Polis generalı
Kamil MƏMMƏDOV: Əsl azərbaycanlıların
siyahısını tutsaydım, birinci yerdə hörmətli
Prezidentimiz İlham Əliyevin adını yazardım
“Azərbaycançılıq” bizi bütün dünyada tanıdan dəyərdir. Bu ideyanı daşımağın, onu yaşatmağın özü də ən böyük şərəfdir.
Bu fikirlərin müəllifi, həmsöhbətim, polis generalı, daxili işlər nazirinin sabiq müavini, daxili işlər orqanlarının “Əməkdar işçisi” Kamil Məmmədov müasir dövrümüzdə bu ideyanın daha da sürətlə və geniş şəkildə həyata keçirilməsinin vacibliyindən danışır. O deyir ki, ulu öndər Heydər Əliyevin ən böyük xidmətlərindən biri “azərbaycançılıq”la bağlıdır. Bu ideologiya Heydər Əliyevin müdrikliyinin, onun Vətən sevgisinin zirvəsi idi. Ulu öndərin “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” kəlamı dillər əzbəridir. Bu fikri tez-tez təkrar edirik. Amma gərək əməlimizlə sübut edək ki, bunu deməyə mənəvi haqqımız vardır.
- Hörmətli general, bu ideyanın reallaşdırılmasını daha da sürətləndirmək, geniş yaymaq, yaşatmaq üçün konsepsiya ilə çıxış etmisiniz. Bu barədə danışardınız.
- “Azərbaycançılıq” ideologiyası həqiqətən çox dərin və geniş fəlsəfi mənalara malikdir. Mən, təbii ki, “azərbaycançılıq” ideologiyasının elmi, metodoloji əsaslarından söhbət açmaq niyyətində deyiləm. Bu, alimlərin, bütöv bir institutun öyrənəcəyi, araşdıracağı, təhlil edəcəyi məsələdir, böyük işdir. Mən sadəcə bir azərbaycanlı kimi, Heydər Əliyev məktəbini keçən dünyagörmüş bir insan kimi bu ideyanın geniş təbliği işinə töhfələrimi verməyi özümə borc bilirəm. Konsepsiyamda məqsədim heç də insanları tərbiyə etmək, onlara dərs keçmək deyil. Demək istəyirəm ki, həm indiki, həm də gələcək nəsillər ulu öndər Heydər Əliyevin bu ideyasını qorusunlar, yaşatsınlar.
Bu gün Azərbaycan sürətlə inkişaf edir, güclənir. Paytaxtımızda yeni, müasir körpülər, tunellər tikilir, Avropa standartlarına uyğun yollar salınır, yeraltı və yerüstü körpülər inşa edilir. Azərbaycan artıq dünyada söz yiyəsi, nüfuz sahibidir. Ölkəmiz öz dəyərləri ilə dünyanın diqqətini cəlb edir.
Məhz buna görə də hər bir azərbaycanlı özünün davranışında, hərəkətlərində “azərbaycanlı”, “azərbaycançılıq” anlayışlarını yüksək tutmalı, onların dəyərini dərindən dərk etməlidir.
Azərbaycanın bugünkü uğurlarının kökündə ulu öndər Heydər Əliyevin ideyaları dayanır. Prezident İlham Əliyev ümummilli liderin bir vaxt bizə əlçatmaz kimi görünən ideyalarını böyük məharətlə reallaşdırır. Əgər ulu öndər Heydər Əliyev xilaskarlıq missiyasını şərəflə yerinə yetirərək Azərbaycanın müstəqilliyini təmin etdisə, onu qorudusa, Prezident İlham Əliyev müstəqilliyimizin möhkəmləndirilməsi yolunda mühüm addımlar atdı, ölkəmizi sürətli yüksəliş yoluna çıxardı, onu qüdrətli bir ölkəyə çevirdi. Bu gün dəyişən, yeniləşən, müasirləşən Azərbaycan dünyanın diqqət mərkəzindədir. Bu gün Azərbaycan təkcə siyasi-iqtisadi cəhətdən qüdrətli dövlət deyil, həm də öz mədəniyyəti, milli dəyərləri, mənəvi, mədəni sərvətləri, insanlarının istedadı və intellektual imkanları ilə dünyanın diqqətini cəlb edir.
