Regionların inkişafı ölkəmizin tərəqqisinə müsbət təsir göstərir

 

Prezident İlham Əliyevin rəhbərliyi ilə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı ötən 10 il ərzində uğurla icra edilmiş, işsizliyin aradan qaldırılması üçün qarşıya qoyulan hədəflərə nail olunmuş, on minlərlə yeni müəssisə yaradılmış, ölkə iqtisadiyyatı üç dəfədən çox, sənaye istehsalı təxminən üç dəfə artmışdır. Dövlət başçımızın bölgələrə səfərləri çərçivəsində müxtəlif təyinatlı infrastruktur obyektlərinin və yeni müəssisələrin açılış və təməlqoyma mərasimlərində şəxsən iştirakı, müəssisələrin fəaliyyəti ilə yaxından tanış olması regionlara göstərilən diqqətin bariz nümunəsidir.

Ölkə rəhbəri nitqlərinin birində regionların sosial-iqtisadi inkişafı ilə bağlı qarşıda duran vəzifələrdən danışaraq demişdir: “ Artıq bu ilin sonunda ikinci Dövlət Proqramı başa çatır. Əminəm ki, proqram uğurla yekunlaşacaqdır. Ancaq biz gələcəyə baxmalıyıq və baxırıq. Hesab edirəm ki, 2014-cü ildə üçüncü Dövlət Proqramı – beşillik proqram qəbul ediləcəkdir. O proqramda edə bilmədiyimiz, yəni, çatdıra bilmədiyimiz məsələlər öz əksini tapacaqdır və beləliklə, ölkəmizin uğurlu, dayanıqlı inkişafı təmin ediləcəkdir”.

Xatırladaq ki, regional dövlət proqramlarının uğurlu icrası nəticəsində hazırda kənd təsərrüfatı qeyri-neft sektorunun aparıcı sahələrindən birinə çevrilmişdir. Bu sahənin inkişafı ölkə əhalisinin ərzaq təhlükəsizliyinin təmin olunması və məşğulluğu baxımından xüsusi əhəmiyyət daşıyır. Cari ilin ötən aylarında da aqrar sahədə mühüm uğurlar əldə edilmiş, ərzaq təhlükəsizliyi daha da gücləndirilmiş, ərzaq məhsulları ilə özünütəminetmə səviyyəsi yüksəlmişdir. Aqrar sektora dövlət dəstəyi tədbirləri, o cümlədən vergi azadolmaları, lizinq xidmətləri, güzəştli kreditlərin və subsidiyaların verilməsi davam etdirilmiş, müasir texnologiyalara əsaslanan kənd təsərrüfatı məhsulları istehsalı və emalı genişləndirilmiş, müasir quşçuluq, heyvandarlıq kompleksləri yaradılmış, aqrar sektorun infrastruktur təminatı əhəmiyyətli dərəcədə yaxşılaşmışdır. Sahibkarlığa Kömək Milli Fondu tərəfindən verilmiş güzəştli kreditlərin 70 faizə qədəri aqrar sektora ayrılmışdır. Hazırda kənd təsərrüfatının əsas sahələrindən olan üzümçülüyün inkişafı ilə yanaşı, emal sənayesinin inkişafına da təkan verəcək “2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı”nın icrası uğurla davam etdirilir.

Bu ilin ilk yarısında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramının da icrası davam etdirilmiş, quşçuluq, heyvandarlıq, taxılçılıq, üzümçülük təsərrüfatları, kənd təsərrüfatı məhsullarının istehsalı, tədarükü, saxlanması və emalı kompleksləri, aqroservislər yaradılmış, su təminatı və meliorativ tədbirlər görülmüş, bir sıra ərzaq məhsulları üzrə daxili istehsal artmış, mövsümlə əlaqədar istehlak qiymətləri kəskin dəyişməmiş və bu sahədə sabitliyə nail olunmuşdur.

