Neft-qaz sənayesinin infrastruktur
imkanları genişləndirilir
Ölkə iqtisadiyyatının aparıcı sahəsi
sayılan neft sənayesinin infrastruktur imkanları ildən-ilə
genişləndirilir, dənizdə və quruda yeni-yeni sosial və
istehsal təyinatlı obyektlər inşa olunur. Məhz bunun nəticəsidir
ki, son zamanlar ölkə üzrə neft və qaz hasilatına
dair proqnoz tapşırıqları vaxtında və
artıqlaması ilə yerinə yetirilir. Neft-qaz
sənayesi üzrə nəzərdə tutulmuş
tikinti-quraşdırma işləri ARDNŞ-in “Neftqaztikinti”
Tresti tərəfindən həyata keçirilir. Hazırda Dövlət
Neft Şirkətinin sifarişlərini vaxtında və
yüksək keyfiyyətlə yerinə yetirən trest müxtəlif
xarici və yerli şirkətlərlə də əməkdaşlıq
edir.
Ölkəmizin neft sənayesinin
inkişafına mühüm töhfələr verən
“Neftqaztikinti” Tresti neft-qaz yataqlarının
abadlaşdırılması, texnoloji neft-qaz-mədən
avadanlıqlarının quraşdırılması,
sualtı, yeraltı və yerüstü magistral neft, qaz və
su boru kəmərlərinin çəkilməsi, asfalt-beton
örtüklərinin vurulması, dənizdə və quruda
hidrotexniki qurğuların, dayaq bloklarının, estakada və
estakadayanı meydançaların, qaz-kompressor
stansiyalarının, neft rezervuarlarının və sosial
obyektlərin tikintisi üzrə podratçı fəaliyyəti
ilə məşğul olur. Trestin tərkibinə
müxtəlif profilli 15 müəssisə və
Gürcüstan nümayəndəliyi daxildir. Trest
“Günəşli” və “Neft Daşları” yataqlarında,
Qum adası, Pirallahı, Çilov, Xərə-Zirə adalarında və onların ətrafında,
Səngəçal-Duvannı rayonunda və digər yerlərdə
müxtəlif təşkilatların sifarişlərini yerinə
yetirir. Neft-qaz sənayesinin infrastruktur
imkanlarının genişləndirilməsi ilə
bağlı müxtəlif layihələri uğurla icra edən
“Neftqaztikinti” Tresti 2002-ci ildən başlayaraq bir sıra beynəlxalq
sertifikatlara layiq görülüb.
2013-cü
ilin altı ayı ərzində trest tərəfindən 16
min 500 ton metal konstruksiya hazırlanaraq
quraşdırılmış, 8042 kvadratmetr meydança təmir
olunmuş, 1,8 kilometr estakada tikilmiş, 239 min 297 kvadratmetr
asfalt örtüyü vurulmuşdur. Bundan əlavə, hesabat
dövründə 160,5 kilometr yüksək gərginlikli
elektrik ötürücü xəttləri, 14,2 kilometr
sualtı, 53,6 kilometr quruda, 24,5 kilometr isə estakada və
özüllərdə boru xəttləri çəkilmişdir.
Cari ilin altı ayı ərzində trest tərəfindən əsaslı
tikinti üzrə 128 milyon 966,5 min manatlıq, əsaslı təmir
üzrə isə 54 milyon 504,6 min manatlıq
tikinti-quraşdırma işləri yerinə yetirilmişdir.
Bütövlükdə isə ümumi podrat üzrə 183
milyon 471,1 min manatlıq iş həcmi
yerinə yetirən trestin kollektivi bu sahədə 114,5 faizlik
artım sürətinə nail olmuşdur.
İlin əvvəlindən ölkənin neft-qaz sənayesinin
infrastruktur imkanlarının artırılmasına xidmət
edən layihələrin icrası sürətlə davam
etdirilmişdir. Hazırda “Azneft” İstehsalat Birliyi
üzrə hasil edilən neft və qazın xeyli hissəsi
“Günəşli” yatağının payına
düşür. Həmin yatağın
istismarını həyata keçirən “28 May” Neft və
Qazçıxarma İdarəsinin sifarişi ilə ilin əvvəlindən
burada bir sıra tikinti-quraşdırma və təmir işləri
həyata keçirilmişdir. Belə ki, bu ilin birinci
yarısında trestin kollektivi tərəfindən 13 saylı dərin dəniz
özülünün əlavə iki quyunun qazılması
üçün yenidən qurulması, buradakı 2 və 6
saylı dərin dəniz özüllərinin kompleks əsaslı
təmiri işləri, eləcə də “Çilov” yatağında 10 ədəd
istismar quyusunun qazılması üçün 112 saylı
stasionar dəniz özülünün tikintisi sürətlə
davam etdirilmişdir.