Heydər Əliyev xalqımıza vətənpərvərlik, ölkənin ən mühüm problemlərinin həllinə dövlət mövqeyindən yanaşma hissini aşılamışdısa, möhtərəm Prezidentimiz İlham Əliyev onun ideyalarını davam etdirərək Azərbaycan xalqında, insanlarda cəmiyyətdə öz mövqeyini dərk etmək, öz rolunu düşünmək hissini gücləndirdi. Əsl azərbaycanlıların siyahısını tutsaydım, birinci yerdə hörmətli Prezidentimiz İlham Əliyevin adını yazardım.
Son illərdə Azərbaycanda bütün sahələrdə o qədər nəhəng uğurlar qazanılıb ki, sadalamaqla qurtarmaz. “Eurovision-2012” beynəlxalq mahnı müsabiqəsindəki möhtəşəm uğur bunlardan biridir. Hamımız bunun şahidiyik. Yarışmanın yüksək səviyyədə təşkili, keçirilməsi ilə bağlı müsbət fikirlər hələ də dünya mətbuatının səhifələrindən düşmür. Bu uğur möhtərəm Prezidentimiz İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti, müsabiqənin Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın xidmətinin nəticəsidir. Bir faktı da xüsusi qeyd etmək istəyirəm. “Eurovision-2012” mahnı müsabiqəsinin keçirildiyi günlərdə Bakıda insanların nizam-intizama, qayda-qanuna nümunəvi riayət etməsi də Təşkilat Komitəsinin uğurlu fəaliyyətinin nəticəsi idi. Mehriban xanım Əliyeva Azərbaycan mədəniyyətinin xaricdə təbliği üçün böyük işlər görür. Müxtəlif ölkələrdə keçirilən tədbirlər Azərbaycanın mədəniyyətini, dəyərlərini bütün dünyada tanıdır, dünyanın hər yerində insanlar zəngin mədəniyyətimiz, incəsənətimizlə tanış olurlar. Əlbəttə, bu bizi qürurlandırır, bir azərbaycanlı kimi sevindirir. Əminəm ki, 2015-ci ildə Bakıda keçiriləcək ilk Avropa Oyunları da Mehriban xanım Əliyevanın rəhbərliyi altında uğurla keçəcəkdir.
Bu konsepsiya ilə çıxış etməmişdən öncə buna mənəvi haqqımın olduğunu düşündüm, bütün həyatımı nəzərdən keçirtdim. Mən 30 ildən çox daxili işlər orqanlarında çalışmışam. Ulu öndər Heydər Əliyevin məktəbini keçmişəm, onunla şəxsi görüşlərim hələ də xatirəmdə yaşayır. 1977-ci ildə ümummilli lider Heydər Əliyevin təqdimatı əsasında keçmiş SSRİ-nin Qırmızı Əmək Bayrağı ordeni, ötən il isə “Azərbaycan Respublikasında hüquq-mühafizə orqanlarında səmərəli fəaliyyətimə görə” yubileyim ərəfəsində möhtərəm Prezident İlham Əliyevin sərəncamı ilə 1-ci dərəcəli “Vətənə xidmətə görə” qızıl ordeni ilə təltif olunmuşam. Yeri gəlmişkən, göstərdiyi diqqətə görə hörmətli Prezidentimiz İlham Əliyevə bir daha minnətdarlığımı bildirirəm. 1988-ci ildə Qarabağ münaqişəsi başlanan gündən vəzifə borcumu yerinə yetirmişəm, müharibənin dəhşətlərini gözümlə görmüşəm. 1992-ci ildə isə könüllü olaraq Qarabağın qaynar nöqtələrində olmuşam. Daxili İşlər Nazirliyinin arayışına əsasən “Kamil Məmmədov Qarabağ müharibəsinin veteranıdır, Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə bağlı sağlamlığını itirmişdir”. Bunları nəzərə alaraq hesab etdim ki, belə bir konsepsiya ilə çıxış edib “azərbaycançılıq” ideyasını yaşatmaq üçün mən də öz töhfəmi verə bilərəm.
Mən Azərbaycanın ziyalılarını, dövlət və ictimaiyyət nümayəndələrini, rəhbər işçiləri, alimləri, kütləvi informasiya vasitələrinin nümayəndələrini dialoqa dəvət edirəm. Onlara müraciət edirəm ki, gəlin, birləşib ulu öndər Heydər Əliyevin “azərbaycançılıq” ideyasını birlikdə yaşadaq, genişləndirək, təbliğ edək. İnanıram ki, bu ideyanın reallaşdırılması hər bir vətəndaşımızın “azərbaycanlı” adını daşımaq məsuliyyətini artıracaqdır. Hətta, düşünürəm ki, birlikdə azərbaycanlının bugünkü simasını, davranış qaydalarını əks etdirən toplu və yaxud əsaslar hazırlayaq.
