Əldə olan qızılın qiyməti yoxdur

 

Bu il avqustun 20-də “Veçerni Bişkek” qəzetində (Qırğızıstan) Nina Niçiporovanın “Əldə olan qızılın qiyməti yoxdur” sərlövhəli analitik məqaləsi dərc edilmişdi. AzərTAc Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının III Zirvə toplantısına həsr olunmuş məqaləni cüzi ixtisarlarla təqdim edir.

Azərbaycanın Qəbələ şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) III sammiti başa çatmışdır. Sammiti bizim Prezident Almazbek Atambayev açmışdır.

Şuraya daxil olan dörd ölkənin - Azərbaycan, Qazaxıstan, Türkiyə və Qırğızıstanın prezidentləri arasında danışıqlara və Zirvə toplantısına yekun vurmaq olar. Bu Şuranın yaradılması, əlbəttə, dəyərli ideyadır. Dövlətlərin, o cümlədən türkdilli dövlətlərin liderləri nə qədər tez-tez görüşsələr, bu ölkələrin sadə əhalisi arasında mehriban qonşuluq münasibətlərinin möhkəmlənməsi bir o qədər asan olar. Bir qədər bayağı səslənsə də, çox kövrək dünyamız  müxtəlif münaqişələr təhlükəsi ilə doludur.

Almatıda keçirilmiş birinci zirvə toplantısında əsas diqqət Şuranı qanuniləşdirən sənədlərin imzalanmasına yönəlmişdi. Keçən il Bişkekdə təşkil olunmuş ikinci zirvə toplantısında TÜRKSOY Akademiyasının təsis edilməsi, türk mədəniyyətinə və türk irsinə dəstək fondunun yaradılması barədə sazişlər imzalandı. Həmin görüşün nəticələrinə əsasən Qazaxıstan, Qırğızıstan, Türkiyə prezidentləri və Azərbaycanın baş naziri yekun sənəd - Bişkek Bəyannaməsini imzaladılar.

Bu dəfə həmin ölkələrin prezidentləri tərəfindən imzalanmış Qəbələ Bəyannaməsində daha qlobal məqsədlər qarşıya qoyulur. Bu sənəd onu göstərir ki, ölkələrimiz arasında münasibətlər möhkəmlənir və bu hər birimizin xeyrinədir. Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası iştirakçılarının şərəfinə verilmiş konsert xalqlarımızın mədəniyyətlərinin birləşməsini bir daha nümayiş etdirdi. Prezident İlham Əliyev demişdir ki, əməkdaşlıq Şurası çərçivəsində aparılan   türk xalqlarının birləşməsinə xidmət edir. Dövlət başçısının fikrincə, Şuranın üzvü olan ölkələr iqtisadi layihələrdə, o cümlədən nəqliyyat sahəsində də əlaqələri inkişaf etdirməlidirlər.

Buna görə də prezidentlər hamısı bütün türkdilli ölkələri əlaqələndirəcək dəmir yolu çəkilməsi ideyasını dəstəklədi. İlham Əliyevin fikrincə, biz tranzit ölkələr olacağıq. Bu yolun tikilməsi dövlətlərimiz üçün çox böyük geostrateji əhəmiyyət kəsb edir. O əmindir ki, XXI əsr türkdilli ölkələrin əsrinə çevrilməlidir və bu zirvə toplantısı da həmin məqsədlərə xidmət edir.

Müəyyən mənada Şuranın ağsaqqalı olan Qazaxıstan Prezidenti Nursultan Nazarbayev demişdir: “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası dünya əhəmiyyətli şuraya çevrilmişdir. Skeptiklərin söylədiklərinə rəğmən şura işləyir və əsas məsələ budur”. Türkdilli ölkələrin əmtəə dövriyyəsinin həcmi bir trilyon dolları keçmişdir. Lakin bu kifayət deyil. Nazarbayevin fikrincə, bu göstəricini artırmaq üçün imkanlar çoxdur. O, əsas imkanlar, o cümlədən kommunikasiyalar və nəqliyyat sahəsində, habelə əsrlər boyu tərəqqinin hərəkətverici qüvvələri olmuş elm və təhsil sahəsində münasibətləri inkişaf etdirməyin zəruriliyini vurğulamışdır. Qazaxıstan lideri xalqlarımızda tolerantlığın, diasporlar arasında münasibətlərin inkişaf etdirilməsi və türkoloq mütəxəssislər hazırlanması məsələlərini xüsusi vurğulamışdır.