Regionların inkişafından danışarkən, diqqəti bir məqama da yönəltmək istərdik. Bu, bölgələrdə paytaxtda olduğu kimi, beynəlxalq tədbirlərin keçirilməsi üçün hər cür şəraitin yaradılması ilə bağlıdır. Bir fakta nəzər salaq. Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində hazırda ölkəmizin bütün bölgələri kimi, Qəbələ də qədim və tarixi görkəmini saxlamaqla müasirləşir. Burada bir sıra yüksək səviyyəli mədəni-humanitar tədbirlər keçirilir. Son illər Qəbələdə dünya standartlarına cavab verən otellər, yollar, beynəlxalq hava limanı tikilmişdir. Qəbələ artıq beynəlxalq tədbirlərin təşkil olunduğu şəhərlərin adları ilə bir sırada yer alır. Təsadüfi deyildir ki, MDB-nin üzv dövlətlərinin Humanitar Sahə üzrə Əməkdaşlıq Şurasının və təşkilata üzv ölkələrin Humanitar Əməkdaşlıq üzrə Dövlətlərarası Fondunun Aşqabadda keçirilən birgə iclasında qəbul edilən qərara əsasən 2013-cü ildə Qəbələ “MDB-nin mədəniyyət paytaxtı” elan olunmuşdur. Bu gün gözəl təbiəti və bənzərsizliyi ilə seçilən Qəbələ şəhərinin MDB-nin mədəniyyət paytaxtına çevrilməsində rayonun qədim tariximühüm rol oynayır. Qəbələdə yeni inşa olunan Heydər Əliyev Konqres Mərkəzinin tikintisi isə bir məqamı təsdiqləyir ki, artıq burada istənilən beynəlxalq tədbiri keçirmək mümkündür. Konqres Mərkəzində beynəlxalq səviyyəli tədbirlərin keçirilməsi üçün geniş imkanlar yaradılmışdır.

1200 yerlik Heydər Əliyev Konqres Mərkəzi Qəbələ şəhərində, Qaraçay çayının sahilində yerləşir və ərazisinin ümumi sahəsi 8,5 hektardır. Mərkəzin layihələndirmə və tikinti işlərinə 2012-ci ilin mayından başlanılmış və bu ilin iyulunda başa çatdırılmışdır. Bina üç mərtəbədən ibarətdir. Birinci mərtəbədə zallar, 350 yerlik restoraninzibati otaqlar yerləşir. Mərkəzdə 6 qüllə və zalın üzərində diametri 20 metr, hündürlüyü isə zalın döşəmə səviyyəsindən 13 metr olan günbəz düzəldilmişdir. İsveçrə istehsalı olan və səstənzimləmə xassələrinə malik materialdan istifadə olunaraq hazırlanan bu günbəz zalda akustikanın tənzimlənməsinə xidmət edir. Çoxfunksiyalı 1200 yerlik konfrans zalı isə ikinci mərtəbədədir.

Regionlarda infrastruktur layihələrinə xüsusi diqqət yetirilir. Bu günlərdə Prezident İlham Əliyevin İsmayıllı şəhərinə səfəri çərçivəsində içməli suyun verilməsi mərasimi bunun bir daha təsdiqinə çevrildi. Dövlətimizin başçısı həmin mərasimdəki nitqində demişdir: “Bu ilin altı ayının yekunlarına görə qeyri-neft sektorumuz 11 faiz artmışdır. Ümumi iqtisadiyyatımız 5 faiz artmışdır. İş yerləri açılmışdır. O cümlədən bölgələrdə quruculuq işləri görülmüş, infrastruktur layihələri həyata keçirilmişdir. Azərbaycanda bir dənə də olsun sosial infrastruktur layihəsi dayandırılmamışdır. Bax, bu su layihələri, doğrudan da, böyük vəsait tələb edən layihələrdir.

Yaxşı xatırlayıram ki, hələ bir neçə il bundan əvvəl bu layihələri icra etmək, xaricdən kreditlər almaq üçün bizdə müəyyən çətinliklər yaranmışdı. Yəni o vaxt beynəlxalq maliyyə qurumları kreditlərin ayrılmasına o qədər də maraq göstərmirdilər. Xüsusilə sosial layihələrə ki, bu layihələrə qoyulan vəsait heç vaxt qayıtmayacaqdır. Ancaq bu gün iqtisadi islahatlar nəticəsində biz elə bir güclü iqtisadi baza yaratmışıq ki, nəinki xaricdən kredit almağa ehtiyacımız yoxdur, özümüz də bəzi ölkələrə kreditlər veririk. Beynəlxalq maliyyə qurumlarına kreditlər veririk. Bu da iqtisadi, siyasi cəhətdən bizim maraqlarımızı təmin edir.