- “Azərbaycanlı” ideyasının cəmiyyətimizi tam əhatə etməsi üçün nə etmək lazımdır?
- Məlumdur ki, tərbiyə ailədən və
məktəbdən başlayır. Ona görə yaxşı
olardı ki, Təhsil Nazirliyi şagirdlərin hələ
kiçik yaşlarından bu ideyanın
işığında tərbiyə olunmasına diqqəti
artırsın. Bu yaxınlarda təhsil naziri Mikayıl
Cabbarovun Azərbaycan Televiziyasında müsahibəsini dinlədim.
Nazir bir neçə maraqlı məqama toxundu. O qeyd etdi ki, Azərbaycanda
təhsilin əsas məqsədi dini əqidəsindən,
etnik mənsubiyyətindən asılı olmayaraq Azərbaycan
dəyərlərinin daşıyıcısı olan vətəndaş
formalaşdırmaqdır. Valideynlərdə belə bir fikir
formalaşıb ki, uşaqların tərbiyəsi ilə
yalnız məktəb məşğul olmalıdır, yəni
bu, dövlətin işidir. Lakin unutmamalıyıq ki, hər
bir vətəndaşın formalaşmasında ailənin
böyük rolu var. Nazirin dediyi kimi, təhsildə iki element var. Bunlardan
birincisi tərbiyə, ikincisi bilikdir. Təhsilə, biliyə
meyilli valideyn ailədə uşağın tərbiyəsində,
təhsilində böyük rol oynayır. Valideynlər bunu unutmamalıdır. Təhsil milli dəyərlərə əsaslanmalı,
eyni zamanda gələcəyə istiqamətlənməlidir.
Təkliflərimlə bağlı hörmətli
Mikayıl Cabbarovla görüşmüşəm. Nazir bizim fikir
və təkliflərimizi dəstəkləmiş, bu məsələnin
prioritet olduğunu qəbul etmiş və nazirlik tərəfindən
məktəblilərə, tələbələrə “azərbaycanlı”
ideyasının aşılanması məqsədi ilə
xüsusi proqramın hazırlanması və tətbiq edilməsini
zəruri hesab etmişdir.
Dediklərim
ali təhsil müəssisələrində
də mütəmadi həyata keçirilə bilər. Məsələn, Bakı Slavyan Universitetində
(BSU) 2006-cı ilin oktyabr ayından “Azərbaycanşünaslıq
Tədris-Mədəniyyət Mərkəzi” fəaliyyət
göstərir. Bu mərkəz BSU-nun
rektoru, əməkdar elm xadimi, AMEA-nın müxbir
üzvü, görkəmli yazıçı, mənim
çox böyük hörmət bəslədiyim professor
Kamal Abdullanın təşəbbüsü ilə
yaradılmışdır. Məqsəd azərbaycanşünaslıq
sahəsində mütəxəssis hazırlığı
işinə yardımçı olmaq, bu sahə üzrə
elmi tədqiqatlar aparmaq, xaricdə azərbaycanşünaslığı
inkişaf etdirmək, Azərbaycan haqqında obyektiv
informasiyanı respublikamızda və beynəlxalq aləmdə
yaymaq və təbliğ etməkdir. Düşünürəm
ki, BSU-da fəaliyyət göstərən bu mərkəz ulu
öndər Heydər Əliyevin “Mən həmişə fəxr
etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!”
fikrini əsas tutaraq mükəmməl metodik vəsait
hazırlaya bilər. Həmin metodik vəsaiti Azərbaycanın
bütün ali məktəblərində
tətbiq etmək olar. Əminəm ki, BSU ulu
öndər Heydər Əliyevin məşhur kəlamının
məğzinin tələbələrə
çatdırılması istiqamətində aparıcı
qüvvəyə çevriləcəkdir.