Prezident Atambayev öz çıxışının əvvəlində demişdir: “Ölkələrimizi ortaq tarix, mədəniyyət və keçmişimiz birləşdirir. İnşallah, bizim gələcəyimiz də bir olacaq - dincqurucu gələcək”.

Onun fikrincə, bu dəmir yolu həm türkdilli ölkələr üçün nəqliyyat dəhlizi, həm də onların birləşməsi üçün güclü təkan ola bilər. Almazbek Atambayev demişdir: Əldə olan qızılın qiyməti yoxdur. Bunu müdriklər deyib. Xalqlarımızın gələcəyi bizim əlimizdədir və onların gələcəyi naminə bu cür layihələri praktiki müstəviyə keçirmək lazımdır.

Sammitdə iştirak edənlər demişlər ki, Baş nazirin müavinini bu tədbirə nümayəndə kimi göndərmiş Türkmənistanın iştirakı Qəbələ Zirvə toplantısına xüsusi kolorit vermişdir. Bu fakt sammit iştirakçılarının belə güman etməsinə əsas vermişdir ki, növbəti görüşdə Türkmənistanın Prezidenti Qurbanqulu Berdiməhəmmədov da tədbirə qatılacaqdır.

Sammit müddətində kuluarlarda belə söhbətlər gedirdi ki, həm yaxın günlərdə Putinin Əliyevlə görüşü, həm də bu Zirvə toplantısı Azərbaycan liderinin seçki kampaniyasına özünəməxsus dəstək olmuşdur. Hərçənd, onu da qeyd edirlər ki, bu görüşlər olmasa belə, İlham Əliyevin qələbəsi əvvəlcədən təmin edilmişdir.

Əlbəttə, zirvə toplantısında Dağlıq Qarabağ mövzusunun səslənməsi heç də təsadüfi deyildir. Türkiyə Prezidenti Abdullah Gül açıq bəyan etdi ki, Dağlıq Qarabağ münaqişəsi türk dünyasının gündəmdə olan problemlərindən biridir. Hətta prezidentlər tərəfindən qəbul olunmuş bəyannamədə də qeyd edilmişdir ki, Zirvə toplantısının iştirakçıları bu münaqişənin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində dinc yolla tənzimlənməsi istiqamətində addımları dəstəkləyirlər.

 

Əməkdaşlıq Şurasının başqa üzv ölkələri ilə müqayisədə ağır iqtisadi vəziyyətdə olan Qırğızıstana gəldikdə, onun zirvə toplantısında iştirakı təkcə qırğız xalqının türk kökləri ilə deyil, həm də Prezident Atambayevin kənardan yardım almaq ümidi ilə bağlıdır. İqtisadi baxımdan uçurum olmasa da, çox mürəkkəb vəziyyətdən çıxmaq üçün dövlət başçısı həm də türkdilli dostların köməyinə ümid edir.

 

Azərbaycanın İsveçrəsi

 

Biz hələ təyyarədə olarkən bildik ki, əvvəl deyildiyi kimi Bakıya yox, Qəbələyə uçuruq. Həmkarlarımın çöhrəsində məyusluq duyulurdu. Onlar ayaqüstü olsa da, gözəl Bakını görmək istəyirdilər. Biz isə Qəbələyə gedirik.

Səmimi deyim ki, bu şəhər haqqında məlumatım az idi. Məsələn, bilirdim ki, əvvəllər SSRİ-nin cənub sərhədlərini mümkün raket zərbələrindən qoruyan məşhur Qəbələ radiolokasiya stansiyası burada yerləşir. Rusiya Prezidenti Putin məhz həmin kompleksin İran qəflətən Avropaya raket atəşi açmaq qərarına gələrsə, raket əleyhinə sipər kimi birgə istifadə edilməsini ABŞ Prezidenti Obamaya təklif etmişdi (o vaxt Obama Avropada raketdənmüdafiə kompleksi yaratmaq niyyətində idi). Yadımdadır, lap yaxın vaxtlarda Qərb uydurma bir səbəb üzündən bu barədə isterika qaldırmışdı.

Qəbələ aeroportu indi beynəlxalq aeroport adlanır. Hər şeydən görünür ki, o hələ genişlənəcəkdir. Qəbələ rayonu, xüsusən onun mərkəzi sürətlə inkişaf edir, tikinti aparılır. Qəbələ turizm cənnətinə çevrilir. Bura həqiqətən möcüzəli məkandır. Şəhər Böyük Qafqaz dağlarının meşəli ətəklərində yerləşir. Belə təsəvvür yaranır ki, həmin meşəni məxsusi əkiblər: Göyə ucalan yaşıl xalça həddən artıq, ideal dərəcədə hamardır. Fəal istirahəti xoşlayanlar üçün bura onların əsl istədiyi yerdir. Burada ov etmək, balıq tutmaq, müxtəlif ekskursiyalar təşkil etmək mümkündür.

