Azərbaycan klassik aktyor məktəbinin
bənzərsiz sənətkarı
Milli teatr və kino sənətimizin inkişafında böyük xidmətləri olan xalq artisti Əliağa Ağayevin 100 illik yubiyi xalqımız tərəfindən yüksək təntənə ilə qeyd olunur. Bu münasibətlə Prezident İlham Əliyev xüsusi sərəncam imzalamışdır.
Əliağa İsmayıl oğlu Ağayev 22 mart 1913-cü ildə Bakıda doğulub. Erkən yaşlarından atasını itirib. 1930-cu ildə yeddinci sinfi bitirən Əliağa sonralar təhsilini Paris Kommunası adına gəmi təmiri zavodu nəzdindəki sənət məktəbində davam etdirib. İki il sonra oranı bitirərək zavodun özündə gəmi çilingəri işləyib. Bununla yanaşı, Əliağa zavodun dram dərnəyində də fəaliyyət göstərib. Bu dərnəkdə aktyor kimi ilk rolu Mirzə Fətəli Axundzadənin “Hacı Qara” komediyasında Hacı Qara rolu olub.
Ə.Ağayevi bu sənətə gətirən yol o qədər də hamar olmayıb. Amma bu, gələcəyin böyük sənətkarını yolundan döndərməyib. 1936-cı ildə Gənc Tamaşaçılar Teatrının (əvvəlki adı Fəhlə Uşaqlar Teatrı idi) kollektivinə daxil olub. Peşəkar teatrda səhnəyə ilk dəfə Jül Vernin “Kapitan Qrantın uşaqları” dramının tamaşasında Dik rolunda çıxıb. Qısa müddətdə fitri istedadı ilə teatrın yaradıcılıq iqlimini mənimsəyən Əliağa Ağayevə tədricən teatrın əksər tamaşalarında rollar tapşırılıb. Aktyor GTT-də müasir dramaturqların əsərlərində, klassik milli və tərcümə əsərlərində koloritli silsilə rollar yaradıb.
O dövrün güclü aktyor kollektivinə az vaxtda isnişən gənc aktyorun ilk rolları böyük sənət adamları tərəfindən yüksək dəyərləndirilib. Rejissorlar ona daha mürəkkəb xarakterli rollar həvalə etməyə başlayıblar. Azərbaycan komediya aktyorluğunun parlaq simalarından olan, duzlu, cəlbedici və qeyri-adi səsi ilə tamaşaçıları ovsunlayan aktyorun ilk yaradıcılıq uğurları onu sənətə daha möhkəm bağladı.
Əliağa Ağayev məşhur komediya ustası idi. Onun səhnəyə hər gəlişi tamasaçıda yüksək əhval-ruhiyyə yaradırdı. Onu sevir, sənətinə yüksək hörmət və ehtiramla yanaşırdılar. Hansı səhnə əsərində və yaxud filmdə onun rolu vardısa, həmişə zal tamaşaçılarla dolu olardı. O, təbiətən aktyor idi. Rollarını sevə-sevə yaradardı. Müxtəlif çeşidli rollarıı ilə respublikadan kənarda da şöhrətlənən Əliağa Ağayev 1961-ci ilin payızında Akademik Milli Dram Teatrının kollektivinə qəbul olunub. Bu teatrda ilk orijinal rolu Şıxəli Qurbanovun “Əcəb işə düşdük” komediyasında (2 dekabr 1961) Abış Surxayeviç obrazıdır. İyirmi iki il Akademik Teatrda işləyən sənətkar bu səhnədə Vasin (“Tanya”, Aleksey Arbuzov), Allanəzər (“Kimdir müqəssir?”, Hüseyn Muxtarov), Qulaməli, Alışov, Nağı (“Közərən ocaqlar”, “Kəndçi qızı” və “Yaxşı adam”, Mirzə İbrahimov), Birinci məzarçı, Stefano (“Hamlet” və “Fırtına”, Vilyam Şekspir), Rista Podoroviç (“Nazirin xanımı”, Branislav Nuşiç), Pişta Orbek (“Füsunkar qız”) kimi yaddaqalan rollar yaradıb. Akademik Dram Teatrında yaratdığı rolların aktyor sənətimizin tarixində öz silinməz izləri var. Onların hər birinə Ə.Ağayev öz qəlbinin hərarətini bəxş edirdi. Elə Anatoli Novoseltsov (“Sevgi... sevgi...”, Emil Braginski və Eldar Ryazanov), Rüstəm Zaloviç, Ağadayı (“Kölgələr pıçıldaşır” və “Mənziliniz mübarək!”, Seyfəddin Dağlı), Səfər (“Söz yarası”, Qeybulla Rəsulov), Sərxan (“Görünməmiş toy”, Divanbəyi, Kərəməli (“Xırs quldurbasan” və “Hacı Qara”, Mirzə Fətəli Axundzadə), Mirzə Səməndər, Babakişi (“Almaz” və “Sevil”, Cəfər Cabbarlı) rollarını buna misal göstərmək olar.