Qeyd etmək istəyirəm ki, bu işi gənclər
arasında da genişləndirmək lazımdır. Heydər Əliyev Fondunun
vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının
sədri Leyla Əliyeva Rusiyada təhsil alan
azərbaycanlı tələbələr arasında
böyük iş aparır. Bu gənc xanımın Azərbaycan
həqiqətlərinin dünyaya çatdırılması,
zəngin mədəni irsimizin təbliği, erməni dairələrinin
ideoloji təxribatlarının qarşısının
alınması istiqamətində qətiyyətli tədbirləri ürəyimizi
qürur hissi ilə doldurur.
Sevinirəm ki, Yeni Azərbaycan Partiyası sədrinin
müavini-icra katibi Əli Əhmədov da onunla
görüşümüz zamanı konsepsiyamızı dəstəkləyəcəyini
bildirdi. Buna görə hörmətli Əli müəllimə
dərin minnətdarlığımı bildirirəm. Azərbaycanın ən böyük siyasi
partiyası olan Yeni Azərbaycan Partiyası öz
sıralarında on minlərlə gənci birləşdirir.
Əli Əhmədovun
tapşırığı ilə partiyanın gənclər
birliyinin rəhbərliyi artıq mənimlə əlaqə
saxlamış və öz fikirlərini
bölüşmüşdür. Düşünürəm
ki, “azərbaycançılıq” ideologiyasının təbliğində
aparıcı qüvvə olan Yeni Azərbaycan Partiyası və
onun gənc üzvləri bu işi daha da sürətləndirməkdə
böyük töhfələr verəcəkdir.
Xeyli müddətdir ki, Azərbaycan Televiziyasında hər
bazar günü gənclər üçün “Mən azərbaycanlıyam”
adlı intellektual veriliş yayımlanır. Ümummilli
lider Heydər Əliyevin “Mən həmişə fəxr
etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!”
fikri ilə başlayan bu veriliş, əsasən gənclərin
intellektual səviyyəsinin artırılmasına xidmət
edir. Bu, çox gözəl təşəbbüsdür.
Bu işdə Milli Məclisin üzvü,
hörmət bəslədiyim Arif Alışanovun böyük
zəhməti var. Məncə, belə veriliş nəinki gənclərə,
həm də yaşından asılı olmayaraq bütün
tamaşaçılara ünvanlanmalıdır. Bu yolla “azərbaycançılıq” ideyası hər
bir Azərbaycan vətəndaşının şüurunda, qəlbində
yer tapacaq, daha da möhkəmlənəcəkdir. Həmin
televiziya verilişinin sponsorlarından biri, gənclərin tərbiyəsi
ilə ciddi məşğul olan gənclər və idman naziri
Azad Rəhimovun rolunu xüsusi qeyd etmək istərdim.
Qeyd edim
ki, konsepsiya ilə əlaqədar Azərbaycan Atatürk Mərkəzinin
rəhbəri, AMEA-nın müxbir üzvü, Milli Məclisin
Mədəniyyət komitəsinin sədri, professor Nizami Cəfərovla
da görüşmüşəm. Çünki
bilirdim ki, o həm də “Azərbaycanşünaslığın
əsasları” adlı kitabın müəllifidir. Alim həmin kitabında Azərbaycan xalqının,
onun dilinin, ədəbiyyatının, mədəniyyətinin
formalaşmasının tarixini, “Azərbaycançılıq”
ideologiyasının mərhələlərini dərindən
araşdırmışdır. Söhbət
zamanı Nizami müəllimin azərbaycançılıq
sahəsində görkəmli alim olduğunun bir daha şahidi
oldum. Anladım ki, belə bir alimin məsləhətləri
bu sahədə çox dəyərli ola
bilər. Nizami müəllim də öz növbəsində
bu sahədə fəaliyyətin genişləndirilməsi ilə
bağlı fikrimi bəyəndi, onun həyata keçirilməsi
üçün dəyərli məsləhət və
tövsiyələrini verdi. Məsləhət
gördü ki, bunun üçün debatlar, müzakirələr,
müsabiqələr keçirmək və bütün bu tədbirlərdə
Azərbaycanın geniş təbəqələrinin
iştirakı məqsədəuyğun olardı. Bu işdə öz köməyini əsirgəməyəcəyini
də bildirdi.
