Qax: dünyanın bütün
rənglərini yaşadan diyar
İnsanlar əmək xarüqələri
ilə bu rəngləri daha
da zənginləşdirirlər
Mənə elə gəlir ki, bu yazıda Qaxın təbii gözəlliklərindən, Allahın bu bölgənin dağına, dərəsinə bəxş etdiyi mənzərələrdən nə yazsam, necə yazsam, mütləq hansısa təkrara yol vermiş olacağam. Çünki bu mövzuları dönə-dönə, dəfələrlə qələmə almışam. Təkrar isə heç də həmişə yaxşı qarşılanmır. Amma, başqa bir fakt da var.
Belə ki, mərhum rəssam Hacağa Nəzərlinin çəkdiyi “İlisuya gedən yol” tablosuna baxan SSRİ xalq artisti Zeynəb Xanlarova çox maraqlı bir fikir səsləndirmişdi: “Mən dünyanın dörd bir yanını gəzmişəm. Çox mənzərələr, çox rənglər görmüşəm. “İlsuya gedən yol” tablosuna baxanda isə elə bildim ki, burada dünyanın bütün rəngləri var". Böyük sənətkarımız həmin fikirlərlə böyük həqiqətləri dilə gətirmişdi. İlisu, bütövlükdə elə Qaxın istənilən guşəsi sözün həqiqi mənasında dünyanın bütün rənglərini özündə cəmləşdirib. İnsafən, bu diyarın sakinləri də dünyanın istənilən ölkəsində mövcud olan ən yüksək insani keyfiyyətləri özlərində yaşadırlar. Elə Qaxı gözəl və cazibədar edən əsas faktorlardan biri də məhz insan amilidir. Hansı insanla salamlaşsan, özünü doğmalarının arasında hiss edəcəksən, hansı qapını döysən, xoş üz, mehriban münasibət görəcəksən. Ürəkləri də qapıları kimi açıq, söhbətləri də süfrələri kimi doyulmazdır.
Hər dəfə Qaxa gələndə mütləq bu rayonun insanlarına xas olan əksər keyfiyyətləri özündə cəmləmiş mərhum həkim, rayonun ən nüfuzlu ağsaqqallarından olan Fərman Əhmədzadə ilə görüşər, kifayət qədər söhbətləşərdik. Camaat onu təkcə söhbətinin şirinliyinə və geniş dünya görüşünə malik olduğuna görə deyil, həm də ürəyindəki möhtəşəm bir Azərbaycan sevgisinə, yurduna, Vətəninə bağlılığına görə sevirdi. Elə mən də həmin insanların hamısı ilə şərik idim. Fərman həkim həmişə deyirdi ki, Azərbaycanın bu qədər sürətli inkişafının təməlində bir neçə amil dayanır. Həmin amillərin ən birincisi Prezident İlham Əliyevin kabinetdə oturmaması, ölkənin müxtəlif rayonlarına səfərlər etməsidir. Dəqiq fikirdir.
Bu gün Qax o qədər gözəlləşib ki, baxdıqca baxmaq, gəzdikcə gəzmək istəyirsən. Mən inanmıram ki, Qaxa gəlib “İçəri bazarı” görənlər oradan xoş təəssüratla ayrılmasınlar. Burada hər şey var. Keçmişlə bu günün vəhdətindən tutmuş, ta səmimiyyətə qədər...
Gəlin, özünüz də görün. Görün ki, burada necə ab-hava var. Bura necə bərpa olunub. Gələn turistlər heyranlıqla gəzirlər. Bir tarixi də deyim. Evlərdən birinə xüsusi lövhə vurulub. Qonaqlar oxuyanda təəccüblənirlər. “Azərbaycanın böyük bəstəkarı, əməkdar incəsənət xadimi Müslüm Maqomayevin atası, Azərbaycanın korifey müğənnisi SSRİ xalq artisti Müslüm Maqomayevin ulu babası usta Məhəmməd kişi burada dəmirçilik etmişdir”. Maraqlı faktdır, deyilmi? Yaxşısı budur, bunu buraxaq tarixçilərin öhdəsinə. Gəlin özümüz “İçəri bazar”dakı qonaqlarla tanış olaq. Görək onlar nə deyirlər, nə söyləyirlər.
Barbara Znaydzilauskayte Litvadan gəlib. “Çox sevinirəm”, - deyir, - Elə bil öz yurdumda, öz elimdəyəm. Buranın insanları o qədər mehribandır ki, tərifləməyə söz tapmıram. Neçə gündür burdayam. Hər gün gəlirəm. Əyləşin, bizimlə çay için, ətrindən doymazsınız".
