Şərəfli inkişaf yolu

 

“Azərbaycanfim”-90

 

Bu yaxınlarda cənab Prezident İlham Əliyev C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının 90 illik yubileyinin keçirilməsi ilə bağlı sərəncam imzalamışdır. Bu sərəncam bütövlükdə kino ictimaiyyətinin, eyni zamanda, kinostudiyanın kollektivinin böyük sevincinə səbəb olmuşdur. Milyonlarla tamaşaçı auditoriyasına güclü təsir göstərmək, öz həyatlarını daha yaxşı qurmaqda, dünyagörüşlərinin inkişaf etdirməkdə insanlara yardımçı olan kino sənəti XIX və XX əsrlərin hüdudunda texniki ixtira kimi meydana gəlmiş, tədricən əsl sənətə çevrilmişdir. Azərbaycanda isə kino sənətinin tarixi 1898-ci ildən başlanır.

Azərbaycan mədəniyyətinin inkişafında kino xadimlərinin xidmətlərini yüksək qiymətləndirən ulu öndər Heydər Əliyev ölkəmizdə çəkilmiş kinosüjetlərin seansının ilk dəfə 1898-ci il avqustun 2-də keçirildiyini nəzərə alaraq avqustun 2-ni kino işçilərinin peşə bayramı günü elan etmiş və 2000-ci il dekabrın 18-də bununla əlaqədar sərəncam imzalamışdır. Həmin vaxtdan Azərbaycan Kinosu Günü hər il təntənəli şəkildə bayram edilir. Azərbaycan kinosu həqiqətən cox şərəfli bir yol keçmişdir. Xalqımızın qədim tarixi ənənələrə malik mədəni- mənəvi irsinin qorunub saxlanmasında, peşəkar milli kadrların hazırlanmasında C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının müstəsna xidmətləri olmuşdur.

Kinostudiyanın yaranma tarixi 1923-cü ilə təsadüf edir. İlk struktur nümunəsi kimi XlX əsrin sonlarında fotoqrafkinooperator Aleksandr Mişon Bakıda elmi foto dərnəyin katibi və nəşriyyat sahibi olduğu fotoatelyeni nəzərə almalıyıq.

1920-ci ildə Nəriman Nərimanov kinematoqrafiya idarələrinin milliləşdirilməsi haqqında dekret imzalayır və xalq mədəniyyət komissarlığının tərkibində foto-kino şöbəsi (Azərbaycan XMK-nın İncəsənət Şöbəsi) əvəzləyir. Azərbaycan kino strukturu sonrakı illərdə müxtəlif cür adlandırılıb. Məsələn, 1926 -1930 -cu illərdə “Azdövlətkino” (Azərbaycan Foto-Kino Sənaye və Ticarət Birliyi), 1930 -1931 -ci illərdə “Azərkino” 1934-1935 -ci illərdə “Azdövlətkinosənaye” (Oktyabrın X illiyi adına kinofabrik), 1932 -1941 -ci illərdə “Azərfilm” (Azərbaycan Foto-Kino Sənayesi İdarəsi), 1939 -1959 -cu illərdə “Bakı kinostudiyası” (SSRİ Xalq Komissarları Sovetinin 1938-ci il 2 mart tarixli qərarı ilə bədii filmlərin Bakı Kinostudiyasının Nizamnaməsi təsdiq olundu. SSRİ Xalq Komissarları Soveti yanında Kinematoqrafiya İşləri üzrə Komitənin 1938-ci il 30 iyun tarixli əmri ilə kinostudiya 1938-ci ildən bədii filmlərin Bakı Kinostudiyası adlandırıldı və 1944-cü ilə kimi Komitənin tabeliyində oldu. Sonra Azərbaycan SSR Xalq Komissarları Soveti yanında Kinematoqrafiya İşləri üzrə idarənin ixtiyarına keçdi. ASSR Kinematoqrafiya Nazirliyinin 25 may1948-ci il tarixli əmrinə əsasən kinostudiya ASSR Kinematoqrafiya Nazirliyi yanında Bədii və Xronikal Filmlərin Bakı kinostudiyası kimi yenidən təşkil olundu. 1953-cü ilin mayın 25-dən kinostudiya ASSR Mədəniyyət Nazirliyinin sərəncamına verildi.

1958 -ci ildən kinostudiya “Azərbaycanfilm” kinostudiyası (Mədəniyyət Nazirliyinin 22 avqust.1958-ci il tarixli əmrinə əsasən) adlanır. Azərbaycan SSR Nazirlər Sovetinin 20 aprel 1959 cu il tarixli qərarı ilə kinostudiyaya C.Cabbarlının adı verildi. 1960-cı il aprelin 20-dən kinostudiya dramaturqun adını daşıyır. Kinostudiyanın yeni binasının əsası 1951-ci ildə qoyulub və 15 ildən sonra hazır olub. 1966-cı ildə bu binada artıq kino istehsalına başlanılıb.

