidən qurulan şəhər.

Cəlb edir dünyadan nursevənləri,

Gecəsi, gündüzü nur olan şəhər.

 

Doğrudan da, bu şəhərin gecəsi də, gündüzü kimi nurlu, aydındır. Ancaq mənim fikrimcə, Mingəçevirin bugünkü nuru  daha çox onun sabahına aydınlıq gətirir. Sevdiyimiz ünvanlar həmişə aydınlıqda olsun.

 

İlqar HƏSƏNOV

 

Xalq qəzeti.- 2013.- 20 avqust.- S. 6.