Otel xidmətçisi öz diyarını bizə tərifləyərək deyir: “Aleksandr Düma Qafqazdaadlı nadir turizm marşrutu bizim rayonun ərazisindən keçir.

Lakin bizim dağlar daha möhtəşəmdir. Bütün başqa məsələlərdə vəziyyət bizim xeyrimizə deyil. Turizm artıq indidən Azərbaycanın İsveçrəsi adlanan Qəbələninçörək ağacı”dır.  

Son bir neçə ildə bu şəhərdə uzaqgörənliklə dörd gözəl otel tikilmişdir. Yeri gəlmişkən, Zirvə toplantısında iştirak edən prezidentlər həmin otellərin birində qalırdı. Görünür, məsələ bununla bitmir. Azərbaycan nümayəndə heyətinin üzvlərindən biri dedi ki, dağlarda xizək idmanı bazası tikilir. Bu baza artıq növbəti qışda bütün dünyadan buraya dincəlməyə gələnləri qəbul edə biləcəkdir. Bunun belə olacağına şübhə yoxdur. Məsələn, prezidentlərin görüşünün keçirildiyi Konqres Mərkəzi cəmi yeddi aya tikilmişdir. Azərbaycanın ümummilli lideri Heydər Əliyevin adını daşıyan bu sarayın da burada ucaldılması təsadüfi deyildir. Bu Zirvə toplantısının ardınca yüksək səviyyəli digər iri beynəlxalq görüşlər keçiriləcəkdir. Bu isə Qəbələnin turizm baxımından cəlbediciliyini artıracaqdır.

 

Bizim buraya gəlişimizdən bir qədər əvvəl burada Dördüncü Qəbələ Beynəlxalq musiqisi festivalı başa çatmışdır. Açıq səma altında keçirilən bu müsabiqə-festivala dünyanın 15 ölkəsindən musiqiçilər gəlir. Heydər Əliyev Fondunun məşhur dirijor Dmitri Yablonskinin patronajı altında keçirilən bu tədbir bütün dünyada populyarlaşır.

Qəbələnin əhalisinin sayı iyirmi-iyirmi beş min nəfər olar. Burada dəbdəbəli imarətlər, saraylar yoxdur, lakin evlər qəşəng və möhkəmdir, hamısının ətrafında bağlar var. Qəbələ torpağı bərəkətlidir. xiyar yalnız burada yetişir. Nahar vaxtı bizə xiyar verdilər, biz bu tərəvəzin nə olduğunu soruşduq, sonra dadına baxdıq: xiyar olmasına xiyardır, amma rəngi ağdır.

Bağlar şəhərində bir neçə konserv zavodu, o cümlədən ildə iki yüz milyon litrdən çox müxtəlif şirələr istehsal edən nəhəng “Gilanzavodu fəaliyyət göstərir. Bundan əlavə, burada müasir aqrosənaye kompleksi yaradılmışdır. Bunsuz turizmi inkişaf etdirmək mümkün deyil. Bir sözlə, burada hər işi ağılla, ölçüb-biçərək görürlər.

Bəxtiyar adlı yerli sakin fəxrlə dedi: Bizdə pianino da düzəldirlər.

Əvvəlcə biz inanmadıq, lakin həqiqətən 2010-cu ildə burada Hollandiyanın məşhur Beltman brendi ilə pianino hazırlayan fabrik tikilmişdir. Fabrikdə ildə min ədədə qədər pianino istehsal edilir. Fabrikin direktoru isə Qəbələ Beynəlxalq musiqi festivalının təşəbbüskarlarından biri, dirijor Dmitri Yablonskidir.

Bir sözlə, işləyən adamlara hər yerdə ehtiyac varheç kəs özünü yorub əldən salmır. Buna görə də hiss olunur ki, adamlar maddi cəhətdən yaxşı yaşayırlar. Qəbələ sakinləri söhbətcil və ürəyiaçıq adamlardır. Ən azı qonaqlara münasibətdə bunu dəqiq deyə bilərəm. Biz oteldə yerləşəndə otel işçilərindən biri dedi ki, Qəbələ hökmən xoşumuza gərəcək. Məlum oldu ki, o, yüz faiz haqlı imiş...

 

Xalq qəzeti.- 2013.- 24 avqust.- S. 1.