Kinoda yaratdığı bənzərsiz rollar ona böyük şöhrət gətirmişdi. “Məşədi İbad” (“O olmasın, bu olsun”) filmi ilə o, kinoda ilk böyük rolunu oynamışdı. Bu filmdə Azərbaycanın, demək olar ki, əksər məşhur aktyorları çəkilmişdi. Bu aktyor qalereyası içərisində onun Məşədi İbadı öz professional ifa tərzi ilə seçilirdi. “Kazbek qutusu” adlı qısametraclı filmdə aktyor öz ampluasına sadiq qalaraq komik bir obraza ekran həyatı vermişdi. Onun kinoda yaratdığı rollar arasında Xan (“Sehrli xalat”) obrazının məxsusi yerı vardır.
Aktyorun filmlərdə
yaratdığı kiçik bir rolu belə böyük
hadisəyə çevrilirdi. Elə, kassir (“Əhməd haradadır?”) rolu hər bir tamaşaçının xatırladığı çox maraqlı epizoddur. “Odur taksi, min,
get” ifadəsi xalq arasında əsl yumora çevrilmişdir. Şıxəli
(“Görüş”) isə aktyorun sevimli obrazlarındandır. Bundan başqa Əliağa Ağayev “Qanun naminə” (“Mehman”, anbardar), “Bir məhəlləli iki oğlan” (Feyzi), “İstintaq davam edir” (kişi), “Evlənmək istəyirəm”
(Kərbalayi Zal) və digər filmlərdə yaddaqalan epizodik rollarda çəkilib.
Televiziyanın fondunda aktyorun iştirak etdiyi tamaşaların və satirik səhnəciklərin
lentləri saxlanır. “Səhər
görüşləri” verilişində aktyorun iştirakı ilə çəkilmiş çox maraqlı səhnəciklər bu günlər də təkrar nümayiş etdirilir və sevilə-sevilə baxılır.
Həmişə populyar və sevilən aktyor olmuş Əliağa Ağayev 17 iyun 1943-cü ildə respublikanın əməkdar artisti, 27 fevral 1954-cü ildə xalq artisti fəxri
adları ilə təltif olunub.
İlk növbədə komik xarakter aktyoru idi və
buna görə də komizmi zahiri əlamətlərdə
deyil, obrazın təbiətində, daxili
varlığında, düşüncə
tərzində canlandırmağa
üstünlük verirdi.
Həm zahiri əlamətlər cəhətdən, həm
də daxilən rolun ifasında istifadə etdiyi vasitələrin məntiqi
ahəngdarlığına çalışırdı. Həyatda da şuxluğu xoşlayan Əliağa Ağayev 3 noyabr 1983-cü
ildə pərəstişkarları
və dostları ilə süfrə arxasında lətifə söyləyib güldüyü
yerdəcə gözlərini
əbədi qapayıb.
M.MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2013.- 21 avqust.- S. 6.