Azərbaycan bölgənin lider dövlətidir. Bunu artıq bütün beynəlxalq aləm də etiraf edir. Azərbaycan dünya miqyasında böyük nüfuza malikdir, dünyanın ən mötəbər qurumu olan BMT Təhlükəsizlik Şurasının üzvüdür, iqtisadi islahatlar sahəsində nümunə göstərən ölkədir. Bilirəm ki, Azərbaycanın bölgələrində aparılan islahatlarregional inkişaf proqramları ilə bağlı təcrübə başqa ölkələrdə də öyrənilir...”.

Ölkə Prezidenti daha sonra demişdir ki, əldə edilmiş uğurlar heç bir yerdə təkrarlana bilməz. Biz son ilin statistikasını, görülən işləri götürsək görərik ki, iqtisadi sahədə, bütün başqa sahələrdə Azərbaycan qədər inkişaf edən ikinci dövlət yoxdur. Ancaq bu, bizi kifayətləndirməməlidir. Biz daha da böyük işlər görməliyik və görə də bilərik. Çünki zəhmətkeş xalqımız, xalqla iqtidar arasında birlik, dövlət siyasəti vardır. Bu siyasətin mərkəzində vətəndaşdır, Azərbaycan vətəndaşıdır. Gözəl ölkəmiz, gözəl təbiətimiz, təbii sərvətlərimiz, artıq gözəl infrastrukturumuz vardır. Bundan sonra Azərbaycan daha da sürətlə qabağa getməlidir.

Bölgələrin inkişafı gələcəkdə ölkəmizin ümumi inkişafını təmin edəcəkdir. Çünki hələ ki, iqtisadiyyatımızın əsas hissəsi təbii ehtiyatlardır. Ancaq on ildən, iyirmi ildən sonra, bəlkə də ondan da tez bir vaxtda iqtisadiyyatımızın əsas hissəsi qeyri-neft sektoru olacaqdır. Artıq bu proses başlamışdır. İqtisadiyyatımızın əsas hissəsi indi qeyri-neft sektorunda yaranır. Ancaq gələcəkdə qeyri-neft sektorunun payı daha da artmalıdır. Ona görə hər bir bölgədə yerləri - kənd təsərrüfatı, yüngül sənaye, infrastruktur layihələri - hər bir kənddə, hər bir şəhərdə problemlər həll olunmalıdır. Belə olan halda ölkədə bütün problemlər həll olunacaqdır.

Bu gün regionlarda mədəni həyatın canlandırılması, tarixi abidələrə həssas münasibət bəslənilməsi də diqqət mərkəzində saxlanılır. Prezident İlham Əliyevin Şəki Dövlət Dram Teatrının binasında aparılan əsaslı təmir və yenidənqurma işlərinin gedişi ilə tanışlığı zamanı bunun bir daha şahidi olduq. Ölkə rəhbəri həmin mərasimdə demişdir: “Bakı şəhərində bütün teatrlar, bütün muzeylər əsaslı təmir edilibdir. Yeni muzeylər, teatrlar tikilib açılır, o cümlədən bölgələrdə. Yəni, Azərbaycanın mədəni həyatı bütün dövrlərdə çox zəngin idi və xalqımız üçün çox vacib idi. Bu gün də belədir, humanitar sahəyə, mədəniyyət sahəsinə çox böyük diqqət göstərilir. Təsadüfi deyil ki, Azərbaycanda bu istiqamətdə görülən işlər beynəlxalq birlik tərəfindən də qiymətləndirilir. Azərbaycanda - Bakıda, başqa yerlərdə musiqi festivallarının, beynəlxalq muğam müsabiqəsinin, beynəlxalq mədəniyyətlərarası dialoq forumlarının keçirilməsi humanitar sahənin nə qədər vacib olduğunu göstərir. Əlbəttə, teatr sənətinin Azərbaycanda çox böyük tarixi vardır. Müsəlman aləmində ilk teatr, ilk opera məhz Azərbaycanda yaranmışdır. Bu, bizim böyük sərvətimizdir. Biz bunu qorumalıyıq və gələcək nəsillər üçün saxlamalıyıq. Çünki hər bir ölkənin inkişafı təkcə iqtisadi göstəricilərlə ölçülmür. Azərbaycanın mədəni həyatı kifayət qədər zəngindir...”.