Bundan əlavə, küçələrdə, nəqliyyatda
Azərbaycan dəyərlərini əks etdirən reklam
lövhələri, reklam çarxlarından mütəmadi
istifadə etmək olar. Onların mətni təqribən belə ola
bilər: “Azərbaycanı sevin, onu qoruyun”, “Azərbaycan bizim
Vətənimizdir, ondan başqası yoxdur”, “Azərbaycanlıyam,
Azərbaycan övladıyam” və s. Belə mətnlərin
insanların şüuruna güclü təsir edəcəyini
düşünürəm. Həmçinin Azərbaycan Rəssamlar
İttifaqının sədri, dəyərli dostum Fərhad Xəlilova
müraciətlə xahiş edirəm ki, həmkarları ilə
birlikdə “azərbaycançılıq” ideyasını
özündə əks etdirən kiçik bir döş
nişanının eskizini hazırlayıb, mətbuatda
müzakirəyə çıxarsın, müsabiqə elan
etsin. Cəmiyyətimizin də fikrini öyrənəndən
sonra bunun hazırlanmasına təşəbbüs göstərsin.
Əminəm ki, belə döş
nişanını yaşından və vəzifəsindən
asılı olmayaraq hər bir azərbaycanlı öz
yaxasında fəxrlə gəzdirəcək və “azərbaycanlıyam”
kəlamına sadiq olduğunu bildirəcək.
- “Azərbaycançılıq” ideologiyası
insanların şüurunda hansı dəyişiklikləri
yaratmalıdır?
- Öz sənətimə
aid bir fikrimi bölüşmək istəyirəm. 1981-1989-cu illərdə daxili işlər nazirinin əməliyyat
və polis üzrə müavini, o cümlədən yol polis
xidmətinin kuratoru olmuşam. Bu gün biz
nəyə görə piyada yolu qadağan olunmuş yerdən
keçərkən onu saxlamır, ona həyatını təhlükə
altına atdığını başa salmırıq? Nəyə görə onları tənbeh etmirik,
qınamırıq? Əgər qanunu pozan
şəxs qınaq obyektinə çevrilərsə, o öz
səhvini anlayacaq, pis əməldən çəkinəcək
və gələcəkdə belə əməllərə
yol verməyəcəkdir. Yeri gəlmişkən,
yenə öz sahəmlə bağlı bir məsələni
də qeyd edim. Avtomobil tıxacları
problemi bu gün Bakı sakinlərini narahat edir. Hazırda Azərbaycanda bir milyon iki yüz min nəqliyyat
vasitəsi var. Onların da 600 mindən çoxu Bakı şəhərindədir.
Deməli, o qədər də sürücü
var. Amma çox təəssüf ki, onların çoxu
bir-birinə hörmət qoymur, sürücülük mədəniyyətini,
sürücülük etikasını unutmuşdur. Bir-birinə yol vermək, hörmət etmək hissi
itmişdir. Gəlin, statistikaya diqqət
yetirək. Bu ilin əvvəlindən avqustun 3-dək
Bakıda 1766 sürücü sərxoş olduğuna, 7996 nəfər
qırmızı işıqda keçdiyinə, həmçinin
75 minə yaxın piyada yol hərəkəti
qaydalarını pozduqlarına görə cərimələnmişdir.
Belə qanun pozuntuları paytaxtda tıxac
problemi də yaradır. Gərək
sürücülər özləri avtomobillərini harada
oldu, necə oldu saxlamaq vərdişlərindən əl
çəksinlər. Bakı 2015-ci ildə ilk Avropa
Oyunları kimi böyük tədbirə ev
sahibliyi edəcək, bunun üçün insanlarımız
yollarda qayda-qanuna əməl etməyə tam hazır
olmalıdırlar. Ona görə də hər
birimiz sükan arxasında olarkən həmkarlarımızla
münasibətimizdə dönüş yaratmağa
çalışmalıyıq. İnsanlar
arasında ictimai qınaq güclənərsə, onların
şüuruna təsir olarsa, bu cür halların
qarşısını xeyli almış olarıq. Hesab edirəm ki, bu, mütləq öz bəhrəsini
verəcəkdir.
Xalqımız
qədim və zəngin mədəniyyətə, adət-ənənələrə
malikdir, ölkəmizdə böyüyə, ağsaqqala
hörmət, ailənin müqəddəsliyi, qonaqpərvərlik
kimi ali dəyərlər hər zaman uca
tutulur. Qədim mədəniyyət milli “Mən”
anlayışının formalaşmasına güclü təsir
göstərir. Bu, xalqın hər bir
nümayəndəsinin özünün məhz azərbaycanlı
olmasından qürur duyması, onu yaşatmağa
çalışması üçün çox vacib amillərdən
biridir. Təəssüflər olsun ki, bəzi azərbaycanlılar
öz mənfi hərəkətləri ilə “azərbaycanlı”
adına xələl gətirirlər. Ona görə düşünürəm ki, hər
bir azərbaycanlı öz mədəniyyətinin qədimliyini,
zənginliyini yaxşı bilməlidir, onun hansı dəyərlərlə
əhatə olunduğunu anlamalıdır.
