Azərbaycanda insan amili dövlət siyasətinin
prioritetidir
Azərbaycan Prezidenti İlham
Əliyev son 10 il ərzində respublikada dinamik sosial-iqtisadi tərəqqini təmin edən ictimai-siyasi sabitliyin, vətəndaş
həmrəyliyinin qorunub
saxlanması, ölkənin
beynəlxalq arenada nüfuz və mövqelərinin möhkəmləndirilməsi,
ictimai həyatın bütün sahələrində
proqressiv islahatların
aparılması istiqamətində
mühüm addımlar
atmışdır. Ötən
müddətdə həyata
keçirilən siyasət,
ölkənin demokratik
inkişafı, sosial-iqtisadi,
mədəni tərəqqisi
yolunda reallaşdırılan
bütün tədbirlər
məhz vətəndaşların
rifahına, firavanlığına,
sosial şəraitinin
yaxşılaşmasına hesablanmışdır.
Dövlət başçısı dəfələrlə
vurğulamışdır ki,
sosial məsələlərin
həlli həmişə
prioritetdir. Əgər belə olmasaydı, son 10 il ərzində
yoxsulluq 50 faizdən 6
faizə düşməzdi.
Bu da neft-qazla
zəngin olan ölkələr üçün
çox əlamətdar
bir göstəricidir.
Çünki neft-qazla zəngin
olan ölkələrdə
bir çox hallarda təbəqələşmə
prosesi gedir - varlılar daha da varlanır, kasıblar daha da kasıblaşır.
Bizim sosial-iqtisadi siyasətimizin
uğurla aparılması
bu fəsadın qarşısını almışdır.
Ölkə rəhbəri demişdir:
“ Sosial infrastrukturun
yaradılması, yeniləşməsi
prosesi bu il və gələn
illərdə də davam edəcəkdir. Ünvanlı sosial yardım alan
vətəndaşlar da
dövlət tərəfindən
qayğı ilə əhatə olunur. 123 min ailə dövlətdən
bu yardımı alır və hər bir ailə
orta hesabla dövlətdən 117 manat
müavinət alır.
Əlbəttə, mən çox
istərdim ki, ünvanlı sosial yardıma ehtiyacı olan ailələrin sayı kəskin şəkildə azalsın.
Ölkəmizin uğurlu
inkişafı, yeni iş yerlərinin yaradılması, sosial proqramlar, əminəm ki, yaxın zamanlarda bu kateqoriyadan
olan insanların da yaşayış səviyyəsini əhəmiyyətli
dərəcədə yaxşılaşdıracaqdır.
Ancaq hələ ki, dövlət dəstəyinə
ehtiyacı olan ailələr var və biz onların qayğıları ilə
məşğuluq. Çalışacağıq
ki, bundan sonra da dövlət
tərəfindən onlara
verilən maddi yardımı artıraq...”.
Bu ilin ötən
ayları iqtisadi sahədə artımla yanaşı, sosial sferada qazanılan uğurlarla da əlamətdardır. Həyata keçirilən inkişaf strategiyası sosial problemlərin aradan qaldırılmasına
xidmət edən kompleks tədbirlərin işlənib hazırlanması
və uğurla reallaşması ilə paralellik təşkil edir. Dərindən düşünülmüş sosial siyasət nəticəsində bu il də
əhalinin rifahının
yüksəldilməsinə, vətəndaşların sosial
müdafiəsinin gücləndirilməsinə
xidmət edən çoxsaylı tədbirlər
reallaşdırılmışdır. Dövlət
büdcəsindən maliyyələşdirilən
müəssisə və
təşkilatlarda çalışan
işçilərin əməkhaqlarının
artırılması da
həyata keçirilən
sosial siyasətin tərkib hissəsidir.