Yeri gəlmişkən, burada bir məqama da toxunmağı zəruri sayırıq. Bu da regionlarda, çoxmillətli rayonlarda milli məsələlərə xüsusi həssaslıqla yanaşılması ilə bağlıdır. Azərbaycan Prezidenti İlham Əliyevin avqustun 17-də Balakən Rayon Mədəniyyət Mərkəzinin açılış mərasimindəki nitqində bunun bir daha şahidi olduq. Dövlət başçısı çıxışında bildirmişdir ki, burada iqtisadi inkişaf, sosial məsələlərin həlli, gözəllik, abadlıq işləri məni sevindirir. Əlbəttə, Balakən çoxmillətli diyardır. Bu, bizim böyük sərvətimizdir. Azərbaycan çoxmillətli, çoxkonfessiyalı ölkədir və deyə bilərəm ki, artıq Azərbaycan dünya miqyasında tolerantlıq mərkəzi kimi tanınır. Azərbaycanda müxtəlif beynəlxalq tədbirlər keçirilir. Bu tədbirlər böyük dərəcədə diqqəti cəlb edir.

...Azərbaycanda milli məsələlər ən yüksək səviyyədə həll olunur. Bəlkə də bu barədə çox danışılmır. Buna ehtiyac da yoxdur. Ancaq cəmiyyətimizin inkişafı, cəmiyyətdə mövcud olan həyat tərzi, bizim milli dəyərlərimiz, ümumbəşəri dəyərlərin Azərbaycanda geniş şəkildə tətbiq edilməsi bu vacib sahədə də müsbət nəticələrə gətirib çıxarmışdır. Bu gün Azərbaycanın müxtəlif bölgələrində sülh, əmin-amanlıq, təhlükəsizlik hökm sürür. Bunun təməlində, əlbəttə ki, düşünülmüş siyasət və cəmiyyətin bu məsələlərə münasibəti dayanır. Çünki bu məsələlər təkcə dövlət siyasəti ilə tənzimlənə bilməz. Dövlət, əlbəttə ki, öz tərəfindən bütün lazımi tədbirləri görür, vəziyyətə nəzarət edir, çatışmayan bütün məsələləri həll etməyə çalışır və həll edir.

Regionlarda gənclərin asudə vaxtlarının səmərəli keçməsi, idmanın yüksək səviyyədə inkişafı da diqqət mərkəzində saxlanılır. Avqustun 16-da Prezident İlham Əliyev Qaxda Olimpiya İdman Kompleksinin açılış mərasimində bu barədə demişdir: “Belə komplekslərin tikintisi ilk növbədə idmanın kütləviliyini təmin edir. Əlbəttə ki, çempionlar da, rekordlar da lazımdır. Ancaq ilk növbədə gənclər gərək idmanla məşğul olsunlar ki, sağlam olsunlarsağlam həyat tərzi sürsünlər. Buna görə ölkəmizin müxtəlif yerlərində belə komplekslər tikilir. Artıq Azərbaycanın regionlarında 39 Olimpiya mərkəzi vardır. Beləliklə, Qaxda da idmanla gözəl şəraitdə məşğul olmaq üçün bütün imkanlar vardır...

Azərbaycanda insanların güzəranının daha da yaxşılaşdırılması yalnız maaşların, pensiya və müavinətlərin artırılması ilə yekunlaşmır. Bu istiqamətdə ən vacib məsələlərdən biri də əhalinin məşğulluğunun təmin edilməsidir. Fərəhli haldır ki, son bir neçə ildə iqtisadiyyatın inkişafında əldə edilən misilsiz nailiyyətlər bu məqsədin də uğurla reallaşmasına şərait yaratmışdır. Azərbaycanda işsizliklə bağlı məsələlər uğurla həll olunur, bu istiqamətdə önəmli addımlar atılır. 2004-cü ildən başlayaraq Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş Dövlət proqramlarında nəzərdə tutulmuş müddəaların uğurla yerinə yetirilməsi nəticəsində iqtisadiyyatın qeyri-neft sektorunun dayanıqlı inkişafı təmin edilmiş, regionlarda kommunal xidmət və sosial infrastruktur təminatının həcmi və keyfiyyəti yüksəldilmiş, prioritet sahələrə irihəcmli investisiyaların yönəldilməsi yeni müəssisələrin və yerlərinin açılmasına səbəb olmuşdur.

 

Vaqif BAYRAMOV,

 

 İlqar HƏSƏNOV

 

Xalq qəzeti.- 2013.- 22 avqust.- S. 6.