ASSR Nazirlər Sovetinin 10 iyul 1963-cü il tarixli qərarına əsasən kinostudiya ASSR Nazirlər Soveti yanında Dövlət Kinematoqrafiya Komitəsinin ixtiyarına verildi. Sonradan ASSR Nazirlər Soveti Dövlət Kinematoqrafiya Komitəsinin 23 dekabr 1965- ci il tarixli əmrinə əsasən ASSR Nazirlər Soveti yanında Dövlət Kinematoqrafiya Komitəsi yenidən təşkil olundu. ASSR Nazirlər Soveti Rəyasət Heyətinin 23 sentyabr 1988- ci il tarixli fərmanı ilə ASSR Dövlət Kinematoqrafiya Komitəsi ləğv olunaraq, Azərbaycan Mədəniyyət Nazirliyinin sərəncamına verildi. ASSR Nazirlər Sovetinin 19 sentyabr 1988-ci il tarixli qərarı ilə bütün kino təşkilatları, o cümlədən kinostudiya nazirliyin tərkibinə qatıldı. 1989-cu ilin əvvəllərində Mədəniyyət Nazirliyinin tərkibində “Azərkinovideo” İB yaradıldı. ASSR Nazirlər Sovetinin 20 may 1989-cu il tarixli əmrinə və Azərbaycan Mədəniyyət Nazirliyinin 31 may 1989-cu il tarixli qərarına əsasən kinostudya “Azərkinovideo” İB-nin tərkibinə daxil edildi.

1991-ci ildə “Azərkinovideo” İB Mədəniyyət Nazirliyinin tərkibindən çıxarıldı və müstəqil fəaliyyət göstərdi. 2001-ci ilin aprelində Prezidentin sərəncamı ilə “Azərkinovideo” İB ləğv olundubunun əvəzinə Mədəniyyət Nazirliyində Kino İşləri Baş İdarəsi təşkil olundu. 2003 - ildən etibarən baş idarənin adı dəyişdirilərək Kino işləri şöbəsi adlandırıldı. Hazırda Azərbaycanda kino qurumu Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin tərkibində fəaliyyət göstərir.

Azərbaycan kinosu keçdiyi inkişaf dövrü ərzində böyük ideya-bədii gücə malik olan aparıcı mədəniyyət sahəsinə çevrilmiş, ölkəmizdə zaman-zaman ən populyarsevimli sənət olmuşdur. Milli kinomuzun inkişaf etməsində bir neçə nəsil kino sənətkarları əhəmiyyətli rol oynamışlar. “Azərbaycanfilm”in müxtəlif illərdə istehsal etdiyi “Kəndlilər”, “Arşın mal alan”, “O, olmasın, bu olsun”, “Uzaq sahillərdə”, “Nəsimi”, “Bir cənub şəhərində”, “Axırıncı aşırım”, “Dəli Kür”, “Şərikli çörək”, “Dədə Qorqud”, “Bizim Cəbiş müəllim”, “Yeddi oğul istərəm”, “Ad günü”, “Yaramaz”, “Ovsunçu” və s. filmlər kino sənətimizə uğur qazandıran ölməz ekran əsərləridir.

Bədii kinematoqrafiya ilə yanaşı, bu illər ərzində sənədli və elmi-kütləvi kino da təşəkkül tapmış və inkişaf etmişdir. Doxsan illik inkişaf dövrü keçən “Azərbaycanfilm” kinostudiyasında hər kəsin sevə-sevə izlədiyi 100-dən artıq animasiya filmi istehsal olunmuşdur. Eyni zamanda, burada uzun illər xarici filmlər Azərbaycan dilinə dublyaj olunaraq tamaşaçılara təqdim edilmişdir.

Azərbaycan kinosu həmişə özünün milli koloriti ilə seçilmişdir. Filmlərimizdəki qəhrəmanlar, maraqlı personajlar, insanların qəlbini ələ alan yumor, bütün dövrlərdə ekranlarda baş verən hadisələr müxtəlif nəsillərin tamaşaçılarının sevgisini qazanmışdır.

Bu ənənəyə sadiq qalaraq, son illər “Azərbaycanfilm” kinostudiyasında “Dolu”, “Buta”, “Qala”, “Çölçü”, “Məhkumlar”, “Tərsinə çevrilən dünya”, “Bəşəriyyətin xilası”, “Girov”, “İlahi məxluq”, “Əlavə təsir”, “Yalan”, “Biz qayıdacağıq”, “Qisas almadan ölmə”, “Küçələrə su səpmişəm”, “Dərvişin qeydləri” və bir sıra digər filmlər çəkilmiş, bu filmlərdən bəziləri müxtəlif kinofestivallarda mükafat və prizlərə layiq görülmüşdür.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə tədbirlər planında C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının maddi-texniki bazasının müasir kino istehsalı tələblərinə uyğun texnoloji avadanlıqla təchiz edilməsi və yenidən qurulması nəzərdə tutulmuşdur. Bu məqsədlə xarici kino şirkətləri ilə bağlanmış müqavilə əsasında ilkin layihələndirmə işlərinə başlanmışdır. Respublikamızda möhtəşəm sosial-iqtisadi inkişaf gedir, ölkəmiz günü-gündən gözəlləşir, dövlətimiz xalqın maddi-rifah halının yaxşılaşdırılması üçün əhəmiyyətli tədbirlər həyata keçirir.

Həyatımızda baş verən hadisələrin, ölkəmizdə gedən quruculuq işlərinin parlaq şəkildə təsvir olunması bu gün kino sənətinin qarşısında duran əsas vəzifələrdəndir. Bu il “Azərbaycanfilm” kinostudiyasının kollektivi bu sənət məbədinin 90 illiyini qeyd edir. Bu illər ərzində kinostudiya xalqımıza, Vətənimizə layiqincə xidmət edərək şərəfli bir yol keçmişdir. Kinostudiyanın yubileyi təkcə kino işçilərinin deyil, bütün xalqımızın bayramıdır. İnanırıq ki, kinostudiyanın yubileyi müstəqil Azərbaycan kinematoqrafiyasının daha da çiçəklənib inkişaf etməsi üçün yeni stimul olacaqdır.

 

 

Müşfiq HƏTƏMOV,

 

C. Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru, Azərbaycan Prodüserlər Gildiyasının sədri

 

Xalq qəzeti.- 2013.- 22 avqust.- S. 6.