Şahdağ Milli Parkı: füsünkar gözəlliklər diyarı

 

Azərbaycan Respublikasının Şahdağ Milli Parkı  ətraf mühitin mühafizəsi, ondan səmərəli istifadə edilməsi, biomüxtəlifliyin, o cümlədən nadir və nəsli kəsilməkdə olan bitkiheyvan növlərinin qorunub saxlanılması və ekoturizmin inkişaf etdirilməsi məqsədi ilə Azərbaycanda  bir neçə Milli Park yaradılmışdır ki, onlar da bu gün dövlət tərəfindən  qorunur. Onlardan biri  respublikanın İsmayıllı, Quba, Qusar, Qəbələ, Oğuz və Şamaxı rayonlarının inzibati ərazilərində Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 8 dekabr tarixli sərəncamına uyğun olaraq yaradılan Şahdağ Milli Parkıdır.

Milli Parkın  ərazisi ilkin olaraq 115895 hektar təşkil edir ki, bundan İsmayıllı və Pirqulu Dövlət Təbiət Qoruqları Pirqulu  21014 hektar, Quba , Qusar , İsmayıllı  və Şamaxı rayonlarının inzibati ərazilərində olan dövlət meşə fondu torpaqları 81797 hektar və həmin rayonların hüdudlarındakı yüksəkliklərdə yerləşən və istifadəsiz yaylaqlar 13084 hektar təşkil edir.

Şahdağ Milli Parkının yaradılmasında məqsəd çoxlu sayda endemik və nəsli kəsilməkdə olan növlər və transsərhəd köçəri heyvanlar da daxil olmaqla qlobal əhəmiyyətli dağ meşələri və yüksək dağlıq ərazilərdə yerləşən otlaqlar ekosisteminin bərpası, qorunması və idarə edilməsi, torpağın münbit qatının qorunub saxlanılması, ərazi üçün xarakterik olan faunaflora növlərinin qorunması, artırılması və zənginləşdirilməsi, həmçinin, təbii kompleksin sabitliyinin tənzimlənməsi, elmi-tədqiqat işlərinin aparılması üçün daha əlverişli şəraitin yaradılması, eləcə də ətraf mühitin monitorinqi, əhalinin ekoloji cəhətdən maarifləndirilməsi və böyük turizm potensialı olan ərazidə ekoturizmin inkişafının təmin edilməsidir.

Milli Parkın ərazisinin yerləşdiyi yüksəklik onun iqliminin müxtəlifliyinə, bitki örtüyünün torpaqlarının və heyvanlar aləminin zənginliyinə əsaslı təsir göstərmişdir. Buradakı meşələr zəngin, füsunkar və gözəl mənzərələr yaratmaqla məşhurdur.

Relyefin şaquli dəyişməsi və parçalanması, mürəkkəb iqlim şəraiti və torpaq örtüyü burada bitki örtüyünün olduqca müxtəlifliyinə səbəb olmuşdur. Meşələr, əsasən iberiya və Şərq palıdından, Şərq fıstığından və Qafqaz vələsindən əmələ gəlmişdir. Milli Parkın çox böyük ərazini əhatə etməsi səbəbindən burada həm təmiz, həm də qarışıq meşələrə rast gəlinir. Meşələrdə qarışıq halda göyrüş, gilas, alma, armud  kimi ağaclar, dəmirqara, əzgil, yemişan, böyürtkan, itburnu, zirinc  kimi kol bitkiləri yayılmışdır.

Şahdağ Milli Parkının heyvanat aləmi çox zəngindir. Burada quşlardan qırqovul , qaratoyuq, alabaxta, bildirçin, sarıköynək, çobanaldadan, ağacdələn, qarğa, məməlilərdən cüyür, çöl donuzu, qonur ayı, çaqqal, dovşan, dələ, canavar, maral, yenot, qarapaça, meşə pişiyi, təkə, ayı, vaşaq, gəlincik, porsuq növlərinə təsadüf olunur.

Ərazidə adları Azərbaycan Respublikasının “Qırmızı Kitab”ına daxil edilmiş məməlilərdən vaşaq, köpgər, quşlardan turac, berkut, çöl qartalı növləri qorunur.

2007-ci ildə Şahdağ Milli Parkının xəritəsi təsdiq olunmuş, Azərbaycan Respublikası Nazirlər Kabinetinə təqdim edilməsi üçün Milli Parkın əsasnaməsi işlənib hazırlanmışdır.

Təbiət gözəlliyinin rəngarəngliyi, bitkiheyvanlar aləminin zənginliyi əraziyə böyük sayda yerlixarici turistlərin cəlb ediləcəyinə inam yaradır. Nazirlər Kabineti “Azərbaycan Respublikasının Şahdağ Milli Parkının ərazisinin xüsusi mühafizənin ayrı-ayrı rejimləri tətbiq olunan fəaliyyət zonaları üzrə bölgüsü təsdiq edib.

Nazirlər Kabinetinin  saytında bildirildiyinə görə parkda xüsusi mühafizənin hüquqi rejimi tətbiq edilən zona (qoruq rejimi) 73 min 184,02 hektar, turizmrekreasiya zonası 500 33,7 hektar, turistlərə və başqalarına xidmət göstərilən zona 50 601 hektar olacaq.

 

M.MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2013.- 21 avqust.- S. 6.