Bu sözlərdən çayçı Vasif Məmmədov necə qürurlanmasın. Tez əl-ayağa düşür. “Əyləşin, - deyir, - neçə cür mürəbbəmiz var. Hansı bitkidən desəniz, çay gətirə bilərəm”.
Düşünürəm, görəsən, insanın sevinməyinə baxmaqdan gözəl nə ola bilər? Cavab aydındır.
“İçəri bazar”da hər şey var. Bəlkə, sizə xalça sexindən danışım. Səkkiz qızdırlar - Könül, Şəbnəm, Şəhla, Nəzakət, Nüşabə, Ayişə, Zərilə, bir də Elmira. Doğma bacıdan da yaxındırlar. Xeyli söhbət etdik. Öz peşələrindən elə həvəslə danışırdılar ki...
Nəzakətdən soruşdum: “Neçə xalça toxumusan?” Deyəsən gözləmirdi. “On ildən çoxdur, xalça toxuyuram”, - dedi, - vallah dəqiq bilmirəm. Bir onu bilirəm ki, bu xalçaları həvəslə alırlar.
Bu, mənim sadə insanlarla olan görüşlərimdən olan bir təəssüratdır.
Lakin rayon icra hakimiyyətinin başçısı Musa Şəkiliyevlə söhbətimizin əsas hissəsi isə ölkə başçısının Qaxa səfərindən yaranmış təəssüratlar üstündə oldu. Musa müəllim bildirdi ki, möhtərəm Prezidentin Qaxdan böyük məmnunluqla qayıtması, görülmüş işləri yüksək qiymətləndirməsi və rayon ictimaiyyətinin nümayəndələri ilə səmimi görüşləri bütün qaxlıların ürəyində uzun müddət yaşayacaq zəngin təəssürat yaratdı: Onun ulu öndər Heydər Əliyevin şəhərimizdəki abidəsini ziyarəti, Qax Olimpiya İdman Kompleksinin, yenidən qurulan Şəki- Qax - Zaqatala avtomobil yolunun Şəki- Qax hissəsinin, Heydər Əliyev Mərkəzinin, “El Resort” otelinin konfrans mərkəzinin, Qax şəhərinin su təchizatı və kanalizasiya sistemləri kompleksinin açılışlarında iştirak etməsi yaddaşlarımızda heç zaman unudulmayacaq səhifələr kimi qaldı. Dövlət başçımız Olimpiya İdman Kompleksinin açılış mərasimində çıxış edərkən bizim rayonun təbii imkanlarını yüksək qiymətləndirərək dedi ki, Qaxın çox gözəl təbiəti, gözəl iqlimi vardır. Əlbəttə ki, bunlar turizmin inkişafı üçün böyük potensialdır.
Fikir verirsinizmi, cənab dövlət başçımız ölkənin əsas turizm mərkəzlərinin sırasında bizim rayonu da görmək istəyir. Təbii ki, biz bu istiqamətdə, yəni Qaxın turizm potensialından daha geniş şəkildə istifadə olunması üçün çox layihələr reallaşdırmış, kifayət qədər iş görmüşük. Ancaq əminəm ki, cənab Prezidentin rayonumuza sonuncu səfərindəki qiymətləndirməsindən sonra görəcəyimiz işlərin miqyası daha böyük olacaq. Biz Qaxı məhz dövlət başçımızın görmək istədiyi şəkildə inkişaf etdirmək üçün rayon rəhbərliyinin və ictimaiyyətimizin qarşısında duran vəzifələri yenidən müəyyənləşdirəcəyik. Elə edəcəyik ki, cənab Prezidentin Qaxa növbəti səfəri zamanı daha böyük uğurlardan, rayonumuzun daha sürətli inkişafından söz aça bilək.
Danılmazdır. Qaxda çox iş görülüb. Musa müəllim bu barədə danışmasa da, mən yaxşı bilirəm ki, ilin əvvəlindən bəri 250-dən çox yeni iş yeri yaradılıb, Ləkit və Əlibəyli yollarına asfalt örtüyü çəkilib. Cənab Prezidentin bu ilin fevral ayında imzaladığı sərəncam əsasında Alatəmir - Marsan - Tasmalı- Zəyəm - Lələli avtomobil yolunun tikintisi məqsədi ilə ilkin olaraq ayrılmış 3 milyon manat vəsait hesabına artıq layihə üzrə yolun 8 kilometr hissəsində asfalt-beton örtüyünün salınmasına başlanılıb. Bu il rayon ərazisində Lələli və Lələpaşa kəndlərində 100, Ləkit -Kötüklüdə 40, Qorağanda 220, Dəymədağlıda 120, Zərnədə 240 və Ləkit kəndində 420 şagirdyerlik olmaqla 7 məktəb binası tikilib istifadəyə verilib. Artıq Güllük kəndindəki 300 şagirdyerlik məktəb binasında da tikinti işləri başa çatdırılıb.