Azərbaycanda ilk dəfə açıq dənizdə
neftçıxarmanın əsası qoyulduğu “Neft
Daşları” yatağı uzun illər istismar edilməsinə
baxmayaraq, burada çıxarılması mümkün olan
ehtiyatlar hələ çoxdur. Məhz buna görədir
ki, son illər Dövlət Neft Şirkəti tərəfindən
adıçəkilən yatağın infrastruktur
imkanlarının artırılmasına xüsusi diqqət
yetirilir. Cari ilin ötən dövründə trestin
inşaatçıları “Azneft” İstehsalat Birliyinin “Neft
Daşları” NQÇİ-nin sifarişi ilə 2585 saylı
dərin stasionar platformasının və 2A saylı iriləşdirilmiş
neft-yığım məntəqəsinin tikintisi, həmçinin BM-2-5A arası estakadanın, 683
saylı estakadayanı meydançanın və 203 saylı
estakadanın əsaslı təmiri ilə bağlı
mühüm işlər görmüşlər. Bundan əlavə,
N.Nərimanov adına NQÇİ-nin sifarişi ilə 1 və
3 saylı neft-yığım məntəqələrini
bir-biri ilə, eləcə də Daşgildəki məntəqə
ilə birləşdirən neft boru xəttinin çəkililişi
də uğurla davam etdirilmişdir.
İlin ötən dövründə “Abşeronneft”
NQÇİ-nin sifarişçisi olduğu layihələrin
icrası sahəsində də geniş miqyaslı
tikinti-quraşdırma və əsaslı təmir işləri
görülmüşdür. “Abşeronneft” NQÇİ-nin
yığım-nəql sisteminin yenidən qurulması, “Darvin
bankəsi” yatağında 8 istismar quyusunun qazılması
üçün 740 saylı və “Qərbi Abşeron”
yatağında 10 ədəd istismar quyusunun qazılması
üçün 20 saylı stasionar dəniz özüllərinin
tikintisi işləri məhz bu qəbildəndir.
Son illər ölkənin qaz təsərrüfatının
infrastruktur imkanlarının genişləndirilməsi sahəsində
də bir sıra uğurlu layihələr icra olunur. “Neftqaztikinti”
Trsesti ilin ötən dövründə həmin layihələrin
podratçısı kimi də bir çox uğurlara imza
atmışdır. Dövlət Neft Şirkətinin Qaz
İxracı İdarəsinin sifarişi ilə “Qazıməmməd-Qazax
magistral qaz kəmərindən Mingəçevir
qazpaylayıcı stansiyasına
gedən magistral qaz kəməri qolunun tikintisi”,
“Altıağac-Ağsu magistral qaz kəmərinin 17-26-cı
kilometrlik hissəsinin əsaslı təmiri”, Neft Kəmərləri
İdarəsinin sifarişi ilə “Şimal ixrac boru kəmərinin
57-60-cı kilometrlik hissəsinin əsaslı təmiri” və
digər layihələr bu baxımdan diqqəti cəlb edir.
Cari ilin ötən dövründə ölkəmizin
neft sənayesi üçün son dərəcə vacib olan
bir sıra istehsalat təyinatlı obyektlər istismara
verilmişdir.
“Neft Daşları” mədəngeofizika ekspedisiyasının
bazası, yeni qaz-turbin elektrik stansiyası üçün meydança,
köməkçi bina və qurğular da məhz
“Neftqaztikinti” Tresti tərəfindən inşa olunmuşdur.
Trest həmçinin müxtəlif xarici və yerli
şirkətlərlə məqsədyönlü əməkdaşlıq
etməklə öz üzərinə düşən vəzifələri
vaxtında və yüksək keyfiyyətlə yerinə
yetirir. 2011-ci ilin sentyabr ayında ölkə Prezidenti
İlham Əliyev tərəfindən təməli qoyulmuş
və Cənubi Qafqaz regionunda unikal layihə hesab olunan Bakı
Gəmiqayırma Zavodunun inşası trestin “Sənayetikinti”
İdarəsi tərəfindən həyata keçirilir.