Prezident İlham Əliyevin kənd təsərrüfatı,
meşə təsərrüfatı,
meliorasiya və su təsərrüfatı,
ətraf mühitin mühafizəsi, hidrometeorologiya
və balıqartırma
sahələrində, sosial təminat müəssisələrində,
dövlət büdcəsindən
maliyyələşdirilən elm və elmi tədqiqat
qurumlarında, idarə
və təşkilatlarında
çalışan işçilərin
əməkhaqlarının artırılması haqqında
müvafiq sərəncamlar
imzalaması bunun bariz ifadəsidir. Xatırladaq ki, həmin sərəncama əsasən, dövlət
büdcəsindən maliyyələşdirilən
işçilərin Vahid
Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq vəzifə (tarif) maaşları bu il sentyabrın
1-dən orta hesabla 10 faiz artırılacaqdır.
Son 10 ilin yekunları, həm də deməyə
əsas verir ki, dövlət başçısı İlham
Əliyevin həyata keçirdiyi çoxşaxəli
siyasətin ən ali məqsədi Azərbaycanın hər bir vətəndaşı
üçün layiqli
və firavan həyat tərzinin təmin olunması, ölkədə azad və demokratik cəmiyyətin qurulmasıdır.
Bütün bu proseslərdə
ölkə rəhbərinə
ən böyük dəstək xalqdan, taleyini yenidən İlham Əliyevə etibar etmiş Azərbaycan vətəndaşlarından
gəlir. Xalqımız
İlham Əliyevi dinamik inkişafın, siyasi sabitliyin, əmin-amanlığın və
sülhün, sosial şəraitin, rifahın qarantı
hesab edir. Eyni zamanda, dövlət
başçısına tam güvənir,
respublikanın mənafelərinə
xidmət göstərən
amalların həyata keçirilməsində öz
Prezidentinə dəstəyini
əsirgəmir. Xalq həyatında,
taleyində baş vermiş böyük dəyişikliklərin, Azərbaycanın
parlaq sabahına aparan siyasi kursun
alternativsizliyini yaxşı
dərk edir və bu siyasəti
birmənalı dəstəkləyir.
Ümumiyyətlə, ötən illərin reallıqları ondan ibarətdir ki, davamlı inkişaf dövlətin sosial siyasətinin yüksək
səviyyədə həyata
keçirilməsini təmin
etmişdir. İqtisadiyyatda həyata keçirilən
köklü dəyişikliklər
bu sferada dinamik inkişafı təmin etməklə bərabər, əhalinin sosial-iqtisadi vəziyyətinin
yaxşılaşdırılmasına geniş imkanlar açmışdır. Bununla
yanaşı, artıq
respublikamız iqtisadi
inkişafın, uğurla
həyata keçirilən
yeni neft strategiyasının elə
bir mərhələsinə
qədəm qoymuşdur
ki, indi nəinki problemlərin həlli, o cümlədən yeni sosial layihələrin həyata keçirilməsi
üçün dövlətin
kifayət qədər
maliyyə imkanları
var. Bunun bariz nümunələrindən biri
yuxarıda qeyd etdiyimiz kimi, dövlət büdcəsindən
maliyyələşdirilən işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq vəzifə (tarif) maaşları bu il sentyabrın 1-dən orta hesabla 10 faiz artırılmasıdır.
Yazını Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin bu il avqustun
16-da Qaxda Olimpiya İdman Kompleksinin açılışında dediyi
sözlərlə tamamlamaq
istərdik: “Azərbaycan
müasir dövlətdir,
iqtisadiyyatımız bazar
iqtisadiyyatı prinsipləri
üzərində qurulmuşdur.
Amma, eyni zamanda, biz sosial dövlətik.
Sosial dövlət isə o deməkdir ki, insan amili, Azərbaycan
vətəndaşı, onun
maraqları, onun rifahı siyasətimizin mərkəzindədir. Hər
şey insanlar üçün, hər şey Azərbaycan vətəndaşları üçün
olmalıdır və
biz buna çalışırıq...”.
Vaqif BAYRAMOV
Xalq qəzeti.- 2013.- 23 avqust.- S. 2.