Qax şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması davam etdirilib, rayon Təhsil şöbəsinin inzibati binasının , Əlibəyli kənd xəstəxanasının, Güllük kənd həkim məntəqəsinin, rayon Baytarlıq İdarəsinin inzibati binalarının tikintiləri başa çatdırılıb.
Fövqəladə Hallar Nazirliyi Qax rayon Dövlət Yanğından mühafizə hissəsinin yeni inzibati binasında, “El Resort”hotel kompleksi ərazisində 4 mərtəbəli korpusunda, Qaxbaş kəndi ərazisində 9 mərtəbəli yaşayış binasında, Qarabağ əlilləri və şəhid ailələri üçün tikilən 4 mərtəbəli, 36 mənzilli yaşayış binasında, İlisu kəndində “Səngər qala” istirahət kompleksində, “Aqrolizinq” ASC-nin Qax rayon Aqroservis filialının inzibati binasında, Ağçay kəndi ərazisində 3 mərtəbəli istirahət mərkəzində tikinti işləri davam etdirilir. Qaratala, Şotavar, Qarabaldır, Fıstıqlı və Çudulu kəndlərində yeni artezian quyuları qazılıb.
Heydər Əliyev prospekti haqqında isə növbəti yazımızda ayrıca söhbət açacağıq. Sanki bir möcüzədir.
Görürsünüzmü,
nə qədər iş görülüb.
Saymaqla qurtaran deyil. Bu gün Qaxda, demək olar ki, problemdən danışılmır. Bunun da səbəbi var. Çünki,
rayon icra hakimiyyətinin
başçısı Musa Şəkiliyev yerlərdə
sakinlərlə görüşərkən
onlara hərənin öz problemini söyləmək imkanı
yaradır və istənilən sakinin təklifi və ya şikayəti dərhal nəzarətə
götürülür.
Qaxda çox
gözəl Heydər
Əliyev Mərkəzi
tikilib. Ölkəmizdə analoqu olmayan
möhtəşəm, əzəmətli
bir mərkəz.
İndi bu qeydləri yazıram və onun tikintisi
zaman bu bölgənin ağsaqqallarından
sayılan, Meliorasiya və Su Təsərrüfatı
Açıq Səhmdar
Cəmiyyətinin sədri
Əhməd Əhmədzadənin
dediyi sözləri unuda bilmirəm ki, bilmirəm: Onda Əhməd müəllim demişdi ki, Heydər Əliyev möhtəşəm
bir siyasət qalası olduğuna görə biz istəyirik
ki, bu mərkəz
də mükəmməl
bir qala təsiri bağışlasın.
Ürəkdən deyilən səmimi
sözlərdir. Mərkəzin gözəl alınması
üçün bir sıra əcnəbi mütəxəssislər də
dəvət olunmuşdu.
Onlardan biri ilə mən də tanış
olmuşdum. Bir axşam həmin
mərkəzin daxili tərtibatını verən
ispaniyalı mütəxəssis
Mark Ferrar ilə Qaxın qədimi küçələri ilə
gəzib, xeyli söhbət etmişdik.
Ondan Qaxın tarixi abidələri barədə
nə isə eşitmək istəyirdim.
O isə eşitmək
istədiyimdən daha
yaxşısını söyləmişdi:
- “Siz o abidələri
yaradan insanlar haqqında kiminsə fikirlərini eşitmək
istəyin. Mən həmin insanların
nəvələrini - Qaxın
bugünkü sakinlərini
görəndə bilirəm
ki, bu torpaq
insanlarına görə
xoşbəxtdir”.
Mark Ferrarın “xoşbəxt torpaq” adlandırdığı Qaxdan ayrılanda mərhum dostum Fərman həkimin bir ifadəsini xatırladım: - Oğul, vaxt gələcək, Qax ölkənin ən abad və ən gözəl bölgələrindən birinə çevriləcəkdir. O vaxt gəlib, Fərman həkim, özü də çox gözəl gəlib. Ruhun şad olsun...
İlqar HƏSƏNOV
Xalq qəzeti.- 2013.- 23 avqust.- S. 7.