Layihə hazırda nəzərdə tutulmuş
tikinti qrafiki üzrə uğurla icra olunur və cari ilin
sentyabr ayında obyekt sifarişçi təşkilat olan
“Bakı Gəmiqayırma Zavodu” MMC-yə təhvil veriləcək.
Xatırladaq ki, Bakı Gəmiqayırma Zavodunun
inşa edilməsində əsas məqsəd Xəzər dənizi
hövzəsində tələbat duyulan bütün növ gəmilərin
hazırlanması ilə bağlıdır.
Yeri gəlmişkən,
trest ilin ötən dövründə “MakDermott”, “Saipem” Asia və
“Heavy Crane” FZE şirkətlərinin Azərbaycan filialları,
“Caspian Pipe Coatings” MMC, “Nobel Oil”, “İlk İnşaat
Taahhüt Sanayi və Ticaret Ltd”, “Gürcüstan Neft və Qaz
Korporasiyası” SC və digər bu kimi beynəlxalq şirkətlərlə əməkdaşlığı
davam etdirmişdir.
“Neftqaztikinti” tresti ölkə hüdudlarından kənarda
da öz fəaliyyətini getdikcə genişləndirir. Belə ki,
2006-cı ildən trestin Gürcüstan nümayəndəliyi
fəaliyyət göstərir. Nümayəndəlik
Gürcüstan ərazisində neft-qaz boru kəmərlərinin
və digər hidrotexniki qurğuların tikintisi, həmçinin
infrastruktur layihələrinin icrası ilə məşğul
olur. Cari ilin may ayında nümayəndəlik
“Gürcüstan Neft və Qaz Korporasiyası” SC-nin sifarişinə
əsasən, “Abaşa-Senaki qaz xəttinin 29 kilometrlik hissəsinin
tikintisi” və “SOCAR GEORGIA GAS” MMC-nin sifarişi ilə “Bolnisi rayonunun Talavani (Faxralı) kəndinin
qazlaşdırılması” və “Marneuli rayonunun Keşəli
kəndinin orta təzyiqli qaz xətlərinin tikintisi” layihələrini
yekunlaşdırmışdır. Bütövlükdə isə
nümayəndəlik tərəfindən ötən müddətdə
soydaşlarımızın kompakt
yaşadığı 11 kəndin qazlaşdırılması
işləri başa çatdırılaraq sifarişçiyə
təhvil verilmişdir.
Hazırda Dövlət Neft Şirkəti tərəfindən
neft-qaz sənayesində yeni texnologiyaların tətbiqinə
xüsusi diqqət göstərilir. Bu məqsədlə
“Neftqaztikinti” Trestinin rəhbər və mühəndis-teniki
işçiləri bir sıra Avropa ölkələrində
xidməti səfərlərdə olmuş və beynəlxalq
neft-qaz sərgilərində iştirak etmişlər.
Yeri gəlmişkən, “Azneft” İB-nin sifarişi ilə
“Neftqaztikinti” Tresti tərəfindən ötən il tikintisi
başa çatdırılmış “Daşgil-Kənizdağ yüksək təzyiqli qaz xəttinin
tikintisi” obyekti üzrə yarımavtomat və avtomat qaynaq
üsulu tətbiq edilmişdir. Xatırladaq ki, yeni texnologiyanın tətbiqi
neft-qaz xətlərinin tikintisi zamanı keyfiyyətli qaynaq
işlərinin aparılmasını, qaynaq
materiallarının ərimə əmsalının yüksək
olmasını, qaynaq birləşmələrinin mexaniki xassələrinin
sabit və keyfiyyətliliyini,
qaynaqçının fiziki yüklənməsinin
azalmasını təmin edir. Hazırda
yarımavtomat və avtomat qaynaq üsulu trest tərəfindən
uğurla tətbiq edilir.
Ötən müddətdə neft-qaz sənayesinin
infrastruktur imkanlarının genişləndirilməsi sahəsində
yüksək uğurlara imza atmış “Neftqaztikinti” Trestinin əmək
kollektivi əldə olunan nailiyyətləri ilin sonuna kimi daha
da artırmaq əzmindədir.
Mirbağır
YAQUBZADƏ
Xalq qəzeti.- 2013.- 23 avqust.- S. 4.