“Azərbaycançılıq”
ideologiyasının hər birimizin şüurunda möhkəm
yer tutmasını heç kim inkar edə
bilməz. Amma, fikrimcə, biz bunu əməllərimizlə
nümayiş etdirməliyik. Hər birimizin azərbaycanlı
adına layiq olması,
xalqımızın həm ailədə, həm cəmiyyətdə
əsrlərlə mövcud olan nümunəvi davranış ənənələrini
qoruması, yaşatması son dərəcə vacibdir. Müasir dövrdə bu dəyərlərin məhz
“azərbaycançılıq” kontekstində daha geniş
yayılması zəruridir. Qürurla “Mən
azərbaycanlıyam” deyən hər kəs bu dəyərləri
cəmiyyətimizin digər üzvlərinə də
tövsiyə etməli, onların şüuruna təsir
göstərməlidir. Özümüzü
azərbaycanlı adlandırırıqsa, qanunlarımıza,
qədim ənənələrimizə riayət etməli, dəyərlərimizi
yaşatmalı, daha etibarlı şəkildə gələcək
nəsillərə çatdırmalıyıq. Mənə elə gəlir ki, yalnız bu yolla cəmiyyətimizdə
düzgün, nümunəvi davranış formalaşdıra
bilərik.
Yuxarıda
qeyd olunan məsələlərin həyata keçirilməsində,
irəli sürülən məsələlərin həllində
mən Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin
deputatı, UNESCO və İSESCO-nun xoşməramlı səfiri
Mehriban xanım Əliyevanın dəstəyinə ümid
edirəm.
- Ölkəmizin
son illərdə keçdiyi uğurlu yol Azərbaycanın ən
böyük dəyəri olan müstəqilliyini daha da
möhkəmləndirdi. Sizcə, “Azərbaycançılıq”
ideologiyasının sürətlə
reallaşdırılması cəmiyyətin daha da sıx birləşməsinə
necə təsir edər?
- Həqiqətən,
bu gün Azərbaycan həmişəkindən daha
güclüdür. Ancaq bizim gücümüz tək
iqtisadi və hərbi qüdrətimizlə deyil, həm də
sıx birliyimizlə ölçülür. Möhtərəm Prezidentimiz İlham Əliyevin
xalqına, Azərbaycana xidməti bu ideologiyaya sədaqət
nümunəsidir. Dünya Azərbaycanlılarının
2011-ci il iyulun 5-də Bakıda keçirilən 3-cü
Qurultayında dövlət başçımızın bir
fikri hələ də qulaqlarımda səslənir: “Bizim bir Vətənimiz
var-Azərbaycan, bizim bir dilimiz var-Azərbaycan dili, bizim bir
ideologiyamız var-azərbaycançılıq
ideologiyası...”. Bu sözlər
gərək hər birimiz üçün səfərbərlik
rəmzi olsun. Mən ulu öndər Heydər Əliyevin
azərbaycançılıq fəlsəfəsini, azərbaycançılıq
ideologiyasını özündə təcəssüm etdirən,
öz əməlləri ilə onun təbliğinə parlaq
töhfələr verən Prezidentimizin bu istiqamətdə
gördüyü işlərdən iftixar hissi keçirir, hər
kəsi onun ətrafında daha sıx birləşməyə,
hər kəsi bu birliyə, bu həmrəyliyə öz
töhfəsini verməyə dəvət edirəm...
Qarşıdan prezident seçkiləri gəlir. Mən Yeni Azərbaycan
Partiyasının İlham Əliyevə səs verməyə
çağırışını ürəkdən dəstəkləyirəm.
Azərbaycan Prezidentinin, Ali Baş Komandanın əmrinə
bağlıyam. Əmr edərsə, hərbi
formamı geyinib üçüncü dəfə Qarabağa,
torpaqlarımızı işğalçılardan azad etməyə
gedəcəyəm.
E.ŞAHBALAYEV
Xalq qəzeti.- 2013.- 23 avqust.- S. 3.